YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Suveren Azərbaycanın Zəfər salnaməsi

Müsahibimiz Milli Məclisin deputatı Əli Hüseynli

- 20 sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixinin şanlı səhifələrindəndir. Bu tarixi günə aparan yolda müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəni necə səciyyələndirirsiniz?

- 20 sentyabr Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. Bu tarix xalqımızın əsrlər boyu formalaşmış müstəqillik və dövlətçilik iradəsinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda mübarizəsinin məntiqi nəticəsini nümayiş etdirir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi Azərbaycanın əldə etdiyi tarixi nailiyyətin dövlət səviyyəsində rəsmiləşdirilməsi və gələcək nəsillərin yaddaşında yaşadılması baxımından rəmzi məna daşıyır.

Azərbaycan xalqı tarixinin müxtəlif mərhələlərində işğal, müharibə və siyasi təzyiqlərlə üzləşməsinə baxmayaraq, müstəqil dövlətçilik iradəsini qoruyub saxlayıb. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsi idi. Ermənistanın 30 ildən artıq davam edən işğal siyasəti bu məqsədə gedən yolda ciddi maneələr yaratsa da, Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ardıcıl şəkildə həyata keçirdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Xalqın etimadına və Azərbaycan Ordusunun qüdrətinə arxalanan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yüksək sərkərdəlik məharəti nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin olundu. Bununla Azərbaycan uzun illər davam edən işğala son qoyaraq ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi.

Suverenliyin tam təmin olunması istiqamətində mühüm mərhələlərdən biri də 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dövlət hakimiyyətinin və nəzarət mexanizmlərinin təmin edilməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyırdı. Nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətin öz ərazisində sərhəd və təhlükəsizlik siyasətini həyata keçirmək hüququnun təmin olunmasının göstəricisi idi.

2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin edən həlledici mərhələ oldu. Cəmi bir sutkadan az davam edən əməliyyat nəticəsində Qarabağdakı separatçı rejimin mövcudluğuna son qoyuldu, dövlət hakimiyyətinin Azərbaycanın bütün ərazisində aliliyi bərpa edildi. Bununla da uzun illər ərzində xalqımızın və dövlətimizin qarşısında dayanan əsas tarixi vəzifələrdən biri öz həllini tapdı. Beləliklə, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsində əksini tapan siyasi iradə real həyatda öz təsdiqini tapdı.

Dövlət Suverenliyi Günü məhz tarixi proseslərin məntiqi nəticəsi kimi meydana çıxıb. Bu baxımdan, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi siyasi və hüquqi məna daşıyır. Konstitusiya dövlətin hüquqi əsaslarını və idarəçilik prinsiplərini müəyyən etdiyi halda, suverenlik dövlətin müstəqil siyasi iradəsini, ərazi bütövlüyünü və həmin ərazi üzərində ali hakimiyyətini ifadə edir. Konstitusiya ilə suverenlik bir-birini tamamlayaraq müasir Azərbaycan dövlətçiliyinin fundamental əsaslarını təşkil edir.

- Ərazi bütövlüyünün və mütləq dövlət suverenliyinin bərpasından sonra Azərbaycanın qarşısında hansı yeni hədəflər dayanır?

- Artıq Azərbaycanın qarşısında müasir çağırışlardan irəli gələn yeni hədəflər dayanır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasından sonra başlıca prioritetlər əldə edilmiş tarixi nailiyyətlərin qorunması, sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, ölkəmizin iqtisadi potensialının daha da gücləndirilməsi, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun hərtərəfli bərpası və dirçəldilməsidir.

20 sentyabr həm də Azərbaycan xalqının dövlətimizin gələcəyinə olan inamını və yüksək etimadını ifadə edir. Çünki suverenliyə sahib olmaq yalnız tarixi Qələbənin nəticəsi deyil, həm də əldə edilmiş nailiyyətləri qorumaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək və gələcək nəsillərə daha qüdrətli Azərbaycan dövləti ötürmək məsuliyyətini ehtiva edir. Bu baxımdan, 20 sentyabr dövlətçilik salnaməmizdə sadəcə təqvim günü deyil, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və milli iradəsini təcəssüm etdirən tarixi gündür. Bu tarix xalqımızın öz taleyinə sahib çıxmaq əzmini, dövlətçilik iradəsini və güclü Azərbaycan qurmaq qətiyyətini nümayiş etdirir.