MÜSAHİBƏLƏR
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
- Hikmət müəllim, məlum olduğu kimi noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən dövrdə ölkəmizin avanqard siyasi qüvvəsi kimi mövqeyini qoruyub saxlayır. Bunu ifadə edən başlıca səciyyəvi cəhətlər nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası artıq 26 ildir ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır. Bununla bərabər, YAP 26 illik fəaliyyətində həm də onu göstərdi ki, birləşdirici, qoruyucu, mühafizəedici, ictimai ahəngdarlığı və milli həmrəyliyi təmin edici funksiyaları yerinə yetirir. Bir siyasi təşkilat və eyni zamanda, bütövlükdə cəmiyyətimiz üçün dediyimiz məsələlər olduqca vacibdir. Bu gün tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarmışdır.
Əlbəttə, belə böyük nailiyyəti qazanmaq heç də asan başa gəlməyib. Təkcə YAP-ın yarandığı dövrün siyasi, ictimai şərtlərinə nəzər salsaq, bu partiyanın, əslində, necə çətin və şərəfli inkişaf yolu keçdiyi daha aydın görünər. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev də partiyanın 2018-ci il fevral ayının 8-də keçirilən VI qurultayında çıxışı zamanı həmin dövrün hadisələrini şərh edərək məhz belə bir məqamda YAP-ın yaranmasının tarixi hadisə olduğunu vurğulayıb: “Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu”.
- Yeni Azərbaycan Partiyasının yaranması həm də ölkəmizdə yeni siyasi sistemin və siyasi mədəniyyətin əsasının qoyulmasını şərtləndirdi. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur, YAP-ın yaranması Azərbaycanda yeni siyasi münasibətlərin, yeni siyasi sistemin də yaradılmasını şərtləndirdi. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Dövlətimizin başçısının vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Təbii ki, partiyamızın Sədrinin bu fikirləri ölkənin siyasi sisteminin təhlili baxımından olduqca vacib bir arqumentdir. Çünki, doğrudan da, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və siyasi sistemin monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla bərabər, siyasi mədəniyyət nümunəsi də yox idi. Çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda tərəddüdlər var idi, dəqiq, aydın fikir yox idi. Çünki Azərbaycan cəmiyyəti total, monoideoloji bir sistemin varisi idi. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc olmaqla bərabər, sürətlə inkişaf etməyə başladı. Qısa müddətdən sonra hakimiyyətə gələn YAP ölkənin siyasi sisteminin formalaşmasında da güclü təsir göstərdi. Başqa sözlə, YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı. Əlbəttə ki, bütün bunları təhlil edərkən qarşımıza çıxan başqa bir məsələ Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə yeni mədəniyyət gətirməsi idi. Çünki əksər hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsi hesab edilməklə, bəzi hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətlə eyniləşdirilir. Demokratik ölkələrdə hər bir halda hər hansı bir fərdin sosial-siyasi münasibətlərdə davranışları məhz mənimsədiyi siyasi mədəniyyətə söykənərək sərgilənir. Ona görə də, ölkədə tarixi keçmişimizə, milli mentalitetimizə uyğun olaraq normal siyasi mədəniyyətin formalaşması vacib məsələlərdən biri idi. Çünki məhz bu mədəniyyət Azərbaycan siyasi sisteminin gələcəyini və keyfiyyətini, yəni necəliyini müəyyənləşdirəcək əsas komponentlərdən biridir. Ona görə də YAP üzərinə düşən bu tarixi missiyanı da uğurla həyata keçirdi.
- Yeni Azərbaycan Partiyasının milli maraqları təmsil edən monolit siyasi güc və avanqard siyasi institut olması aşkar reallıqdır. Bu reallığı əks etdirən xarakterik xüsusiyyətlər nədən ibarətdir?
-Yeni Azərbaycan Partiyası 25 ildir ki, hakimiyyətdədir. Partiyamızın 25 il hakimiyyətdə olması və hər keçən gün daha da güclənməsi partologiya tarixində az rast gəlinən nümunələrdəndir. Ənənəvi olaraq əksər cəmiyyətlərdə iqtidar partiyaları bir neçə ildən sonra səs itirməyə başlayırlar. Azərbaycanda isə bu baş vermədi. Hesab edirik ki, bunun əsas səbəbi ilk növbədə, YAP-ın qurucu liderinin və sonrakı illərdə isə hazırkı Sədrinin liderlik keyfiyyətləri ilə bağlıdır. Bir siyasi partiya üçün onun liderinin kim olması ən əsas məsələlərdən biridir. Çünki bildiyimiz kimi partiya bir liderin ətrafında birləşən üzvlərin cəmidir. Burada hər bir partiya üzvünün maraqları mövcuddur. Bu maraqlar bəzi hallarda ümumi, bir çox hallarda isə fərdi olurlar. Partiyanın siyasi sistemdə rolu isə ondan ibarətdir ki, bütün bu fərdi və kollektiv maraqları təmin edə bilsin. Amma Yeni Azərbaycan Partiyası təkcə bununla işini başa vurmuş hesab etmədi. YAP təkcə fərdi və ümumi maraqları deyil, eyni zamanda, Azərbaycan xalqının maraqlarını da təmin etməklə ildən-ilə öz üzvlərinin sayını artırmağa nail oldu və keçirilən bütün seçkilərdə əhalinin daha çox faizinin səsini qazanmağı bacardı. Hesab edirik ki, məhz bu, partiyaların fəaliyyəti baxımından qiymətləndirilməsi vacib olan əsas məqamlardan biridir və bu, siyasi partiyalar tarixində yeni keyfiyyət dəyişikliyi kimi də qiymətləndirilə bilər. Yəni bu partiya təkcə üzvlərin, qrupların, ona simpatiyası olan və yaxud onun üzvü olan kollektiv marağı deyil, bütövlükdə xalqın marağını ifadə edir. Məhz YAP-ın hər seçkidə daha çox səs toplamasının əsas səbəbi də bundan ibarətdir. Bu gün Azərbaycan siyasi palitrasında YAP-la rəqabət aparacaq qüvvə yoxdur.
YAP Azərbaycan cəmiyyətinin, siyasi sisteminin, daxili sosial, etnik, mədəni və dini strukturlarının hamısını təmsil edəcək siyasi, mədəni keyfiyyətlərə sahibdir. Belə olmasa idi, zəngin daxili sosial-siyasi və milli-etnik struktura malik olan bir ölkədə bu qədər güclənmək olmazdı. Ona görə YAP milli maraqları təmsil edən monolit siyasi gücdür desək, yanılmarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır.
Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi palitrasında yer alan digər siyasi təşkilatlardan əsas fərqli cəhətlərindən biri də partiyamızın zaman-zaman Proqram və Nizamnaməsinə uyğun olaraq bir sıra struktur dəyişikliklərinə üz tutmasıdır. Bu dəyişikliklər, təkcə partiyanın həyatında baş verən dəyişikliklər deyil. Bu dəyişikliklər ilk növbədə, ölkənin siyasi sisteminin dəyişiklikləridir, sonra isə aldığı qərarlarla Azərbaycan xalqının müqəddəratına, taleyinə təsir edən addımlardır.
- Hikmət müəllim, Yeni Azərbaycan Partiyası ideoloji prinsiplərinə və fəaliyyət mexanizminə görə neokonservativ partiya kimi xarakterizə olunur. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Biz bilirik ki, hər hansı partiyanın ümumxalq partiyası kimi səciyyələndirilməsinin özünəməxsus şərtləri var. Bu şərtlər yerinə yetirilməyənə qədər heç bir siyasi təşkilat haqqında bu sözü demək mümkün deyil. YAP-ın ümumxalq partiyasına çevrilməsi, heç şübhəsiz ki, ilk növbədə, onun qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki partiyamız yaranan zaman onun Proqram və Nizamnaməsini Ulu öndərimizin Özü yazmışdı. Əslində, bu Proqram və Nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli-mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. Məhz bu sənədlərdən irəli gələn tələblərin yerinə yetirilməsi zaman-zaman YAP-ı ümumxalq partiyası kimi səciyyələndirməyə gətirib çıxardı.
YAP elə bir siyasi təşkilatdır ki, burada Azərbaycan cəmiyyətinin bütün sferalarını təmsil edən üzvləri tapmaq olar.
Azərbaycanın sosial iyerarxiyasının bütün təbəqələrinin nümayəndələrini YAP-da görmək mümkündür. Bu, partologiya tarixində mühüm bir hadisədir. Çünki müxtəlif partiyalar, əslində, müxtəlif ideologiyaların ətrafında cəmləşən insanların birliyidir. Amma məsələ ondadır ki, YAP-ın rəqiblərinin heç biri onun üzvlərini birləşdirəcək ideologiyaya sahib deyil. YAP isə bu mənada istisnadır, çünki siyasi terminlə onun səciyyəvi xüsusiyyətini izah etməyə çalışsaq, biz YAP-ı neokonservativ partiya kimi səciyyələndirə bilərik. Yəni, yeni mühafizəkar partiyadır. Çünki yenilikçi ideyalar partiyanın Proqram və Nizamnaməsindən partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında irəli sürülən tezislərdən irəli gəlir. Mühafizəkarlıq isə onun xalqa, millətə bağlılığından qaynaqlanır. Azərbaycan xalqının mədəniyyətinin, mənəviyyatının qorunmasından, onlara sahib çıxmasından, eyni zamanda, Azərbaycanda tarixən formalaşmış milli mədəni mühitin qorunmasından irəli gəlir. Ona görə də YAP-ı siyasi partiya kimi təsnifatlandırmağa çalışsaq, onu Azərbaycanda neokonservatizmin təmsilçisi kimi xarakterizə edə bilərik.
Beləliklə, sadalanan faktlar və YAP-ın ötən 26 ildə etdiyi böyük nailiyyətlər fonunda tam qətiyyətlə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti ilə birgə addımlayan, dövlətimizin qazandığı uğurlarda böyük pay sahibi olan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə Azərbaycan xalqının etimadını doğruldub. Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətinin ötən 26 ildə qazandığı böyük nailiyyətlərdə YAP müstəsna rol oynayıb və hakim partiya olaraq bu gün də eyni missiya ilə çıxış edir. Ona görə də tam məsuliyyətlə deyə bilərik ki, partiyamız 1992-ci ildə yaradılarkən xalqımızın ondan gözləntilərini doğruldub.