YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, məlum olduğu kimi bu gün dünya miqyasında böhranın təsirləri hələ də hiss olunmaqdadır. Ayrı-ayrı ölkələr bu tendensiyadan çıxış yolu tapa bilmirlər. Lakin Azərbaycan anti-böhran tədbirlərilə bu prosesdən az itkilərlə çıxa bilir. Necə düşünürsünüz, Azərbaycanın qısa müddət ərzində böhranın təsirlərini neytrallaşdırması hansı faktorlardan irəli gəlir?

- Təxminən 2 il öncə dünyada cərəyan edən iqtisadi-maliyyə böhranı bütün sahələrdə mürəkkəb vəziyyət yaratmaqla müxtəlif problemlər ortaya çıxardı. Əlbəttə ki, qlobal transformasiya dövrünü keçən dünyanın ayrılmaz parçası olan Azərbaycan da böhranın təsirlərinə məruz qaldı. Xüsusilə də, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsilə ölkəmizdə sosial-iqtisadi və maliyyə sektorlarında qaçılmaz problemlər meydana çıxdı. Lakin dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda anti-böhran tədbirlərinin reallaşdırılması özünü sistemli və effektiv reformalarla göstərdi.

Xarici fondlardan, beynəlxalq maliyyə institutlarından yardım gözləyən, siyasi böhran keçirən, sosial-iqtisadi kataklizmlər yaşayan dövlətlərdən fərqli olaraq Azərbaycan hakimiyyəti daxili resurslarına və imkanlarına arxalanaraq böhranın təsirlərini minimuma endirmək üçün təxirəsalınmaz addımlar atdı. Bu gün artıq cəmiyyətimiz və beynəlxalq iqtisadi təsisatlar aydın şəkildə görürlər ki, Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir.

Məhz, söylənilən məqamdan çıxış edərək biz Azərbaycanın qısa müddət ərzində böhranın təsirlərini neytrallaşdırmasında 2 mühüm faktorun təsirini göstərə bilərik: birincisi, anti-böhran tədbirlərini yüksək dəqiqlik və planlı şəkildə reallaşdırmaq üçün güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin fəaliyyəti, ikincisi, dövlətimizin başçısının atdığı anti-böhran addımlarına, ölkəmizin daha da güclü olması istiqamətində ortaya qoyulan səylərə birmənalı dəstəyini verən xalq faktoru, daha doğrusu, xalq-iqtidar birliyi. Təsadüfi deyildir ki, qlobal böhranın təsirindən çıxılmaz vəziyyətə düşən dünya ölkələrinin bir çoxunda bu faktorlar olmadığından siyasi-iqtisadi və sosial kataklizmlərin aradan qaldırılması mümkün olmur. Azərbaycanda isə bu faktorlar mövcud olduğundan qarşıya qoyulmuş hədəflərə nail olmaq mümkün olur. Elə dövlət başçısının ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı göstərişləri, Fərman və sərəncamları cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. İctimaiyyətin cənab Prezident İlham Əliyevin anti-böhran tədbirlərinə və ölkəmizin inkişaf etdirilməsi fəaliyyətinə xüsusi diqqət və dəstəyini Saatlı rayonuna səfəri zamanı da müşahidə etdik. Bu, bir daha onu göstərir ki, vətəndaşlar dövlətinə və Prezidentinə inanır. Məhz, bu faktorlar Azərbaycanın tez bir zamanda böhranın təsirlərini neytrallaşdırmasına və makroiqtisadi sabitliyi təmin etməsinə əlverişli şərait yaradır.

- Sadaladığınız faktorlardan biri kimi xalq-iqtidar birliyi özünü 2016-cı ilin aprel döyüşləri zamanı da göstərmişdi. Reallıq ondan ibarətdir ki, Azərbaycanda sabitliyin qarantı elə bu amildir. Sizcə, xalq-iqtidar birliyini bu qədər möhkəm edən səbəblər hansılardır?

- Öncə onu qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində bütün dünya ictimaiyyəti, hətta, düşmənlərimiz gördülər ki, xalq Ali Baş Komandanına və ordusuna necə inanır və dəstək verir. Aprel döyüşlərində Nizami rayonu da şəhidlər verdi. Şəhidlərimizin son mənzilə yola salınması zamanı insanların, xüsusilə də, gənclərin necə vətənpərvər ruhda olduğunu müşahidə etdik. Bütün Azərbaycanın rayon və şəhərlərindən olduğu kimi Nizami rayonundan da Ali Baş Komandanın əmri ilə döyüşə getmək üçün minlərlə insan Müdafiə Nazirliyinə müraciət edirdi. Bütün bunlar təbii ki, xalqın cənab Prezident İlham Əliyevə və Azərbaycan ordusuna olan sevgisinin göstərici idi.

Lakin Ermənistanda insanların prezidentlərinə olan nifrətini və lənətini sezdik. Çünki Ermənistanın kriminal rejiminin rəhbəri erməni xalqını yalnız uçuruma aparır. Amma əksinə olaraq Azərbaycanda mövcud olan xalq sevgisi və dəstəyi cənab Prezident İlham Əliyevin rasional və praqmatik siyasətinə bir ümumictimai reaksiyadır. Bu da əlbəttə ki, səbəbsiz deyildir.

Bu gün cənab Prezident İlham Əliyevdən başqa hansı ölkə başçısını göstərə bilərsiniz ki, ad gününü vətəndaşlarla, qaçqın və məcburi köçkünlərlə keçirsin? Prezident İlham Əliyev daim xalqın yanında və hər bir vətəndaşın Prezidenti olduğunu sübut edib. Bütün bölgələrdə birbaşa insanlarla görüşüb, onları dinləyib, mövcud problemlərin həlli barədə konkret tapşırıqlar verib. Məhz, birbaşa Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci ölkədir. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, valyuta ehtiyatları xarici borclarından 5 dəfə çoxdur. Eyni zamanda, birbaşa cənab Prezidentin fəaliyyətinin nəticəsidir ki, bu il təkcə pambıqçılıq sektorunda 200 min iş yeri açılacaq, eyni zamanda, sənaye və istehsal müəssisələri fəaliyyətə başlayacaq, ölkəmizdə maşın, texnika və dərman istehsalı genişlənəcək.

Söylənilənlə yanaşı, dövlətimizin başçısının məntiqi fəaliyyətinin nəticəsidir ki, hazırda Azərbaycan regionda ən güclü orduya malikdir. Məhz, həmin ordu 2016-cı ilin aprel ayında düşmənə layiqli dərs verdi. Bu gün Ermənistanın kriminal rəhbərliyi isə qorxu içərisindədir. Çünki aprel döyüşləri Ermənistanın bu günə qədər yaratdığı mifi darmadağın etdi. “Yenilməz” Ermənistan ordusu haqqında deyilənlərin sadəcə sabun köpüyü olduğu isbatlandı.

- Zaman keçdikcə ölkəmizdə insanların yaşayış səviyyəsi də yüksəlir. Bütün sferalarda dəyişikliklər baş verdiyi kimi qanunvericilik sahəsində də yeniliklər olur. Bu baxımdan, cəmiyyətimizi səhiyyə və ailə, qadın, uşaq sferası ilə bağlı hansı addımlar atılır?

- Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir. Bu prosesdə başlıca institut kimi çıxış edən Milli Məclis xüsusi rol oynamaqla üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir. Bildiyiniz kimi, 2015-ci il parlament seçkilərindən sonra Milli Məclisdə yeni komitələr yaradıldı. Həmin komitələrin sırasında Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələri də xüsusi fəallığı ilə seçilirlər. Bu günə qədər Səhiyyə komitəsində “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə və digər məsələlər haqqında müzakirələr aparılıb.

Ailə, qadın və uşaq məsələləri komitəsində isə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə müzakirələr aparılıb, müxtəlif təkliflər irəli sürülüb.

Bütün bunlarla yanaşı, komitələrin iştirakı ilə müxtəlif ictimai aktuallıq kəsb edən problemlərlə əlaqədar dinləmələr, konfranslar təşkil edilib. Məhz, adı keçən komitələrdə bundan sonra da cəmiyyətimizi narahat edən problemlərin həlli istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi yönündə yeni-yeni addımlar atılacaq.

- Sədaqət xanım, YAP Nizami rayon təşkilatının fəaliyyətindən də bəhs etmənizi istərdik. Rayon təşkilatı bu gün hansı tədbirləri həyata keçirir və perspektiv planlarınız nədən ibarətdir? YAP Nizami rayon təşkilatı hansı yeniliklərlə çıxış edəcək?

- Bildiyiniz kimi, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatı da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızım bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.

Hazırda YAP Nizami rayon təşkilatının 142 ərazi ilk partiya təşkilatında 13 minə yaxın insan birləşib. Sevindirici haldır ki, üzvlərimizin 50 faizindən artığını gənclər təşkil edir. Onların sayı 6097 nəfərdir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımızın sayı isə 5811 nəfərdir. Sıralarımızda həmçinin olimpiya, dünya, Avropa, respublika çempionları, alimlər, ictimai-siyasi xadimlər də yer alıb.

Məlumat üçün bildirim ki, YAP Nizami rayon təşkilatı bir çox işlərə imza atıb. YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkilat cəmiyyətimizin bütün sosial stratifikasiyasını əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. Xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bütün təqvim günlərində aktual mövzuları əhatələyən tədbirlər, konfranslar, dəyirmi masalar və s. təşkil edilib, ağacəkmə, iməcilik tədbirləri, səhiyyə aksiyaları keçirilib.

YAP Nizami rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, əksinə kütləvi tədbirlərlə onun təsirini daha da artırıb. Elə bu məqamda qeyd edim ki, Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə futbol, voleybol, şahmat, stolüstü tennis, güllə atıcılığı, breyn-ring və digər idman yarışlarına, “Həmrəyliyimiz birliyimizdir” mövzusunda inşa, rəsm, qiraət müsabiqələrinə start verib. Bu yarışlar çərçivəsində 200-dən artıq gənc mükafatlandırılacaq.

Bütün bunlarla yanaşı, “Heydər Əliyev irsini öyrənirik” adlı Heydər Əliyev Məktəbinin növbəti dərsləri olacaq, gənclərin, yeniyetmələrin Azərbaycanın tarixi məkanlarına, Bakı şəhərində yaradılmış müasir muzey və mərkəzlərə və bir sıra rayonlara səfərləri təşkil ediləcək. Həmçinin, vətənpərvər və qorxmaz gənclik yetişdirmək missiyasından irəli gələrək cəbhə xəttində yerləşən əsgərlə görüşə gediləcək. Hətta, ilk dəfə olaraq yeniyetmələr arasında hərbi oyunlar üzrə yarışların keçirilməsi planlaşdırılır. Bu yarışlar tamamilə fərqli bir rakursda olacaq və düşünürük ki, gənclər tərəfindən də böyük maraqla qarşılanacaq.

İdeoloji işlərlə yanaşı təşkilatımız rayonumuzun sosial diqqətə və qayğıya ehtiyacı olan insanları da yaddan çıxarmır. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır və onların həlli üçün maksimum səy göstərilir. Təşkilat üzvləri dəfələrlə əlillər, uşaqlar, ahıllar evlərini ziyarət edib, onlar üçün hədiyyələr aparıblar. Həmçinin, bütün bayramlarda rayon sakinlərinə sovqatlar verilir, Ramazan ayında iftar süfrələri açılır və dövlətimizin əsas siyasi-sosial prioriteti olan sosial bərabərlik prinsipi reallaşdırılır. Hətta, Azərbaycanın tolerant mənzərəsinin ifadəsi də rayon təşkilatının fəaliyyətində öz əksinin tapıb. Yəni, YAP Nizami rayon təşkilatı etnik və dini fərqliliyə yol vermədən digər xalqların da bayramlarını onlarla birgə qeyd edir.

Bir sözlə, YAP Nizami rayon təşkilatının fəaliyyəti çoxşaxəli və genişdir. Bu işlərin siyahısını daha da genişləndirmək mümkündür. Amma bütün görülən işlərin mahiyyətində duran müstəqil dövlətçiliyin, vətənçiliyin, Azərbaycançılığın, sosial ədalət prinsipinin və digər mühüm məsələlərin fasiləsiz, daha geniş auditoriyada təbliğ edilməsi kimi fəlfəsə isə dəyişməzdir.