YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dünya Dini Liderlərinin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu

Müsahibimiz Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, Azərbaycan son illər dinlər və sivilizasiyalararası dialoqun inkişafına yönəlik bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Qeyd edim ki, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Son illər respublikamız Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və iştirakı ilə çoxlu sayda sivilizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi belə mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qədim dinlərarası ənənələrindən irəli gəlir: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır...”

Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində  Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazandıran beynəlxalq tədbirlərlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər.

- Bu tədbirlərin davamı olaraq ötən həftə ölkəmizdə keçirilən 70-dən çox ölkənin görkəmli din xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların, nümayəndə heyətlərinin qatıldığı “Dünya dini liderlərinin II Bakı sammiti”nin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlər ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasında mühüm amillərdən birinə çevrilib. Dünya dini liderlərinin I Bakı Sammiti, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamı olan bu sammit də bir sıra məsələlər baxımından diqqət çəkməkdədir.

Dünya Dini Liderlərinin 2010-cu ilin aprelində keçirilmiş birinci Bakı Sammiti tolerantlıq prinsiplərini prioritet elan etmiş ölkəmizin bu istiqamətdə siyasətinin nümayişi üçün bir platformaya çevrilib. Dünya Dini Liderlərinin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Dünya dini liderlərinin II Sammitində dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdilər.

Regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışları nüfuzlu din və ictimai xadimlərin  iştirakı ilə birgə" Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparıldı.Eyni zamanda, bu tarixi fürsətdən istifadə edilərək, Azərbaycan həqiqətləri dünyaya daha yaxından nümayiş etdirildi.

- Sammit hansı çağırışlarla yadda qaldı?

- Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi ikigünlük Sammitdə müxtəlif mövzular ətrafında önəmli müzakirələrdən sonra yekunda Bakı Bəyannaməsi qəbul olundu. Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsində Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vurğulandı.Dünyanın nüfuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səslədilər.

Bakı sammitində yadda qalan məqamlardan biri də Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq, regional və ictimai təşkilatların, dini liderlərin  terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanmasına, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər-xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırılmasıdır.

Sammitin yekununda həmçinin Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə bir daha yüksək qiymətləndirilirdi.

Təsadüfi deyildir ki, II Bakı Sammiti çərçivəsində keçirilən II Plenar iclasda çıxışı zamanı Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırdı. Vatikanın nümayəndəsi ölkəmizin tolerantlıq modelini “çox faydalı metod” adlandırdı. Moskva və bütün Rusiyanın patriarxı Kirill isə Bakının qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrildiyini vurğuladı.

Dövlət başçısı sammitdəki çıxışında qeyd etdiyi kimi, Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq:“Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.