MÜSAHİBƏLƏR
İslam dünyası üçün böyük əhəmiyyəti olan IV İslam Oyunlarının Azərbaycanda keçrilməsi tarixi hadisədir
- Rauf müəllim, yaranmış yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Bu islahatlar inkişaf baxımından ölkəmizə nə kimi perspektivlər vəd edir?
- Ümumiyyətlə, müəyyənləşdirilən yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inkişafını təmin edəcək. Hazırda bu istiqamətdə işlər uğurla davam edir. Yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır.
Fərmanla nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Fərmanda qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Hesab edirəm ki, hazırda həyata keçirilən tədbirlər ölkəmizin inkişafını daha da gücləndirəcək.
- Dünya baş verən mürəkkəb proseslər fonunda Azərbaycan dövləti sosial sahədə də sistemli tədbirlər həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
- Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, işsizliyin aradan qaldırılması diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Son 13 ildə respublika üzrə təxminən 1,6 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktordur. Yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır.
- Hazırda əhalinin məşğulluğunun təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Sizcə, bu tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır.
Belə ki, Dövlət proqramlarının icrası çərçivəsində respublikanın bölgələrində onlarca böyük əmək tutumlu sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Eyni zamanda, ölkə miqyasında fəal məşğulluq tədbirləri həyata keçirilir, mütəmadi olaraq əmək yarmarkaları təşkil edilir. Regionlarda həmçinin işaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də davamlı tədbirlər həyata keçirilir. Son illərdə regionlarda aktiv məşğulluq tədbirləri çərçivəsində işaxtaranların, ələlxüsus da gənclərin peşə hazırlığına diqqətin artırılması təqdirəlayiq haldır. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,7 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Dövlətimiz yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır.
- Rauf müəllim, bildiyimiz kimi Azərbaycanda nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. May ayında ölkəmiz növbəti idman tədbirinə- IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Sizcə, bu möhtəşəm idman tədbiri ölkəmizə nə kimi dividentlər gətirəcək?
- Bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır.
Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Azərbaycanda da Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib.
Qeyd etdiyiniz kimi may ayında ölkəmiz növbəti nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçrilən beynəlxalq idman tədbiridir. Bu yarışlarda İslam Əməkdaşliq Təşkilatına üzv olan ölkələrdən olan idmançılar iştirak edir. İlk dəfə bu oyunlar 2005-ci ildə aprel ayının 5-20-ə kimi Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçrilib.Yarışlarda 55 dövlətdən 6000 idmançı 15 idman növü üzrə medallar uğrunda mübarizə aparmışlar. 2-ci İslam Həmrəylik Oyunları əvvəl 2009-cu ildə İranda keçrilməsi planlaşdırılırdı, amma sonra tarix 2010-cu ilin aprel ayına dəyişdirildi. 3-cü İslam Həmrəylik Oyunları 2013-cü ilin sentyabr ayının 12-dən 22-ə kimi İndoneziyada Palembanq şəhərində keçrilib. Yarışlarda 44 ölkəni təmsil edən 1769 idmançı 13 idman növü üzrə yarışıb.
IV İslam Həmrəyliyi Oyunları isə 2017-ci ildə may ayının 12-dən 22-ə kimi Azərbaycanın paytaxtı Bakı şəhərində keçriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Bu barədə qərar 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Asambliyasında qərar qəbul edilib. Bu qərar Azərbaycanda böyük razılıq hissi ilə qarşılanıb.
Bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. İslam aləmində özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensialı, həyata keçrilən müasir infrostruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır. Yüksək səviyyədə keçrilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçrilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu oyunlar eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrlik etməsi indidən deməyə əsas verir ki, bu beynəlxalq tədbir çox yüksək səviyyədə təşkil olunacaq. İlk Avropa Oyunları imkan verdi ki, Azərbaycan öz potensialını nümayiş etdirsin. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayyəndələri rahat bir ailə kimi yaşayır və Azərbaycan bütün qonaqları qəbul etməyə hazırdır. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi yadda qalacaq. Azərbaycan İslam aləminin bir parçasıdır. Azərbaycan bu böyük ailənin üzvü kimi səy göstərəcəkdir ki, oyunlar ən yüksək səviyyədə təşkil olunsun.
Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır. Oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs bu reallıqları öz gözləri ilə görəcəklər. Çox təəssüflər olsun ki,İslam aləmini əhatə edən cografyada artıq uzun illərdir ki, qanlı münaqişələr, müharibələr davam edir. Milyonlarla insanlar öz doğma yurd-yuvalarını tərk edərək qonşu ölkələrə , əksəriyyəti isə Avropa ölkələrinə üz tutmuşlar. Aydındır ki, bu münaqşələr, müharibələr müxtəlif beynəlxalq güclərin öz məqsədlərinə çatmaq üçün apardıqları siyasətin nəticəsində baş verir.Eyni zamanda qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı münasibətlər istənilən səviyyədə deyildir. Ona görə də bu ölkələr arasında konfiliktlərin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi nəzərdən IV İslam Oyunlarının Azərbaycanda keçrilməsi həm Azərbaycan üçün ,iştirakçı dövlətlər üçün , İslam dünyası üçün ,ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda bütün dünya görəcək ki, Azərbaycan böyük imkanlara malik bir ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.