YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan qadınları üçün deyil, beynəlxalq qadın hərəkatı, dünya qadınları üçün də örnəkdir

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

Azərbaycan tarixinin bütün dövrləri qəhrəmanlıq və uğur, mərdlik və cəsarətlə zəngindir. Vətənpərvər oğullarla yanaşı bu ağır yükü daşımağı bacaran qadınlarımız da var. Müsahibəmizin mövzusu da elə bu barədə olacaq.

- Bahar xanım, Azərbaycan qadını cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində aktiv təmsil olunur. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bir nümunədir. Bu fəaliyyət fonunda dövlət qadın siyasətinin xüsusiyyətlərini necə xarakterizə edərdiniz?

- Hər şeydən əvvəl biz baxmalıyıq ki, kim haqqında danışırıq. İlk növbədə, bizim söhbətimizin mövzusu Azərbaycan qadınıdır. Onun tarixən keçdiyi yoldur, bu tarixin ən müxtəlif inkişaf mərhələlərində üzləşdiyi çətinliklərdir, qazandığı nailiyyətlərdir, göstərdiyi mərdlik, dəyanət və fədakarlıqdır. Əlbəttə ki, Azərbaycan qadını söylədikdə ilk növbədə Şərq dəyərləri və  əxlaqi ilə yanaşı, Qərbin müasir yeniliklərini özündə birləşdirən, müasir qadın obrazı göz önünə gəlir. Bu qadının həyatı çox keşməkeşli olub. O bu coğrafi məkanda yaşayan toplumun, etnik qrupların, ən müxtəlif mədəniyyətləri, dəyərləri əsasında formalaşmış, öz xalqına, vətəninə bağlı Azərbaycan qadını olaraq hər zaman kişilərlə ciyin-ciyinə fəaliyyət göstərmişdir. Öz dövlətinə malik olmanın arzusunu qəlbində daşıyıb, əməllərində sübut edib, bunun üçün qəhrəmanlıqlar göstərməyə qadir olan övladlar yetişdirib, nəsil böyüdüb.

Tarixi nailiyyətlərimiz içərisində əlbəttə ki, birinci yerdə Azərbaycanın müstəqilliyi dayanır. Onun əldə olunmasında Azərbaycan qadınının özüməməxsus xidməti və rolu vardır. Əlbəttə ki keçdiyimiz yol təkamülə əsaslanıb. Biz tarixin ən müxtəlif mərhələlərində qarşımıza çıxan şansları, imkanları dəyərləndirərək ailəmiz, cəmiyyətimiz, həm də dövlətimiz üçün faydalı olmağa çalışmışıq. Hər dövr ücün də özünəməxsus örnəklərimiz olmuşdur. Bunun üzərindən çıxış edərək vurğulamaq lazımdır ki, bugünkü müasir Azərbaycan cəmiyyətinin əldə etdiyi nailliyyətlər məhz bu tarixi örnəklərə və təcrübəyə söykənir. Ən böyük nailiyyətimiz də Şərqdə, müsəlman aləmində ilk demokratik cümhuriyyətin qurulmasıdır.

Növbəti bir tarixi şans kimi ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpası illəridir. Bu dövr birmənalı şəkildə Azərbaycan qadınlarının bərabərhüquqlu iştirakı ilə səciyyələnir. Biz bu prosesdə həyatımızın bütün sahələrində uğur qazanmış qadınlarımızın çox böyük töhfəsini görmüşük və bu proses indi də davam etməkdədir. İndi artıq müstəqil dövlətin möhkəmləndirilməsi, inkişafı, onun rifah dövlətinə çevrilməsi Azərbaycan qadını başda olmaqla bütün vətəndaşlarına həm bərabər hüquqlar, həm bərabər imkanlar, həm də bərabər nəticələr əldə etməyə şərait yaradan bir səviyyədədir. Bu nailiyyətimizin də altında Azərbaycan qadınının imzası var. Örnək qadınlar hər zaman olduğu kimi müasir dövrdə də yetişməkdədir və indiki örnəklərimiz zənginliyi, müasir dövrün tələblərinə uyğunluğu, eyni zamanda dövrün çağırışlarına cavab vermək iqtidarına malik olması ilə fərqlənir. Əlbəttə bu  xüsusda Mehriban xanım Əliyevanın özünəməxsus yeri və rolu haqqında fəxrlə danışmaq olar.

- Azərbaycanda gender məsələləri hər zaman diqqət mərkəzindədir. Gender məsələləri ilə bağlı ölkədə vəziyyət necədir? Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri necə dəyərləndirirsiniz?

- Azərbaycan qadınının həm milli həm də beynəlxalq qanunvüeicilikdə nəzərdə tutulmuş hüquqlarını yerinə yetirmək üçün bütün imkanlar var. Demokratik cəmiyyət quruculuğuna üstünlük verən və daim insan hüquqlarının qorunmasını əsas prioritet istiqamət kimi nəzərdə tutan Azərbaycan Respublikası və onun hazırkı rəhbərliyi bu sənədlərdən irəli gələn öhdəliklərinə tam sadiqlik nümayiş etdirir. Fundamental insan hüquqları içərisində gender məsələləri, ailədə, cəmiyyətdə və dövlət həyatında, iqtisadi və siyasi sferada, bir sözlə həyatın bütün sahələrində qadın və kişilərin bərabər təmsilçiliyi və iştirakçılığının təmin olunması üçün bütün addımlar atılmaqdadır.
Bu siyasət Azərbaycanda qanunlarla möhkəmləndirilmiş, xüsusi dövlət proqramlarında vəzifələri müəyyənləşdirilmiş bir istiqamət kimi yerini tutur və artıq bizə hərtərəfli iştirak üçün imkan yaradan nəticələri vardır.

Xüsusilə vurğulamaq istəyirəm ki, gender bərabərliyi haqqında qanunun qəbul edildiyi vaxtdan həm onun təkmilləşdirilməsi, həm də yerinə yetirilməsini təmin edəcək icra mexanizmlərinin, institusional mexanizmlərin yaranması ilə bağlı ciddi addımlar atılmışdır.

Hazırda AQUPDK müvafiq Dövlət proqramları, Prezident Fərman və Sərəncamları, bu sahədə Azərbaycan Respublikasının siyasətini və digər səlahiyyətli dövlət qurumlarının fəaliyyətini koordinasiya etməkdədir. Qanunvericiliyin nəzərdə tutduğu qadın-kişi bərabərliyinin təmin olunması mexanizmlərinin təkmilləşməsi, dövlət proqramlarının qəbul edilməsi sahəsində təkliflərlə çıxış edir və inkişafımızın ahənginə uyğun öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.
Gender bərabərliyi (qadın-kişi) həyatımızın bütün sahələrində təmin olunmaqdadır. Bunun üçün dövlət orqanlarında gender bərabərliyinin qorunmasına məsul şəxslərin müəyyən olunmasından tutmuş bütün dövlət və seçkili orqanlarda, qərar qəbul etmə səviyyələrində, xüsusilə iqtisadi sferada qadınların kişilərlə bərabər təmsilçiliyi və iştirakçılığının təmin olunmasına xüsusi diqqət yetirilir.
Əlbəttə ki, biz daha çoxunu arzu edə və bundan daha yaxşısına nail ola bilərik. Bunun üçün həm dövlətimizin iradəsi var, həm də qadınlarımız bu prosesə çox fəal şəkildə qoşulublar. QHT-lər, mətbuat orqanları və müvafiq hüquq müdafiə təşkilatları bu istiqamətdə yeni təkliflərlə çıxış edirlər. Bizim parlamentimiz, müvafiq dövlət orqanları lazımi dəyişikliklərə hər zaman açıqdırlar. Biz elə bu il Milli Məclisin payız sessiyasında ilk dəfə olaraq Azərbaycanda gender bərabərliyinin təmin olunmasının vəziyyətinə dair, hesabatla çıxış edəcəyik.

İndı bu hesabata çox ciddi hazırlaşırıq. Nailiyyətlərimiz çoxdur, amma müəyyən problemlərimiz də var. Biz bu problemləri səsləndirməklə həm cəmiyyətin diqqətini buna yönəldəcəyik, həm də müəyyən qanunverici təşəbbüslərimiz olacaq.

Bax elə buradaca dəyərli Mehriban xanımın son onilliklər ərzində özünün rəhbərliyi ilə ailə,qadın və uşaq məsələləri sahəsində dövlət orqanları, parlamentimiz və vətəndaş cəmiyyətinin fəaliyyətinə dair bir sıra problemlərin həllinə yönəlmiş təşəbbüslərini qeyd etmək, Heydər Əiyev Fondunun xətti ilə gercəkləşdirilən milli - mənəvi və ailə dəyərlərimizin qorunmasına, gənc nəslin vətənpərvər ruhda formalaşmasına,Qarabağ həqiqətlərinin və multikultural yaşam tərzimizin dünya ölkələri və xalqları arasında təbliğinə yönəlmiş layihələrini xüsusi vurğulamaq istərdim. Bu layihələrin məqsədi, hədəfləri həm də  gender əsaslı yanaşmaların möhkəmlənməsinə, onun nəticələrindən bərabər faydalanmağa və onların reallaşdırılması prossesinin özündə kişi və qadın bərabərliyinin təmin olunmasına xüsusi diqqət yetirilməkdir. Məhz bunun nəticəsidir ki, son illərdə Fondun reallaşdırdığı fəaliyyətlər çərçivəsində yüzlərlə bacarıqlı gənc oğlan və qızlar müasir standartlara uyğun kadrlar kimi formalaşmaqdadır.

- Az əvvəl biz Mehriban xanım Əliyevanın çoxsaxəli fəaliyyətini, nümunə olmasını qeyd etdik. Həmin məsələyə qayıdıram. İnsanın formalaşmasında ailənin rolu böyük əhəmiyyət kəsb edir. Mehriban xanım həm də qayğıkeş anadır və bu missiyanı hər kəs bir fərd kimi hiss edir.

- Mehriban xanımın fəaliyyəti o qədər çoxsaxəlidir ki, həyatımızın hansı sahəsinə diqqət yetirsək, biz orada burada onun dəsti-xəttini, fəaliyyətinin nəticələrini və onun bizə qazandırdığı yenilikləri görə bilərik. Bu, təkcə Azərbaycan qadınları üçün deyil, sizi əmin edirəm ki, bütün beynəlxalq qadın hərəkatı üçün, özünü ictimai-siyasi sahədə sınamaq, uğur qazanmaq, töhfə vermək istəyən bütün qadınlar üçün örnəkdir. Nəzərə almalıylq ki, Mehriban xanımın fəaliyyəti Azərbaycanın hüdudlarını çoxdan aşıb və o beynəlxalq miqyasda diqqəti daha çox çəkir. Bilirsiniz ki, Mehriban xanım YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Heydər Əliyev Fondunun rəhbəri kimi bütün dünyada həyata keçirdiyi layihələrlə seçilir. Həm də bu layihələrlə dünyaya bir çağırış edir, diqqətləri hamını narahat edən, xüsusən beynəlxalq xarakter almış problemlərə yönəldir. O, qadınlara, ictimai - siyasi, proseslərə qatılan xanımlara, eyni zamanda analara nümunədir.

Bu isə öz nəticəsini son dövrlər Azərbaycan qadınlarının həyatın bütün sahələrində əldə etdikləri uğurlarda daha aydın göstərir. Odur ki, Mehriban xanımın milli-mənəvi, o cümlədən, ailə dəyərlərini hər şeydən üstün tutan müasir xanım  obrazı kimi şəxsi nümunəsi  çox vacibdir.

Onun təbirincə desək, qadının ilk  missiyası onun bir ana kimi üzərinə düşən vəzifələridir. Bunun  öhdəsindən layiqincə gələn xanım mütləq şəkildə cəmiyyətə və dövlət həyatına da öz töhfəsini verə bilər.

Mehriban xanım nəinki öz ailəsinin timsalında,eləcə də bütövlükdə milli-mənəvi keyfiyyətlərimiz sırasında özünəməxsus yer tutan ailə dəyərlərimizin, möhkəmliyi ilə fərqlənən ailə institutumuzun qorunub saxlanması, inkişaf etdirilməsi və bu dəyərlərin həyata keçirilən siyasi konsepsiyalarda əksini tapması, sarsılmaz ideoloji bir sütun rolunu oynamasına da ciddi töhfələr verməkdədir.
O, böyütdüyü övladları, onların dövlətə, xalqa, milli-mənəvi dəyərlərimizə bağlılığı baxımından da çox gözəl bir nümunə sərgiləyir.

Deməli həm ailə ücün faydalı, həm də inkişafımızın vacib bir halqası olaraq ailənin imkanlarını dövlətə və ictimai həyata inteqrasiya etməyin mümkün örnəyini göstərir.

Bir çox hallarda bizim ictimai fəal olmaq istəyən xanımlarımız haradan və nədən başlayacağını,fəaliyyətini necə quracağını, ümumi tərəqqi prosesinə necə töhfə verəcəyini müəyyən etməyə xeyli vaxt sərf etməli olurlar. Və yaxud da hansısa stereotipləri qırmalı, hansısa çətinlikləri aşmalı olurlar.

Bu hallarda qadın zərifliyini qorumaq və elə bu zərifliyin gücündən istifadə edərək dövlətinə, xalqına yararlı, həm də örnək olmaq mümkündür. Biz məhz onun timsalında ciddi və vacib məsələlərlə də məşğul olarkən özünəməxsus zəriflik və eyni dərəcədə müdrikliyin paralel nümayişini görürük.

O, bu incə məqamları qadın fəhmi ilə duymağı, cəmiyyət həyatına faydalı olmağın heç də güclü tərəflə mənasız mübarizə aparmaq olmadığını, əksinə özünəməxsus qabiliyyət və bacarıqla məsuliyyəti bölüşmək iqtidarında olduğunu hər kəsə əməli nəticələrlə sübut edir.

Mehriban xanımın gözəl bir sözü var. O, söyləyir: ”Hər kəsin yerini və taleyini tarix özü müəyyən edir. Odur ki,həyatda böyük və kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi dərk edilmiş məsuliyyətin imkan verir". Onun fəaliyyətinin uğur formulu məhz bu dərk olunmuş məsuliyyətdən keçir. Qadının həm təbiət ,həm də cəmiyyət tərəfindən üzərinə qoyulmuş vəzifələri, həmcinin tarixin müəyyən etdiyi taleyin qisməti kimi dəyərləndirilən missiyaları vardır. Mehriban xanımın taleyində bu missiyaların hər birinin öz yeri var.

O, birinci xanım, birinci Vitse Prezident, xoşməramlı səfir, humanizm və mərhəmət ideyalarının carçısı və nəhayət dərk olunmuş məsuliyyəti ilə mükəmməl xanım obrazını bütün parametrləri ilə öz şəxsiyyətində təcəssüm etdirən əsil azərbaycan Qadınıdır.

- Sizin də vurğuladığınız kimi, Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləri həm də xeyirxahlıq və humanizmdir. Buna nümunə olaraq onun sosial sahədə gördüyü işləri də qeyd etmək olar.

Mehriban xanım mərhəmətin, humanizmin, yardımsevərliyin, müasir dövrümüzdə inkişafına təkan verən ən görkəmli şəxsiyyətdir. Bunu birmənalı şəkildə vurğulayıram. Biz sovet dönəminin verdiyi nailiyyətlərin, üstünlüklərini ədalət naminə qeyd etməli, həm də o dövrün bu kimi prosesləri “tormozlayan” məqamlarını da vurğulamalıyıq.

Bilirsiniz ki, sovet dönəmində insanlar arasında və həyat səviyyəsində süni bərabərləşdirmə məhdudiyyətlərlə və kvotalarla müəyyən olunurdu. Və burada hər kəsin fərdi imkanları və istedadından cıxış edərək cəmiyyətə töhfə verməsi tamamilə ideoloji şərtlərə tabe etdirilmişdi. Bu, yalnız icazəli şəkildə, müəyyən çərçivələrdə həyata keçirilə və müvafiq normalarla müəyyənləşdirilə bilərdi.Burada özfəaliyyətə,şəxsi təşəbbüslərə yer yox idi. Odur ki, xalqımız özünə xas olan bu keyfiyyətləri tarixin bütün mərhələlərində qoruyub saxlamış, onu reallaşdırmaq üçün uyğun şərtlərə və mexanizmlərə isə yalnız müstəqilliyimiz bərpa edildikdən sonra malik ola bilmişdir.
Bilirsiniz ki, müstəqilliyimizin  bərpası illəri çox acı hadisələrlə müşayiət olundu. Torpaqlarımızın bir qismi işğal olundu, insanlarımız qaçqın - köçkün düşdü, iqtisadi və siyasi böhran nəticəsində ehtiyacı olan təbəqənin sayı dəfələrlə artdı. Ehtiyacı olan yüz minlərlə soydaşımız həm dövlətin, həm də ayrı-ayrı insanların yardımına möhtac bir vəziyyətə düşdülər. Odur ki bu prosesdə bütün imkanları səfərbər etmək, yardımı, qayğını daha effektli təşkil etmək üçün sistemli yanaşmaya, mükəmməl örnəklərə və nümunələrə ehtiyac vardı. Bu tarixi bir həqiqətdir ki,müasir Azərbaycanın ideoloji əsaslarının yaradılması,müstəqil dövlətin qurulması birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin həm sovet dönəmindəki fəaliyyəti ilə həm də müstəqilliyimizin bərpasına həsr olunmuş 10 illik Prezidentliyi dövründə həyata keçirdiyi siyasətə, onun iradəsi ilə qəbul olunmuş qanunlara ,və şəxsən imzaladığı fərman və sərəncamlara bağlıdır.

Bu ideyaların qorunması, daha geniş əhali kütlələrinə çatdırılması, təbliğ və inkişaf etdirilməsi missiyasını isə Heydər Əliyev Fondu yerinə yetirir. Fondun rəhbəri kimi Mehriban xanım həm Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttin, eyni zamanda humanizmə xeyriyyəçiliyə və konkret insan talelərinə yönəlik layihələrin reallaşmasına bilavasitə rəhbərlik edərək rifah dövləti yaradılmasına böyük töhfələr verən fəaliyyətin müasir nümunəsini yaratmağa nail oldu.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri olmasından 16 il ötür. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi göstərilən fəaliyyətlə bağlı nə deyə bilərsiniz?

- Əvvəllər də dünyada YUNESKO və İSESKO-nun xoşməramlı səfirləri vardı. Amma nədənsə Azərbaycanda bu barədə heç danışılmırdı. Ümumiyyətlə, bu səfirlərin missiyası nədir, onlar hansı istiqamətdə fəaliyyət göstərirlər və ya göstərməlidirlər, bu fəaliyyətin nəticələri nədən ibarətdir, biz bu barədə o qədər də məlumatlı deyildik.

Mehriban xanımın fəaliyyəti daha geniş beynəlxalq arenaya çıxdıqdan sonra isə biz də bu sahəyə maraq göstərməyə başladıq.

İndi  Azərbaycana yardımların göstərildiyi vaxtlar xeyli arxada qalıb. Ölkəmiz o dərəcədə inkişaf edib ki, biz həm də dünyada ehtiyacı olan insanlara yardım etməyə başladıq. Bununla yanaşı Fondun xətti ilə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə geniş təbliği layihələri YUNESKO-nun, İSESKO-nun, BMT yanında fəaliyyət göstərən digər qurumların,  Azərbaycanın xarici ölkələrdəki missiyaları, səfirlikləri və “Azərbaycan evləri”nin, diaspor təşkilatlarının xətti ilə həyata keçirilən tədbirlər daha çox tərəfdaş və daha çox izləyici topladı.

Belə bir fəaliyyət YUNESKO və  İSESKO tərəfindən diqqətsiz qala bilməzdi. Mehriban xanımın rəhbərliyi ilə icra olunan layihələr bu təşkilatların Azərbaycandakı fəaliyyətlərinin miqyasını da genişləndirdi. Onlar Azərbaycana gəldikcə, burada layihələr reallaşdırdıqca, onun nəticələrini gördükcə belə bir şəxsin beynəlxalq miqyasda fəaliyyətinin çox böyük səmərə və fayda verəcəyinə inandılar və təbii ki məmnuniyyətlə Mehriban xanım hər iki təşkilatın xoşməramlı səfiri seçildi. Sizə deməliyəm ki bu fəaliyyət Azərbaycana böyük fayda verməkdədir. Amma həmin təşkilatların fəaliyyəti üçün daha çox fayda verir söyləsəm, yanılmaram. Çünki bu fəaliyyət bir çərçivə yaratdı ki, xoşməramlı səfirlər necə ola bilərlər? O, həm də digər səfirləri, digər ölkələrin və xalqların bu təşkilatlar çərçivəsində fəaliyyət göstərən nümayəndələri üçün standartlar müəyyənləşdirdi. Onların vaxtaşırı Mehriban xanım haqqında söylədikləri fikirlərdə də bu, öz əksini tapır. Mehriban xanımın beynəlxalq aləmdə xoşməramlı fəaliyyətinin nəticələrinə verilən qiymət, ayrı-ayrı ölkələrin ən yüksək orden və medallarına, beynəlxalq təşkilatların ən nüfuzlu mükafatlarına layiq görülməsi onu göstərir ki, bu missiya təkcə Azərbaycana xidmət etmir, bu missiya bütün dünya xalqlarına, dünya mədəniyyətinə xidmət edir. Bu, həm də Azərbaycan xalqının Mehriban xanımın timsalında bəşər mədəniyyətinə verdiyi töhfədir ki, biz bununla qürur duyuruq, fəxr edirik. Ona görə ki, Mehriban xanımın varlığı xeyriyyəçiliyin, humanizmin, yardımsevərliyin daha yüksək zirvələrə qalxmasına şərait yaradır.

- Bahar xanım müsahibə zamanı belə bir nəticəyə gəldik ki, Mehriban xanımın ölkənin bütün sahələrinin inkişafında rolu misilsizdir. Xüsusən ailə-qadın məsələlərində. Buradan belə bir sual yaranır ki, Mehriban xanım bu qədər işin öhdəsindən necə belə məharətlə gələ bilir?

- Bu işin ona hansı çətinliklər hansı əmək, zəhmət bahasına başa gəldiyini bir Mehriban xanım bilir ,bir də Tanrı.Bir daha vurguladığım fikrin üzərinə qayıdıram ki, hər kəs həyatda əldə etdiklərini özünün dərk olunmuş məsuliyyətinə borcludur. Bu, mənə imkan verir söyləyim ki, Mehriban xanım hansı işlə məşğul olursa-olsun o, onu dərk olunmuş məsuliyyət olaraq qəbul edir və həyata keçirir. Məsuliyyətini dərk edən insan isə bütün sahələrdəki fəaliyyətini əlaqələndirməyi və hər birinin öhdəsindən gəlməyi bacarır. Əsas odur ki, biz bu fəaliyyət zamanı Mehriban xanımın ailəsi ilə cəmiyyət və dövlət həyatına göstərdiyi xidmətlərin arasındakı o balansı görürük. Deməli, bunun özü də çox gözəl bir örnəkdir. Əgər, biz hansısa ictimai fəaliyyətlə məşgul oluruqsa, ailəmizi unuda bilmərik. Ailə dəyərlərini, bizim ailədəki missiyamızı, övlad qarşısındakı borcumuzu, gələcək nəslə gözəl bir vətəndaş təqdim etməli olduğumuzu unutmamalıyıq. Bu heç də bir fəaliyyətin digərini istisna etməsi anlamına gələ bilməz.Deməli istək, səriştə və məsuliyyətli yanaşma olduğu təqdirdə ən ağır işlərin öhdəsindən gəlmək mümkündür. Ona görə də düşünürəm ki, Azərbaycan qadınları nə siyasi, nə də ki, ictimai həyatdakı çətinliklərdən çəkinməməli, bunun üzərinə çox böyük dəyanət və cəsarətlə getməlidirlər. Çünki bunun üçün bizim həm tarixi həm də müasir örnəklərimiz var.
Bütün bu illər ərzində yaradılmış mükəmməl qanunvericilik, müvafiq icra mexanizmləri, ən əsası cəmiyyətin düşüncəsindəki inqilabi dəyişiklik nəticəsində, tarixən Azərbaycana, İslam dünyasına və bir çox dünya ölkələrinə xas olan qadınların hüquqlarından daha çox onların vəzifələrinə görə yanaşmalara əsaslanan düşüncələr indi artıq arxa plana keçməkdədir.

Bu stereotiplər gözəl nümunələrin qarşısında geriyə çəkilməkdədir. İndi daha çox sayda kişilər düşünməyə başlayır ki, qadınlar cəmiyyət və dövlət həyatının dayaqlarından biridirlər və onların iştirakı cəmiyyət həyatına yalnız harmoniya gətirir, siyasəti daha da zənginləşdirir. Bərabər  iştirakçılıq və təmsilçilik məsuliyyətin bərabər bölünməsinə şərait yaradır. Bundan isə həm ailələr, həm də cəmiyyətimiz qazanır. Ona görə düşünürəm ki, bu fəaliyyətin faydalarını biz hələ getdikcə hiss edəcəyik.

- Biz müsahibədə Mehriban xanımın fəaliyyətinə toxunduq. Onu da qeyd edək ki, Mehriban xanım Əliyeva həm də Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Bu haqda da fikirləriniz bizə maraqlı olardı.

- Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin qorunması, inkişafı və bugünkü səviyyəyə çatmasında özünəməxsus rolu və yeri olan mükəmməl və möhtəşəm bir siyasi təşkilatdır. Təsadüfi deyil ki, Ulu öndərimiz YAP-ın dövlətimizin bugünkü və gələcək həyatındakı roluna  dair  çox dərin inamla danışmış onun  Azərbaycan dövlətini irəli aparmaq üçün geniş imkanlara malik olduğunu vurğulamış, üzvlərinə  böyük ümid bəslədiyini qeyd etmişdir.

Yaşadığımız həyat da bunu göstərməkdədir. Birmənalı şəkildə partiyanın sıralarında olan insanlar öz imkan və bacarıqlarını bütün həyatını fədakarcasına bu dövlətin qurulmasına həsr edən Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin həyata keçirilməsinə sərf etməkdədirlər. Onlar Azərbaycanın perspektivli gəncləri, fədakar qadınları, bu dövlətin inkişafını həyatının mənası hesab edənlərdir. Odur ki, YAP-ın  ətrafında  Azərbaycan xalqının ən müxtəlif təbəqələrinin çox saylı nümayəndələri  cəmləşərək və  Heydər Əliyev ideyalarının  reallaşması işinə ciddi töhfələr verməkdədirlər. Uzun illərdir bu təşkilatın iqtidar partiyası statusunu saxlaması, ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi regionun və indi artıq dünyanın güclü partiyaları sırasına daxil olması ilə bağlıdır. Təsadüfi deyildir ki, azərbaycan qadınları siyasi fəaliyyətlə məşğul olmaq istəyərkən də ilk olaraq YAP-a üz tutmuş və onun sıralarında olmağa üstünlük vermişlər. Bu prosesin daha çox qadınları əhatə etməsinə imkan verən faktlardan biri də bu gün Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın partiyanın İdarə Heyətinin üzvü və Sədr müavini olması ilə də şərtlənir. Biz onun partiya sıralarındakı fəaliyyətini yüksək dəyərləndirir və xidmətlərini xüsusi vurğulayırıq.
Onun şəxsində ictimai-siyasi, humanitar və beynəlxalq fəaliyyəti əlaqələndirməyin nümunəsini görən gənc xanımlar bundan cəsarətlənir, öz gələcək həyatlarını, siyasi talelərini bu partiyaya bağlamaq kimi bir qərar verirlər.

Mehriban xanımın partiya həyatına verdiyi töhfələrdən biri də gənclərin bu prosesə daha geniş cəlb olunmasına imkan yaratmasıdır.Belə ki,o, cəmiyyətin daha geniş təbəqələrini öz ətrafına toplaya biləcək kütləvi tədbirlərin təşkilinə yönəlmiş ideyaları ilə siyasi proseslərə ictimai və könüllü fəaliyyəti vasitəsilə qatılmağa gözəl şərait yaradır.

Bəzən gündəlik həyatımızda həddən artıq siyasiləşmiş yanaşmaları,hətta ən adi məsələlərə belə siyasi konyuktura ilə qiymət verilməsi ilə rastlaşırıq. Bu isə gəncliyi çəkindirir, qorxudur. Özünün o çərçivələrə uyğun gəlmədiyini, bu çətinliklərdən keçmək imkanında olmadığını düşünməyə vadar edir. Amma Mehriban xanımın bu istiqamətdə yeni çərçivələr müəyyən etməsi ilə daha çox sayda gəncin, xüsusilə gənc qızların özləri də hiss etmədən siyasi proseslərə qatılmasına şərait yaradır. Onlar YAP könüllüsü olaraq məhz Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən layihələrə qatılmaqla qazandıqları təcrübədən çıxış edərək partiya sıralarına qatılmağa da özlərini hazır bilirlər.
Bir sözlə bu günkü qaynar həyatın bütün sferalarında öz təşəbbüsü ilə müəyyən etdiyi və tarixi taleyinin onun üzərinə qoyduğu çətin və şərəfli missiyasını ləyaqətlə daşıyan Bizim Mehriban Xanımın ictimai,siyasi və humanitar fəaliyyəti hər birimiz üçün örnəkdir.