YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli

- Hadi müəllim, ötən həftə Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlər geniş müzakirə olundu. Gələn ilin dövlət büdcəsi layihəsində sosial məsələlər özünün necə əksini tapır?

- Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla  icrasına təminat verməkdədir.  Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir. 

Qeyd etdiyiniz kimi, respublikamızın ali maliyyə qanunu - büdcə zərfi və onunla bağlı digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olunub. Debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb edir. Bunlardan birincisi dövlət büdcəsinin mədaxil hissəsinin əvvəlki ilə nisbətən 20% artması, ikincisi ölkədə möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı geniş miqyaslı iqtisadi və sosial islahatların sənəddə rəqəmlərlə bariz ifadəsi, ücüncüsü və düşünürəm ki ən əsası büdcəmizin sosial yönümlü və investisiya tutumlu olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının baş məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır.

- “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” haqqında nə deyə bilərsiniz?

Büdcə zərfində bir sıra əsaslı özəlliklər diqqəti cəlb edir. Belə ki, bu il əvvəlki illərdə bizəDövlət Sosial Müdafiə Fondunun büdcəsi kimi ünvanlanan sənədlər, indi “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” kimi təqdim olunur. Bu büdcənin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük birqismi təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqqlarıbu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir.

İlk dəfədir ki, bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu o  deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta  məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcəkdir. Göstərilən vəsaitin məbləği bu il 1milyard 300 milyon təşkil edir. Onu da qeyd edim ki, bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42%-ə qədərini təşkil edirdisə, indi bu faiz 36,3%-ə enmişdir. Bu bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırmışdır.

Onu da qeyd edim ki, işəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edərək möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyası yaradılmışdır ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında mühüm rol oynayacaqdır.

Digər önəmli məsələ bu il “Əmək  pensiyaları haqqında” Qanuna etdiyimiz əsaslı dəyişikliklərin maliyyə tutumunun bu büdcədə təzahür olunmasından ibarətdir. İslahatların pozitiv məqamlarından birincisi pensiya haqlarının əvvəlki illərdən fərqli olaraq indeksləşməsi prosesi yalnız pensiyanın baza hissəsinə deyil, bütöv pensiya məbləğinə şamil olunmasıdır ki, bu da ödəmələrin həcminin xeyli artmasına xidmət edəcəkdir.

İkinci maraqlı məqam pensiya yaşı ötmüş çalışan işçilərin bu müddətdə ödədikləri sığorta haqqının da müvafiq zamandan sonra yenidən çözülərək, vətəndaşın pensiyasına əlavə vəsaitinhesablanması məqamıdır ki, bu daməbləğin hiss olunan dərəcədə çoxalmasına xidmət edəcəkdir.

Digər bir məsələ isə artıq gələn ildən əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulmuş işsizliyə görə sığorta haqqı üçün nəzərdə tutulan vəsaitin bu büdcədən çıxarılaraq ayrı bir sistemdə formalaşmasıdır. Bütün bu yeniliklər və islahatlar pensiya ödəmələrinin əsaslı artmasına, gələcəkdə isə bir az da çoxalmasına xidmət edəcəkdir.

- 2018-ci il üçün “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin hansı səviyyədə məbləği əhaliyə ödənişlər hesabına olacaq?

- Gələn il üçün “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3.5 milyard manatı yəni 98%-ə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır.

Komitə iclasında əlaqədar icra orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə uğurlar, müsbət tendensiyalarla yanaşı bir sıra digər maraqlı fikirlər də səsləndi. Belə ki, bu sahədə debitor borclarının yığılması ilə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac olduğu xüsusilə vurğulandı. Eyni zamanda Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, təxminən 2016-cı ildə dövlət sosial sığortasına cəlb edilməyən ümum daxili məhsuldakı rəqəm artıq 1 milyard 100 milyon manatı keçmişdir. Bu da onu göstərir ki, bütün dövlət strukturlarının birgə əməkdaşlığı nəticəsində sığorta fonduna əlavə vəsaitlərin cəlb olunması üçün böyük ehtiyat mənbələri vardır.

Düşündürən məsələlərdən biri də, əlilliyə görə pensiyaya çıxanlar qismən azalsa da, faiz olaraq ümumi pensiyaçıların tərkibində yüksək olaraq qalmaqdadır. Belə ki əlilliyə görə pensiya alanların 385 min nəfər təşkil etməklə ümumi pensiyaçıların təxminən 29,2%-nə qədəri olur. Hesab edirəm ki, bu qrup insanların pensiyaya  çıxma şərtlərinin yenidən işlənməsinə ehtiyac vardır.

- Hadi müəllim, “İşsizlikdən Sığorta Fondunun büdcəsi” haqqında da fikirlərinizi bilmək istərdik. Nəzərə alsaq ki, bu yeni bir məsələdir, fondun əhəmiyyəti nədən ibarətdir?

- Bu ilin büdcə zərfinin müzakirələrində yeni bir sənəd “İşsizlikdən sığorta fondunun büdcəsi” hamımızın diqqətini cəlb etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisə daxil olmuş “İşsizlikdən sığorta haqqında” Qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrəməşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir. Son iki ildə orta və kiçik sahibkarılığın inkişafi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesində sahibkarlıq fəaliyyəti geniş vüsət almışdır. Bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədə 16 milyon manat vəsait ayrılmışdır.

Özünüməşğulluğun ölkə üzrə hərtərəfli və genişmiqyaslı tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Əmək Təşkilatı ilə birgə dünya təcrübəsinin öyrənilməsi məqsədilə sahəsində bir sıra maraqlı layihələr həyata keçirmişdir. Onu da qeyd etməyi vacib sayıram ki, əvvəlki illərdən fərqli olaraq məşğulluq xidmətinin fəaliyyəti köklü dəyişdirilmiş, burada yeni faydalı əsas istiqamətlər müəyyənləşdirilmişdir.

İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan bir az çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcəkdir. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulmuşdur. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir. Qəbul etidyimiz qanuna əsasən bu fonda işəgötürənlər və işçilər hər biri əmək haqqı fondunun  0,5%-i məbləğində ümumilikdə 1% vəsait köçürəcəklər. Fondun baş məqsədi, aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə fondun fəaliyyətinin fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasina keçməkdir. Belə ki, bu  büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcəkdir. Peşə hazırlğı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən  ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaqdır.

Diqqəti cəlb edən bir rəqəmi də nəzərinizə çatdırmaq istəyirəm. İşsizliyə görə sığorta ödəmələri hissəsi 3 dəfə artıb 33,5 milyon manat təşkil etsə də, bu göstərici yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu bir daha onu göstərir ki, baş məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin olunmasıdır.