YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizin inkişaf strategiyasının mahiyyətində davamlı iqtisadi artım və yüksək sosial rifah dayanır

Müsahibimiz YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov

- Hüseynbala müəllim, bu gün ölkəmiz bütün sahələr üzrə uğurla inkişaf etməkdədir. Əldə olunan nəticələri necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz  dinamik inkişafını uğurla davam etdirir. Dövlətimizin iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün məsələlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, ölkə başçısının Fərman və sərəncamlarının icrası Azərbaycanda gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Cənab Prezident İlham Əliyevin  hərtərəfli inkişaf strategiyasının mahiyyətində mövcud imkan və resurslara söykənərək  Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmaq dayanır. Bununla yanaşı dövlət başçısının müəyyənləşdirdiyi bu kompleks inkişaf xətti  səmərəli dövlət idarəetməsini, qanunun aliliyini,  insanların hüquq və azadlıqlarının tam təminatını  və vətəndaşların respublikamızın  ictimai həyatında fəal statusunu da özündə ehtiva edir.  Cənab Prezidentin 16 illik fəaliyyəti nəticəsində Azərbaycan hazırda iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətədavamlı  ölkəyə çevrilib. Bu gün Azərbaycanın ən ucqar bölgələrində də vətəndaşlarımızın rahat gündəlik həyatı üçün zəruri olan rabitə, internet, bank və kommunal xidmətlər, yollar və digər  kommunikasiyalar, səviyyəli səhiyyə və təhsil xidmətləri təmin edilib.

Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyev imzaladığı Fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Bütün bunlar ölkəmizin inkişafı prosesində yüksək nəticələr verməkdədir.

- Cari ildə əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı verdiyi qərarlar inqilabi xarakter daşıyır. Bu qərarlar 2018-ci ildən etibarən xüsusilə intensivləşib. Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir. Bilirsiniz ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezidentimiz cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. 
Bütövlükdə, ötən bir il ərzində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib.
Belə ki, şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər inşa edilərək istifadəyə verilib.
Bütün bunlarla yanaşı bu il ərzində minimum pensiyanın, minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması da vacib məqamlardan biridir. Fevralın 25-də dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı nəticəsində aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli dərəcədə artırılıb. İyunun 18-də imzalanmış sərəncamlar da məhz bu məqsədə xidmət edir. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. 
“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, - deyə bəyan edən cənab Prezidentin bu fikirləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.

Dövlət başçısının atdığı addımlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, verilən hər bir qərar Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.

- Bu gün Azərbaycan dünyada neft-qaz ölkəsi kimi də tanınır. Ümumiyyətlə,  ölkəmizin həyata keçirdiyi enerji siyasətinin əhəmiyyəti nədən ibarətdir?

- Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.

Bütövlükdə, Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında birbaşa rol oynayır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.

- Ölkəmizin uğurlu inkişafı fonunda bəzi dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bu prosesdə xaricdəki mühacirlər daha çox “fəallıq” göstərir. Bu barədə fikirlərini bilmək istərdik...

- Azərbaycanın çoxşaxəli inkişafı qaçıb xaricdə mühacir adının kölgəsində gizlənib dövlətimizə qarşı çirkin kampaniyalar aparan qaragüruhu dərindən narahat edir. Həmin bu qaragüruh mühacirlər merkantil maraqları ucbatından anti-Azərbaycan dairəyə daxil olan müxtəlif xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin və digər bədniyyət  çevrələrin əlində alətə çevrilirlər. Zaman-zaman Azərbaycana qarşı təsir rıçaqları kimi istifadə edilən mühacirlərin sırf qrant üçün öz dövlətinə və dövlətçilik ənənələrinə ziyan vurmaq cəhdləri uğursuzluqla nəticələnib və bundan sonra da onların çirkin niyyətləri reallaşmayacaq. Ona görə ki, Azərbaycan yuxarıda sadaladığımız kimi bu gün öz ayaqları üzərində müstəqil siyasət yürüdən qüdrətli dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, xalqımız seçdiyi və sevdiyi Prezidentinin ətrafında yumruq kimi birləşib. Cənab Prezidentin həyata keçirdiyi siyasi xətt cəmiyyət  tərəfindən birmənalı şəkildə dəstəklənir.

Xalqımız həmişə zamanın sınaqlarından üzüağ çıxıb və bundan sonra da anti-Azərbaycan mövqe sərgiləyən bir ovuc qara qüvvənin dövlətimizə qarşı apardığı mənfur planları puça çıxaracaq. Xaricdən idarə olunan bu cür qüvvələrin müdaxilələri heç vaxt hədəfinə çatmayacaq.

Ətrafına yüzminlərlə vətəndaşımızı toplayan  Yeni Azərbaycan Partiyası  həmişə belə həssas məqamlarda lokomotiv qüvvə olduğunu nümayiş etdirərək cəmiyyəti  dövlətimizə qarşı qarayaxma kampaniyası aparanlara qarşı mübarizədə həmrəyliyə çağırır. Çünki YAP-ın   Azərbaycanın milli dövlətçilik tarixində, cəmiyyət həyatında kəsb etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından çox-çox üstündür. Partiyamızın fəaliyyətinin ilk günlərindən dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəsin bu partiyada öz yerini görməsi, onun sıralarında, təəssübkeşliyində, Heydər Əliyev ideyaları ətrafında sıx birləşməsi də bir daha sübut edir ki, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdləri heç vaxt münbit şərait tapmayacaq və hər zamankı kimi fiaskoya uğrayacaq. Güclü  dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək.