MÜSAHİBƏLƏR
2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq
- Tahir müəllim, artıq 2017-ci il başa çatmaq üzrədir. Bu ilin iqtisadi mənzərəsini necə şərh edərdiniz?
- 2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, ABŞ iqtisadiyyatında ÜDM-in artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qətər böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Konfliklərin artması iqtisadi münasibətlərə təzyiqləri daha da artırmış və kapitalın sərbəst hərəkərində çətinliklər yaratmışdır. 2017-ci il ərzində neftin qiyməti orta hesabla 25% artmışdır. Bununla yanaşı bu il ərzində də dünya sürətlə informasiya və texnologiyalar dövrünə daxil olmaqda davam etmişdir.
2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qalmışdır. İlk öncə onu qeyd etmək lazımdır ki, bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yaranmışdır. 2015-ci ildə defisit 222.5 milyon dollar, 2016-ci ildə isə 1.363 milyard dollar təşkil etmişdir. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 milyon dollar və ya 5% azalmışdır.
2017-ci ildə ölkədə makro iqtisadi sabitlik təmin olunmuş, manatın məzənnəsi sabit olmuş və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılmışdır.
2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artmışdır. İxracın həcmi isə 50% artmışdır. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatmış, ixrac idxalı 4.7 milyard dollar üstələmişdir. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artmışdır.
2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olmuş, büdcənin icrası proqnozlara uyğun olmuşdur.
Sənayeləşmə proqramı çərçivəsində Nefçala Sənaye Məhəlləsi yaradılmış və yeni sənaye məhəllələrini yaradılması istiqamətində işlərə start verilmişdir.
Turizmin inkişafı yönümündə atılan innovativ addımlar 2017-ci ildə öz nəticəsini vermişdir. Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatmışdır.
2017-ci ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradılmışdır. Bununla bərabər özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradılmışdır.
2016-cı ildə 22% azalan inşaat sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görülmüşdür. Köhnə mənzillərin sökülərək onların yerində yeni binaların tikilməsi yönümündə sahibkarlara verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırmış, həm də yeni iş yerlərinin açılmasını təmin etmişdir.
Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci vitse-prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılmışdır. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verilmişdir.
İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanmışlar.
2017-ci ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu olmuşdur.
2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edilmişdir. İslahatlar həm idarəetmə sahələrin əhatə etmiş və bu ildə effektiv idraetmə mexanizmlərini daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verilmişdir. kiçik və orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün Kredit Zəmanəti Fondu yaradılmışdır.
Dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradılmışdır.
Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərinin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.
2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondu yaradılmışdır. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaqdır.
Nazirlər Kabineti strukturunda edilən dəyişiklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.
2017-ci ildə Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması mühüm hadisə kimi tarixə düşdü. “Əsrin Müqaviləsi”nin 2050-ci ilə kimi uzadılması, Azərbaycanın payının yeni müqavilədə 11%-dən 25%-ə kimi artırılması, mənfəət neftində Azərbaycanın payının 75% olması, Azərbaycan şirkətinin də müqaviləyə cəlb olunması, müqavilə çərçivəsində 40 milyard dollara yaxın xarici investisiyanın cəlb olunması mühüm hadisə oldu.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə tranzitdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixrcatçılarına öz məhsullarının şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaratmışdır.
2017-ci ildə Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər sürətlə davam etmişdir. Layihəyə 2.4 milyard dollar investisiya cəlb edilmiş, Azərbaycan ərazisi üzrə və Türkiyə ərazisi üzrə (TANAP) işlərin xeyli hissəsi artıq yekunlaşmışdır.
Şimal-Cənub dəmir yolu layihəsinin Azərbaycan ərazisində bütün işləri yekunlaşmışdır.
- Hazırda həyata keçirilən iqtisadi islahatlar perspektiv üçün nələr vəd edir?
- 2017-ci ildə ÜDM həcminin ilin sonuna 0.3% artması gözlənilir. 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəkdir. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 2-4%-ə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaratmışdır. 2018-ci ildə Azərbaycan qazının Türkiyəyə nəqli planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polimer və Karbamid kimi mühüm zavodların açılışı nəzərdə tutulur. Bu layihələrin işə düşməsi iqtisadi gəlirlərin artması ilə yanaşı yeni iş yerlərinin də yaradılmasına səbəb olacaqdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaratmışdır. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da artmasıdır.
- Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə oldu. Sumqayıtı təmsil edən millət vəkili kimi bu səfərin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Dövlət başçısı bu il ikinci dəfə olaraq Sumqayıta səfər etmişdir. Məhz Onun qayğısı nəticəsində şəhərdə bütün infrastruktur layihələri başa çatmaq üzrədir. İçməli su ilə təminat 94%-ə, qazlaşma 100%-ə çatmış, elektrik enerjisi sahəsində isə problemlər yoxdur, yeni yollar salınır, binaların dam örtükləri vurulur, binalara yeni liftlər quraşdırılır. Sumqayıt məktəbliləri ali məktəblərə qəbul imtahanlarına ən yüksək nəticə göstərirlər, Sumqayıt idmançıları ölkəmizi beynəlxalq olimpiadalarda layiqincə təmisil edirlər.
Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün inşa edilmiş yeni bina partiyanın yerli orqanının fəaliyyətində yeni bir səhifə açacaqdır. Sumqayıt son illərdə sürətlə inkişaf edərək həm sənaye, həm də turizm şəhərinə çevrilməkdədir. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb edilcək investisiyaların həcmi 2.7 milyard dollara, parkda çalışan insanların sayı isə 8 000-ə çatmışdır. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilmişdir.
- Tahir müəllim, Milli Məclisin ötən iclasında «Azərbaycan Respublikasının Hesablama Palatası haqqında» yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Bu qanunun önəmi nədən ibarətdir?
- Azərbaycan büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi və nəzarətin artırılması üçün ölkə başçısının müvafiq tapşırığı olmuşdur. İqtisadi islahatların aparılması həm də nəzarət mexanizmlərini təkmilləşməsini labüd etmişdir. «Hesablama Palatası haqqında» qanun layihəsi 1999-cu ildə qəbul edilmişdir. Keçən dövr ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsinin həcmi isə 6 dəfə artmışdır. Dünyada audit və nəzarət sahəsində yeni texnologiyaların və yanaşmaların tətbiq olunması bir tərəfdən effektivliyi artırır, digər tərəfdən isə əhatəliyi artırmaqla inzibati resurslara qənaət etməyə imkan verir. Bu baxımdan, yeni qanun layihəsi yenilikləri əhatə etmə və təcrübədə yaranan çətinlikləri dəf etmə cəhətdən xeyli mütərəqqidir. Layihədə elektron auditin aparılması üçün imkanların yaradılması bu sahədə ən müasir texnoloji yanaşmaların tətbiq olunmasına imkan yaradacaqdır. Digər tərəfdən ali audit orqanı kimi Hesablama Palatasının vəzifə, hüquq və funksiyalarının dəqiq müəyyən olunması Azərbaycan bu sahəfə fəaliyyət göstərən digər maliyyə-nəzarət orqanları ilə fəaliyyətin koordinasiya olunmasına imkan yaradacaqdır. Təbii ki, son məqsəd ölkədə milli resurslardan istifadə etməkdə səmərəliliyin daha artıq səviyyəsinə nail olmaqdır.