YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin Dan Ulduzu oldu

Müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı

- Musa müəllim, bir neçə gündən sonra 28 May Respublika Gününü qeyd edəcəyik. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü tamam olur. Ümumiyyətlə, Cümhuriyyətə gətirən yolu və yarandığı tarixi şəraiti necə səciyyələndirərdiniz?

- Cümhuriyyətin elanı göydəndüşmə olmadı. Bu, bir sıra amillərin təsiri altında oldu. Məlumdur ki, çarizmin işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Ərazisi və xalqı iki yerə bölüşdürülsə də Azərbaycan xalqı işğalla barışmadı. Azərbaycanın şimalında işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Belə bir fakt maraqlıdır ki, Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi.

Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi. Azərbaycanda demoqrafik şəraiti dəyişmək məqsədi ilə qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi, onlar eyni zamanda yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular və varlandılar. Gəlmələr üçün üstün şərait yaradılırdı. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çarizm tərəfindən qoyuldu.

Çarizm özünün ümumi strateji mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet dərc edildi. İlk milli teatr yaradıldı. Hansı məqsədlər güdməsindən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yürüdülən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millət olaraq formalaşmasında bu amil mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. İmperiya tərkibində olan Azərbaycanın şimalında xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycanın şimalı Rusiya vasitəsi ilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və b. ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Carizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və b. müstəsna rol oynayaraq xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən şəxslər müxtəlif yollar aramağa başladılar.

1917-ci ilin fevral ayında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklərin hakimiyyətə gəlməsi və müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi gücləndi. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilən söyqırımın başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi. Daxili ziddiyyətlər ucbatından süquta yaxınlaşdı.

- Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan tarixində rolu və əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan tarixində Cümhuriyyətin tutduğu yeri və oynadığı rolu bilməkdən ötrü dövlətin elanına və həyata keçirdiyi tədbirlərə nəzər yetirmək lazımdır. Mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarında iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi.

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı. Cümhuriyyətin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi və 113,9 min kv. km idi. Bunun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km mübahisəli idi.

Bu zaman Cənubi Qafqazda 8 mln. 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 mln. 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 mln. 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi.

Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi. Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu Qərb ölkələrindən əvvəl verdi.

Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. İşləməyə xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi.

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. 1920-ci il yanvarında Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Azərbaycanlıların tarixi torpaqlarında yaratdıqları Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

- Azərbaycan Xalq Cümhuriyyətin yaradılmasının beynəlxalq əhəmiyyəti nədən ibarətdir?

- Çümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Cümhuriyyət bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Onlara zülmətdən xilas olmağın yolunu göstərdi, ürəklərində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülüm altında inləyən xalqlarının olmaması eyni zamanda Cümhuriyyətin təsiridir.

Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, onu qorumalı, maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.

Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaraq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.

Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 1920-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 1970-80-ci illərdə ziyalılar Azərbaycan rəhbəri Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, hələ SSRİ-nin mövcud olduğu bir şəraitdə milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu.

- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixinin araşdırılması qaneedici səviyyədədirmi? Bu istiqamətdə alimlərimizin üzərinə hansı vəzifələr düşür?

- Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. Bununla belə, görüləsi işlər hələ də çoxdur. Xüsusən xarici ölkələrin arxivlərində olan yeni sənədlərin elmi dövriyyəyə gətirilməsi vacibdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətimizin 102 illiyi ilə bağlı tədbirlər həyata keçirilir.

- Musa müəllim, Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycanın bugünkü inkişafı, beynəlxalq müstəvidə tutduğu yer və rolu haqqında da fikirlərinizi də bildirməyinizi xahiş edirik...

- Cümhuriyyət xadimlərinin istəkləri və arzuları həyata keçirilib. Azərbaycan xalqı dövlət müstəqilliyinə nail oub. Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. Ərazilərinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcbur köçkünlərin olmasına baxmayaraq, möhtərəm cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti daxili və xarici siyasətdə çoxlu uğurlar qazanıb. Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, xüsusi yeri və rolu olan dövlətdir. Xalqımızın və dövlətimizin çox yaxşı gələcəyi var...