YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu öndər Heydər Əliyevin ideyaları uğurlarımızın qarantıdır

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov

- Məşhur müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsindəyik. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini necə ümumiləşdirərdiniz?

- Bugünkü müstəqil, güclü, qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider harada yaşamasından asılı olmayaraq  hər bir azərbaycanlının qəlbində «Müstəqil Azərbaycan» adlı abidəni ucaltdı. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın  müstəqilliyimizin ilk illərində yaşadıqları yaddaşlardadır. Azərbaycan  parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş müharibəsi  təhlükəsini yaşayırdı. Belə çətin vaxtlarda xalqımız üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə Ümummilli Liderin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan  sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyəti, təcrübəsi, ən əsası xalqına, dövlətinə, Vətəninə sevgisi sayəsində qarşıdakı dövrün uğurlu inkişaf strategiyası işlənib hazırlandı, Azərbaycanın möhkəm təməl üzərində inamla irəliləməsi üçün düzgün yollar müəyyənləşdirildi. Bu gerçəklik də hər zaman xüsusi qeyd edilməlidir və edilir ki,  Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu   ulu öndər Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdən  başlamışdır. Onun həmin illərdə gördüyü işlərə diqqət yetirdikdə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə göstərir. Azərbaycanlı gənclərin keçmiş İttifaqın ən  nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə C. Naxçıvanski adına hərbi liseyin yaradılması kimi biri-birindən önəmli addımlar  Azərbaycanın müstəqil gələcəyinə hesablanmış addımlar idi. Azərbaycançılıq ideyası dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin, görülən işlərin əsas qayəsini təşkil edirdi.

1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir müsahibə, sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu fikri böyük inamla və fəxrlə qeyd edirik ki,  Azərbaycan kimi  müstəqil, iqtisadi cəhətdən qüdrətli,  dünya birliyinin fəal üzvü, böyük söz sahibi olan  bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndərə nəsib oldu. 1993-2003-cü illər Azərbaycanın tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılıb. Dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. İqtisadi və siyasi islahatların vəhdətliyi əsasında Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu  müəyyənləşdirdi, ən əsası mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq  Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı.

- Təbii ki, hər bir ölkənin inkişafında istisadi amil əsas rol oynayır.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında hansı imkanları açdı?

- Ulu öndər Heydər Əliyevin “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hər zaman öz aktuallığını qoruyur. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft erası başladı.  Ulu Öndərin ölkəmizdə yaratdığı sabitlik və normal biznes mühiti Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu mühüm məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin təminatında, həmçinin digər sahələrdə mühüm işlərin görülməsində əsas rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması  ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasının nəticəsidir.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın enerji sektorunda qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayatdir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu layihələr, öz növbəsində, əməkdaşlığın regional çərçivədən beynəlxalq müstəviyə keçməsini təmin etdi. Belə ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ildə TANAP istifadəyə verildi, 2020-ci ildə isə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də dünya dövlətlərinin dayanıqlı inkişafı təmin edilir.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar hər zaman önə çəkilən bu fikrin də təsdiqidir ki,  təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması, nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi məqsədilə 29 dekabr   1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi idi. Bu ideya  Ümummilli Liderin  “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisində aydın ifadəsini tapıb. Hazırda Fondun aktivlərinin həcmi 41 milyard dollardan artıqdır. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafina geniş imkanlar yaradır.

- Məşhur müəllim, ulu öndər Heydər Əliyevin  xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik....

- 1992-ci il noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası  dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib, bunu qət etdiyi 28 ilə yaxın zəngin və şərəfli yolda təsdiqləyir. Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən  artıq üzv birləşir. Bu statistika Heydər Əliyev ideyalarına sədaqəti, son 16 ildən artıq dövrdə bu siyasi kursu uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə dastəyin göstəricisidir. Partiyanın hər bir üzvü dahi şəxsiyyətin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasında təmsil olunmaqdan, Ulu Öndərin ideyalarının gercəkləşməsində və təbliğində iştirak etməkdən qürur duyur. Tutduğu yola sadiqliyi, sözlə əməl birliyi partiyaya milyonların sevgisini qazandırır. YAP-ın ölkəmizdə keçirilən bütün seçki proseslərindən uğurla çıxması, qələbələr partiyası kimi nüfuz qazanması da bu amilə əsaslanır. “Güclü dövlət, yüksək rifah!” hər zaman partiyanın fəaliyyətinin əsasını təşkil edir. Məhz bu amillər Yeni Azərbaycan Partiyasını  xalqın partiyası kimi tanıdır və nüfuz qazandırır. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər  Heydər Əliyevin ideyalarının təntənəsidir. Ümummilli Liderin  “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur, gələcək fəaliyyətinin aydın mənzərəsini yaradır.

Azərbaycana  hansı tərəfdən baxsaq, ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Ulu Öndərin fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur.

- 2003-cü ildən başlanan yol  Heydər Əliyev yolunun davamı kimi xarakterizə olunur. Ötən 16 ildən artıq dövr Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazıb?

- Müasirləşmə, yeniləşmə, təkmil islahatlar son illərin uğurlarını şərtləndirən əsas amillərdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursunun davam etdiriləcəyi vədini vermişdi və son 16 ildən artıq dövrdə bunu atdığı hər addımda təsdiqlədi.   Bu gün dayanıqlı iqtisadi inkişafa malik, beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan secilməsi deyilənlərə bariz nümunədir.  Azərbaycan bu gün  dünyanın xoşbəxt, islahatçı ölkələri sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu nümayiş etdirir. Möhtərəm Prezidentimiz 2003-cü ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqlayarkən  bu reallığı önə çəkdi ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır.

Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasi,  idarəetmə sistemində təkmilləşmə, zamanın tələblərinə görə aparılan islahatlar bütün istiqamətlərdə əhəmiyyətli uğurlara yol açdı. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması davamli uğurlarımıza böyük töhfələr verdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdikləri düşünülmüş siyasət nəticəsində Azərbaycanın qazandığı uğurların miqyası  geniş və çoxçaxəlidir.

İslahatları yenilik, tərəqqi, inkişaf, yeni yanaşma kimi dəyərləndirən cənab İlham Əliyevin təkcə  cari ilin ötən dövründə  gördüyü işlərə diqqət yetirmək kifayətdir. Dünyanı bürüyən pandemiya hər bir ölkənin iqtisadi və sosial imkanlarını ortaya qoydu. Dövlətimizin başçısının Sərəncamı əsasında Nazirlər Kabinetinin 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının ehtiva olunduğu Tədbirlər Proqramının təsdiqlənməsi ölkə Prezidentinin hər zaman olduğu kimi, bu gün də vətəndaşının yanında olduğunu təsdiqlədi. Sahibkarlara dövlət tərəfindən maddi dəstəyin göstərilməsi, işsiz və karantin dövründə müvəqqəti işsiz olan 600 min vətəndaşa 190 manat birdəfəlik yardımın verilməsi, koronavirus xəstələri ilə işləyən həkimlərin, həmçinin yaşı 65-dən yuxarı olan tənha yaşlılara sosial xidmət göstərənlərin sosial müdafiəsinin gücləndirilməsi və sair kimi addımlar insan amilinə verilən dəyəri, eyni zamanda, Azərbaycan dövlətinin iqtisadi imkanlarını təqdim edir. Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, atılan addımlar ölkəmizin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu çətinliklərdən də  uğurla, az itki ilə çıxacağına əminliyi artırır. Ölkə ictimaiyyəti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstəyini əməli fəaliyyəti ilə göstərir.

Bu gün xalqımız tam əmindir ki,  Heydər Əliyev yolu Azərbaycana hələ bundan sonra da daha böyük uğurlar qazandıracaq, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallaşdıracaq.