YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP Gənclər Birliyi DEMYC təşkilatına üzv olmaqla Avropa miqyasında böyük uğura imza atdı

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov

- Ramin müəllim, bugünlərdə Serbiyada, eləcə də Bosniya və Herseqovinada səfərdə olmusunuz. Səfər YAP Gənclər Birliyi üçün hansı uğurlarla əlamətdardır?

- Əvvəlcə qeyd edim ki, biz YAP Gənclər Birliyi olaraq hələ ötən il bəyan etmişdik ki, 2014-cü ildə partiyanın ölkə daxilində həyata keçirdiyi layihələrdə yaxından iştirak etməklə yanaşı, beynəlxalq əlaqələr baxımından da yeni uğurlar qazanmaq üçün ciddi fəaliyyət göstərəcəyik. Demək olar ki, bu prosesdə yeni mərhələyə keçmişik. Hələ ötən il bir neçə beynəlxalq təşkilatla danışıqların apardığımızı xatırladaraq həmin təşkilatlara üzvlük məsələsini gündəmə gətirəcəyimizi demişdik. İndi çox şadıq ki, uzun yolun məntiqi nəticəsinə gəlib çıxmışıq. Nəticə isə odur ki, bir neçə gün öncə Serbiyada və Bosniya və Herseqovinada beynəlxalq bir platformada Avropa Demokratik Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda YAP Gənclər Birliyinin nümayəndə heyəti iştirak edib. Konfransın əsas mövzusu xalqların öz müqəddəratının həlli və dövlətlərin ərazi bütövlüyünün təmin olunması prisniplərinə həsr edilmişdi. Bilirsiniz ki, Azərbaycanın ərazi bütövlüyü pozulub və bu, ölkəmizin başlıca problemidir. YAP nümayəndələri konfrans üçün dövlətimizin və partiyamızın bu məsələdə mövqeyini ifadə edən çarx hazırlamışdılar. Çarxda, həmin təqdimatda Azərbaycanın müstəqillik qazandıqdan sonra keçdiyi inkişaf prosesi ilə bağlı geniş informatik bloklardan ibarət məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırıldı. 
Təbii ki, təqdimat prosesində Dağlıq Qarabağ problemi ilə bağlı verilən suallara cavabımız belə oldu ki, Azərbaycanla Ermənistan eyni coğrafi bölgədə yerləşirlər. Məlumdur ki, bir sıra Avropa ölkələrinin tərkibində kiçik xalqların öz müqəddartını həll etmək istəyinə həmin dövlətlər sərt reaksiya veriblər. Bu, həm də beynəlxalq hüququn tələbidir. Biz də konfransda  belə bir mövqedən çıxış etdik ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Çünki artıq Ermənistan dövləti mövcuddur və bununla da erməni xalqı öz müqəddaratını müəyyən edib. Bu gün Ermənistanın ərazi iddiaları ilə çıxış etməsi səbəbindən iki dövlət arasında münaqişə yaranıb. Dağlıq Qarabağda isə təkcə ermənilər deyil, azərbaycanlılar da yaşayıblar. Sadəcə, onlar hərbi təcavüz nəticəsində öz torpaqlarını tərk etməyə məcbur olublar. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan qanunları əsasında normal yaşamalarına dövlətimiz tam təminat verir. Sadəcə, bizim tələbimiz ondan ibarətdir ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, dövlətimizin ərazi bütövlüyü təmin olunmalıdır.

- Bəs YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzvlük məsələsinə münasibət necə oldu?   

- Yuxarıda qeyd etdiyim təqdimat bitdikdən sonra gündəlikdəki digər məsələlərə baxıldı. Bu məsələlərdən biri də YAP Gənclər Birliyinin DEMYC təşkilata üzvlük məsələsi idi. Təşkilatın daimi üzvləri tərəfindən bu məsələyə münasibət bildirilməli idi. Çox ruh yüksəliyi ilə, fəxarətlə deyə bilərəm ki, DEMYC üzvü olan bütün ölkələrin nümayəndələri yekdilliklə YAP Gənclər Birliyinin bu təşkilata tam hüquqlü üzv seçilməsinə səs verdilər. Beləliklə, YAP Gənclər Birliyi Avropa miqyasında ilk dəfə idi ki, beynəlxalq gənclər təşkilatına üzv oldu. Hesab edirəm ki, bu, Azərbaycan gəncliyi üçün böyük uğurdur. Təbii ki, biz təkcə bu uğurla kifayətlənməyəcəyik. Azərbaycan gəncliyi, xüsusilə partiyamızda təmsil olunan gənclik bu yöndə işi davam etdirəcək.

- YAP Gənclər Birliyi beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından daha hansı addımların atılmasını nəzərdə tutur? Bu istiqamətdə qarşıda hansı vəzifələr dayanır?

- Qarşımızda duran vəzifələrdən biri Avropa Xalqları Partiyasının gənclər təşkilatları ilə apardığımız sıx və səmərəli əməkdaşlığın nəticəsi kimi bu təşkilatlara da üzvlük məsələsinin həll olunmasıdır. Ümid edirik ki, bu məsələdə də müsbət nəticə əldə edəcəyik. Digər məsələ odur ki, YAP Gənclər Birliyi təkcə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaqda maraqlı deyil, həmçinin, ikitərəfli münasibətlərə də böyük üstünlük verir. Bu baxımdan, ikitərəfli əlaqələrimizi genişləndirmək əsas hədəflərimizdən biridir. Çünki bu gün dünyada fəal siyasətlə məşğul olan gənclər sabah öz ölkələrində, eləcə də beynəlxalq müstəvidə tanınan, söz sahibi olan liderlər ola bilərlər. Ona görə də, onlarla dostluq və əməkdaşlıq münasibətlərinin qurulması gələcəkdə bir sıra məsələlərin daha operativ həllinə zəmin yaradacaq. İndiki gənclik öz ölkələrinin gələcək liderləri olduğu üçün onların arasında münasibətlərin qurulması zəruridir. 
Son illər ölkəmizə xeyli sayda ölkədən gənclər səfər ediblər, onlarla dostluq münasibətləri qurulub. Eləcə də, həmin qonaqların  ölkəmizdə səsləndirdiyi fikirlər ona dəlalət edir ki, Azəbaycan gəncliyi doğru yoldadır. Qarşıda duran məsələlərdən biri  də, qısa müddət ərzində Azərbaycana müxtəlif ölkələri təmsil edən gənclərdən ibarət nümayəndə heyətlərinin dəvət olunması, onlara hansısa təqdimatlar vasitəsilə deyil, əyani şəkildə ölkəmizin inkişafını göstərməkdir. Əcnəbi gənclər səfərləri çərçivəsində ölkəmizin demokratik inkişafını müşahidə edəcəklər. 
Həmçinin, yaxın zamanlarda, ölkəmizə Yunanıstanın hakim partiyasının gənclərinin «ONNET» təşkilatının nümayəndə heyəti səfər edəcək. Bundan başqa, üzv olduğumuz DEMYC təşkilatının da nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur. Digər tərəfdən, bizim Albaniya, Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Rusiya və Avropanın başqa ölkələrinin  gəncləri ilə danışıqlarımız davam  edir. İstəyirik ki, həmin ölkələrin də gənc siyasətçiləri ölkəmizə səfər etsinlər və onlar üçün Azərbaycanın mənzərəsi yaransın. Çünki gələcəkdə hansısa beynəlxalq platformalarda iştirak edəndə təkcə dostluq əlaqələri deyil, ölkələrəmiz haqda məlumatlara malik olmalıyıq.

- Ramin müəllim, YAP Gənclər Birliyinin təşəbbüsü ilə bir neçə ildir ki, «Yay məktəbi» layihəsi həyata keçirilir. Artıq builki layihə başa çatdı. Sizcə, «Yay məktəbi»nin gənclər üçün əhəmiyyəti nədən ibarətdir?

- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi 2013-ü ildə layihələr haqda fərqli iş aparacağımızı bəyan etmişdik. Beynəlxalq əlaqələrlə bağlı fikirlərimizi bölüşdük. Ölkədaxili tədbirlərə gəlincə, YAP Gənclər Birliyi tərəfindən 2007-ci ildən etibarən həyata keçirilən «Yay məktəbi» layihəsi böyük əhəmiyyət daşıyır. Bu il isə layihədə iştirakçıların sayı baxımından rekorda imza atdıq. Bu layihə gənclərin iştirakı və fəallığı baxımından xeyli fərqləndi. Ötən illər ərzində keçirilən məktəblərlə müqayisə etsək, sadəcə kəmiyyət deyil, gənclərimiz keyfiyyət baxımından fərqli proqramlarla çıxış etdilər. Həm Lerikdə, həm Oğuzda təşkil olanan «Yay məktəbi»ndə gənclər istirahət etməklə yanaşı, ictimai-siyasi proseslər baxımından da fəallıq göstərdilər. Bu isə o deməkdir ki, gənclik müxtəlif layihələrdə iştirak etməklə daha da peşəkarlaşırlar. Peşəkar gənclik isə o deməkdir ki, Azərbaycanın müxtəlif sahələrində çalışaraq uğurlar qazanacaq, inkişafımıza töhfələr verəcəklər. Bu onu isbat edir ki, gənclik doğru yoldadır. İntellektual bacarıqları ilə yanaşı, gənclərin təşəbbüslərinə YAP rəhbərliyinin  diqqət göstərməsi də  xüsusi vurğulanmalıdır. Bu rəhbərlik və gənclər arasında nümunə olan dialoqun göstəricisidir. Bu da proseslərə müsbət təsir etməkdədir. Ümid edirəm ki, gələcəkdə də bu layihələrdə iştiark edən gənclər belə ənənələri qoruyub saxlayacaq.