YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır

Müsahibimiz Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və məcburi köçkünlərə yüksək dövlət qayğısı mövcuddur. Bu istiqamətdə görülən işlərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütövlükdə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi həmin kateqoriyadan olan insanlara qayğının daha bir nümunəsidir. Təqdimat mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə dövlətimizin başçısı qeyd edib ki, bizim güclü sosial siyasətimiz var. Cənab Prezident ölkəmizdə həssas qruplardan olan insanlara xüsusi qayğı göstərildiyini nəzərə çatdıraraq vurğulayıb: “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb”.

- Bu sahədə görülən işlər konkret faktlarda özünün əksini necə tapır?

- Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən tədbirlər sırasında bu qəbildən olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması böyük aktuallıq daşıyır. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən təqdimat mərasimində məlumat verilib ki, şəhid ailələri və müharibə əlilləri təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. Müvafiq kateqoriyadan olan vətəndaşlara 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək artıq 430 mənzil təqdim olunub. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillərin və fərdi evlərin verilməsi proqramının uğurla icra ediləcəyinə əminliyini bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ümumilikdə  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edlib və 7 minə yaxın avtomobil verilib.

Bu il bütövlükdə 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcək. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub. Eyni zamanda, sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur. Yeri gəlmişkən, qeyd edim ki, bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb.

- Pandemiya şəraitində ölkəmizdə bütün sosial və iqtisadi layihələr uğurla həyata keçirilməkdədir. Bu haqda da fikirlərinizi bilmək istərdik...  

- Ümumiyyətlə, pandemiya şəraitində ölkədə heç bir sosial layihələr, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb. Pandemiyanın vurduğu zərərin qarşısının üçün sosial-iqtisadi sahədə mühüm addımlar atılıb, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunaraq icra edilir. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

Bilirsiniz ki, bugünlər Prezident İlham Əliyev bölgələrə səfər edib. Dövlət başçısı Qobustanda, İsmayıllıda, Balakəndə, Şəkidə və Qəbələdə səfərdə olarkən bir sıra sosial və iqtisadi xarakterli  obyektlərin açılışını etdi. Buraya modul tipli xəstəxanalar, yeni yollar, mədəniyyət, xidmət mərkəzləri və s. daxildir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir və heç bir  sosial layihə təxirə salınmır.

Hazırda ölkəmizdə təbii qazla təmin olunma prosesi 96 faizə çatdırılıb, elektrik enerjisi məsələləri tam təmin edilib. Hazırda su problemlərinin həlli ilə bağlı mühüm tədbirlər keçirilməyə başlayıb. Cənab Prezidentin sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə də bunu təsdiqləyir. Görülən işlər nəticəsində Bakıda içməli su təminatı 40 faizdən 80 faizə, regionlarda isə 9 faizdən 63 faizə çatdırılıb. Eləcə də, ötən müddət ərzində yeni su anbarlarının tikintisi,  artezian quyularının qazılması bu prosesə əhəmiyyətli təsir göstərib.  Hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir. Cənab Prezidentin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması da bu məqsədə xidmət edir.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır. Hansı ki, işğalçı Ermənistan və ölkəmizdəki “5-ci kolon”un nümayəndələri neftin qiymətinin azalmasına sevinirdilər ki, bunun nəticəsində ölkədə ciddi sosial-iqtisadi problemlər yaşanacaq. Onlar ümid edirdilər ki, bundan da öz məqsədləri üçün istifadə edərək Azərbaycanda sabitliyi pozmağa çalışacaqlar. Amma onların niyyətləri iflas oldu. Azərbaycanda nəinki sosial layihələr, həmçinin infrastruktur layihələrinin heç biri ixtisara düşmədi. Bununla da, Azərbaycan Prezidenti bir daha sübut etdi ki, dövlətimizin siyasətinin mahiyyəti dəyişməzdir və davamlıdır. Çünki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman onun vətəndaşı və vətəndaşının yüksək rifah vəziyyətinin yaradılması məqsədi dayanır.