YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev Fondunun uşaqların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində misilsiz fəaliyyəti var

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev

- Rauf müəllim, hər il 1 iyun tarixi  Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda uşaq hüquqlarının təmin olunması da dövlət siyasətinin prioritet istiqmətlərindən biridir. Bu barədə nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, 1950-ci il iyunun 1-də keçirilmiş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi məqsədilə qərara alınıb ki, bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü kimi hər il bu günü qeyd edir. Bundan əlavə, BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olunub. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı ilə 20 noyabr tarixi də Ümumdünya Uşaqlar Günü kimi qeyd olunmaqdadır.

Əlbəttə, ölkəmizdə uşaqların sağlam, firəvan yaşamasına, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində genişmiqyaslı işlər görüldü. Bu dövrdən etibarən uşaqların sağlamlıqlarının qorunması, müasir, sivil tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ölkəmizdə uşaqların ən böyük himayədarı Ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib.  Azərbaycan Respublikası uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən, 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşuldu. Təbii ki, ölkəmizin bu konvensiyaya qoşulması uşaq hüquqlarına yüksək mənəvi dəyər verərək, onların normal sosial-mənəvi ruhda layiqli insan kimi yetişməsi, bu yolda qarşıya çıxan problemlərin aradan qaldırılması, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımların atıldığını bir daha təsdiq etdi. Həmçinin, uşaq hüquqlarının müdafiəsi ilə bağlı zəngin qanunvericilik bazası formalaşdı, Azərbaycan Respublikası Milli Məclisində uşaqların hüquqların qorunmasına dair mühüm qanunvericilik aktları da qəbul olundu. Bu mənada "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunların qəbulunu xüsusi qeyd etməliyik.

Qeyd edim ki, “Uşaq hüquqları haqqında qanunda uşaqların hüquq bərabərliyi, yaşamaq və  inkişaf etmək hüququ, həyat və sağlmalığının mühafizəsi hüququ, ad və vətəndaşlıq almaq hüququ, tərbiyə almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan –fikir və söz azadlığı, məlumat azadlığı, ailədə yaşamaq hüququ, yaşına, səhhətinə, ümumitəhsil və peşə hazırıığı səviyyəsinə uyğun olaraq əmək hüququ, istirahət hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ təsbit olunub.

Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə diqqətin artırılması məqsədilə bir sıra proqramlar həyata keçirilir.

Azərbaycan insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına hörmətlə yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsi, onlar üçün bütün sahələrdə bərabər imkanların yaradılmasıdır. 

- Qeyd etdiniz ki, Heydər Əliyev Fondu tərəfindən uşaqlara uşaq problemlərinin həlli ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

- Şübhə yoxdur ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərdən danışarkən, biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə misilsiz fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihələr və proqramlar uşaqlarımızın taleyində müstəsna rol oynayıb.

Uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə intellektli şəxslər kimi formalaşmalarına diqqət yetirmək, onların geniş qayğı ilə əhatə olunması fondun fəaliyyət prioritetlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ötən illər ərzində uşaqlarımız üçün çoxsaylı səhiyyə obyektləri, bədii-yaradıcılıq mərkəzləri, idman və istirahət komplekslərinin tikilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirib, müxtəlif əlamətdar günlərdə və bayramlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa iştirakı ilə uşaqlarımız üçün mərasimlər, şənlik tədbirləri keçirilib, müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edib.

"Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları, "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və bu kimi layihələr istər təhsil, istərsə də səhiyyə sahəsində Mehriban xanım Əliyevanın uşaqlarla bağlı fəaliyyətində istiqamətverici, stimulverici olub.

- Hazırda bu istiqamətdə nə kimi tədbirlər həyata keçirilir?

- Bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər. Təəssüflə qeyd etməliyik ki, müəyyən qədər ailələrdə baş verən mənfi hallar da uşaqlara təsir göstərir. Bunun aradan qaldırılması üçün profilaktik tədbirlər görülür, uşaqlara hüquqi yardım göstərilir.

Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlər daim diqqət mərkəzindədir. Uşaqların problemlərinin həllində onlarla dialoqun qurulması vacib amillərdəndir. Uşaqların danışmaq və dinlənmək hüququ təmin edilməlidir. Əgər bir dövlət güclü olmaq, stabil inkişaf etmək istəyirsə uşaqlara lazımi diqqəti göstərməlidir. Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şərait, dövlət qayğısı təqdirəlayiqdir. Uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.

- Rauf müəllim, bəs sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər hansı səviyyədədir?

-  Respublikamızda əlilliyin qarşısının alınması, əliliyin olan şəxslərin tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitinin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənəd olan “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konstitusiyasında, həm də müvafiq hüquqi-normativ sənədlərdə təsdiq olunub.   “Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlilərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanun vasitəsilə  bu sahədə dövlət siyasəti müəyyənləşdirilib. Bu sahədə ən mühüm məsələlərdən biri olan əlillərin və fiziki imkanları məhdud olan şəxslərin sosial infrastruktur obyektlərindən sərbəst istifadə etmələri üçün lazımı qanunvericilik bazası müəyyənləşdirilib.

Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar (mülkiyyət və təsərrüfat formasından aslı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillər və sağlamlıq imkanları məhdud uşaqlara maniəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımı şəraitlə təmin etməlidirlər.

Qanunvericilikdə nəzərdə tutulduğu kimi son illərdə respublikamızda istifadəyə verilən sosial infrastruktur obyektləri o cümlədən yaşayış binaları, aeroportlar, avtovağzallar, idman qurğuları və digərlərində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbləri nəzərə alınır. Bundan başqa mövcud sosial infrastruktur obyektlərinin bu tələblərə uyğunlaşdırılması sahəsində də müəyyən işlər aparılır.