MÜSAHİBƏLƏR
Yeni mərhələnin yol xəritəsi: güclü dövlət, milli birlik və böyük hədəflər
- Musa müəllim, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqi tarixi nailiyyətlərə əhatəli nəzər yetirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla bərabər, yeni mərhələnin əsas prioritetlərini də ifadə etmiş oldu. Bu barədə fikirlərinizi bilmək istərdik…
-Oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, yeni dövrün əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev proqram xarakterli nitqində partiyanın fəaliyyətinə, ölkəmizin həyatında baş verən mühüm dəyişikliklərə və əldə olunan nəticələrə nəzər salaraq qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.
VII Qurultaydan ötən dövr ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisələr və əlamətdar nailiyyətlərlə yadda qalmışdır. Bu dönəmdə Azərbaycan öz suverenliyini tam bərpa etmiş, siyasi-iqtisadi və hərbi qüdrətini daha da artırmış, yeni sülh gündəliyi formalaşdırmışdır. Ermənistanla sülh müqaviləsinin mətninin paraflanması regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ olmuş, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi YAP-ın fəaliyyətində də aydın şəkildə özünü göstərir. Bu gün Yeni Azərbaycan Partiyası nüfuzlu siyasi təşkilat kimi cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirir, qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinə töhfə verir. 1992-cü il noyabrın 21-də təsis edilmiş YAP-ın bu günə qədər keçdiyi şərəfli yol isə partiyanın Ulu Öndərin ideyalarına sadiqliyini, dövlətçilik prinsiplərinə bağlılığını və milli maraqları əsas götürərək ölkənin inkişafına xidmət edən siyasi qüvvə kimi mövqeyini təsdiqləyir.
Prezident İlham Əliyev, həmçinin regionda və dünyada cərəyan edən siyasi prosesləri ətraflı təhlil edib. Yeni mərhələdə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, ideoloji təxribatların qarşısının vaxtında alınması, regionda davamlı sülhün təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, dayanıqlı iqtisadiyyatın formalaşdırılması, insan kapitalının inkişafı, sosial rifahın daha da yüksəldilməsi və gənclər üçün yeni imkanların yaradılması prioritetlər sırasında xüsusi yer tutur.
- “Biz güclü olmalıyıq” tezisi VIII Qurultayda xüsusi diqqət çəkən məsələlərdən biri oldu. Azərbaycanın hərbi-siyasi və ideoloji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr nədir?
-Dövlətimizin başçısının irəli sürdüyü əsas vəzifələrdən biri “Biz güclü olmalıyıq” tezisində ifadə olunur. Müharibə başa çatıb, düşmən kapitulyasiya aktını imzalayıb. Lakin davamlı sülh hələ tam təmin edilməyib, müxtəlif təxribat meyilləri qalmaqdadır. Yaşadığımız iki əsrlik tarix də göstərir ki, milli təhlükəsizliyin və dövlət müstəqilliyinin etibarlı təminatı üçün hər zaman güclü olmalıyıq. Nə qədər ki, dünyada və regionda sabitlik tam bərqərar olmayıb, Azərbaycanın təbii sərvətlərinə, zəngin iqtisadi və logistika imkanlarına maraq göstərən qüvvələr mövcuddur, milli dəyərlərə və dövlətçilik prinsiplərinə qarşı müxtəlif ideoloji təsirlər davam edir. Azərbaycan heç bir qüvvəyə arxayın olmadan, milli maraqları əsas götürərək dövlət təhlükəsizliyini və xalqın gələcəyini təmin edir. Ədalət və təhlükəsizlik məsələlərində ilk növbədə öz gücümüzə güvənməli, dövlətin müdafiə qabiliyyəti daim yüksək səviyyədə olmalıdır. Bu baxımdan ölkəmizin hərbi qüdrətinin artırılması qarşıdakı dövrün əsas prioritetlərindəndir. Ordumuzun maddi-texniki bazasının daha da gücləndirilməsi fonunda hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.
Eyni zamanda, müasir dövrdə təhlükəsizlik yalnız hərbi güclə məhdudlaşmır. Biz siyasi təxribatlarla da üz-üzəyik, belə təsirlərin vaxtında qarşısının alınması üçün hazırlıqlı, təhsilli və bilikli olmalı, texnoloji yenilikləri, o cümlədən süni intellektin imkanlarını yaxından izləməliyik. Sosial şəbəkələrdə və elektron informasiya resurslarında baş verən proseslərə çevik reaksiya vermək, informasiya təhlükəsizliyini gücləndirmək və adekvat mexanizmlər formalaşdırmaq da qarşıda duran vəzifələr sırasındadır. Bütün bunların təməlində isə milli birlik amili dayanır. Biz birlikdə olmalı, müqəddəs Vətənin, torpağın və bayrağın hər birimizin, bütövlükdə isə xalqımızın şərəfi olduğu düşüncəsi ilə hərəkət etməliyik. Məhz milli həmrəylik, dövlətçilik düşüncəsi və güclü iradə qarşıdakı çağırışların öhdəsindən gəlməyin əsas şərtlərindəndir.
-Yeni strateji hədəflərin gerçəkləşdirilməsində xalq-iqtidar birliyinin, milli həmrəyliyin və dövlətçilik iradəsinin qorunmasının rolu nədən ibarətdir?
-Bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, milli maraqların müdafiəsi naminə həmrəyliyimizi daim qorumalıyıq. Ötən tarixi təcrübə göstərdi ki, həm 30 illik işğal dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonrakı proseslərdə Azərbaycanın taleyini, ilk növbədə, öz gücünə və milli iradəsinə söykənən siyasəti müəyyənləşdirib. Ölkə rəhbəri bu məsələlərə qurultaydakı çıxışında münasibət bildirərək tarixi reallıqları vurğulayıb. Tarixi Zəfəri şərtləndirən əsas amillər sırasında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, peşəkar ordu və xalqımızın həmrəyliyi dayanır. Məhz bu amillərin vəhdəti Azərbaycanın qarşısında yeni imkanlar açaraq dövlət müstəqilliyinin, suverenliyin və təhlükəsizliyin etibarlı təminatı üçün möhkəm zəmin yaradıb.
Prezident İlham Əliyev qurultaydakı çıxışında qarşıdakı il üçün sosial istiqamətdə həyata keçiriləcək tədbirlərin genişləndiriləcəyini diqqətə çatdırıb. Əməkhaqlarının, pensiyaların, və müavinətlərin artırılması əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasının genişləndirilməsi qarşıdakı dövrün əsas istiqamətləri sırasında olacaqdır.
İnanırıq ki, yeni dövrdə də dövlətimiz tərəfindən müəyyənləşdirilən prioritetlərin ardıcıl həyata keçirilməsi üçün bütün imkanlar səfərbər olunacaq. Qarşıda duran vəzifələrin reallaşdırılmasında xalqımızın birliyi, həmrəyliyi və dövlətçilik iradəsi əsas dayaq olacaqdır.
