YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Avropa məkanında söz sahibi olan dövlətdir

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

- Səməd müəllim, Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti nədən ibarətdir?

- Hesab edirəm ki, bu proses çox məntiqli, düşünülmüş və ən əsası Azərbaycanın maraqlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan-Avropa münasibətlərinin inkişfaında Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayır. Heydər Əliyevin bu istiqamətdə atdığı addımlar məqsədyönlü olmaqla yanaşı, Azərbaycanın ümumi tarixinə, adət-ənələlərinə və bu regionun geosiyasi xüsusiyyətlərinə əsaslanırdı. Azərbaycan-Avropa münasibətləri bu gün xarici siyasətimizdə prioritetdir və bu prioritet ölkəmizə həm Avropanın içərisində özünəməxsus yüksək yer tutmaq, həm Avropa dəyərlərini ölkəmizə gətirmək, həm də maraqlarımızı tam şəkildə əhatə etmək məqsədini daşıyan siyasətdir.

- Bugünlərdə Avropa Komissiyanın sədri Joze Manuel Barrozu ölkəmizdə səfərdə oldu. Sizcə, bu səfər, aparılan danışıqlar Azərbaycanla Avropa İttifaqının münasibətlərinə nə dərəcədə təsir göstərəcək?

- Təbii ki, bu səfər çox yüksək dəyərləndirilməlidir. Ona görə ki, münasibətlərimiz artıq Avropada Azərbaycan faktorunun nə dərəcədə əhəmiyyətli olduğunu sübuta yetirir. Bilirsiniz ki, bu,  cənab Barrozunun ölkəmizə ilk səfəri deyildi. O, 2011-ci ildə də ölkəmizdə səfərdə olub. Avropa Komissiyasının sədri ötən  3 il ərzində Azərbaycandakı dəyişiklikləri yüksək qiymətləndirərək xüsusi qeyd etdi ki, 3 il ərzində heç bir ölkə Azərbaycan kimi dəyişə bilməzdi. Cənab Barrozunun fikirləri Azərbaycanın qazandığı nailiyyətlər əsasında formalaşıb. Doğrudan da, Azərbaycan dünyada, o cümlədən Avropada öz inkişaf tempi, gördüyü işlərlə nümunəvi ölkəyə çevrilib. Avropa İttifaqı ilə münasibətlər nə qədər Azərbaycana lazımdırsa, Avropaya bundan çox lazımdır. Bu gün Azərbaycan Avropanın təhlükəsizlik sistemini təmin edən ölkələrdən birinə çevrilib.    

Azərbaycan Avropa üçün Şərqi Avropa dəyərlərinə uyğun formada birləşdirən ölkəyə çevrilib. Ölkəmiz Avropa üçün elə Avropanın cavab verə bilmədiyi suallara cavab verən ölkəyə çevrilib. Avropa üçün Azərbaycan region ölkələri ilə münasibətlərlə hansı tərzdə qurmağın nümunəsinə çevrilib. Ona görə də, Avropa Komissiyasının sədri ölkəmizə səfəri zamanı xüsusi məsələləri vurğuladı. O bildirdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinin yüksəlməsi istiqamətində ekspert qrupları fəaliyyətə başlayıblar. Bu o deməkdir ki, Avropanın bəzi məsələləri düzgün təhlil etmək, vaxtında qərar çıxarmaq, Azərbaycanla bağlı mühüm məsələləri önə çəkmək prioritetə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu gün ölkəmiz AŞPA-nın, ATƏT-in NATO-nun  və başqa beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edir, dövlət başçıları, mötəbər qurumların rəhbərləri Azərbaycana səfər edərək bir sıra mühüm məsələlərin müzakirəsini aparırlar.  Bütün bunlar ona görə baş verir ki, Azərbaycan dünyaya öz mövqeyi ilə, apardığı siyasətlə öz maraqlarını müdafiə etməklə yanaşı həm qərblə, həm də şərqlə əməkdaşlığa böyük töhfələr verdiyini sübuta yetirir. Qazanılan bu uğurlar isə Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir. Bu mənada cənab Barrozunun apardığı danışıqlarda, həm mühazirəsində, həm də qeyri-formal söhbətlərində Azərbaycanın əhəmiyyətini, rolunu dəfələrlə vurğulaması təsadüfi deyil.

Ümumiyyətlə, hesab edirəm ki, bu, çox vacib səfər idi. Əminəm ki, bu səfərdən sonra Azərbaycanı tənqid edən bəzi qurumlar başa düşəcək ki, bu gün Azərbaycan Avropa üçün Avropanın bu regiona etdiyindən daha çox edir. Bilirsiniz ki, iyunun 27-də Gürcüstan, Moldova və Ukrayna Aİ ilə assosiasiya sazişi imzalayacaq. Azərbaycan isə Avropa İttifaqı ilə strateji əməkdaşlıq məsələlərini əhatə edən bir sazişin hazırlanması ilə bağlı öz müsbət münasibətini bildirib. Amma gəlin baxaq, Gürcüstan assosiasiya sazişini Azərbaycanın bu ölkəyə köməyi, dəstəyi  olmadan imzalaya bilərdimi? Heç vaxt. Ona görə ki, Azərbaycanın apardığı siyasət Gürcüstanın müstəqil siyasət aparmasına böyük yardım göstərir. Məhz bu siyasətin nəticəsi əsasında da assosiasiya sazişi imzalanır. Amma bu dəstəyi Avropa edə bilmədi, Avropa Gürcüstanın işğal altında olan torpaqları ilə bağlı ciddi addımlar atmaq iqtidarında olmadı. Azərbaycan isə birmənalı şəkildə həm Gürcüstanın, həm Moldovanın, həm də Ukraynanın torpaqlarının işğal edildiyini bütün beynəlxalq qurumlarda birmənalı şəkildə bəyan edib və bu məsələdə bir mövqedən çıxış edib.

Yəni Azərbaycanın siyasəti öz maraqlarına cavab verməklə yanaşı qonşu ölkələrin, xüsusilə Gürcüstanın, Moldovanın, Ukraynanın və başqa ölkələrin Avropaya yaxınlaşmasına əsas yaradır. Bu o deməkdir ki, biz assosiasiya sazişi imzalamağa hazırlaşan həmin ölkələrdən Avropaya daha yaxınıq. Bu sözləri sübut etmək üçün Azərbaycan-Avropa iqtisadi əlaqələrinə diqqət yetirmək kifayətdir. “Şərq tərəfdaşlığı” ölkələri içərisində Avropa ilə ən yüksək iqtisadi əlaqələr Azərbaycana məxsusdur. Vilnüs sammitində Ukraynanın o vaxtkı rəhbərliyi assosiasiya sazişi imzalamaqdan imtina etdi və bununla da ölkədə böyük problemlər yarandı. Həmin sammitdə Ukraynanın bu addımı xeyli tənqidə məruz qaldı. Amma sammitdə bu sazişi imzalamadığı təqdirdə Azərbaycanı alqışlayırdılar, dəstəkləyirdilər. Çünki sammitdə Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinə dair məruzə dinlənildi və məlum oldu ki, Azərbaycan adını çəkdiyim üç ölkənin birlikdə əlaqələrindən  daha çox Avropa ilə iqtisadi əlaqələrə malikdir. Bununla da, görünürdü ki, kim daha çox Avropaya üz tutub.

Amma bizə təsir edən odur ki, bu məsələni dərindən öyrənməyən, başa düşməyən insanlar birləşib assosiasiya sazişini oxumadan, dərk etmədən, Azərbaycanın geosiyasi rolunu anlamadan ölkəmizi tənqid edirlər. Bütün bunlara qarşı da biz öz müasibətimizi bildiririk.

- Avropa İttifaqının rəsmiləri Azərbaycanın enerji siyasətini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirirlər. Amma bununla yanaşı ölkəmiz insan hüquqları və demokratiyanin vəziyyəti ilə əlaqədar haqsız tənqidlərə məruz qalır. Bu ziddiyyəti hansı amillərlə izah edərdiniz?

- Əlbəttə ki, haqlısınız. Azərbaycanın enerji siyasəti, bu siyasətin əhəmiyyəti və bu yöndə həyata keçirilən layihələrin önəmi  Avropada qərar sahibləri, düşünən beyinlər tərəfindən çox yüksək qarşılanır. Avropa Komissiyasının sədri cənab Barrozunun ölkəmizə son səfəri də buna sübutdur. Kimsə həmin layihələrin vacibliyinə, əhəmiyyətinə şübhə ilə yanaşa bilməz. Bunu dost da, düşmən də başa düşür ki, bu layihələr nəinki region, bütövlükdə Avropa üçün yüksək dəyərə malikdir.

Amma Azərbaycanın siyasətinin inkişaf, sülh, dostluq məqsədlərinə xidmət etdiyini yaxşı anlayanların fonunda bəziləri bu siyasəti qəbul etmək istəmir. Çünki bu siyasət Azərbaycanı qərar vermək sahibinə çevirir, müstəqil düşünmək ixtiyarını verir, öz mövqeyini ortaya qoymasına imkan yaradır. Təbii ki, bu amillər bəzi qüvvələri narahat edir. Xüsusilə, bu məsələdə erməni lobbisi daha çox narahatdır. Region ölkələri içərisində yüksək tribunalardan öz sözünü deyən ölkə hansıdır? Əlbəttə ki, Azərbaycan. Bu yerdə hörmətli Prezidentimizin «Bizim sözümüz imzamız qədər möhkəmdir» fikrini xatırlatmaq yerinə düşər. Həqiqətən, belədir. Bu ona dəlalət edir ki, Azərbaycan öz sözünün sahibidir, öz düşüncəsini həyata keçirir.

- Səməd müəllim, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın inkişafı bu təşkilatın yaxın gələcəkdə Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli və prinsipial mövqedən çıxış etməsinə səbəb ola bilərmi? Təəssüf ki, ölkəmizə səfəri zamanı cənab Barrozunun bəyanatında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yenə də ümumi fikirləri eşitdik...

- Bəli, biz prosesi müşahidə edirik. Amma cənab Barrozu bu münaqişə ilə bağlı bir neçə dəfə fikirlərini bildirdi. O, ADA Universitetində olarkən, tələbələrin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipiallıq etməməsi ilə bağlı suallarına cavab verdi. Avropa Komissiyasının sədri bu reallığı etiraf etdi və bəzi işarələr etdi. O dedi ki, bu münaqişəni Avropa yaratmayıb. Və ikinci işarəni də  qeyd edərək Ermənistanın arxasında başqa qüvvələrin olduğunu bildiklərini vurğuladı. Yəni bu işarələri açıq şəkildə demək də, o qədər asan deyil.

Təəssüf ki, dünyada, o cümlədən, Avropada uzun müddətdir ki, Azərbaycana qarşı düşünülmüş bir siyasət aparılıb. Stolumun üstündə 2013-cü ildə Fransada nəşr olunmuş beynəlxalq münasibətlərə dair kitab var. Kitabda Cənubi Qaqfazın xəritəsi verilib və Azərbaycan torpaqları xəritədə düzgün göstərilməyib. Fikirləşmək olardı ki, məlumat azlığından belə yanlışlıq ola bilər. Amma reallıqda belə deyil. İndiyədək Azərbaycanla bağlı xüsusi qurumlar işləyirlər, heç də işlərini dayandırmırlar. Onlar müasir dünyanın metodlarından istifadə edirlər. Hansıdır bu metodlar? Birincisi, internet vasitəsilə dezinformasiyaların yayılmasıdır. İkincisi, insan haqları ilə məşğul olan təşkilatlardan istifadə edərək Azərbaycanda bu sahədə vəziyyətin guya pis olduğunu bildirirlər. Üçüncüsü, hər bir beynəlxalq qurumun içərisində Azərbaycan haqda elə bir məsələlər yayırlar ki, guya ölkəmiz ermənilərin hüquqlarını  hansısa formada pozur. Yəni tamamilə yanlış olan məsələlərdir. Bu, məqsədyönlü siyasətdir və onun yaradıcısı, kökü, maliyyələşməsini təşkil edənlər də var. Biz bunların hamısını bilirik. Ancaq Azərbaycanın inkişaf etdiyi, gücləndiyi dövrdə bu qüvvələr müqavimətini heç də azaltmırlar, əksinə çoxaldırlar. Doğrudur, əksər hallarda onlar məqsədlərinə nail ola bilmirlər. Amma arxayınlaşmaq olmaz. Çünki proses davam edir.

Əslində, bir tərəfdən bütün bunlara normal yanaşmaq lazımdır. Azərbaycanın gücü çoxaldıqca, təsiri artdıqca, Avropada rolu genişləndikcə, həmin qüvvələr ölkəmizə qarşı heç də sakitləşməyəcəklər, əksinə işlərini daha da gücləndirəcəklər. Bu, o günə kimi davam edəcək ki, Azərbaycanın rolu, əhəmiyyəti və təsiri artıq Avropanın özünə güclü təsir göstərməyə başlayacaq. Bu prosesi indi hiss etməyə başlayırıq.  ATƏT-in Minsk qrupu neçə illərdir fəaliyyət göstərir. Biz deyirik ki, onlardan bəyanatlardan başqa heç nə eşitmirik. Ukrayna hadisələri baş verdikdən sonra Avropa hiss etdi ki, separatçılığın təhlükəsi var. Bu təhlükə təkcə Ukrayna üçün deyil, o cümlədən Avropanın özü üçün təhlükədir. Amma Dağlıq Qarabağda separatçılıq Gürcüstandan və Ukraynadan da əvvəl başlayıb. Bu ərəfədə ABŞ-ın həmsədri dərhal bəyanat verdi ki, Minsk qrupunda Dağlıq Qarabağ məsələsinin həllini  mütləq aktivləşdirməliyik. Eyni zamanda, avropalı məmurlar, o cümlədən AŞPA-nın sədri Ann Brasör ölkəmizdə keçirilən tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini birmənalı şəkildə bəyan etdi.

Beləliklə,  Azərbaycanın apardığı siyasətə qarşı nə qədər müqavimət olsa da, bu siyasət Avropanın da maraqlarına uyğundur. Bu mənada Avropada qərar qəbul etmək səlahiyyətində olan şəxslərin Azərbaycanın mövqeyi ilə üst-üstə düşən fikirlər səsləndirməsi təsadüfi deyil. Doğrudur, bu proses hələ yüksək səviyyədə deyil, hələ yeni başlayıb. Bu siyasəti məntiqi sonuna qədər apara bilsək, Avropa,  dünya ictimaiyyəti Azərbaycanın haqq sözünü eşidəcək. Çünki bizim sözümüz beynəlxalq qanunlara söykənən haqq sözüdür. Buna baxmayaraq, bu sözü eşitmək bəzilərinə sərf etmir. Çünki dünyanın özü də çətin durumdadır.

- İşğalçı Ermənistan Avropa İttifaqı ilə Avrasiya İttifaqı arasında manevrlər edir. Sizcə, Avropa İttifaqının Ermənistanın bu davranışına münasibəti adekvatdırmı?

- Hesab edirəm ki, Ermənistanın siyasətini təhlil etmək o qədər düzgün deyil. Çünki hansısa müstəqil dövlətin yürütdüyü siyasətlə bağlı fikir yürütmək doğru olardı. Ermənistanın apardığı işlər ona gətirib çıxarıb ki, bütün beynəlxalq təşkilatlarda gözəl bilirlər ki, Ermənistan müstəqil dövlət deyil, ümumiyyətlə dövlət deyil. Yəni öz müqəddaratını müəyyən edə bilməyən bir «dövlət»lə hansı münasibətlərdən söhbət gedə bilər? Ermənistanda Avropa İttifaqından, yaxud Gömrük İttifaqına qoşlumaqdan nə qədər istəyirlər danışsınlar, amma  onların fikirlərinə əhəmiyyət verən beynəlxalq təşkilat yoxdur. Bu yaxınlarda Rusiyanın radiokanalarının birində bir verilişi dinləyirdim. Orada müxtəlif ölkələrin siyasətindən  fikirlər gedirdi. Söhbət əsnasında Ermənistanın Gömrük İttfaqına qoşulmasından və s. məsələlərdən də danışanlar oldu. Bu zaman verilişin aparıcısı dedi ki, danışanda diqqətli olmaq lazımdır, Ermənistan müstəqil deyil, ona görə də, başqa ölkələrin siyasətindən danışmaq lazımdır. Təsəvvür edin, Ermənistan hakimiyyəti öz ölkəsini elə vəziyyətə salıb ki, onun haqda radionun bir verilişində belə danışmaga lüzum görmürlər. Hətta Ermənistanın özündə də  rusiyapərəst qüvvələrin özləri də hansı vəziyyətə düşdüklərini etiraf edirlər.

Ermənistan heç bir ölkə ilə normal münasibət qura bilmir. Belə ölkənin gələcəyi ola bilməz. Təsəvvür edin, onun  4 sərhəd qonşusu var və bu qonşulardan üçünə qarşı ərazi iddiaları ilə çıxış edir. Belə ölkə regionda öz gələcəyinə ümidlə baxa bilərmi? Əlbəttə, yox. Bu ərazinin aqibəti böyük sual altındadır. Ona görə də, hesab edirəm ki, Ermənistan öz yolunu seçə bilməyəcək. Çünki seçim etmək üçün güc olmalıdır, dövlət kimi mövqeyi və cürəti olmalıdır. Ermənilərdə bunların heç biri yoxdur. Ermənistan yalnız terror, yalan və  şantaj ixrac edir və bundan istifadə edərək pul qazanır. Belə yaşamaq isə mümkün deyil.

- Səməd müəllim, bildiyimiz kimi Azərbaycan Avropa Şurasına sədrliyə başlayıb. Yaxın vaxtlarda AŞPA-nın yay sessiyası keçiriləcək. Sessiyanın  Azərbaycan üçün əhəmiyyəti nədən ibarət olacaq?    

- Avropa Şurasına sədrlik rotasiya prinsipi əsasında həyata keçirilsə də, belə bir təşkilata sədrlik etmək şərəfli məsələdir. Bildiyiniz kimi hazırda Azərbaycan 6 ay müddətində təşkilata sədrlik edəcək. AŞPA-nın iki sessiyası- yay və payız sessiyaları Azərbaycanın sədrliyi dövründə olacaq. Qarşıdan gələn yay sessiyasında Azərbaycan Prezidenti və xarici işlər naziri iştirak edəcək. Sessiyanın birinci günü xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi çıxış edəcək. Sessiyanın ikinci günündə isə Prezident İlham Əliyevin çıxış edəcəyi gözlənilir. Ümumilikdə, təşkilatın yay sessiyasında bir sıra məsələlər də müzakirə olunacaq.

Əminik ki, bizim sədrliyimiz dövründə həm Avropa dəyərlərini, həm də Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edəcəyik. 6 ay ərzində Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracayıq və bu yöndə müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi gündəmdə olacaq. Bilirsiniz ki, fransalı deputat, AŞPA-nın büro üzvü Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Bakıya gəlməsinə icazə verilmədi. Bu, tamamilə düzgün qərar idi. Amma  AŞPA təəssüflə Azərbaycanda iki il ərzində təşkilatın tədbirlərinin keçirilməməsi qərarını verməyə məcbur oldu. Amma bu qərarı verən kimi dərhal həmin qərarını öz komitəsinə göndərdi ki, bu qərar 1949-cu ildə qəbul olunmuş qanuna əsaslanır. 1949-cu ildə qəbul olunmuş qanun isə heç cür normal işləyə bilmir. Ona görə də, həmin qərara yenidən baxılması nəzərdə tutulur. Yəni özləri özlərini pis vəziyyətə saldılar. Buna baxmayraq, bu qərar bizim ikitərəfli münasibətlərimizə təsir göstərməyəcək. Əksinə, bu məsələ  Dağlıq Qarabağ problemini bundan sonra daha fəal şəkildə gündəmə gətirməyə imkan yaradır. Təşkilatda bu yöndə xüsusi müzakirələrin təşkil olunmasına əsas yaranıb. Əminəm ki, belə də olacaq. Təşkilata sədrliyimiz dövründə məsələ diqqət mərkəzində olacaq.