YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan mətbuatı öz şərəfli missiyasını layiqincə yerinə yetirir

Müsahibimiz YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov

Milli-mənəvi dəyərlərimizin, dövlətçilik maraqlarımızın qorunmasında müstəsna yeri və rolu olan Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür. 22 iyul 1875-ci ildə xalqımızın görkəmli ziyalısı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı ötən dövr ərzində öz tarixi missiyasını layiqincə yerinə yetirib, xalqımızın mənafeyinə, dövlətimizin maraqlarına xidmət edən çoxşaxəli, məqsədyönlü fəaliyyəti ilə mütərəqqi nümunə yaradıb. Həsən bəy Zərdabinin “mətbuat cəmiyyətin aynasıdır” tezisini əsas götürən milli mətbuatımız cəmiyyətlə dövlət arasında əlaqələndirici rolunu oynayaraq qabaqcıl ideyaların təbliğində müstəsna xidmətlər  göstərib.

Azərbaycan mətbuatının zəngin və şərəfli yol keçərək hazırkı inkişaf səviyyəsinə çatması təsadüfi xarakter daşımır. Müstəqillik dövründə milli mətbuatımızn tərəqqisi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə digər sahələrlə yanaşı, milli medianın da inkişafına xüsusi diqqət göstərib, Onun rəhbərliyi ilə bu sahədə ardıcıl və səmərəli addımlar atılıb. KİV üzərində senzuranın aradan qaldırılması, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul edilməsi, KİV-in maddi-texniki şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm addımlar milli mətbuatımızın davamlı inkişafını təmin edən fundamental amillər olub. Milli jurnalistikanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının məntiqi nəticəsi kimi, Ulu Öndər Heydər Əliyev “Jurnalistlərin dostu” seçilib.

Bunlarla yanaşı, Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də milli mətbuatımızın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Qanunvericilik bazası zənginləşdirilib, Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atılıb, media nümayəndələrinin əməyi daim qiymətləndirilib. Prezident İlham Əliyevin dəfələrlə “Jurnalistlərin dostu” seçilməsi isə Onun milli mətbuatımıza xüsusi diqqət və qayğısının adekvat nəticəsidir.

Hazırda da milli maraqların qorunması istiqamətində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən jurnalistlərin əməyi dövlətimizin başçısı İlham Əliyev və Azərbaycan Republikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən  yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması milli mətbuatımıza göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Müasir, demokratik ölkə olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz, fikir və ifadə azadlığı tam təmin edilib. Ölkəmizdə  çoxsaylı mətbuat orqanları, informasiya agentlikləri və portalları, jurnalist təşkilatları qanunlara müvafiq surətdə sərbəst fəaliyyət göstərir, ölkə əhalisinin 85 faizi isə internet istifadəçisidir.

Təqdirəlayiq haldır ki, milli mətbuatımız müharibə şəraitində olan Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər mühüm istiqamətlərdə şərəfli missiyasına sadiqdir və üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirir. Biz bunu son olaraq Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində müşahidə edilənlər fonunda da gördük. Düşmənə hərbi müstəvidə olduğu kimi, informasiya cəbhəsində də layiqli cavab verildi, erməni yalanları məharətlə ifşa olundu.

22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatının nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm.