YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxardı

Müsahibimiz Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı

- Səyyad müəllim, məlum olduğu kimi, qarşıdan Azərbaycan tarixinin şanlı qürur səhifələrindən biri olan 15 iyun - Milli Qurtuluş Günü gəlir. Bu hadisənin müstəqil Azərbaycanın siyasi tarixindəki müstəsna əhəmiyyəti nədir?

- XX əsrin sonlarında dünya siyasətində çox ciddi hadisə və dəyişikliklər baş verdi. Məlum olduğu kimi, həmin dövrdə SSRİ çökməyə başladı və bu İttifaqda təmsil olunan xalqlar milli azadlıq mücadiləsinə qalxdılar. Bu mübarizənin önüdə gedən toplumlardan biri də Azərbaycan xalqı idi. Xalqımız 1920-ci ildə itirdiyi müstəqilliyi yenidən bərpa etmək niyyətində idi. Hadisələrin gedişatı Azərbaycan xalqının müstəqilliyə qovuşması ilə nəticələndi. Amma 18 oktyabr 1991-ci il tarixində müstəqilliyin elan olunmasından sonra ictimai-siyasi sabitlik təmin edilə bilmədi. Bunun əsas səbəbi o idi ki, o zaman ölkəyə rəhbərlik edən hakimiyyətdə müstəqillik uğrunda qətiyyətli mübarizə aparan xalqı irəli daşıyacaq lider yox idi. Daha doğrusu, AXC-“Müsavat” hakimiyyətində təmsil olunan şəxslər ölkəni idarə etmək üçün dövlətçilik təcrübəsinə və kifayət qədər siyasi səriştəyə malik deyildilər. Hakimiyyət daxilində isə qısqanclıq, intriqa və ziddiyyətlər hökm sürürdü ki, bu da nəticə etibarilə ölkə daxilindəki xaos və tənəzzülü şərtləndirirdi.

Belə bir şəraitdə Azərbaycan xalqı xilaskarlıq missiyası üçün üzünü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə tutdu. Çünki Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və vətəndaş müharibəsindən xilas edəcək yeganə lider idi. Beləliklə, iyunun 9-da Naxçıvandan Bakıya gələn, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev Azərbaycanın xilasına nail oldu. Baş verən hadisələrin mahiyyəti və qanunauyğunluğunu dərindən dərk edən, xalqının tarixinə, mübarizə əzminə bələd olan Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı və bəyan etdi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir, daimidir.

Beləliklə, fəaliyyətinin bütün dövrünü Azərbaycan xalqı və dövlətinə həsr edən Ümummilli lider Heydər Əliyev xalqımız qarşısındakı ali missiyasını davam etdirərək ölkəni tənəzzüldən xilas etməklə dirçəliş və tərəqqi yoluna çıxardı. Bu, Azərbaycan tarixində, sözün əsl mənasında,  dönüş nöqtəsi oldu.

- Ümummilli lider Heydər Əliyev xalqımızın xilaskarı olmasını 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövrdə dövlətimizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bu dövrü necə xarakterizə edərdiniz?

- 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə uyğu olaraq hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə ölkəni sabitlik və inkişaf yoluna çıxardı. 1993-2003-cü illərdə Azərbaycan əvvəlki 70 ildə getmədiyi inkişaf yolunu keçdi. İlk növbədə, Azərbaycan müstəqil, öz suverenliyini qoruyan müstəqil bir respublika kimi dünya tarixinə düşdü. Ölkə daxilindəki sabitlik və inkişafla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyi gücləndi, ölkəmiz səmərəli xarici əlaqələr və əməkdaşlıq münasibətləri formalaşdırdı. 20 sentyabr 1994-cü il tarixində imzalanan “Əsrin müqaviləsi” həm Azərbaycanın iqtisadi inkişafını təmin etdi, həm də ölkəmizin beynəlxalq mövqeyini gücləndirdi. Daha sonra yeni müqavilələr imzalandı, əməkdaşlıq münasibətləri uğurla davam etdirildi ki, bütün bunlar birmənalı şəkildə Azərbaycanın inkişafına xidmət etdi. Beləliklə, Azərbaycan müstəqil, suveren, eləcə də təhlükəsizlik və sabitliyin təmin olunduğu ölkə kimi beynəlxalq aləmdə söz sahibinə çevrildi. Azərbaycan beynəlxalq miqyasda zəngin enerji ehtiyatlarına malik olan, səmərəli xarici siyasət həyata keçirən qüdrətli bir ölkə kimi qəbul olundu. Nəticə etibarilə, ölkəmiz çoxsaylı tərəfdaşlar qazandı.

Beləliklə, müasir Azərbaycanın sürətli inkişafının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Uu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil siyasət yürüdərək yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi.

- Bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırki inkişafı və perspektivini necə dəyərləndirirsiniz?

- Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Ümummilli lider Heydər Əliyevdən sonra hakimiyyətə, sözün həqiqi mənasında, Onun layiqli davamçısı, siyasi və mənəvi varisi gəldi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin nümunəvi fəaliyyəti sayəsində Azərbaycan möhtəşəm uğurlar əldə etdi. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu zənginləşdirərək, ona müasir dövrə uyğun çalarlar verərək Azərbaycanı uğurla parlaq gələcəyə aparır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi böyük uğurlar və ardıcıl qələbələrlə müşayiət olunur. Ölkə daxilində həyata keçirilən islahat xarakterli tədbirlər və əldə edilən nəticələrlə yanaşı, xarici siyasətdə qazanılan nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyini göstərir. Təkcə bir nümunəyə istinad edərək fikrimizi əsaslandıraq. Məlum olduğu kimi, BMT-də Ukrayna ilə bağlı səsvermə zamanı Azərbaycan dövlətlərin ərazi bütövlüyü və 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktını əsas götürərək bu ölkənin ərazi bütövlüyünün lehinə səs verdi. Bundan başqa, Avropa Şurası Parlament Assambleyasında Rusiyanın səsvermə hüququndan məhrum olunması məsələsində isə Azərbaycan belə bir qərarın qəbul edilməsinin düzgün olmadığını bəyan edən mövqe sərgilədi. Baxın, fərqli situasiyalarda Azərbaycan dövləti necə müdrik qərarlar qəbul etdi. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin dəqiqliyi və doğruluğunu göstərir.

Eyni zamanda, ölkəmizdə müşahidə edilən dinamik iqtisadi inkişafla yanaşı, səmərəli sosial siyasət həyata keçirilir. Əhalinin bütün təbəqələri yüksək dövlət qayğısı ilə əhatə olunub. Qarabağ müharibəsi əllilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Bu gün paytaxt Bakı ilə yanaşı, ölkənin regionları uğurla inkişaf edir, bölgələrin siması əsaslı şəkildə dəyişilir.

Bununla yanaşı, Azərbaycan tolerantlıq nümunəsi kimi çıxış edir. Azərbaycan xalqı müxtəlif dinlərə mənsub insanlara olduqca humanist yanaşır. Tərəddüdsüz deyə bilərəm ki, Azərbaycan mənəvi baxımdan və dünyəvi dəyərləri qiymətləndirmək nöqteyi-nəzərindən müasir Avropa ölkələrinin bir çoxunu ötmüşdür. Bir çox məşhur dövlət və din xadimləri Azərbaycandakı tolerantlıq mühiti, dinlərə olan münasibətlə bağlı əhəmiyyətli fikirlər söyləyiblər. Məsələn, Papa II İohan Pavel demişdi ki, Azərbaycanda dinlər arasında  mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər. Bundan başqa, Moskva və Ümumrusiya Patriarxı II Aleksi ölkəmizi nəzərdə tutaraq bildirmişdi ki, burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinləri və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait, təəssüf ki, bəzi pravoslov ölkələrində belə yoxdur.

Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir. Müstəqilliyə qədər Azərbaycanda 17 məscid var idisə, 2013-cü ilin dekabr ayına olan statistikaya əsasən, məscidlərin sayı 2000-dən çoxdur. Həmçinin ölkəmizdə 12 kilsə (Bakıda 3 pravoslov, 1 katolik, 1 lüteran, Gəncədə və Xaçmazda 1 pravoslov, Qəbələdə 1 alban-udi, Qaxda 4 gürcü-provaslov kilsəsi) var. Bununla yanaşı, ölkəmizdə 7 sinaqoq (Bakıda 2, Oğuzda 2, Qubada 3). mövcuddur. Ölkədə xristianlığın müxtəlif qollarına mənsub insanlar tərəfindən dini mərasimlərin icra edildiyi 26 ibadət evi var. Beləliklə, sadalananlar Azərbaycanın tolerantlığını göstərən mühüm faktlar olmaqla yanaşı, dünya xalqları üçün nümunədir. 

Yekun olaraq qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru irəliləyir.