YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur

Müsahibimiz «İki sahil» qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə

-Vüqar müəllim, demokratik, hüquqi, sivil dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Milli Mətbuat Günü ərəfəsində bu sahədə keçilən yola bir baxış keçirməklə qarşıdakı illərdən gözləntilərinizi bilmək istərdik...

 - Mətbuat nümayəndəsi olaraq bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz, fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq ulu öndər 2002-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.

«Mətbuat cəmiyyətin güzgüsüdür» çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

- 2003-cü ildən başlanan Böyük Yolun davamı azad mətbuatın inkişafı sahəsində atılan addımların davamlılığında da özünü təsdiqlədi...

- Heç şübhəsiz ki, reallıqlar göz önündədir, düzgün dəyərləndirmənin aparılması isə biz mətbuat nümayəndələrindən məsuliyyət tələb edir. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən il jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Qeyd etdiyimiz kimi, yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, mətbuatın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. 

Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası»nın təsdiqi buna əyani sübutdur. 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.

 Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Ötən ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.

 Təbii ki, 23 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsas dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi ötən bu dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.

- Vüqar müəllim, XXI əsrin informasiya mübarizəsi əsri olduğunu nəzərə alsaq, mətbuatın bu sahəyə verdiyi töhfələri qənaətbəxş hesab etmək olarmı?

- Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın şəkildə dərk olunur. Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir.

 İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Azərbaycanın bəzi xarici dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün mətbuat belə qərəzli yanaşmalara tutarlı cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bu gün əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik.

 Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Məhz bu duyğular ərsəyə gələn yazıda obyektivliyi, qərəzsizliyi qoruyacaq, dövlətçilik prinsipləri üstünlük təşkil edəcəkdir. Gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün yazılı və elektron KİV-lərdə bu mövzuda yazılara, verilişlərə geniş yer verilməsi mütləqdir. Azərbaycanın müstəqilliyinin qarantı olan ordumuzun gücünə, qüdrətinə inamı özündə əks etdirən materiallar da gündəlikdə olmalıdır. Xalqımız əmin olmalıdır ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik mübarizədə qələbəmiz, eyni zamanda iqtisadi qüdrətin artması fonunda ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin güclənməsi işğal altında olan torpaqlarımızın azad olunmasını təmin edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində diqqəti bu məsələyə yönəldərək qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir.

 Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ötən il 9 oktyabr prezident seçkilərini Azərbaycanda demokratik islahatların təntənəsi kimi dəyərləndirən Qərb və Avropa ölkələrinin müşahidə missiyaları bu fikri xüsusi qeyd etdilər ki, Azərbaycanın seçki təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. İnsanlar öz seçim hüquqlarından sərbəst istifadə edərək seçki proseslərinə qatılır, istədikləri namizədə səs verirlər. Vətəndaşların sərbəst toplaşmaq azadlıqları yüksək səviyyədə təmin edilir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal lazımi şərait yaradılıb. Eyni zamanda cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur. Qeyd etdiklərimiz demokratiyanın vacib elementləri olmaqla yanaşı, bu gün Azərbaycan mətbuatının vəzifələrinə də işıq salır. Dövlət başçısı İlham Əliyev «Jurnalistlərin dostu» mükafatının təqdim edilməsi mərasimində də Azərbaycanın ayrı-ayrı sahələr üzrə qazandığı uğurlara diqqəti yönəldərək bu fikri bildirdi ki, mətbuat bu reallıqları ictimaiyyətə çatdırmaqda böyük rola malikdir. Təbii ki, informasiya bolluğu təmin edilərsə, söhbət faktlara əsaslanan informasiyalardan gedir, bu halda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət bəzi dairələrin apardığı yalan təbliğata uymaz, həqiqətlərin təbliğində fəal mövqe tutaraq, bu işə öz dəstəklərini göstərmiş olarlar.

 -Bu gün mətbuatın qarşıya qoyduğu əsas hədəf nədir?

- Möhtərəm Prezidentimiz İlham Əliyev mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Azərbaycan gənc müstəqil dövlət olsa da öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. «Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır» söyləyən möhtərəm Prezidentimiz onu da bildirir ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir.

 Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır.

 -Azərbaycan mətbuatı fəaliyyətində əsas prinsipləri hansı səviyyədə qoruyub və qoruyur? Bəzi mətbu orqanların Azərbaycanın problemlərini ölkə xaricində müzakirə etməkdə daha çox maraqlı olmalarına münasibətinizi bilmək istərdik

- Azərbaycan müstəqil dövlətdir, heç bir beynəlxalq təşkilat, dövlət ölkəmizə nəyisə diktə edə bilməz. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə böyük hörmətlə yanaşan Azərbaycan daxili işə müdaxiləni yolverilməz hesab edir, eyni zamanda heç bir ölkənin daxili işinə müdaxilə etmir. Bu fonda bəzi mətbu orqanların əsas prinsipləri arxa plana keçirib, problemləri ölkə xaricində müzakirə etməyə maraq göstərmələri birmənalı qarşılana bilməz. Hər bir ölkənin öz inkişaf dinamikası, uğurları, problemləri vardır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bizim də problemlərimiz var. Amma bəzi mətbu orqanların bu problemləri özlərinə sərf edən şəkildə işıqlandırmaları, məqsədli şəkildə dəstəkçilərinə çatdırmaları riyakarlıqdır.

 Aydın məsələdir ki, daxili məsələlər ölkə xaricində müzakirə ediləndə fərqli yanaşmaların, rəylərin yaranmasına səbəb olur. Əfsuslar olsun ki, daxildə belə qüvvələr mövcuddur və Azərbaycan haqqında əks-təbliğat kampaniyası aparmağı bir növ özləri üçün fəaliyyət istiqaməti seçiblər. Azərbaycanın hər bir uğuruna qara eynəkdən baxmaq, atılan addımların mahiyyətini azaltmaq üçün müxtəlif yollara əl atmaq həmin ünsürlər üçün vərdişə çevrilib. Amma unudurlar ki, dövlət maraqlarına zidd addımların atılması heç kəsə baş ucalığı gətirən deyil. Hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq.

- Mətbuat cəmiyyətin güzgüsü kimi dəyərləndirilirsə, sözsüz ki, cəmiyyətdə mövcud problemlərlə bağlı öz sözünü deməlidir. Amma etiraf edək ki, bu missiya bir çox hallarda qərəzə söykəndiyindən reallıqlar bir kənarda qalıb, əsassız məlumatlar dövriyyəyə buraxılır. Bu hal cəmiyyət tərəfindən müsbət qarşılana bilərmi?

 - Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Demokratiyanın vacib amillərindən biri kimi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mövzularda araşdırmaların görülən işlərə dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə edir ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaq. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik. «Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bir əsas məsələni də diqqətə çatdırır ki, dövlət maraqlarını şəxsi ambisiyalara qurban verməməliyik.

 Uğurlarımız gələcək barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyevin 20 illik müstəqillik tariximizdə qazanılan uğurların fonunda təsdiqlədiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bunun təsdiqidir. Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz təbii ki, atılan biri-birindən əhəmiyyətli addımlara əsaslanır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında olmaq istəyiriksə, şəffaflıq hər bir sahədə yüksək səviyyədə təmin olunmalıdır. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, mətbuat bu gün ikinci hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətinə üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırışdır.

- Qarşıdakı illər üçün nəzərdə tutulan hədəflər mətbuata nə vəd edir?

- Möhtərəm Prezidentimiz İlham Əliyev keçirilən hər bir tədbirdə ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək, qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. Daim vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. «Jurnalistlərin dostu» mükafatının təqdim olunması mərasimində də Azərbaycan mətbuatının dünəninə, bu gününə, keçdiyi inkişaf yoluna bir daha diqqət yönəldən dövlət başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən də söz açdı. Möhtərəm İlham Əliyev cəmiyyətdə müsbət meyillərin daha da gücləndirilməsi, xoş əhval-ruhiyyənin təmin edilməsi üçün xəbər balansının qorunması ilə bağlı tövsiyələrini çatdıraraq bildirdi ki, əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun.

Reallıq budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harda yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev «Jurnalistlərin dostu» mükafatının təqdim olunması mərasimində yekun nitqində bu fikri xüsusi qeyd etdi: «Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır- Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq.»

 Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirlərinin fonunda da bütün mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Müharibə şəraitində yaşayan ölkə olaraq, həqiqətlərimizin təbliği gündəlik işimiz olmalıdır. Bu əminliyi də ifadə etmək istərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu gün beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınan və nüfuz qazanan Azərbaycanın uğurları daha da artacaq, yeni-yeni zirvələrə çatacağıq.

 Bayramınız mübarək, əziz həmkarlarım!