YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır

Müsahibimiz YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.  Bu hadisələr bütövlükdə Ermənistan dövlətinin beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozmasını, sivil dəyərlərə məhəl qoymamasını, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsini göstərdi. Beynəlxalq ictimaiyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu bir daha gördü ki, Ermənistanın problemin sülh yolu ilə həllində maraqlı deyil və təcavüzkar niyyətindən əl çəkmir. 

Son günlər ərzində baş vermiş hərbi toqquşma Azərbaycan Ordusunun qüdrətini və qətiyyətini göstərdi

Digər tərəfdən, qürurverici haldır ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda, operativ vəziyyətə nəzarət edilir. Azərbaycan Ordusu bundan əvvəl də dəfələrlə işğalçı Ermənistanın təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb, döyüş meydanında öz gücünü göstərib. 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad edən müzəffər ordumuz iki il sonra uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsini nəzarətə götürdü, təcavüzkarları həmin bölgədən çıxardı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən götürülmüş strateji yüksəkliklər Ermənistanın bir neçə yaşayış məntəqəsinə, o cümlədən bu ölkədən Dağlıq Qarabağa gedən avtomobil yoluna nəzarət etməyə imkan verir. Məhz dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə layiqli cavab verilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.

Bütövlükdə, bu təxribat cəhdinin qarşısının qətiyyətlə alınması onu göstərir ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Dövlət başçısının dediyi kimi, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.

Xalq-iqtidar birliyinin və milli həmrəyliyimizin növbəti bariz nümunəsi

Bunlarla yanaşı, Azərbaycan Ordusunun uğurlu əməliyyatı, əldə olunmuş nəticə, hərbi qələbə xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Məhz iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya xalqımızın öz dövlətinə, Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına qətiyyətli dəstəyinin ifadəsi oldu. Milli maraqların qətiyyətli müdafiəçisi olan bu insanlar Şəhidlər xiyabanına getdikləri müddət ərzində səsləndirdikləri şüarlarla xalq-iqtidar birliyini, milli həmrəyliyi real surətdə nümayiş etdirdilər. Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.

Bütün bunlar həm də Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərlik ruhuna malik olduğunu əyani surətdə nümayiş etdirdi. İftixar olunası haldır ki, aksiya iştirakçıları vətənə sevgi və sədaqət hisslərini böyük coşğu ilə ifadə etdilər.

Azərbaycan Ordusuna dəstək aksiyası zamanı təxribat törədənlər Ermənistanın maraqlarını müdafiə edən antimilli ünsürlərdir

Lakin bu ümummilli aksiyadan məkrli məqsədlər naminə istifadə cəhdləri də müşahidə olundu ki, bu, tamamilə yolverilməzdir. Bu, özünü orduya dəstək prosesinə siyasi rəng qatmaq, aksiyanı nəzarətdən çıxararaq xaos yaratmaq cəhdlərində göstərdi. Əlbəttə, sərhəddə hərbi əməliyyatların davam etdiyi, işğalçıya adekavat cavab verildiyi zaman bir qrup şəxsin paytaxt Bakıda iğtişaş yaratmağa çalışması, hətta Azərbaycan Respublikasının Milli Məclisin binasına daxil olaraq qanunazidd əməllər törətməsi, asayiş keşikçilərinə qarşı zorakılıq və müqavimət göstərilməsi qəbulolunmazdır. Bu, həm dövlətimizin milli maraqlarına, həm ölkə Konstitusiyasına və qanunlara ziddir, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna sayğısızlıqdır.

Şübhəsiz ki, 1990-cı illərin psixologiyasından qurtula bilməyən antimilli ünsürlərin dəstəklədiyi bu proseslərin hədəfi birmənalı olaraq Azərbaycanın inkişafına maneə yaratmaq, ölkəmizdə sabitliyin pozulmasına və xaosun yaranmasına nail olmaqdır. Bütün bunlar isə Ermənistanın, ermənipərəst və anti-Azərbaycan dairələrin maraqlarına xidmət edir.

Azərbaycan Xalq Cəbhəsi dövlətin deyil, düşmənin yanındadır

Radikal düşərgədə cəmləşmiş antimilli ünsürlər, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrinin də kütlənin içinə daxil olaraq insanları qanunsuz əməllərə sövq etməyə çalışmaları aşkardır. Onlar 1992-1993-cü illərdə hakimiyyətdə olarkən yol verdikləri xəyanətkarlıq və satqınlığı indi də düşmən dəyirmanına su tökməklə davam etdirirlər. AXC-Müsavat cütlüyünün antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir. Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, dövlətin milli maraqlarını qurban vermişdilər. Bu gün isə həm adını “müxalifət” qoyaraq ölkə daxilində təxribatçı fəaliyyətlə məşğul olan radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər. Onlar bilavasitə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə dövlətin deyil, düşmənin yanında olduqlarını nümayiş etdirirlər. Dövlət başçısının qətiyyətlə ifadə etdiyi kimi: “Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”.

Bir sözlə, “beşinci kolon” bir daha Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirməklə əsl simasını, kimlərə xidmət etdiyini  ortaya qoydu. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası və çirkin təbliğat aparmaq yolverilməzdir

Daha bir məqam ondan ibarətdir ki, həmin vaxt sosial şəbəkələr vasitəsilə həm döyüş bölgəsində, həm də paytaxt Bakıda arzuolunmaz proseslərin cərəyan etməsi haqqında yalan, heç bir əsası olmayan məlumatlar tirajlanırdı. Əfsuslar olsun ki, düşmən dəyirmanına su tökmək üçün dəridən-qabıqdan çıxan, ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən antimilli ünsürlər – erməni mənşəlilər və erməni çörəyi yeyən “sapı özümüzdən olan balta”lar bununla əhali arasında çaşqınlıq yaratmağa çalışırdı. Təbii ki, dövlət sərhədində erməni təxribatı nəticəsində döyüşlər getdiyi bir vaxtda bu cür addımların atılması təcavüzkar və işğalçı Ermənistanın maraqlarını müdafiə olunmasına xidmət etməklə yanaşı, xalqımıza, dövlətimizə qarşı düşmənçilik mövqeyinin bariz nümunəsidir. Ölkə daxilindəki və xaricdə yaşayan antimilli ünsürlərin, “beşinci kolon” nümayəndələrinin idarə etdikləri informasiya resurslarının Azərbaycana qarşı ermənilər üçün bir vasitəyə, platformaya çevrilməsi yolverilməzdir.

Heç şübhəsiz, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları istər orduya dəstək məqsədilə keçirilən aksiya çərçivəsində, istərsə də sosial şəbəkələrdə təxribatçı fəaliyyətlə məşğul olanlara qarşı geniş araşdırmalar aparacaq, milli maraqlara və müvafiq qanunlara zidd hallara yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Əlbəttə, antimilli ünsürlər və onları dəstəkləyən ermənipərəst dairələr bu cür vasitələrlə Azərbaycanın inkişafına, öz milli maraqlarını qorumasına əngəl yarada bilməzlər. Çünki Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, milli ordumuza güvənir. Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi isə sabitliyi, inkişafı təmin edən mühüm amil olmaqla yanaşı, torpaqlarımızın tezliklə  işğaldan azad olunacağına əminlik yaradır.