YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

ATƏT-in Minsk Qrupu bu illər ərzində özünə fəaliyyətsiz bir qurum imicini formalaşdırmışdır

Müsahibimiz Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial dəstək məqsədilə fəal siyaət aparılır. Siz görülən bu işləri necə xarakterizə edərdiniz?

- Bu gün dövlətin birinci məqsədi insanların sağlamlıqlarının qorunmasıdır. Pandemiya elan olunanda cənab Prezident İlham Əliyev qeyd etmişdi ki, biz iki amil qarşısında seçim etməliyik. Birincisi, iqtisadiyyatın qorunmasıdır, ikincisi isə insanların sağlamlığının qorunmasıdır. Təbii ki, biz insanların sağlamlığını önə çəkdik. Ölkə başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargaha infeksiyaya gündəlik yoluxmanın dinamikasını təhlil edərək qərarlar vermək tapşırığı verildi. Prezident həm də ölkə iqtisadiyyatına pandemiyanın təsirlərinin azaldılması üçün tədbirlərin hazırlanmasına işçi qrupların yaradılması ilə bağlı sərəncam verdi. Bu sərəncama uyğun olaraq  müxtəlif sahələri təmsil edən mütəxəsislərdən ibarət 4 işçi qrupu yaradıldı. İşçi qruplar pandemiyanın təsirlərini azaldılmasına xidmət edəcək 3 istiqamət üzrə dövlət dəstəyi Tədbirləri planı hazırladı. Bu Tədbirlər planı iqtisadi fəallığın qorunmasına və sahibakarlığa dövlət dəstəyi, məşğulluğa və sosial rifaha dövlət dəstəyi, maliyyə və makroiqtisadi sabitliyinin qorunmasına dövlət dəstəyi göstərilməsindən ibarət oldu. Ümumiyyətlə bu müddət ərzində 5 milyona yaxın insan dövlət dəstəyi tədbirlərindən yararlanmışdır və bu proqramların icrasına 3.5 milyard manat vəsait nəzərdə tutuldu. Bu tədbirlər proqramının ölkə əhalisinə birbaşa təsir etdiyi məşğulluğa və sosial rifaha dövlət dəstəyi istiqamətidir. Bu dövlət dəstəyi tədbiri əsasən 12 istiqaməti özündə ehtiva etdi. Məşğulluğa və sosial rifaha dəstəyin göstərilməsi ölkədə iş yerlərinin qorunub saxlanılmasına, əhalinin aztəminatlı təbəqəsinin rifahının pisləşməməsinə hesablanmışdır. Məşğulluğa və sosial rifaha dövlət dəstəyi tədbirləri çərçivəsində 910 min dövlət sektorunda çalışan şəxslərin 80%-nə evdə oturmaqla əmək haqqı ödənilir, özəl sektorda çalışan 760 min insanın əmək haqqının ödənilməsinə dövlət dəstəyi göstərilmişdir.  2 miyondan çox insanın pensiya və müavinətlərlə təminatı davamlı olmuşdur. May-iyun aylarında 600 min,  iyul ayında isə 290 nəfər işsiz və qeyri formal iş fəaliyyəti ilə məşğul olan şəxsə 190 manat birdəfəlik müavinət ödənilmişdir. Özünəməşğulluq proqramın əhatə dairəsi bu ilin sonuna qədər 12 min ailəyə çatdırılması nəzərdə tutulmuş və hal-hazırda həmin ailələrin maarifləndirilməsi və aktivlərlə təmin edilməsi prosesi davam edir. Ünvanlı sosial yardımın verilməsinin sadələşdirilməsi üçün qanunvericilikdə dəyişiklik olundu və ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilərək 85 min şəxsə çatdırılması nəzərdə tutuldu. İşsizlikdən sığorta alanların sayı 20 minə çatdırıldı və müavinətlərin ödəniş vaxtı bitmiş şəxslərə də ödənişlər davam etdirildi. 65 yaşdan yuxarı 15000 nəfərə sosial xidmət göstərildi və imkansız ailələrə 100 mindən çox ailəyə 200 minə yaxın  ərzaq payları göndərildi. Bununla yanaşı ilin əvvəlindən nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra olunmaqdadır.  Bu il 7 min köçkün və qaçqın ailəsi, 1500 Qarabağ şəhidi və əlili üçün, 400 nəfər 20 il qüsursuz orduda xidmət keçmiş şəxslərə mənzillərin verilməsi uğurla davam etdirilir. Qısa olaraq qeyd etmək istəyirəm ki, cənab Prezidentin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə uğurla aparılır və insanların sosial rifahına xidmət edəcək tədbirlərin əhatə dairəsi genişdir və davamlıdır. Bu, Prezdentin apardığı dövlət siyasətinin təməlində insan amilinin öndə olduğunun bir daha  göstəricisidir.

- Ölkəmizdə COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə atılan addımlar atılır. Atılan bu addımı necə dəyərləndirirsiniz?

- Danışmaqdan əvvəlcə seroloji test nədirsə onu aydınlaşdıraq. Seroloji test- infeksion və ya qan yolu ilə yoluxma şübhəsi olduqda tez alınan qan testidir.   Digər testlər bir virusun müəyyənləşdirilməsində həftələrdən bir neçə günə qədər nəticə verirsə, seroloji test sayəsində bir neçə saat ərzində nəticə əldə edilir. Seroloji testlərdə məlum anticisimləri istifadə edərək, onlara qarşı anticisimlər axtarılır və xəstəliyə səbəb olan mikroorqanizmlərin antigenləri və quruluşu araşdırılır. Seroloji testlər koronavirus pandemiyası ilə mübarizədə vacibdir. Çünki, bütün insanlar infeksiyaya yoluxmanı ağır simptomlarla keçirmir. Kifayət qədər bu xəstəliyi gizli keçirən insanlar da mövcuddur. Bu testlər vasitəsilə cəmiyyətdə bədənində koronavirusa qarşı imuniteti olan insanların sayını müəyyənləşdirmək mümkündür. Hətta ola bilər ki, ölkəmizin hər hansı bölgəsində yaşayan insanlarda koronavirusa qarşı imunitet mövcuddur. Belə olan halda həmin regionu qapalı saxlamağın əhəmiyyəti yoxdur. Sereloji testlərin aparılmasına başlanması bir daha dövlətin insanların sağlamlıqlarına verdiyi yüksək dəyərin göstəricisi hesab edirəm.

- BBC-nin “Hard Talk” verilişində Ermənistan Baş naziri Nikol Paşinyan həm ingilis dilini pis bilməsi, həm də kəsərli suallar qarşısında mövqeyinin zəif olması ilə acınacaqlı duruma düşdü. Maraqlıdır, adi jurnalistn qarşısında belə aciz duruma düşən Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür?

- “Hard Talk” verilişi Paşinyan üçün həqiqətən çətin söhbət olmuşdur. Çünki, Paşinyan nə yaşadığı ölkəsinin tarixini bilmir, nə ingilis dilində keyfiyyətli danışa bilmir, nə də onda rəhbərə xas xarizma yoxdur. Paşinyanın siması küçə adamının obrazıdır.. Onunla söhbət edən nə jurnalist, nə də hökumət başçısı onu ciddiyə almır. Paşinyan həm də verilişdə jurnalistin suallara belə obyektiv yanaşacağını gözləmirdi. Aparıcı suallarda konkret idi, Paşinyan isə savadsız və qeyri pəşəkar. Aparıcı Paşinyana ünvanladığı suallarda Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlərə yer vermişdi. Paşinyan isə cavablardan yayınmağa çalışdı. Verilişdə Paşinyanın düşdüyü rəzil durum dünya mətbuatının uzun müddət gülüş mövzusu oldu. 

- Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Görəsən ATƏT Minsk qrupunun həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? Turist diplomatiyasının nümayəndələri hələ yay tətilindən qayıtmayıblar?

- Qondarma rejimin qondarma rəhbərinin hədəsi əslində özlərinin gücsüzlüyündən, zəifliyindən xəbər verir. Əsasən güclü ölkələr və iradəli rəhbərlər haranısa vurmaq istəyəndə səsini çıxartmadan öz işini görür. Bu, həyatda da belədir. Qondarma rejimin qondarma rəhbəri Arak Arutunyanın hədəsi ancaq daxili auditoriyası üçün hesablanmışdır. Çünki qondarma rejimdə yaşayan ermənilər dünyadan təcrid olunublar və inkişafdan qalıblar. Bu rejim ancaq xaricdən gələn ianələrlə yaşayır. Orda yaşayan sadə ermənilər görürlər ki, Azərbaycan inkişaf edir, dövlət tolerant siyasət yürüdür, bütün vətəndaşlar firavan yaşayırlar və öz qondarma rəhbərlərindən narazıdırlar. İşğal altında yaşayan sadə ermənilər də sülh şəraitində Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Amma, qondarma rejimin rəhbərləri işğal altında olan ərazilər nəzarətsiz olduğundan oralarda narkotiklər istehsal edir, terrorizmin yuvasına döndərmişdir. Arutunyanın hədəsi birinci növbədə qondarma rejimdə yaşayan narazı erməniləri sakitləşdirmək məqsədi daşıyır. O göstərmək istəyir ki, biz belə gücə malikik. İkincisi, Arutunyanın hədəsi Paşinyan rejimindən cana gəlmiş Ermənistan erməniləri üçün hesablanmışdır. Bu gün ermənilər qondarma rejimin işğalı altındakı Azərbaycan torpaqlarına öz övladlarını hərbi xidmətə göndərmək istəmirlər. Çünki, bilirlər ki, övladları Paşinyanın təxribatlarının qurbanına çevriləcəkdir. Bu gün Ermənistanda Qarabağda ölmüş əsgərlərin analarının etiraz dalğası genişlənməkdədir. Hətta Ermənistanın sadə ermənilərin “Qarabağ bizim torpağımız deyil, niyə övladlarımız orada ölməlidir” ifadələrinin işlədildiyini görürük. Amma real vəziyyət ondan ibarətdir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuşdur.  Bu hərbi texnikamız Azərbaycanın səması üzərində uçan quşları da müəyyən etmək imkanına malikdir. Son günlər ermənilərin gizli kəşfiyyat məqsədilə torpaqlarımızın üzərində məhv etdiyimiz PUA-lar da buna sübutdur. Həm də Azərbaycan Silahlı Qüvvələri hədəfi dəqiq vura bilən raketlərlə təchiz olunmuşdur və düşmənin bir təxribatına 10 qat cavab vermək imkanına malikdir. Bunu ermənilər daha yaxşı bilirlər və ona görə hədələrdə olan cəhdlərə əl ata bilmirlər. Burda bir maraqlı məqam da var ki, münaqişəni danışıqlar yolu ilə həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu səsini çıxartmır. Ümumiyyətlə Minsk Qrupu bu illər ərzində özünə  fəaliyyətsiz bir qurum imicini formalaşdırmışdır. Bu qrupun həmsədrləri təmas xəttində toqquşmalar olanda və Azərbaycan ordusu torpaqlarını azad etməyə başlayanda səsini çıxardırlar. Qalan vaxtı arada bir bölgəyə səfər edir, turistlər kimi yeyib-içib çıxıb gedirlər. Amma, işğalçı tərəfə hər hansı konkret bir təzyiq mexanizmindən istifadə etdiyini, erməniyə qaşında çöp var dediyini görməmişik. Təbii ki, bu ikili standartların göstəricisidir.