YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni dövrün çağırışları və strateji məqsədlər

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə

-Pərvin xanım, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin siyasi həyatında yeni çağırışların və prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sizcə, qurultayın əhəmiyyətini şərtləndirən əsas amillər hansılardır?

-Azərbaycan cəmiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməsi təsadüfi deyil. Bu qurultay yalnız partiyanın növbəti siyasi toplantısı deyil, həm də ölkənin yeni siyasi mərhələsinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan hadisədir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı proqram xarakterli nitqində qeyd etdiyi kimi, ilk dəfədir ki, qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilir. Bu faktor Azərbaycanın son illərdə keçdiyi tarixi-siyasi inkişaf yolunun miqyasını və əldə etdiyi strateji nəticələrin əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

VII Qurultay 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbədən az sonra keçirilmişdi. Həmin vaxt Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirmək, tarixi Zəfərin siyasi və diplomatik nəticələrini möhkəmləndirmək mərhələsində idi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir, hətta ölkəmizi Cənubi Qafqazda təhlükəsizliyin qarantı hesab edir. Bu baxımdan, VII və VIII qurultaylar ölkəmizin keçdiyi mühüm tarixi-siyasi mərhələlərin məntiqi davamıdır. Birinci mərhələdə işğala son qoyuldu, növbəti mərhələdə isə Azərbaycan ərazilərində separatizmə son qoyularaq dövlət suverenliyi tam təmin edildi. Bu baxımdan, 8 Noyabr və 20 Sentyabr müasir Azərbaycan tarixinin iki mühüm Zəfəri kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın Qələbəsinin arxasında uzun illər ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət dayanır. Güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, fəal diplomatik siyasət və ən başlıcası, xalqın milli həmrəyliyi bu Qələbəni mümkün edən əsas amillər olub.

Bütövlükdə, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışı Azərbaycanın keçdiyi tarixi yolu, əldə olunan Zəfərin siyasi əhəmiyyətini və qarşıda duran vəzifələri əhatə edən geniş siyasi mənzərəni ortaya qoydu. Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ölkənin qarşısında yeni siyasi- iqtisadi və geosiyasi imkanlar açıb. İndi əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, qlobal arenada dövlətimizin mövqeyini daha da gücləndirmək, formalaşmış yeni reallıqlardan ölkənin uzunmüddətli milli inkişafı naminə səmərəli istifadə etməkdir. VIII Qurultayın özünəməxsus tarixi və siyasi məzmunu da məhz bu yeni mərhələnin prioritetləri ilə bağlıdır.

- Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən bəhs edib. Həmin dövrün siyasi reallıqları xalqın arzularını ifadə edən bu təşəbbüsün meydana çıxmasını zəruri edib...

-Bəli, dövlətimizin başçısı çıxışında YAP-ın yaranmasının zəruriliyinə diqqət çəkərək bu amili Ulu Öndər Heydər Əliyevə xalqın dərin inamı ilə əlaqələndirib. Çünki dövlət müstəqilliyinin yenicə bərpa edildiyi illərdə hakimiyyətdə olan qüvvələr, xüsusilə AXC-Müsavat cütlüyü Azərbaycanı məhvə doğru sürükləyirdi. Daxili ictimai-siyasi, iqtisadi böhranla yanaşı Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yarandı.

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı təhlükələrdən xilas etmək məsuliyyətini öz üzərinə götürdü. Söhbət dövlətçiliyi qorumaq və ölkəni sabit inkişaf yoluna çıxarmaqdan gedirdi. Müxalifət partiyası kimi yaranan YAP qısa müddətdən sonra iqtidar partiyasına çevrildi. Təbii ki, xalqımız Heydər Əliyevin Sovet dövründəki böyük xidmətlərini yaxşı xatırlayırdı. Ulu Öndər növbəti dəfə xalqın etimadını doğruldaraq ölkəmizi bütün təhlükələrdən xilas etdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya tezliklə Azərbaycanı inkişaf yoluna çıxardı, ölkəmizi dünyaya tanıtdı. O cümlədən, keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını şərtləndirdi. Ona görə də, Prezident İlham Əliyev çıxışında şanlı Zəfərin əsasının YAP-ın yaranması ilə qoyulduğunu vurğulayıb. Bu mənada Azərbaycanın Zəfər tarixini Yeni Azərbaycan Partiyasının yaranmasından ayrı təsəvvür etmək mümkün deyildir.

Bu baxımdan, YAP-ın yaranmasını yalnız siyasi partiyanın təsis edilməsi kimi deyil, Azərbaycanın dövlətçilik tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Partiyanın formalaşması Ulu Öndər Heydər Əliyevin liderliyi ətrafında cəmiyyətin müxtəlif təbəqələrinin ümummilli məqsədlər naminə birləşməsi ilə müşayiət olundu və sonrakı dövrdə dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin dayaqlarından birinə çevrildi.

-Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Bu mərhələdə dövlət siyasətinin prioritetlərini necə dəyərləndirirsiniz?

-Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Prezident seçilərkən qarşıya qoyulan əsas strateji məqsədlərdən biri məhz ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Bu məqsəd illər ərzində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalırdı və nəhayət, 2020–2023-cü illərdə tarixi reallığa çevrildi. Azərbaycanın əldə etdiyi Zəfərin əhəmiyyəti yalnız milli çərçivə ilə məhdudlaşmır. Ölkəmiz uzun illər davam edən işğala son qoymaqla beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaratdı. Azərbaycan bunu böyük dövlətlərin müxtəlif təzyiqləri və Ermənistanı müdafiə edən siyasi dairələrin mövqeyi fonunda həyata keçirdi. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında milli birliyin və xalqın vahid mövqeyinin qeyd olunması mühüm siyasi mesajdır. Azərbaycan xalqının yumruq kimi birləşməsi Azərbaycanın ən mürəkkəb məqamlarda milli maraqlarını müdafiə etmək gücünü nümayiş etdirdi.

Növbəti mərhələdə isə ölkəmizin qarşısında yeni vəzifələr dayanır. Zəfəri qorumaq və onun nəticələrini möhkəmləndirmək üçün hərbi gücün daha da artırılması mühüm prioritetlərdən biri kimi müəyyən edilir. Dünyada gedən proseslər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi hər bir dövlətin təhlükəsizliyinə ilk növbədə özü təminat verməli olduğunu təsdiqləyir. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi də məhz bu reallıqdan irəli gəlir. Burada mühüm məqam ondan ibarətdir ki, dövlətimiz qüdrətini müharibə üçün deyil, sülhün təminatı üçün artırır. Bu gün ölkəmiz Ermənistanla sülh prosesini davam etdirir, sərhədlərdə vəziyyət sabitdir və iqtisadi əlaqələrin qurulması istiqamətində də addımlar atılır. Lakin sülhün dayanıqlı olması üçün Azərbaycanın öz təhlükəsizliyini təmin edəcək gücə malik olması vacibdir. Güclü dövlət həm öz suverenliyini qoruyur, həm də sülhün şərtlərini daha etibarlı şəkildə təmin edə bilir.

-YAP-ın VIII Qurultayı həm də dövlətimizin başçısının ideoloji təhlükəsiz tədbirləri ilə bağlı cəmiyyətə verdiyi mühüm mesajlarla səciyyələnir. Sizcə, bu prosesdə cəmiyyətin üzərinə düşən əsas vəzifələr nədən ibarətdir?

-Bugünkü reallıqda diqqət çəkən əsas məqamlardan biri ölkə daxilində sabitliyin və əmin-amanlığın qorunmasıdır. Dövlət qurumlarının normal fəaliyyəti, sosial-iqtisadi inkişaf, genişmiqyaslı quruculuq layihələri və insanların gündəlik həyatının təhlükəsiz şəraitdə davam etməsi daxili sabitliyin mühüm göstəriciləridir. Mövcud təhlükəsizlik mənzərəsində əsas risklərin daha çox ölkə sərhədlərindən kənarda formalaşması isə Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasətinə xüsusi həssaslıqla yanaşmasını tələb edir.

Belə şəraitdə dövlət üçün əsas məsələ yalnız mümkün təhdidləri izləmək deyil, onların ölkənin milli maraqlarına təsir göstərməsinin qarşısını almaqdır. Azərbaycanın son illərdə formalaşdırdığı təhlükəsizlik yanaşması məhz bu prinsip üzərində qurulur - ölkəyə qarşı yönələn hər hansı təzyiq və ya təhlükə cavabsız buraxılmamalı, onun miqyası və mənbəyinə uyğun adekvat tədbirlər görülməlidir. Burada söhbət emosional reaksiyadan deyil, dövlətin təhlükəsizlik imkanlarına əsaslanan hesablanmış və qətiyyətli siyasətindən gedir. Bu baxımdan Azərbaycanın təhlükəsizlik siyasəti güclü dövlət konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Öz imkanlarına güvənən, milli maraqlarını müdafiə etməyə qadir və təhdidlərin qarşısını almaq üçün kifayət qədər potensiala malik dövlət xarici təzyiqlər qarşısında daha geniş siyasi manevr imkanları əldə edir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu faktor yeni dünya nizamında böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az sayda xalqlar və ölkələr var.

Nəzərə alaq ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız ordu və sərhədlərlə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı ideoloji təhlükəsizliyi də dövlət siyasətinin mühüm istiqamətinə çevirib. Sosial şəbəkələr, süni intellekt və müxtəlif informasiya platformaları vasitəsilə cəmiyyətlərə təsir imkanları əvvəlkindən daha genişdir. Buna görə də Azərbaycan cəmiyyətinin informasiya manipulyasiyalarından qorunması, xüsusilə gənclərin düzgün və obyektiv informasiya ilə təmin edilməsi mühüm vəzifədir. Ölkə rəhbərliyinin bu məsələdə təhsilə və vətənpərvərliyə xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Təhsilli, dünyagörüşlü və milli dəyərlərinə bağlı cəmiyyət müxtəlif ideoloji təxribatlara qarşı daha dayanıqlı olur. Bu baxımdan müasir ideoloji siyasətin əsas vəzifəsi yalnız görülən işləri təbliğ etmək deyil, həm də cəmiyyətə həmin işlərin mahiyyətini, dövlət siyasətinin məqsədini və Azərbaycanın milli maraqlarını düzgün izah etməkdir.

Məhz bu mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr yaranır. Unutmamalıyıq ki, Azərbaycanın bugünkü sabitliyi ardıcıl dövlət siyasətinin, güclü müdafiə imkanlarının, demokratik ənənələrin və milli həmrəyliyin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında təhlükəsizlik amili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önə çəkilib. Dövlətimizin başçısı ölkədə əldə olunmuş sabitliyin qorunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Bu yanaşma təhlükəsizlik anlayışının yalnız hərbi müdafiə ilə məhdudlaşmadığının göstəricisidir. İnformasiya və kibertəhlükəsizlik, ideoloji təsirlər, dezinformasiya, eləcə də cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş cəhdlər də milli təhlükəsizliyin mühüm tərkib hissələridir. Ona görə də, biz hər zaman fəaliyyətimizdə cənab İlham Əliyevin tövsiyələrini rəhbər tutmalı və Yeni Azərbaycan Partiyasının üzvləri olaraq ictimaiyyət arasında daim ideoloji təbliğat işlərini gücləndirməliyik.

-Yeni inkişaf mərhələsində milli həmrəylik ölkənin qarşısında duran məqsədlərin reallaşdırılmasında mühüm rol oynayır...

-Bütövlükdə, VIII Qurultay Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. Yeni mərhələdə Azərbaycanın qarşısında duran əsas məqsəd tarixi Zəfərin nəticələrini qorumaq, sülhü möhkəmləndirmək, iqtisadi gücü artırmaq, hərbi və informasiya təhlükəsizliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesini sürətləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışının siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Bu hədəflərin həyata keçirilməsi üçün isə əvvəlki mərhələdə olduğu kimi siyasi sabitlik, milli birlik, güclü dövlətçilik və ardıcıl siyasət əsas dayaqlar olaraq qalmalıdır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız keçmişə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Azərbaycanın Zəfərlə başa vurduğu uzun və mürəkkəb mərhələdən sonra qarşısında daha böyük perspektivlər açılıb. Artıq Azərbaycan tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ güclü dövlətçilik, dayanıqlı sülh, davamlı inkişaf, milli həmrəylik və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi ilə səciyyələnir.