MÜSAHİBƏLƏR
11 aprel günü xalq öz müdrikliyini bir daha sübut etdi
- Jalə xanım, aprelin 11-də ölkəmizdə prezident seçkiləri seçicilərin mütəşəkkil iştirakı şəraitində baş tutdu. Siz seçki kampaniyasında aktiv iştirak etdiniz. Seçkinin nəticələri haqqında düşüncələriniz nədən ibarətdir?
- Sualınızı cavablandırmazdan əvvəl, ölkə və xalq olaraq yaşadığımız tarixi hadisə olan prezident seçkisi və bu seçkidə hər bir Azərbaycan vətəndaşının alternativsiz namizədi olan cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibətilə hər bir oxucumuzu, bütünlükdə Azərbaycanımızı təbrik etmək, gözün aydın olsun, Vətən, demək istəyirəm. Artıq Azərbaycanın ən yeni tarixinin daha bir parlaq səhifəsinə çevrilən 11 aprel günü xalq öz müdrikliyini bir daha isbat etdi.
Xalq-hər bir azərbaycanliya yaxşı Prezident olmağı bacaran, amalı bütöv və inkişaf edən Azərbaycan olan, ölkəsinin sabitliyini, möhkəmliyini hər şeydən üstün tutan, bu yolda böyük qətiyyət və əzmkarlıq göstərən bir namizədə- İlham Əliyevə səs verdi. Xalq- öz xoşbəxtliyinə, əmin-amanlığına, işıqlı gələcəyinə səs verdi. Sualınıza gəlincə, bəli, Prezident seçkisinin təbliğat kampaniyasına start verildiyi 19 mart tarixindən, ta təbliğatın son gününə - 10 aprel tarixinə qədər cənab Prezident İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvləri olaraq olkənin çox müxtəlif şəhərlərində, qəsəbə və kəndlərində, istər ölkəmizin ayrı ayrı rayonlarında, istərsə də Bakı və Bakı ətrafı rayonlarda çox sayda görüşlər keçirtdik. Əvvəla onu deyim ki, getdiyimiz hər məkanda yüksək əhval-ruhiyə, toy-bayram sevinci, insanlarımızın rəhbərə olan sevgisi, etimadı, rəğbəti və inamıyla qarşılaşırdıq. Keçirtdiyimiz hər görüşdə bizi bir sevgi dənizi qarşılayırdı. Bu sevginin tək ünvanı var idi-İlham Əliyev! Bu görüşlərimizdə bizim dəyərli həmvətənlərimiz, qədirbilən insanlar deyirdilər ki, cənab Prezidentin heç bir təbliğata, heç bir təşviqata ehtiyacı yoxdur. Onlar deyirdilər ki, cənab Prezidentin təbliğatı da, təbliğatçısı da, təşviqatı da, təşviqatşısı da elə Onun özüdür, Onun nurlu əməlləri, həyata keçirtdiyi əvəzsiz işlərdir. Onlar deyirdilər ki, İlham Əliyev bizim alternativsiz namizədimizdir. Artıq seçkinin nəticəsi məlumdur. Cənab İlham Əliyev 86, 02 % səslə önümüzdəki 7 il üçün Prezident seçildi. Bu nəticə gözlənilən idi. Başqa bir nəticə zatən heç kimin ağlına belə gəlmirdi. Bir az əvvəl də qeyd etdiyim kimi, Azərbaycan vətəndaşının öz rəhbərinə olan etimadı, sevgisi, inamı o qədər böyükdür və tamdır ki, bu prosesin nəticəsi haqqında hələ seçkiyə start verilməmişdən çox çox əvvəllər də qətiyyətli fikir yürütmək və dəqiq proqnoz vermək mümkün idi. Nəticələr onu göstərdi ki, xalqın seçimi birmənalıdır. Əslində Azərbaycan xalqı öz sözünü illər əvvəl deyib. Azərbaycan xalqı öz mövqeyini illər əvvəl ortaya qoyub. Bundan tam 25 il əvvəl, Ulu öndər Heydər Əliyevi bütöv bir xalqın lideri olaraq görməklə, illərdən sonra onun ideyalarına sadiqlik nümayiş etdirməklə, onun siyasi, mənəvi və fiziki varisi olan cənab İlham Əliyevi Prezident seçməklə kimin yanında olduğunu bütün dünyaya nümayiş etdirib. Yəni, qısacası 11 aprel gününün qələbəsinin möhkəm təməli, polad bünövrəsi Azərbaycanda illər əvvəl atılıb. Və Azərbaycan xalqı da həmin möhkəm təməl, polad bönövrəyə əsaslanaraq getdiyi yolda inamla irəliləməkdədir.
- Sizcə, cənab İlham Əliyevə xalqın yüksək inam və sevgisinin əsasında hansı amillər dayanır?
- Sualınızın cavabını bir az uzaqdan başlamaq istəyirəm. Bundan təqribən bir əsr əvvəl məşhur Azərbaycan şairi Məhəmməd Hadi böyük ürək ağrısı, təəssüf hissi ilə yazırdı ki, yox millətimin xətti bu imzalar içində. Bu misralar onun qələmindən süzülərkən, şübhəsiz ki, Məhəmməd Hadi, bilmirdi ki, çox keçməyəcək, əzəli-əbədi Azərbaycan torpağı olan qədim Naxçıvanda, sadə bir ailədə bir oğlan uşağı dünyaya gələcək və bu oğlanın adını Heydər qoyacaqlar. Şair təbii ki, bunu da bilmirdi ki, həmin körpə böyüyüb bütün bir xalqın vüqarına, əzəmətinə çevriləcək-Heydər Əliyev adlı dahi olacaq. Xalqının, ölkəsinin başı üzərində Günəş kimi əzəmətlə parlayacaq. Və Azərbaycan məhz onun sayəsində yaşayacaq, var olacaq. Məhz Heydər Əliyev, xətti imzalar içərisində tanınmayan millətini aləmə tanıtdırdı, ölkəsinə dünyanən ehtiramını qazandırdı. Xalqını və ölkəsini yox olmaqdan, məhv olmaqdan qurtardı. Ölkəsinin böyük əziyyətlər bahasına əldə etdiyi müstəqilliyinin xilaskarına çevrildi.
Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətləri əlbəttə ki, həddindən artıq çoxdur və ölçüyəgəlməzdir. Lakin Ulu öndərin bu böyük xidmətlərinin içərisində, bizlərə bəxş etdiyi iki şah əsər var. Bunlardan biri - müstəqil Azərbaycan Respublikası, digəri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev! Ulu öndər heç vaxt yanılmırdı. İllərin zəngin təcrübəsinə söykənən iti ağlı, dərin düşüncəsi, zəngin dünyagörüşü ona hər zaman doğru olan yolu göstərirdi. Milli liderimiz xalqa son müraciətində, “Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım, amma başa çatdıra bilmədiyim işləri o davam etdirəcək”, deyərkən də yanılmadı, xalqa bir daha nicat yolunu işarə verdi.
Mən, bundan bir-neçə il əvvəl, ölkə Prezidenti möhtərəm İlham Əliyevin xarici televiziya kanallarından birinə verdiyi müsahibədən bir məqamı dəyərli oxucularımızın nəzərinə çatdırmaq istəyirəm. Müxbirin, “uşaqlıqda prezident olmaq arzusunda olmusunuzmu”, sualına İlham Əliyev belə bir cavab vermişdi: “Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda mənim altı yaşım var idi. Əlbəttə, hərbi forma, qeneral paqonları bütün uşaqlar üçün xüsusi ehtiram predmetidir. Uşaqlıqda biz hamımız müharibə oyunları oynayırdıq, hamımız özümüzü böyük sərkərdələr kimi təsəvvür edirdik. Mənə gəldikdə isə hər gün generalı evimizdə görürdüm. Buna görə də, təbii ki, mən də atam kimi general olmaq arzusunda idim. Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olmağa çalışıram”. Məncə sizin sualınızın bir hissəsinin cavabı elə cənab Prezidentin bu müsahibəsində öz əksini tapıb. Bəli, bu bir həqiqətdir. Prezident İlham Əliyev doğulub böyüdüyü, ab-havasını udduğu ailənin layiqli davamçısı olduğunu öz əməlləri ilə çox qısa bir müddətdə sübut etdi.
Ölkədə gedən nəhəng quruculuq işləri, gündən-günə güclənən iqtisadiyyatımız, sürətlə abadlaşan və inkişaf edən şəhər və kəndlərimiz, elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə göstərdiyi əvəzsiz qayğı və ən ümdəsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda nümayiş etdirdiyi qətiyyət və siyasi iradə möhtərəm Prezidentimizə ümümxalq sevgisini qazandırıb. Məhz Onun qətiyyəti və iradəsi nəticəsində bu gün üçrəngli müqəddəs bayrağımız Cocuq Mərcanlıda, Lələtəpədə dalğalanır. Bu milli qüruru bizlərə yaşatdığı üçün cənab Prezidentimizə borcluyuq. Əgər müstəqil Azərbaycan Heydər Əliyevin əsəridirsə, dəyişən, inkişaf edən müasir və güclü Azərbaycan dövləti də İlham Heydər oğlu Əliyevin dönməz iradəsinin, yorulmaz fəaliyyətinin bəhrəsidir. Bax, bütün bu sadaladıqlarımız və bir müsahibənin həcminə sığdıra bilmədiyimiz misilsiz xidmətləri İlham Əliyevi xalqının sevimlisinə, inam və ümid yerinə çevirib.
- Seçkilər istənilən ölkənin tarixində yeni bir dövrün, inkişaf və islahatlar mərhələsinin başlanğıcı kimi xarakterizə edilir. Siz necə hesab edirsiniz, növbəti prezident seçkiləri Azərbaycanın tarixində hansı rol oynayacaq?
- Cənab İlham Əliyev bundan 15 il əvvəl ilk dəfə Prezident kürsüsünə qalxarkən müqəddəs kitabımız olan Quran-i Kərimə və Azərbaycanın ana qanunu olan Konstitusiyamıza əl basaraq dedi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam. Bu vədi qısa bir zamanda həqiqət oldu. Əməlləriylə kimliyindən, yaşından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidenti, həm də yaxşı Prezidenti olmağı bacardı. And içərkən, “Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik” dedi və bu vədi də həqiqət oldu. Azərbaycan büdcəsi astronomik bir sürətlə artdı. Hazırda Azərbaycanın sadəcə orduya ayırdığı büdcə, bədnam Ermənistanın bütünlükdə büdcəsini üç dəfə üstələyir. And içərkən çox böyük bir qətiyyətlə “Regiondakı heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz”, dedi və ölkəmiz ən əhəmiyyətli regional layihələrin başlıca üzvünə çevrildi. Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən bir çox strateji layihələrin, əsrlərdən bəri böyük imperiyaların arzusunda olduqları, amma nail ola bilmədikləri Fars körfəzindən Fin körfəzinədək çəkiləcək olan yolun başlıca və ən əhəmiyyətli tərəfidir. And içərkən, “Ölkədə bir dənə də olsa qaçqın çadırı qalmayacaq” dedi və bu vədinə də əməl etdi. Bunu da xüsusilə qeyd etməliyik ki, onun məqsədyönlü və uğurlu siyasəti nəticəsində nəinki taleyinə qaçqınlıq, köçkünlük payı düşən soydaşlarımız yeni, bütün standartlara cavab verən qəsəbələrə köçürüldülər, hətta həmin insanların bir hissəsi 30 ilə yaxındır həsrətiylə yaşadıqları doğma torpaqlarında - Cocuq Mərcanlıda quruculuq işləri ilə məşğuldurlar. Məhz Onun bacarıqlı bir Alı Baş Komandan kimi verdiyi əmrlər sayəsində biz bundan iki il əvvəl üç rəngli müqəddəs bayrağımızı doğma Qarabağımıza-Lələtəpəyə sancdıq. And içərkən, “Azərbaycan gündən-günə dəyişəcək, inkişaf edəcək, böyüyəcək” dedi və on beş il ərzində ölkədə gedən nəhəng quruculuq işləri sayəsində ölkə simasını tamamən dəyişdi, müasir, abad, yeni bir ölkəyə çevrildi. And işərkən dedi ki, “məktəbsiz kənd qalmamalıdır” və on beş ildə 3100 yeni məktəb övladlarımızı qoynuna aldı. And içərkən, “Yol mədəniyyətdir. Yollarımız yenidən qurulmalıdır” dedi və ölkə ərazisində 12000 km yolun çəkilməsinə nail oldu. And içərkən, Azərbaycanın ən ucqar kəndi də qazlaşdırılacaq, dedi və bu gün bütün Azərbaycan mavi yanacaq alır. And içərkən, əhaliyə fasiləsiz işıq təmin olunmalıdır, dedi. Bu gün ən uzaq kəndimizdə də 24 saat işıq var. And içərkən, əhaliyə keyfiyyətli içməli su təmin edilməlidir, dedi və bu gün illərdən bəri susuzluqdan əziyyət çəkən ən quraq rayonlarımız da, dağlardan çəkilən bulaq suyuyla təmin edilir. Hər kəsin evi olmalıdır, dedi və ölkəmizdə minlərlə ailəyə isti ocaq bəxş edəcək olan sosial mənzillərin tikintisinə nail oldu. Bu sadaladıqlarımız, son on beş ildə cənab Prezident tərəfindən irəli sürülən və uğurla hyata keçirilən həyat əhəmiyyətli, strateji ağırlıqlı layihələrin, dövlət proqramlarının, imzalanan fərman və sərəncamların bir hissəsidir. Və bu illər ərzində qazandığımız bütün uğurların içərisində çox əhəmiyyətli bir uğur da var. Bu - vətəndaş və dövlət həmrəyliyi, xalq və rəhbər birliyidir. Bəlkə iki yüz və hətta daha çox illik dövlət və dövlətçilik, demokratiya təcrübəsi olan bir çox dünya ölkələrinin nail ola bilmədikləri milli birlik, milli vəhdət - ən böyük qazancımızdır. Bizi bu yoldan artıq heç bir güc döndərə bilməz. Çünki xalq anlayıb ki, getdiyi yol haqq yoludur.
Əlbəttə ki, inkişafımız davam edir və edəcək. Azərbaycanın gələcək inkişaf strategiyasını hədəfləyən, Azərbaycan insanına daha yaxşı, daha firavan həyat bəxş edəcək olan yeni proqramlar hazırlanacaq, Azərbaycan iqtisadiyyatını, sənayesini daha böyük sürətlə inkişaf etdirməyə xidmət edən layihələr həyata keçiriləcək. Və əlbəttə ki, bu gün yeganə dərdimiz olan, həlli məqsədli şəkildə ikili standartlı ölkələr tərəfindən müşkülə çevrilən Dağlıq Qarabağ problemi ən qısa zamanda öz həllini tapacaq. Azərbaycan bu əsassız münaqişənin, bu elan edilməmiş ədalətsiz müharibənin qalibi olaraq adını dünya tarixinə yazdıracaq. Buna inamımız şəksizdir. Biz Prezidentimizə, Onun həyata keçirtdiyi siyasətə arxalanırıq və əminik ki, məhz Onunla birlikdə getdiyimiz böyük yolda daha güclü, daha qüdrətli, daha əzəmətli Azərbaycanın vətəndaşı olmaq qürurunu yaşayacayıq. İlhamlı illərlə zəfərə gedən yolumuzda Tanrı hamımıza yar olsun!