YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Şanslıyıq, birlikdəyik, güclüyük!

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov

- Hazırda Azərbaycanda gedən ictimai-siyasi və sosial prosesləri necə xarakterizə edərdiniz?

- Ölkəmizdə , bütün dünyada olduğu kimi, koronavirus pandemiyasının imtahana çəkdiyi qayğılı bir durum var. İllərlə rastlaşmadığımız və ağlımıza belə gətirmədiyimiz  təbii fəlakətlə- pandemiya ilə mücadilə vəziyyətindəyik. Amma şanslıyıq, birlikdəyik  və güclüyük. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti  nəticəsində bu pandemiyadan mütəşəkkil və ən az ziyanla çıxan ilk dünya 20-liyində  biz də yer alırıq. Preventiv tədbirlər nəticəsində pandemiyanın qorxulu təsiri minimuma endirildi və indinin özündə belə inamla demək olar ki, biz bu imtahandan ən az itki ilə çıxmağı bacardıq.

Görülən sosial tədbirlərin daim diversifikasiyası, insanların, xüsusilə də aztəminatlı ailə və şəxslərin dövlətin himayəsinə alınaraq qorunması və çətin vəziyyətdən qurtarılması, əslində, böyük bir qəhrəmanlıqdır. Pandemiyanın əvvəlcədən bəlli olmayan fəsadlarına qarşı dəqiq mübarizə planının hazırlanması və mərhələli, əsaslandırılmış  şəkildə həyata keçirilməsi uğurun əsas şərti idi.Bu çətin günlərdə Prezidentimizin iş qrafikinin gərginliyinə və dövlət qayğılarına rəğmən, insanların yanında olması, onların sosial problemlərini həll etməsi, operativ, çevik tədbirlər görməsi,  hər birimizi düşünməsi yenidən  xalqımızı mütəəssir etdi və duyğulandırdı.

Ən əsası da odur ki, bu proseslər sabit iqtisadi artım və siyasi fəallıq şəraitində baş verdi. Ölkə bu fəlakətlə mübarizədə özünün daxili resurslarından bəhrələndi və heç bir dövlət və ya beynəlxalq donor təşkilatları qarşısında borc öhdəliyinə girmədi.

- Bu uğurların qazanılmasında, sizcə, hansı amillərin daha çox rolu oldu?

- Hesab edirəm ki, ən mühüm amil, qeyd etdiyimiz kimi, ölkənin güclü əllərdə olması , balanslaşdırılmış, çevik və praqmatik daxili və xarici siyasətdir. Bu siyasətin əsas qayəsi  makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunub saxlanması, daxili ehtiyatlardan səmərəli şəkildə yararlanmaqdır.

Xatırlayırsınızsa, ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə Tədbirlər Planı təsdiqləndi və plana əsasən məşğulluq və sosial rifaha dəstək məqsədi ilə 4 istiqamət müəyyənləşdirildi.Təxminən bir ay sonra  isə bununla bağlı  2.5 milyon nəfəri əhatə edən 600 milyon manatlıq sosial paket müəyyənləşdirildi. İqtisadi blokun fəal iştirakçıları olan iş adamlarının sosial müdafiəsi üçün də tədbirlər görüldü.  Dövlət sektorunda çalışan 910 min işçinin iş yerlərinin saxlanması, səlahiyyətlərinin evdən icra edilməsi ilə bərabər , özəl sahələrdə çalışan təxminən 719 min işçi üçün də anoloji şərait yaradıldı.

Prezident İlham Əliyev çox gözəl demişdir: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək.”

- Kamaləddin müəllim, davamlı inkişaf, qurub-yaratmaq bu çətin günlərdə belə kimlərinsə   ürəyincə deyil və onlar hər vəchlə ölkədə qarışıqlıq yaratmağa, görülən işlərə kölgə salmağa can atırlar…

- Bəlli xarici qüvvələr tərəfindən dəstəklənən, daha doğrusu, şirnikləndirilən  bu  insanlar Azərbaycan reallığına şər atmaqla  yanaşı, həm də aldıqları çirkli vəsait qarşılığında cəmiyyətə dağıdıcı çağırışlar da  edirlər.  Hətta karantin dövründə belə Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və dezinformasiyaların tüğyan etməsi  cəmiyyətdə çaşqınlıq, qarışıqlıq yaratmaq kimi miskin bir məqsədə  hesablanıb. Amma bu cılız insanların cəhdləri cəmiyyətimizin üzvləri tərəfindən ikrah, təpki və nifrətlə qarşılanır.

İqtidarın saysız-hesabsız uğurlarını “həzm edə bilməyən” “beşinci kalon”  təmsilçilərinin cəhdləri hiddət,  təəssüf doğurur və  məğlubiyyətə məhkumdur. Bütün bu cəhdlər faydasızdır, çünki Azərbaycan cəmiyyəti artıq  dövlət və dövlətçiliyə yönələn istənilən cəhdi dəf etməyə qadirdir.

Bircə faktı xatırlatmaq istəyirəm.  Ötən ay ölkə  iqtidarı dəfələrlə  olduğu kimi, növbəti dəfə  müxalifəti işbirliyinə, ölkə üçün birgə əməli fəaliyyətə səslədi. İlk dəfə olaraq hətta Prezident Administrasiyası səviyyəsində dialoqlar, məsləhətləşmələr başlandı.Lakin bir neçə radikal müxalifət təmsilçi dialoqu pozaraq, danışıqların məhz onların partiya qərargahında keçirilməsində təkid edərək prosesdən yayındılar. Belələrinə ən sərrast xarakteristikanı məhz Prezidentimiz vermişdir: ” ...O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir.”

Müasir  Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, stabil  ölkələrdən biridir  və Azərbaycan xalqı Prezidentimiz İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti   dəstəkləyir,  dövlətimizin rəhbərliyinə  öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Məhz bu səbəblərdən özünü  radikal qüvvələr  adlandıran tör-töküntülərin  Azərbaycanda sabitliyi pozmaq, cəmiyyətdə qarışıqlıq yaratmaq  cəhdləri heç bir nəticə verməyəcəkdir.