YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrin əhatəsi genişləndiriləcək

Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, 2017-ci il başa çatmaq üzrədir. Sosial-iqtisadi baxımdan, bu ilin  yekunlarını necə səciyyələndirirsiniz?

- Ümumiyyətlə, başa çatmaqda olan 2017-ci ilin yekunları, o cümlədən parlamentdə keçirilən 2018-ci ilin  büdcə zərfinə daxil olan məsələlərin müzakirələri göstərdi ki, yola saldığımız il Azərbaycanın ictimai, sosial-iqtisadi həyatı üçün uğurlu oldu. Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran davam edir, amma Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu böhrandan itkisiz çıxıb, sosial məsələlərin həllində heç bir çətinlik olmayıb. 2 il əvvəl Azərbaycan manatı devolvasiyaya uğrasa da, makroiqtisadi sabitlik təmin edilib, uğurlu iqtisadi inkişafımız davam edir.

Həyata keçirilən mühüm tədbirlər, xüsusilə strateji yol xəritələrinin icrasına başlanılması iqtisadiyyatımızın postneft dövründə sürətlə artımına və xarici təsirlərə davamlı münasibətin formalaşmasına səbəb oldu.

Bu ili sosial-iqtisadi cəhətdən təhlil edəndə ilk olaraq onu vurğulamalıyıq ki, qeyri-neft sektorunda əldə olunan gəlirlər ümumi daxili məhsulun 75 faizini təşkil edir. Bu, həqiqətən də çox böyük göstəricidir. Xatırlayıram ki, hələ 1990-cı illərdə müxalifət ölkəmizin gələcəyi haqqında bədbin fikirlər söyləyirdi, «holland sindromu»ndan danışırdılar. Amma tarix həmin qüvvələrin belə fikirlərinin cəfəngiyyat olduğunu təsdiqlədi.

Hazırda ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahəyə dövlət tərəfindən yüksək diqqət göstərilir, kənd təsərrüfatında  məhsuldarlığın artırılması üçün böyük işlər görülür. Həm ənənəvi taxılçılıq, pambıqçılıq, baramaçılıq, çayçılıq inkişaf edir, həm də dünya bazarına çıxa biləcək badam, tütün, fındıqçılığın inkişaf etdirilməsi yönündə tədbirlər görülür.

Kənd təsərrüfatı məhsulları həm xammal kimi, həm də emal olunaraq xarici dövlətlərə ixrac olunur. Bir sıra ölkələrdə Azərbaycanın ticarət evlərinin açılması və bu burada Azərbaycan brendi altında məhsulların təqdim olunması bizim məhsullaırımızın ixracını daha da stimullaşdırır. Bütün bunlar ölkəmizə valyuta gətirir. 

Eləcə də, turizmin inkişafı da yüksək rəqəmlərlə ifadə olunur. Belə ki, cari ildə bu sahədə 2 milyard manatdan çox vəsait əldə edilib. Bu, turizm sahəsində indiyə qədər ən yüksək göstəricidir. Belə faktlar göstərir ki, ölkəmizdə turizmin potensialı böyükdür və gələcəkdə ölkəmiz bu sahədə daha böyük gəlirlər əldə edəcək.

- Bu ilin ən mühüm hadisələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadə verilməsidir. Sizcə, bu layihənin əhəmiyyəti nədən ibarətdir?  

- Qeyri-neft sektorunun nəqliyyat-kommunikasiya istqaməti kimi bu məsələ çox önəmlidir. Haqlı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun bərpasını təmin edən strateji layihə kimi səciyyələndirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə  yaxın illərdə 15-20 milyon ton yük daşınacaq. Bu xətt Azərbaycan üçün yalnız iqtisadi dividentlər gətirməyəcək, həmçinin, Azərbaycanın dünyada nüfuzunu daha yüksəldəcək,  regionun iqtisadi-siyasi həyatında rolunu daha da gücləndirəcək. Bilirsiniz ki, artıq bir sıra dövlətlər bu xəttə qoşulmağa maraqlı olduğunu bildiriblər. Bu yöndə praktiki addımlar atılır. Bütün bunlar layihənin yüksək perspektivlərindən xəbər verir. Həmçinin, yaxın illərdə Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi nəzərdə tutulur ki, bu da Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynayacaq.

- Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə daxil olan sənədlər geniş müzakirələrdən sonra qəbul edildi. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan xərclər barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, 2018-ci ilin büdcə zərfinə daxil olan sənədlər Milli Məclisdə geniş müzakirə edilərək qəbul olundu. Azərbaycanın iqtisadi potensialı imkan verdi ki, gələn ilin dövlət büdcəsinin gəlir və xərc hissəsi artırılsın.  Gələn ilin dövlət büdcəsinin cari ilə nisbətən 20 faiz artırılması çox böyük göstəricidir.

Çox təqdirəlayiq haldır ki, büdcənin böyük hissəsi sosial xərclərə sərf olunacaq. Qeyd edim ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur. Bu 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2018-ci il dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır.
2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, sahələrinə 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin maliyyələşməsi üçün 304 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 22 milyon manat çoxdur.

- Musa müəllim, hazırda ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunması ilə bağlı pilot layihələr həyata keçirilir. Bu sistemin nə vaxtdan etibarən ölkə miqyasında tətbiqi gözlənilir?

- 2018-ci ilin dövlət büdcəsində icbari tibbi sığorta ilə bağlı vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələ də önəmlidir. Hazırda Yevlax və Mingəçevirdə pilot layihələri uğurla davam edir. Gələn il icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrinin əhatəsi genişləndiriləcək. Düşünürəm ki, biz artıq  2019-cu ilə icbari tibbi sığorta sistemini bütün ölkə üzrə tətbiq edə biləcəyik.

- Bəs Azərbaycanda sosial xidmət sisteminin tətbiqində nə kimi yeniliklər mövcuddur?

- Sosial xidmət sistemi  modernləşir. Ehtiyacı olanlara xidmət artır, bu yöndə müəssisələr, qocalar evi, əlillər evi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər tkilib istifadəyə verilir. Və bu müəssisisələr müasir səviyyədə qurulur. Artıq bu yöndə ilk sığınacaqlar da açılıb. Ümumiyyətlə, bu məsələ həm dövlətin, həm də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.

Rəsmi məlumatlarda da bildirilir ki, ölkədə sosial xidmətlər sisteminin əhatə dairəsi getdikcə genişlənir. “Hazırda “Sosial xidmət haqqında” Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayanlar, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər”.

- Sizcə, qarşıdan gələn 2018-ci il ərzində ölkəmizi sosial-iqtisadi cəhətdən hansı perspektivlər gözləyir?

- Hesab edirəm ki, bütövlükdə 2017-ci il xalqımız və dövlətimiz üçün uğurlu il oldu. Əlbəttə ki, qazanılan uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsini şərtləndirir. Bu baxımdan, 2018-ci ilin daha perspektivli olacağı gözlənilir. Düşünürəm ki, gələn il əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından, yəni əməkhaqları və pensiyaların artırılması, məşğulluğun daha geniş şəkildə təmin edilməsi cəhətdən yeniliklər olacaq. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.

Strateji Yol Xəritəsində göstərildiyi kimi 2025-ci ildə Azərbaycan dünyanın sosial dövlətlər sırasına qoşulmalıdır. Bu qarşımızda dayanan böyük hədəfdir. Şübhəsiz ki, xalq-Prezident birliyi nəticəsində bu hədəfə nail olunacaq.