YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zamanın tələbindən geri qalmaq olmaz

Müsahibimiz Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, bir neçə aydır ki, Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirsiniz. Ötən müddət ərzində bu sahə ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etmisiniz. Hazırda din-dövlət münasibətlərində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan hazırki şəratdə müsəlman ölkəsi olaraq din-dövlət münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük uğurlar əldə etdiyini qeyd edirlər. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar xalqımızın digər sahələrdəki uğurları ilə də səsləşməlidir. Bununla nəyi nəzərdə tuturam? Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq. Keçid dövrünə aid olan xüsusiyətlər bu gün Azərbaycana şamil edilə bilməz. 
Azərbaycan müasir bir ölkədir, müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında sovet totalitar sisteminin qalıqlarını siyasi-iqtisadi sahədə aradan qaldırmaqla bərabər həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də, bu proseslər paralel getməlidir. Milli-mənəvi sahədə müəyyən dəyişikliklərə zərurət yaranıb. 
Din-dövlət münasibətləri dedikdə, biz Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını ilk növbədə göz önünə gətiririk. Bu gün ölkədə 2050-yə qədər məscid fəaliyyət göstərir. Eyni zamanda, müxtəlif konfessiyaların nümayəndəlikləri var, xristian kilsələri, yəhudi sinaqoqu, digər dinlərin ibadət yerləri açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Bu yaxınlarda ölkəmizdə keçirilən 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda Prezidentimiz cənab İlham Əliyev çıxışında bu məsələni xüsusi vurğuladı. Azərbaycan din-dövlət münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir.

- Son zamanlar yas mərasimlərində israfçılığın aradan qaldırılması məsələsi gündəmdədir. Bununla əlaqədar olaraq rəhbərlik etdiyiniz Dövlət Komitəsi, eləcə də cəmiyyətimin müxtəlif təbəqələrinin nümayəndələri təşəbbüslərlə çıxış ediblər. Hazırda bu yöndə  maarifləndirmə işləri aparılır. Bu təşəbbüslər hansı nəticələr verməkdədir?

- Azərbaycan cəmiyyətində din sahəsində böyük maarifləndirmə işləri aparılmaqdadır. Bu istiqamətdə görülən işlər içərisində milli-dini adət ənənələrimiz və burada  zamanı çatmış dəyişikliklərin edilməsi də vacib bir məsələ kimi qarşıda durur. Son vaxtlar yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı təşəbbüslər  daha da artıb. Bu, cəmiyyətiin tələbatı kimi gündəmə gəlib və bu yöndə də bizim müəyyən tövsiyilərimiz verilib. Bu mövzu indi həm kütləvi informasiya vasitələrində, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Qeyd edim ki, təşəbbüslər və tövsiyələr irəli sürüldükdən sonra bu sahədə xeyli dəyişikliklər müşahidə olunmaqdadır. Yəni yerlərdə yas mərasimlərində ifrat israfçılığın aradan qaldırılması yönündə vətəndaşlar özləri addımlar atmaqdadırlar. Burada hər hansı məcburilikdən söhbət gedə bilməz.
Ümumiyyətlə, milli adət-ənənələr qanunlarla tənzimlənmir, onlar tarixən formalaşıb və zərurətdən irəli gələrək müəyyən dəyişikliklərə də məruz qalır. Ona görə də, milli adət-ənənələrimizin, o cümlədən islam dinimizin tələblərində nə varsa, bu tələblərə uyğun olaraq addımlar atılır. Qeyd edim ki, yas mərasimlərində israfçılığın aradan qaldırılması təşəbbüsləri əvvəllər də olub. Bu yöndə Qafqaz Müsəlmanları İdarəsi də fətva verib, KİV-də zaman-zaman ziyalılar, nüfuzlu şəxslər çıxış edərək öz fikirlərini bildiriblər. Hətta mən deyərdim ki, milli adət-ənənələrimizdə ifrat şəkildə özünü büruzə vermiş bu və digər qaydaların aradan qaldırılması yönündə atılan addımlar zamanında xeyli dəyişiklikləri ortaya qoyub. 
Bu gün Azərbaycanda, xüsusilə dini maarifləndirmə istiqamətində aparılan işlər demək olar ki, hər yerdə getməkdədir. Bu yöndə mətbuatda dəyərli yazılara rast gəlirik. Bu məsələdə əsas diqqət vətəndaşların öz istək və arzuları nəzərə alınmaqla addımların atılmasına yönəlib. Əgər bu gün monitorinq aparsaq, əksər bölgələrimizdə yas mərasimlərində israfçılığın aradan qaldırıldığını görə bilərik. 
Bir məsələni də xüsusi qeyd edim ki, bu tövsiyələr əksəriyyət tərəfindən qəbul edilib. Bizim komitəyə gələn məktublar, KİV-də, sosial şəbəkələrdə gedən diskussiyalar bir daha onu göstərir ki, vətəndaşların böyük əksəriyyəti yas mərasimlərində ifrat israfçılığın əleyhinədir. 
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, yas mərasimlərində israfçılığın aradan qaldırılması yalnız islam toplumuna şamil edilmir. Bu, bütövlükdə, cəmiyyətimizdəki digər dini icmalara da aid olan məsələdir. Xristianlar, yəhudilər və digər dinlərin nümayəndələrinin də  bu tövsiyələrə əməl etmələri məqsədəuyğundur. Onlar öz dinlərinin mahiyyətini əsas götürməli, yas mərasimlərində israfçılığa yol verməməlidirlər.

- Mübariz müəllim, bir sıra ölkələrdə zərərli dini cərəyanların fəallaşması da narahatlıq doğurur. Bu baxımdan, ölkəmizdə vəziyyət necədir?

- Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Onların ölkədə sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri «ideyalar» xalqımıza, cəmiyyətimizə xas deyil. Əslində, dini-radikal qrupların meydana gəlməsi İslam dininin özünə, islam dünyasına  ziyan vuran məsələdir. Yəni onların ortaya qoyduqları fəaliyyət bütövlükdə İslam dəyərlərinə ziddir. Bu fəaliyyət  müsəlman dövlətlərində qarşıdurmalara gətirib çıxarır. Dini radikal qrupların təhlili göstərir ki, bu qrupların yaradılmasında məqsəd müəyyən siyasi və geopolitik maraqları həyata keçirmək məqsədi daşıyır. Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada biz müəyyən qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də, xalqımız bu cür qrupların təbliğinə qarşıdır, onun aradan qaldırılmasında cəmiyyətimiz vahid şəkildə iştirak edir və burada bizim ənənəvi islami dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini icmalarımız yaxından iştirak edirlər. 
Bizim ulu babalarımızın islamı qəbul etməsindən bu yana ənənəvi olaraq həyata keçirdiyimiz islami ənənələr davam etməlidir. Kimlərsə, başqa ölkələrdə yaranmış xırda dini cərəyanların, radikal qrupların fikirlərini Azərbaycana gətirib təşviq etmək istəyirsə, əlbəttə, bu yolverilməzdir. Biz bunun qarşısını almağa qadirik və faktiki olaraq qarşısı alınmış vəziyyətdədir. 
Bugünlərdə xalqımız müqəddəs Qurban bayramını qeyd etdi. Qurban bayramı dinimizin ən mühüm bayramlarından biri sayılır. Bu bayram tədbirlərində məscidlərimizdə keçirilən dini ayinlər, mərasimlər bir daha göstərdi ki, cəmiyyətin böyük əksəriyyəti ənənəvi islami dəyərləri qoruyur və onun tərəfindədir. Müəyyən dini radikal qrupların cəhdlərinə baxmayaraq, onların arxasınca gedən yoxdur. Əlbəttə, bəzən ayrı-ayrı faktlar üzə çıxır, radikal qrupların təşviqi ilə Azərbaycandan kənara gedərək hansısa ölkənin ərazisində silahlı birləşmələrə qatılanlar var. Amma bunlar tək-tək faktlardır. Bu hadisələr ümumi cəmiyyətə şamil edilə bilməz. Xalqımızın söykəndiyi islami dəyərlər və ənənələr var ki, bunlardan bizi heç kim uzaqlaşdıra bilməz. 

- Bəzi dairələr dini radikal qrupların yalnız islam ölkələrində mövcud olduğunu iddia edirlər. Digər dinlərin daşıyıcısı olan cəmiyyətlərdə radikalizm yoxdurmu?

- Dini radikal qruplardan danışarkən bunu yalnız islama aid etmək düzgün olmazdı. Dini radikalizm xristianlıqda, yəhudi dinində, buddizmdə də var. Yəni dini radikalizmin hansısa formada üzə çıxması nəticə etibarilə həmin ərazilərdə toqquşmaların baş verməsinə gətirib çıxarır. Dini radikal çağırışlar ya dinlərarası, ya da dindaxili toqquşmalara gətirib çıxara bilər. Ona görə də, dini radikal qrupların xristian, islam, buddist, iduaist olmasından asılı olmayaraq, təzahür etməsi yolverilməzdir və onlarla kəskin mübarizə getməlidir.
Xristian dinində də radikalizmə qarşı xristian kilsəsi açıq şəkildə mübarizə aparır. Bu, digər dinlərə də aiddir. 
Bəzən Qərb mətbuatında dini radikalizmdən və terrordan danışarkən bunu islama bağlamağa cəhd edirlər. Bu da İslam dinini gözdən salmaq üçün aparılan təbliğatlardan biridir. İslam dini müqəddəsdir və onun əsas mahiyyəti də sülhdür, dostluqdur və insanları doğru yola çağırır. İslam terrordan uzaq bir dindir. İslam dini adı altında terrora rəvac verənlər isə nəticə etibarilə bu dinə qarşı olanlardır. Çünki bütün bunlar islamı gözdən salmağa yönələn addımlardır. 

- Yeri gəlmişkən, İraqda və Suriyada baş verən son hadisələr də radikal qrupların fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir...

- Əlbəttə, bu, belədir. Həmin radikal qrupların «fəaliyyətinin» nəticəsidir ki, biz bu gün İraqda, Suriyada qarşıdurma, qan tökülməsi ilə müşayiət olunan qırğınları görməkdəyik. Həmin qrupların, xüsusilə İŞİD-in terror fəaliyyəti əslində, bütövlükdə İslam dünyasına ziyan vurmaqdan başqa bir şey deyil. Təsəvvür edin ki, onların törətdiyi hərəkətlər, qətliamlar KİV-lər vasitəsilə işıqlandırılır və bu cür məlumatları izləyən insanlar harada yaşamasından asılı olmayaraq, bu qrupların əməlində böyük təhlükə görür. Əgər bu fəaliyyəti islamla bağlayırlarsa, dünyada bu mənzərəni seyr edən insan istər-istəməz İslam dininə mənfi yanaşır. Əslində, bu «fəaliyyət» islam törəməsi kimi təqdim edilsə də, belə deyil. Bunu süni surətdə yaradanlar vardır. Zaman-zaman İslam dininin içərisində müəyyən radikal qruplar yaranaraq islamın yayılmasına, dünyadakı mövqelərinə ziyan vurublar.
Əgər biz islamın yayılma coğrafiyasına nəzər salsaq, bu dinin çox sürətlə yayıldığını, geniş əraziləri əhatə etdiyini deyə bilərik. Xüsusilə, 20-ci əsrdə dünyada ideoloji böhran yaşandıqda, Qərb ölkələrində insanların İslam dininə üz tutduğunu görə bilirdik. Və islamı qəbul edənlərin sayı Qərb dünyasında artmaqda idi. İndiki şəraitdə İŞİD kimi terrorçu qrupların meydana gəlməsi, «islam» adı altında terror hərəkətləri bu dini qəbul etmək istəyən insanları çəkindirir. Ona görə də, bu cür hərəkətlər bütövlükdə islama zərbə vurur. 
Azərbaycanda bu qrupların dayağı yoxdur. Milli təhlükəsizlik və digər müvafiq qurumlarımız, həm də cəmiyyətimiz bu zərərli cərəyanların yayılmasına qarşıdır və bu yöndə lazımi səviyyədə işlər görülür. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və belə qruplara bu cəmiyyətizdə yer yoxdur. 
Bununla belə, qarşımızda müəyyən vəzifələr dayanır və bu vəzifələrdən biri də dini maarifləndirmə işini sürətləndirmək, bölgələrdə vətəndaşlarla daha sıx əlaqələr qurmaq, müxtəlif tədbirlərlə islami dəyərlərin əsl mahiyyətini insanlara çatdırmaqdır.     Ölkədə məscidlərdə xütbələr verilir, bütün bunlar cəmiyyətdə din-dövlət münasibətlərinin ən müasir səviyyəyə qaldırılmasına xidmət edir. Hər bir dövrün özünəməxsus çağırışları var və bu baxımdan, 21-ci əsrin ikinci onilliyinə qədəm qoyduğumuz bir şəratdə müasir dünyanın çağırışlarına uyğun da addımlar atılmalıdır. Zamanın tələbini mütləq zamanında cavablandırmaq lazımdır. Zamanın tələbindən geri qalmaq olmaz.