MÜSAHİBƏLƏR
Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik
- Eldəniz müəllim, dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan digər dövlətlərə nümunə olan təcrübəsini nümayiş etdirir. Özünütəcrid COVID-19-lə mübarizədə qələbənin əsas şərti kimi irəli sürülərək karantin rejimində mərhələli şəkildə sərtləşmələr və yumşalmalar həyata keçirildi. Artıq avqustun 5-dən növbəti yumşalma qaydaları qüvvədədir…
- Karantin qaydaları yumşaldılsa da bugünümüzün əsas çağırışı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi ilə yanaşı, məsuliyyət hissini artırmaq, nizam-intizam qaydalarına riayət etməkdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların təməlində məsuliyyət hissinin artırılması, dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsi dayanıb. Məhz sosial məsuliyyətə söykənərək həyata keçirilən sistemli tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınır. Azərbaycan, həmçinin COVID-19-la mübarizədə birliyin, həmrəyliyin vacibliyini dünyaya ünvanladığı çağırışlarını reallıqda təsdiqləməklə də nümayiş etdirir. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə görüşlərinin, eyni zamanda, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi də deyilənlərin təsdiqidir. «Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik» söyləyən cənab İlham Əliyev irəli sürdüyü təşəbbüslərlə dünyanı birləşdirdi.
Cənab İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Azərbaycanın pandemiya dövründə atdığı addımların xronologiyasına diqqəti yönəldərək bu məqamı xüsusi qeyd etmişdir ki, iyulun 16-dan bu günə qədər müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Xüsusi karantin rejiminin davam etdiyi dönəmdə hamı karantin qaydalarına, Operativ Qərargahın qərarlarına, TƏBİB-in tövsiyələrinə, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına əməl etməlidir. Hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Sərt karantin rejiminin yumşaldılması virusun yoxa çıxması demək deyil. İnsanlar ehtiyac və zərurət olmadığı təqdirdə, küçəyə çıxmamalıdırlar. Bu, insanların təkcə özünü deyil, həm də ətrafını qoruması deməkdir. Belə bir ciddi məsələ müzakirə obyekti ola bilməz. Ən böyük sərvətimiz olan sağlamlığımızı qorumaq, ətrafımızdakı insanlara xoş ovqat bəxş etmək istəyiriksə, tələb olunan qaydalara əməl etməliyik. Bu, eyni zamanda, ölkəmizin davamlı inkişafına töhfə vermək deməkdir. Hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq vətəndaşlıq təəssübkeşliyindən çıxış edərək mübarizədən qalib çıxmağa dəstək olmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa dəfələrlə müraciətində «Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir» çağırışlarını edərək, bu inamı da ifadə edir ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil: «Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!»
Qaydaların yumşaldılması dövründə virusun yayılması artıq vətəndaşlarımızın bu məsələyə ciddi yanaşmasından qaynaqlanacaq. 6 aya yaxındır dünyada və ölkəmizdə koronavirus pandemiyası yaşanmaqdadır. Bütün dünya ölkələri kimi, Azərbaycan dövləti və xalqı da bu “gizli düşmən” ilə mübarizə aparmaqda davam edir. COVID-19-la mübarizənin birinci mərhələsini uğurla başa vuran Azərbaycanın, müsbət dinamikanı sonadək davam etdirəcəyinə əminik. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri bu əminliyə əsas verir.
- Pandemiya dövrünün əsas prinsipləri insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsidir…
- Hökumət var gücü ilə çalışır ki, koronavirus bəlası insanlarımızın sağlamlığına, iqtisadiyyatımıza böyük zərbələr vurmasın. 6 aya yaxın dövr ərzində görülən tədbirlər də bu məqsədə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin son videoformat şəklində keçirdiyi müşavirədə qeyd etdiyi kimi, ötən dövrdə təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Aprel-may aylarında 600 min, iyun ayında isə 290 min insana birdəfəlik yardım verilib. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq sosial dəstək və məşğulluq tədbirlərinin həyata keçirilməsi davamlılığı ilə diqqət çəkir. Dövlətimiz atdığı addımları ilə hər zaman vətəndaşının yanında olduğunu təsdiqləyir. Bir sözlə, insan amili dövlət siyasətinin ana xəttini təşkil edir.
Cənab İlham Əliyev son müşavirədə insanların sağlamlığının və sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu önə çəkərək bu məqamı xüsusi qeyd etmişdir ki, bu iki vəzifəni yerinə yetirmək üçün iqtisadiyyatın dayanıqlılığının təmin olunması vacibdir. Bununla bağlı aidiyyəti qurumlara, dövlət şirkətlərinə və müəssisələrə tapşırıqlarını verdi. Dövlətimizin başçısı İlham Əliyevin 7 avqust 2020-ci il tarixli «Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında» Fərmanında da məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Göründüyü kimi, dövlətimizin başçısı İlham Əliyev ən çətin anlarda belə kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Zamanın, dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemində təkmilləşmə davamlı inkişafı şərtləndirir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da bu istiqamətdə atılan növbəti addımdır.
- Eldəniz müəllim, necə düşünmək olar, karantin rejimində növbəti dəfə sərtləşmə ola bilərmi?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin son müşavirədə səsləndirdiyi “Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik» çağırışları hər birimizi ciddi düşündürməli, səfərbər etməli, məsuliyyətimizi artıraraq COVID-19-la mübarizədə qalib olmaq, əvvəlki həyatımıza qayıtmaq üçün səylərimizi artırmağa stimul olmalıdır. Bugünümüzün müsbət dinamikası gələcəyə nikbin baxmağımıza əsas verir. Amma bu, heç kəsdə arxayınlıq yaratmamalıdır. Gigiyena qaydalarına əməl edək, tibbi maskadan istifadəni, sosial məsafəni gözləməyi unutmayaq. Bu tələblərə riayət edərək daha yüksək səslə «Biz birlikdə güclüyük!» deyək.