YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dəyişikliklər dövlət büdcəsinin çevikliyini daha da artıracaq, az itki və sürətli bərpa üçün sosial-iqtisadi sahələri lazımı maliyyə mənbələri ilə təmin edəcək

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

- Tahir müəllim, Milli Məclisin növbədənkənar sessiyasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə dəyişikliklər edildi. Bu dəyişikliklər hansı zərurətdən irəli gəlir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanununun 23-cü maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi ilə birlikdə 2020-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və İşsizlikdən sığorta fondunun büdcəsi haqqında Qanunlara dəyişikliklər edilməsi barədə Qanun layihələri Milli Məclisə təqdim olunmuşdur. Dəyişikliklər parlamentdə geniş müzakirə edilərək qəbul olunub.  

Əvvəlcə onu qeyd etmək istərdim ki, adı çəkilən qanun layihələri qəbul olunarkən 2020- ci il üçün proqnozlaşdırılan iqtisadi şərait bu günkü reallıqlardan xeyli fərqlənmişdir. Belə ki, layihələrin qəbulu zamanı 2020-ci ildə ÜDM-in 3%, qeyri-neft sektorunun 3.8% artacağı, neftin orta illik qiymətinin 60-65 dollar olacağı, ixracın 3.8%, idxalın isə 1.5% artacağı proqnozlaşdırılmışdı. 2020-ci ilin ilk 2 ayının göstəriciləri, xüsusilə də bu dövrdə ÜDM-in 3%, qeyri-neft sektorunun 11% artması pronozların özünü doğruldacağını deməyə əsas verirdi. Lakin 2020-ci ildə yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması insanların ənənəvi həyat tərzini kökündən dəyişmiş, qlobal miqyasda səhiyyə sistemlərinin ağır sınağla üz-üzə qoymuş, qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və başlıca istehlak tələbin kəskin çökməsinə gətirib çıxarmışdır.

Bununla bağlı cari ilin mart ayından başlayaraq dünya bazarında neftin qiyməti xeyli ucuzlaşmışdır. Beynəlxalq təşkilatlar tərəfindən neftin qiyməti ilə bağlı proqnozlara yenidən baxılaraq 2020- il üçün neftin orta qiymətinn 40-45 dollar arasında olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirmişdir. Bununla yanaşı, Fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək, daha mülayim artımla əvəzləmişdir. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatı 30%, Avropa Birliyi iqtisadiyyatı 10% azalmış, ölkələrin xarici borcları kəskin artmışdır. Adı çəkilən proseslər Azərbaycan iqtisadiyyatından da yan keçməmiş, ölkəmizin xarici valyuta daxilolmalarının azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olmuşdur. Bu ilin mart ayından başlayaraq pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir. Bu ilin 6 ayının nəticələrinə görə Azərbaycanda ÜDM 2.7%, qeyri-neft sektoru 2.5%, ixracın həcmi 23%, idxalın həcmi isə 28% azalmışdır. Pandemiyanın bitməsi ilə bağlı qeyri-müəyyənliyin davam etməsi iqtisadiyyatın kiçilməsi üçün ciddi təzyiqlər yaratmaqdadır.

Amma  bununla yanaşı kənd təsərrüfatı, qeyri-neft sənayesinin artması, əmək haqqı fondunun böyüməsi, orta aylıq əmək haqqının artması, inflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir. Bu zəmində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaratmışdır. “Büdcə sistemi haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. “Büdcə sistemi haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda büdcənin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq məsələ qaldırıla bilər.

Təqdim edilmiş qanun layihələri və müşayiət edici sənədlər dövlət büdcəsi haqqında qanunun tələblərinə cavab verir. Layihələrə Hesablama Palatası tərəfindən rəy alınmışdır. Qısa müddətdə hazırlanan rəy forma və məzmunca səmərəli olmuşdur. İlin birinci yarımilliyində dövlət büdcəsinin müsbət icrası müşahidə olunsa da, makroiqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət büdcəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranacağını təxmin edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti büdcədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir.

- Dəyişikliklər dövlət büdcəsinin gəlir və xərc hissəsində özünün əksini necə tapır?

- Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, pandemiyanın diktə etdiyi yeni çağırışlar fonunda səhiyyə sahəsinin artan ehtiyaclarının ödənilməsi, sosial və iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının formalaşdırılması üçün hökumət qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə əlavə tələbat 1 milyard 372 milyon manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərcləri formalaşdırmışdır.

Dövlət büdcəsi qarşısında duran yeni çağırışların təmin olunması və büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədi ilə büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23- cü maddəsinə müvafiq olaraq dövlət və icmal büdcələrinə yenidən baxılması ehtiyacı yaranmışdır. Təqdim edilmiş layihədə dövlət büdcəsinin qeyri-vergi və rüsum daxilolmalarının 880,0 milyon manat artırılması (bunun 850,0 milyon manatını Dövlət Neft Fondundan əlavə transfert, 30,0 milyon manatını isə sair daxilolmalar təşkil edəcəkdir), dövlət büdcəsinin bir sıra xərclərinin ixtisarı və bəzi xərclər üzrə gözlənilən qənaət nəticəsində 774,0 milyon manat məbləğində qənaət edilən vəsait və dövlət büdcəsinin kəsirinin 645,0 milyon manat məbləğində əlavə artırılması təklif olunmuşdur. Dövlət büdcəsinə təklif edilən dəyişikliklərə uyğun olaraq dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (mövcud gəlirdən 10,5 milyon manat az), xərcləri 27 milyard 492 milyon manat (mövcud xərclərdən 598,0 milyon manat çox), dövlət büdcəsinin kəsiri 3 milyard 368 milyon manat (mövcud kəsirdən 608,0 milyon manat çox) təşkil edəcəkdir.

Yenilənmiş icmal büdcənin gəlirləri 21 milyard 676 milyon manat (mövcud 27552,0 milyon manat gəlirdən 5876,5 milyon manat az), xərcləri isə 30 milyard 111 milyon manat (mövcud 29 milyard 488 milyon manat xərclərdən 623,0 milyon manat çox), icmal büdcəsinin kəsiri 8 milyard 436 milyon manat (mövcud 1 milyard 936 milyon manat kəsirdən 6 milyard 500 milyon manat çox) təşkil edəcəkdir. Beləliklə, 2020-ci ildə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatı və ya 50,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin (təsdiq olunmuş proqnoza nisbətən 850,0 milyon manat və ya 7,5 faiz çox), 7 milyard 190 milyon manatı və ya 29,8 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların (təsdiq olunmuş proqnoza nisbətən 685,0 milyon manat və ya 8,7 faiz az), 3830,0 milyon manatı və ya 15,9 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların hesabına olacaqdır (təsdiq olunmuş proqnoza nisbətən170,0 milyon manat və ya 4,3 faiz az). Dövlət büdcəsinin gəlirləri üzrə azalmanın (fiziki şəxslərin gəlir vergisi , mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, dövlət rüsumu, aksizlər üzrə) əsas səbəbi əmək haqqı fondunun, sahibkarlıq subyektlərinin gəlirlərinin, istehlakın, daxili bazarda neft məhsullarına tələbatın, dövlət rüsumu tutulmalı olan xidmətlərin və hüquqi hərəkətlərin azalması, həmçinin pandemiya ilə bağlı bir sıra vergilər üzrə müvəqqəti güzəştlərin tətbiqi ilə bağlıdır.

Xərclərlə əlaqədar qeyd olunmalıdır ki, bütovlükdə əlavə tələb olunan 1 milyard 372 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi təklif olunur:   ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait 465,0 milyon manat;  səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat;  pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238,0 milyon manat;  iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən dövlət şirkətlərinə, sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi üçün 237,0 milyon manat;  cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat;  “ASAN xidmət” üzrə elektron hökümətin tətbiqinin maliyyə təminatı (7,0 milyon manat), və s. proqnozlaşdırılır. 2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18 milyard 47 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir. Xərclərin 7 milyard 719 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə, 1 milyard 726 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcəkdir (təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz az). 2020-ci il dürüstləşdirilmiş dövlət büdcəsinin yerli gəlirləri 765,0 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 33,0 milyon manat və ya 4,1 faiz az, xərcləri isə 815,0 milyon manat və ya təsdiq edilmiş göstəriciyə nisbətən 35,0 milyon manat və ya 4,1 faiz azdır. Azalma yerli xərclərdən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin (uşaq baxçaları və körpələr evi) fəaliyyətinin dayandırılması nəticəsində bir sıra xərclər üzrə qənaət olunmuş vəsaitin təyinatının dəyişdirilərək digər istiqamətlərə yönəldilməsi ilə bağlıdır.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4 milyard 785 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 41,0 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarınn və sosial müavinətlərin hesablanmasında, ödənişində nəzarətin və şəffaflığın daha da artırılması hesabına formalaşmışdır. Qeyd olunmalıdır ki, cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,0 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 41,0 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan trasfertin məbləği həmin məbləğ qədər azaldılaraq əvvəldə qeyd olunduğu kimi pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat sahələri üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldilir.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 1,7 milyon manat və ya 0,3 faiz artırılaraq 483,8 milyon manat məbləğinə çatdırılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiya 1,7 milyon manat artırılır və 370,6 milyon manat təşkil edəcəkdir.

- Tahir müəllim, pandemiya şəraitində büdcə dəyişikliklərinin əhəmiyyəti nədən ibarətdir?

- Bu dəyişikliklər mövcud şəraitinin yaratdığı zərurətdən irəli gəlməklə, qarşıdakı çağırışlara cavab vermək baxımından da məqbul hesab edilə bilər. Dəyişikliklər böhran dövründə dövlət büdcəsinin çevikliyini daha da artıracaq, az itki və sürətli bərpa üçün sosial-iqtisadi sahələri lazımı maliyyə mənbələri ilə təmin edəcəkdir. Bütün bunlarla yanaşı hesab edirik ki, bu böhran zamanı üzləşdiyimiz çətinliklər növbəti büdcənin qəbulu zamanı fərqli alətlərdən istifadəni və ya mövcud alətləri daha da təkmilləşdirməyi zəruru edəcəkdir. Belə ki, büdcə xərclərinin tərkibində qorunan xərclərin həcminin böyük olması büdcə gəlirlərinin təmin olunmasında daha dayanıqlı mənbələrin tapılmasını zəruri etməkdədir. Bu məqsədlə DNF-nun vəsaitlərini funksiyalarını yenidən baxılmasını məqsədə uyğun hesab edirik.

Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi daxili borclanma imkanlarına baxılmasını zəruri hesab edirik. Hazırda daxili borcun həcmi 1.4 mlrd. manat olmaqla ÜDM-in cəmi 2%-ni təşkil edir. Bu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə müqayisədə kifayət qədər aşağı göstəricidir.  Daxili dövlət borcunun aşağı səviyyəsi qlobal pandemiyadan qaynaqlanan beynəlxalq iqtisadi böhranın milli iqtisadiyyata təsirini yumşaltmaq üçün daxili borc alətlərindən istifadə etməyə şərait yaradır. Daxili borclanmanın artırılması büdcənin maliyyələşdirilmsi ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafını da dəstəkləyə bilərdi.

Büdcə qaydasının dayanması zərurətdən doğsa da, bu qaydaların təkmilləşməsinə və yenisinin qəbul olunmasına ciddi ehtiyac vardır. Büdcə xərclərinə nəzarətdə yeni innovativ və proaktiv üsullardan istifadə edilməsi günün zərurətinə çevrilməkdədir.