MÜSAHİBƏLƏR
Azərbaycanın sosial-iqtisadi inkişafı dinamik xarakter daşıyır
- Sevinc xanım, məlum olduğu kimi, bugünlərdə Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilib. Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısı haqında fikirlərinizi bilmək istərdik…
- Qaçqın və məcburi köçkünlərə qayğı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Aprelin 5-də Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi də bu qayğının ifadəsidir. Qeyd edim ki, Prezident İlham Əliyev müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu sırada da qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri ön sırada dayanırlar. Çünki qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ötən illər ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb.
Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir.
Bilirsiniz ki, bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Bu faktlar bir daha dövlətimizin bu məsələlərə xüsusi diqqətini göstərir. Xatırladım ki, ötən il dekabrin 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün, dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 qaçqın və məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilməsi də bu sahədə görülən işlərin uğurlu davamıdır. Bütün bunlarla yanaşı Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb.
Qaçqın və məcburi köçkünlər inanırlar ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və bu tipli quruculuq işləri həmin torpaqlarda aparılacaq.
-Son vaxtlar ölkəmizdə sosial sahədə də mühüm addımlar atılmaqdadır. Bu fakt Azərbaycanı sosial dövlət kimi necə səciyyələndirir?
-Bilirsiniz ki, Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində layihələrin reallaşdırılmasına da imkan verib. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır.
Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də qeyd olunduğu kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir.
Vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Bütövlükdə, 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının əyani nümunəsidir.
-Sevinc xanım, siz parlamentin Gənclər və idman komitəsinin üzvünüz. Bu yaxınlarda “Gənclər siyasəti” haqqında qanuna edilən dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gəncliyin inkişafı üçün sistemli olaraq tədbirlər görülür, o cümlədən qanunvericilik aktları təkmilləşdirilir.
Bilirsiniz ki, bu yaxınlarda Milli Məclisdə “Gənclər siyasəti haqqında” qanuna önəmli dəyişikliklər edilib. Qəbul olunmuş yeni sənəddə mühüm məsələlər əksini tapır. Sənəddə gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrə bir sıra vacib əlavələr edilib. Eyni zamanda, aztəminatlı gənc ailələrin sosial müdafiəsi, onların mənzil təminatın yaxşılaşdırılması və bu məqsədlə güzəştlərin tətbiq olunması, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələləri qanunda əks olunub. Digər vacib bir məqam isə gənc ailələrin mənzil təminatı ilə bağlı müddəadır.
Gənclərimiz bu gün milli mənəvi dəyərlərimizin qorunması və təbliğində vacib rol oynayırlar. Bu məsələ də sənəddə əks olunub. Belə ki, 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məsədilə onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına yol verilməyəcək.
Bütün bunlarla yanaşı qanunda edilən mühüm yeniliklərdən biri risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlərin həyata keçirilməsi, risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsidir. Eləcə də, sahibkar gənclərə də dövlət dəstəyinin gücləndirilməsi də sənəddə öz əksini tapır. Bütövlükdə yeni qəbul olunmuş sənəd dövlət gənclər siyasətinin hüquqi bazasını daha da təkmilləşdirir. “Gənclər siyasəti haqqında” qanuna edilən dəyişikliklər Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yeni töhfələr verəcək.