YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

31 mart soyqırımı insanlığa qarşı cinayətdir

Müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı

-Musa müəllim, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 101 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?

-Qeyd edim ki, Birinci dünya müharibəsinin gedişində oktyabr ayında Rusiyada bolşeviklər Müvəqqəti hökuməti devirib hakimiyyətə gəldikdən sonra rus Qafqaz cəbhəsinin dağılması nəticəsində Anadoluda törətdikləri soyqırımıları üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri geri çəkilən ordu ilə birlikdə Cənubi Qafqaza qayıtdı. Bu zaman regionda anarxiya hökm sürürdü, Müvəqqəti hökumətin orqanları, sovetlər və milli komitələr fəaliyyət göstərirdilər. Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Mülki türk, müsəlman əhaliyə qarşı Şərqi Anadoluda törətdikləri qırğınları erməni silahlı dəstələri 1917-ci ilin payızından etibarən tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası-indiki Ermənistan Respublikası, Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikası və Tiflis quberniyası ərazilərində törətdilər.

 Erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin  martında oldu.

Martda törədilən soyqırımının həm tarixi kökləri, həm daxili şəraitdən, həm də böyük dövlətlərin regionda yürütdükləri siyasətdən törəyən səbəbləri var idi. Soyqırımının kökləri hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirmək üçün özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi. İsti dənizlərə çıxmaq üçün Osmanlı dövləti və İrana qarşı mübarizədə yanında qul psixologiyasına sahib, Şərqi yaxşı bilən, şəraitə tez uyğunlaşmağı bacaran və özünə digər amillər baxımından yaxın hesab etdiyi erməniləri görməsi, onları azərbaycanlı torpaqlarına köçürüb yerləşdirməsi, əlverişli şərait yaradaraq qısa müddətdə varlandırması ilə bütün Cənubi Qafqaz regionunda milli münaqişlərin və sonralar isə baş verən qanlı hadisələrin təməli qoyuldu.

İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşdirməklə çarizm həm demoqrafik vəziyyəti dəyişdirdi, həm də onları Şərq siyasətində bir alətə çevirdi. Həmin siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda S. Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V. İ. Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.

Soyqırımının səbəblərindən biri  Azərbaycanın yerləşdiyi əlverişli coğrafi-siyasi mövqeyə yiyələnmək uğrunda dövrün böyük dövlətləri arasında gedən amansız mübarizə ilə bağlı idi. Bakıda bütün Cənubi Qafqazda hakimiyyətin hansı qüvvənin əlində olmasının taleyi həll edilirdi. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminin süqutuna kömək edərdi.

Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola  nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Azərbaycan böyük ticarət yollarının üstündə yerləşirdi.

- 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Qırğınların törədilməsinin digər bir səbəbi  Osmanlının əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya  buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək və Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bakı Sovetinin istifadə etdiyi erməni-daşnak qüvvələri isə tarixdə olmayan “Böyük Ermənistan” qurmaq yolunda onlara mane ola biləcək azərbaycanlıları məhv etməyə çalışırdılar. Bu şəraitdə qırğınlar üçün kiçik bir bəhanə lazım idi. O da tapıldı.

Belə bir bəhanə general M.Talışinski başda olmaqla müsəlman (Azərbaycan) diviziyasının "Evelina" gəmisi ilə Lənkəranda həlak olan silah yoldaşları böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədi Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah etməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını azərbaycanlılara qarşı soyqırımına təhrik etdi.

Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, ziyalıları, o cümlədən erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, “bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik”.

Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Mülki azərbaycanlı əhali diri-diri su quyularına, yanar təndirlərə, neft quyularına atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi.

Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. "Açıq söz", "Kaspi" qəzetlərinin redaksiyaları,  fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.

Qüvvələr bərabər deyildi. Buna görə də, martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Döyüş yalnız aprelin 2-də dayandırıldı. Bakıda törədilən soyqırımının ağır nəticələri oldu.

Bakıda baş verən hadisələrlə bağlı olaraq ingilis arxiv sənədində yazılır: “Ermənilərin qoşun qüvvələri bolşeviklərə ümid edirdilər. Belə hesab edirdilər ki, onların yaxşı silahlanmış dəstələri müsəl­man­lara qarşı çıxıb onları məhv edə biləcəklər. Ağır döyüşlər oldu. Müsəlmanların dörddə bir hissəsi öldürüldü...”. Qeyd etmək lazımdır ki, o zaman Bakı şəhərində təqribən 280-300 min nəfər əhali yaşayırdı ki, onun da 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri 20-25 min nəfər edir.

-31 mart  soyqırımının araşdırılması işləri hansı səviyyədə idi? Bu istiqamətdə nə kimi nəticələr əldə olundu?

- Martda Bakıda törədilən soyqırımında çoxlu itkilər versə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi.  Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idi.

Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.

31 mart tarixi iki dəfə  - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bundan sonra həmin tarixin daha dərindən araşdırılması istiqamətində geniş işlər görüldü.

Eyni zamanda, bu hadisənin ötən il 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu istiqamətdə həm tarix tədqiqatlarında yeni səhifə açdığından, həm də milli tarixə marağı artırdığından və həm də vətənpərvərlik hisslərini gücləndirdiyindən böyük tarixi əhəmiyyət daşıyır.

-Musa müəllim, bu hadisələrdən hansı nəticələr çıxarmaq mümkündür? Faciənin ibrət dərsləri nədən ibarətdir?

- 1918-ci ilin mart ayında törədilən soyqırımından alınacaq bir sıra ibarət dərsləri vardır. Hər şeydən əvvəl, bu hadisə insanlığa qarşı cinayətdir və bir daha təkrarlanmamalıdır. İkincisi, Azərbaycan xalqı yaxşı təşkil olunmadığı və ordusu olmadığı üçün soyqırımının qarşısını ala bilmədi. Deməli, Azərbaycan xalqı daim mütəşəkkkil olmalı, ordusunun və dövlətinin yanında olmalıdır. Üçüncüsü, Azərbaycan xalqı anarxiya, xaos və qarşıqılıq xalqı olmadığından belə şəraitlərdən tez baş aça bilmir və həm insan, həm də ərazi itkilərinə məruz qalır. Deməli, həm indi, həm də gələcəkdə ölkədə xaos, anarxiya və qarışıqlığa yol vermək olmaz. Dördüncüsü, o zaman Azərbaycan dövləti olsaydı və güclü olsaydı bu soyqırımının qarşısını almaq mümkün olardı. Deməli, Azərbaycan xaqlı daim güclü Azərbaycan dövlətinin mövcudiyyətinə maraqlı olmalıdır. Çünki yalnız güclü dövlət milləti fiziki baxımdan qoruyur və bütün sahələrdə inkişaf etdirir, əks halda millət daim geriyə gedir.