YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam

Müsahibimiz 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Fatma Yıldırım

- Fatma xanım, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Parlament seçkilərində iştirak etmək, seçkilərdə hakim partiyanı təmsil etmək sizin üçün hansı məna kəsb edir?

- Bildiyiniz kimi geridə qoyduğumuz 2019-cu il respublikamızda ictimai həyatın bütün sahələrində əsaslı və uzunmüddətli inkişafa, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə hesablanan uğurlu islahatlarla əlamətdar oldu. Ötən ilin dekabr ayında partiyamızın Siyasi Şurasının növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü də məhz belə bir şəraitdə, ölkədəki uğurlu islahatlara qanunvericilik bazasının da effektiv qoşulması ilə bağlı verilmiş qərar idi. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası bir çox gənc, aktiv və yaradıcı insanların namizədliyini irəli sürüb. Bu ölkədə gedən geniş islahatlar baxımından olduqca önəmlidir və mənə də bu etimadı göstərdikləri üçün partiya rəhbərliyinə çox minnətdaram. Göstərilən bu etimad qürur hissi ilə yanaşı, böyük məsuliyyət hissi də yaradır. İndi mən daha çox çalışmalı, Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmalıyam.

Bir Azərbaycan qadını kimi, ölkəmizdə həyata keçirilən səmərəli dövlət siyasəti nəticəsində qadınların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə geniş təmsil olunmaları üçün yaradılmış əlverişli şəraitin təqdirəlayiq olduğunu hesab edirəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bu gün qadınlarımızın dövlət idarəçiliyində rəhbər vəzifələrdə təmsil olunması mənə daha çox güvən və stimul verir. O cümlədən, YAP-ın 123 namizədi arasında ümumilikdə qadın namizədlərin sayının ötən seçkilərə nisbətən daha çox olması, qərarların qəbulunda qadınların iştirakının təmin edilməsi baxımından olduqca önəmlidir. Çox istərdim ki, ölkəmizin inkişafında və əhalinin maraqlarının qorunmasında mənim də töhfəm olsun.

- Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?

- Həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğruldub, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdədir. Bu addımlar konkret proqrama əsaslanaraq həyata keçirilir. Xalqımız da atılan bu addımları yeniliyə, inkişafa xidmət edən islahatlar kimi yüksək qiymətləndirir. Ölkədə inkişaf getdikcə, təkcə icra strukturlarında deyil, qanunvericilik sahəsində də islahatlara ehtiyac olur.Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, növbədənkənar seçkilərin keçirilməsində əsas məqsəd vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik sahəsində atılan addımlarla ümumi islahat kursunun dəstəklənməsidir.

 İnanıram ki, yeni seçiləcək parlament də islahatçı olacaq və qanunvericilik sahəsində ölkəmizə töhfə verəcək. Bu prosesdə Milli Məclis üzvləri ilə yanaşı müvafiq ekspertlər, vətəndaş cəmiyyətləri də iştirak etməlidirlər. Bunun təminatı 2014-cü ildə qəbul edilən “İctimai iştirakçılıq haqqında” qanunda əks olunub. Hər bir qanuna dəyişiklik bütün maraqlı tərəflərin iştirakı ilə ciddi şəkildə müzakirə edilməli, onun mümkün təsirləri təhlil edilməli və yalnız bundan sonra qəbul edilməlidir. Qanunların düzgün icrası üçün isə hər bir məmur işinə məsuliyyətlə yanaşmalı, daima vətəndaşı düşünməli, korrupsiyadan uzaq olmalıdır.

- 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədsiniz. Deputat seçiləcəyiniz təqdirdə Bərdə üçün hansı məsələlərin həllini qarşınıza hədəf kimi qoymusunuz?

- Bu sual çox aktualdır. Bizim təbliğat və təşviqat kampaniyamız YAP-ın vahid platforması çərçivəsində qurulub və bu platforma ümumilikdə real, aktual problemlərin həlli yolları, ölkəmiz üçün prioritet məsələləri əhatə edir. Bundan əlavə, məşğulluq, gənclərin təhsili və təlimi, qadın sahibkarlığının inkişafı, suvarma, kənd təsərüfatı ilə bağlı məsələlər və sair. Bu problemlərin həlli çox böyük zəhmət tələb edir, amma artıq bir neçə ideyamız formalaşıb. Misal üçün, əhalinin internetə marağının yüksək olmasını nəzərə alaraq, onlara informasiya resurslarından düzgün istifadə etməyi, təhsil imkanlarını, peşə bacarıqlarının təbliği və təşkili istiqamətində müvafiq işlər görmək olar. Eyni zamanda, gənclərimiz üçün xarici dil kursları, regionun tələblərinə uyğun peşə bacarıqlarının təbliğini təşkil etmək, peşə və sənət öyrətmək olar.

 Kənd təsərüfatı sahəsində isə, fermerlər və sahibkarlarla mütəmadi əlaqədə olmaq, onları narahat edən məsələləri vaxtında aidiyyəti qurumlara çatdırmaq, dövlətin diqqətində olan aqro sahəyə aid layihələrə Bərdə fermer və sahibkarlarını cəlb etmək, yeni texnologiyalar barədə təqdimatlar, təlimlər təşkil etmək, hazır məhsulun saxlanılması və emalı üçün kiçik istehsalat sahələri qurmaq kimi təşəbbüslər etməyi planlaşdırırıq.

- Hər bir millət vəkili seçildiyi ərazini parlamentdə təmsil etmək, seçicilərinin mövqeyini səsləndirməklə yanaşı, dövlətimizi beynəlxalq müstəvidə də təmsil etməyi, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasını da əsas vəzifələrdən biri hesab edir. Bu barədə hansı planlarınız var?

- Əlbəttə ki, mən sizinlə tamamilə razıyam. Millət vəkili seçicilərinin haqlı mövqeyini səsləndirməklə yanaşı, dövlətimizi beynəlxalq arenada da təmsil etmək bacarığına sahib olmalıdır. Xatırladım ki, mən bir neçə il Avropada yaşamışam və orada geniş miqyaslı diaspora fəaliyyəti ilə məşğul olmuşam. Fəaliyyətimiz, daima dövlətimizin xarici siyasətini dəstəkləyərək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzərində qurulmuşdur.

Eyni zamanda, əsas məqsədlərimizdən biri, xalqımızın ən yaralı yeri olan Xocalı soyqırımının dünya tərəfindən tanınması və buna siyasi qiymətin verilməsi idi. Belçika və Niderlandda dövlətimizin haqlı mövqeyini bildirərək, bu məsələyə Avropa ictimaiyyətinin diqqətini çəkə bilmişdik. Cənab Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın apardığı düzgün xarici siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edərək dünyada sayılan ölkələr sırasında yer almışdır. Buna əsaslanaraq diaspora fəaliyyətini daima davam etdirməlidir və mən də millət vəkili seçilərəmsə, bu istiqamətdə hər zaman lazımi dəstəyə hazır olacağam.

- Fatma xanım, parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. İnsanlar Yeni Azərbaycan Partiyasının seçki proqramını necə qarşılayırlar?

- Bərdədə qərargah üzvlərimizlə birgə seçicilərlə bir neçə görüşümüz baş tutub. Biz bir çox evlərdə olmuş, seçicilərlə ətraflı söhbətlər etmiş və onların problemlərini araşdırmışıq. Görüşlərimiz davam edəcək və hər bir Bərdə sakini üçün bizim qapımız açıq olacaq.

Bərdə sakinləri ölkəmizdə gedən geniş və çoxşaxəli islahatları bəyənir, ölkə idarəçiliyində olan yenilikləri müsbət qarşılayır və bu proseslərə dəstək olmaq istəyirlər. Yeni Azərbaycan Partiyası Bərdədə çox güclüdür, insanlar siyasi fəallıq nümayiş etdirirlər və bir partiya nümayəndəsi kimi bu məni çox sevindirir.