YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

10 oktyabr 1993-cü il – müstəqil Azərbaycan üçün yeni tarixi mərhələnin başlanğıcıdır

Müsahibimiz Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova

- Bahar xanım, müstəqil Azərbaycanın tarixində oktyabr ayı bir neçə əlamətdar hadisələrlə yaddaşımıza həkk olunub. Onlardan biri də müstəqil Azərbaycanda ilk dəfə prezident seçilən Ümummilli Lider Heydər Əliyevin 26 il əvvəl, oktyabrın 10-da andiçmə mərasiminin keçirilməsidir. Həmin tarixi hadisə barədə fikirlərinizi bilmək istərdik.

- Bu tarixi hadisənin əhəmiyyətinə toxunmazdan öncə, Azərbaycanın xilaskarı olan Heydər Əliyevin 98,84 faiz seçici səsi ilə ilk dəfə ölkə prezidenti seçilməsinə qədər olan dövrə qısa ekskurs etmək lazımdır. Mən SSRİ-nin dağılmasından sonrakı illəri nəzərdə tuturam.O zaman bütün dünyada gedən proseslər Azərbaycanın daxil olduğu Cənubi Qafqaz regionunda da ciddi katakilzmlər doğurmuşdu. Sovet İttifaqının süqutunu müşayiət edən separatçılıq meyilləri, etnik qarşıdurmalar və silahlı münaqişələr müstəqilliyini bərpa edən bəzi ölkələrin suverenliyini, ərazi bütövlüyünü də sual altına almışdı. Eyni təhlükə ilə üzləşən Azərbaycan elan olunmamış müharibəyə cəlb olunmuşdu, təcavüzkar Ermənistan torpaqlarımızın işğalını həyata keçirməkdə davam edirdi.

Həmin dövrdə çevriliş yolu ilə hakimiyyətə gəlmiş, AXC-“Müsavat” cütlüyünün ordu quruculuğunda və dövlət idarəçiliyində, habelə xalqın müdafiə qabiliyyətini müharibə şəraitində olan ölkənin təhlükəsizliyinə yönəltmək sahəsində heç bir iş görməməsi nəticəsində Azərbaycanı nəinki müstəqilliyin itirilməsi, ümumiyyətlə, parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin dövrdə xalqın təkidli tələbinə və çağırışına biganə qalmayan Heydər Əliyevin hakimiyyətə qayıtması dövlətçiliyin xilası yönündə mühüm addım oldu. Belə ki, 1993-cü ilin iyunun 9-da Bakıya qayıdan Ümummilli Lider həmin ayın 15-də parlamentin sədri seçildi. Dörd ay sonra isə, yəni oktyabrın 3-də keçirilən və xalqın seçki məntəqələrinə misli görünməmiş izdihamlı axını ilə müşaiyət olunan prezident seçkilərində Heydər Əliyev çox yüksək nəticə ilə dövlət başçısı seçildi. 10 oktyabr 1993-cü il tarixində isə dövlət başçısı kimi andiçmə mərasimi baş tutdu və rəsmi olaraq öz vəzifəsinin icrasına başladı. Bu təqvim dorğudan da müstəqil Azərbaycan tarixində elə bir əlamətdar gündür ki, biz hər il keçdikcə onun əhəmiyyətini daha da dərindən dərk edirik.                          

- Qeyd etdiyiniz kimi, hələ həmin tarixi hadisəyə qədər Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı baş tutmuşdu.  10 oktyabra qədər olan 4 ay ərzində Ulu Öndərin gördüyü işlərdən bəhs etməyinizi xahiş edirik.

- Təəssüf hissi ilə qeyd edim ki, həmin dövr ictimai-siyasi və sosial-iqtisadi baxımdan çox mürəkkəb və gərgin keçmişdi. Əvvəlki dövlət başçısı öz postunu tərk etmiş, hakimiyyətdə yüksək vəzifədə çalışanların bir çoxu isə öz vəzifələrini icra etməkdən imtina etmişdilər. Üstəlik, əlacsız qaldıqları üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinə razılıq verənlər daha sonra hər vəchlə çalışırdılar ki, parlamentin sədri seçilən və daha sonra prezidentin səlahiyyətlərini icra edən Ümummilli Lider Azərbaycan dövləti üçün görülməsi vacib olan işləri həyata keçirə bilməsin. Onlar bununla da gələcək tarixi qınaqdan və məsuliyyətdən özlərini sığortalamaq istəyirdilər. 

Ulu Öndərin üzərində olan tarixi məsuliyyət isə çox böyük idi. Vəziyyət elə gətirdi ki, o, prezidentin səlahiyyətlərini öz üzərinə götürməklə yanaşı, Ali Baş Komandan vəzifəsini də icra etməli oldu. Mövcud olmayan bir ordunun komandanlığını yerinə yetirməyin nə dərəcədə ağır olduğunu təsəvvür etmək, mənə elə gəlir, o qədər də çətin olmaz. Qarşıda ayrı-ayrı siyasi qruplaşmaların nəzarətində olan silahlı dəstələri bir araya gətirmək, onları vahid komandanlıq altında birləşdirmək, dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etmək kimi məsuliyyətli vəzifələr dayanırdı.

Belə bir şəraitdə bəzi vacib qanunların qəbul edilməsi, xüsusilə nəzərdə tutulan prezident seçkilərinə hazırlığın aparılması, bu seçkilərin müasir standartlara uyğun şəkildə keçirilməsi, legitim prezident hakimiyyətinin formalaşdırılması həmin dövr üçün prioritet məsələ idi.

Xatırladım ki, Ümummilli Lider həmin vaxt yaranmış gərgin və mürəkkəb vəziyyətdən çıxış yollarını arayırdı. Məsləhətləşmə üçün O, ilk olaraq siyasi partiyalara müraciət etdi. Heydər Əliyev çətinliklə də olsa, bütün siyasi qüvvələri dinləməyi özünə borc bilirdi. Bununla həm də 1992-ci ilin noyabrında yaratdığı Yeni Azərbaycan Partiyasının sədri, bir siyasi partiya lideri kimi Heydər Əliyev siyasi mədəniyyətin formalaşması üçün əlindən gələni etdi. Problemlər çox olsa da, Ulu Öndər hüquqi dövlət qurculuğu prosesində vacib olan işlərin öhdəsindən lazımınca gələ bildi.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, prezident seçkilərinə qədər Heydər Əliyev həm ordu quruculuğunda, həm iqtisadi tənəzzülün aradan qaldırılmasında, həm də vətəndaş təhlükəsizliyinin və insan hüquqlarının təmin olunması istiqamətində çox ciddi addımlar atdı.

Bu addımların atılması da xalqda öz gücünə, öz potensialına inamı formalaşdırdı. Ən azı ona görə ki, Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn dövrə qədər xalqın gələcəyə, sabaha ümidi az idi. Bu mənada, düşünürəm ki, o dövrdə Heydər Əliyevin ən böyük xidməti xalqın öz gücünə inamını bərpa etməsi oldu. Öz gücünə və potensialına inanan xalq təbii ki, seçdiyi liderin arxasınca getməyə, qaldırdığı bayrağın altında birgə addımlamağa, dövlət və dövlətçilik üçün bütün çətinlikləri aşmağa hazır idi. 3 oktyabrda keçirilən seçkilər isə bir sınaq idi. Bu sınaqdan xalq özünəinam hissi ilə, Heydər Əliyev isə qalib lider kimi çıxdı. Bu sınağın nəticələri isə 10 oktyabrda keçirilən möhtəşəm andiçmə mərasimi ilə təsdiqləndi. Həmin tarix Azərbaycanda sabitliyin, tərəqqinin, əmin-amanlığın, dinamik inkişafın başlanğıcı oldu. Prezident kimi rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayan Ulu Öndərin qısa müddət ərzində gördüyü işlər isə xalqın öz seçimində yanılmadığını sübut etdi.

- Bahar xanım, həmin tarixi hadisədən sonra xalqda gələcəyə inam yaradan bu işlər barədə bir qədər geniş danışmağınızı istərdik.

- Əvvəla, bir məqamı xatırladım ki, istənilən siyasi liderin uğur qazanmasının şərtləri var. Təbii ki, onun mənsub olduğu xalqın, millətin keçdiyi yol, həmin siyasi liderin yetişdiyi dövr, siyasi liderə tələbatı şərtləndirən əsas məsələlər burada mühüm rol oynayır. Bu baxımdan, təsadüfi deyildi ki, xalqın mütləq əksəriyyəti həmin dövr üçün Ümumilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını layiqincə yerinə yetirəcəyinə inanırdılar. Bu inam da Ulu Öndərin keçdiyi ömür yolu, onun fəaliyyəti ilə əlaqədar idi. Çünki O, bütün həyatını canından da çox sevdiyi xalqına xidmətə həsr etmişdi. Azərbaycana ilk dəfə rəhbərliyi dövründə, üstəlik, Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman Heydər Əliyevin bütün ölkə miqyasında mühüm və yüksək vəzifələrdə təcrübəsi, SSRİ-ni və Azərbaycanı əhatə edən daxili və xarici mühit haqqında məlumatlı olması Onun liderlik məharətini şərtləndirirdi. Digər tərəfdən, təmsil etdiyi xalqı yaxşı tanıyan Heydər Əliyev onun mentalitetinə, milli-mənəvi dəyərlərinə, keçdiyi tarixi yola, yaratdığı bütün irsə bələd idi. Bütün bunların doğurduğu müsbət keyfiyyətlər də Ümumilli Liderin şəxsiyyətində cəmləşmişdi.    

Bu baxımdan, həmin dövrdə Onun şəxsiyyətinə olan inam birinci və həlledici məqam idi. Xalqın üzünü Heydər Əliyevə tutmasının, Onu xilaskar rolunda görməsinin əsas səbəbi birmənalı olaraq Onun şəxsiyyəti ilə bağlı idi. O, bütün gərgin vəziyyətlərdən çıxış yolunu doğru müəyyənləşdirən, heç bir zaman qətiyyətli mövqeyindən geri çəkilməyən, həyəcana və emosiyaya qapılmayaraq, hər kəsi dinləyərək soyuqqanlı bir şəkildə lazımi qərarı qəbul etmək iqtidarında olan böyük düha idi. Məhz bu səbəbdən xalqımız Azərbaycanı xilas edəcək yeganə şəxsiyyətin məhz Heydər Əliyev olacağına inanırdı və bu seçim də özünü doğrultdu.

Bir daha qeyd edim ki, Ulu Öndər müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanın çox çətin dövründə dövlət başçısı seçildi. Beynəlxalq hüququn bütün prinsiplərini pozan təcavüzkar Ermənistan ərazilərimizin işğalını davam etdirirdi. Təbii ki, bu vəziyyətdə bir prezident və Ali Baş Komandan kimi Heydər Əliyev işğal prosesini dayandırmaq, döyüş meydanında Azərbaycanın üstünlüyünü təmin etmək, atəşkəsə nail olmaq, həmçinin daxildə sabitliyi təmin etmək üçün çox ciddi və tarixi addımlar atdı. Prezident seçildikdən dərhal sonra Vətənin müdafiəsi üçün Azərbaycan xalqına müraciət edən Ümummilli Lider vətəndaşların, o cümlədən gənclərin kütləvi şəkildə ordu sıralarına qoşularaq, torpaq uğrunda döyüşlərə atılmasına nail oldu.

Beləliklə, düşmənin döyüş meydanında məğlubiyyəti ilə müşayiət olunan hərbi əməliyyatların, o cümlədən Azərbaycanın hərb tarixində, ümumiyyətlə, Qarabağ müharibəsi dövründə həlledici hesab edilən Horadiz əməliyyatından sonra işğalçı tərəfin atəşkəs sazişini imzalamağa məcbur qalması Ümummilli Lider Heydər Əliyevin qısamüddətli fəaliyyətinin konkret nəticəsi idi. Atəşkəs əldə edildikdən sonra sosial-iqtisadi inkişaf, dövlət quruculuğu yönündə atılan addımlar Azərbaycanın sonrakı inkişafına təkan oldu, uzaqgörən və müdrik siyasətin uğurunu şərtləndirdi.

- 10 oktyabr 1993-cü il tarixindən sonra Ulu Öndərin ölkəmizin gələcək inkişafı üçün daxili və xarici siyasət sahəsində atdığı addımlar haqqında nə deyə bilərdiniz? 

- Təbii ki, dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayandan sonra Ümummilli Lider daxili siyasətlə yanaşı, xarici siyasətdə bir çox uğurlara imza atdı. Azərbaycanın mövqeyini gücləndirmək üçün həmin dövrdə ölkəmizə səfərə gələn bütün qonaqlara, habelə özünün xarici səfərlərində görüşdüyü yüksək vəzifəli şəxslərə hər fürsətdə Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müfəssəl məlumat verirdi. Eyni zamanda Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün, dövlətimizin BMT-nin bütün qurumları ilə fəaliyyəti genişləndirildi, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaradıldı.

Bunun nəticəsində ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü informasiya blokadası yarıldı və Azərbaycan malik olduğu enerji resurslarının istismarı üçün dünyaya açıq olduğunu da nümayiş etdirdi.

Beləliklə, Heydər Əliyev şəxsiyyəti təkcə Azərbaycan üçün deyil, bu bölgədə marağı olan beynəlxalq güclər üçün də əsas fiqur rolunu oynayırdı. Onlar öz maraqlarını təmin etmək istəyir, Ulu Öndər isə böyük siyasi ustalıqla və müdrik gedişlərə qarşılıqlı maraqların təmin olunması, ən əsası da Azərbaycanın mövqeyinin gücləndirilməsi, dövlətimizin maraqlarının önə çıxarılması yönündə çalışırdı. Son nəticədə Heydər Əliyev böyük işlər görməyi bacardı. Belə ki, dünyanın nəhəng aparıcı xarici şirkətləri müharibə gedən, ərazisinin bir qismi işğal altında olan bir ölkəyə milyardlarla sərmayə qoymağa razı oldular.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı prosesdə əsas ixrac neft kəməri təkcə Azərbaycan neftinin xarici bazarlara çıxaran boru deyil, həmçinin ölkəmiz və bölgəmiz üçün bir “təhlükəsizlik kəməri” rolunu oynadı. Ulu Öndər məhz belə nəhəng və tarixi önəm daşıyan layihələrin müəllifidir. Əgər o, böyük ustalıqla, peşəkarcasına həmin prosesi o dövrün çətinlikləri içərisindən keçirib sona çatdırmasaydı, təbii ki, Azərbaycan bugünkü uğurlarına nail ola bilməzdi. “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi ilə bağlı tədbirdə çıxışında dövlət başçısı İlham Əliyev də həmin tarixi hadisənin önəmini xüsusi vurğulayıb. Onu qeyd edim ki, illər ötdükcə tarix bu xidimətləri daha yüksək qiymətləndirəcək.

- Bahar xanım, sonda dövlət başçısı seçildikdən sonra Ümumilli Liderin müstəqil Azərbaycanın dövlətçiliyin inkişafında və siyasi sistemində hansı yeniliklərin müəllifi olduğu barədə danışardınız.

- Məlum olduğu kimi, Heydər Əliyev hakimiyyətə gələnə qədər müstəqil Azərbaycanda bir neçə dəfə hakimiyyət dəyişikliyi olmuşdu. Hakimiyyətə yeni gələnlər özündən əvvəlkilərin gördükləri işi gözdən salmağa çalışır, gedənlərə qarşı mübarizə aparmaqla məşğul olurdular. Amma Ulu Öndər yüksək siyasi mədəniyyət nümunəsini ortaya qoymaqla Azərbaycanda siyasi proseslərin bir an belə dayanmasına imkan vermədi. Belə ki, Heydər Əliyev 1993-cü ildə dövlət başçısı seçiləndən sonra Azərbaycanı uçurumun kənarına gətirmiş dairələrin cəmləşdiyi siyasi partiyaların üzvlərinə, onun rəhbərlərinə heç bir maneə törədilmir, üstəlik, onlara sərbəst şəkildə fəaliyyət göstərmək imkanı yaradılırdı. Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olsalar da, Ümumilli Lider öz opponentlərinə qayğı ilə yanaşırdı.

Digər tərəfdən, Heydər Əliyev xalqa öz gücünə istinad etməyin ən çətin məqamlardan yeganə çıxış yolu olduğunu təlqin edə bildi. Separatçıların fəaliyyətinə, silahlı mübarizə yolu ilə hakimiyyəti qəsb etmək ənənəsinə birdəfəlik son qoydu. Azərbaycandakı siyasi qüvvələrə hakimiyyətə gəlməyin yeganə qanuni yolunun ədalətli seçkilər olduğunu göstərə bildi.

İki il sonra, 1995-ci ilin noyabrında ilk parlament seçkiləri, ilk Konstitusiyamızın qəbulu üçün ümumxalq səsverməsi keçirildi. Bu proseslər ictimai-siyasi sabitliyin təmin olunmasında əssas amil rolunu oynadı. Buna nail olmağın əsasında isə Ümumilli Liderin siyasətinin geniş xalq kütlələri tərəfindən dəstəklənməsi dayanırdı. Məhz bu səbəbdən Ulu Öndərin irsini beynəlxalq əhəmiyyətli siyasi-politoloji irs kimi dəyərləndirmək lazımdır. Çünki Heydər Əliyev Azərbaycan dövlətini qurmaq, xalqımızı təhlükələrdən xilas etmək kimi böyük bir missiyanı yerinə yetirməklə yanaşı, belə bir çətin şəraitdə demokratik, müasir, öz potensialına, öz vətəndaşlarının gücünə söykənən bir dövlət qurmağın mümkünlüyünün nümunəsini yaratdı. Məhz buna görə o, xalqın qəlbində və onun ideyalarının təcəssümü olan əməllərində yaşayır.

Heydər Əliyev dünya çapında özünəməxsus yeri və nüfuzu olan siyasi xadim kimi canından artıq sevdiyi Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu.

Bu gün Heydər Əliyevin fəaliyyətini davam etdirən siyasi varisi, onun müəllifi olduğu dövlətçilik modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə olduğu kimi, xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır. Lider və xalqımızı birləşdirən isə Ulu Öndərin müəyyənləşdirdiyi yol, onun əsasında dayanan Azərbaycançılıq ideologiyasıdır. Ona görə də biz 26 il bundan əvvəl baş vermiş tarixi hadisəni yada salarkən Azərbaycanın müstəqillik dövrünün yeni mərhələsinin başlanmasının əsasını qoyduğuna görə Ümumilli Lider Heydər Əliyevə və xalqımızın müdrikliyinə minnətdar olmalıyıq. Çünki xalqımız onu dövlət başçısı, Lider olaraq seçdi, ona dəstək oldu və bu gün də onun müəyyənləşdirdiyi yolla inamla irəliləyir.