YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar

Müsahibimiz YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur  müəllim, bildiyimiz kimi hər il 2 fevral-Gənclər Günü ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir.  Gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir.  Bu barədə fikirlərinizi bilmək istərdik…

- Ümumiyyətlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş  sahəsi də uğurla inkişaf edir.  Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar. Xüsusi olaraq qeyd edim ki, məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu dövlət siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar. 

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və hər zaman onlara dəstək vermişdir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam edir. 

- Sizcə, dövlət gənclər siyasəti ilə bağlı hüquqi baza hansı səviyyədədir? Ümumiyyətlə, bu istiqamətdə mövcud qanunvericiliyi necə qiymətləndirirsiniz?

- Təbii  ki, ölkəmizdə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb. Bundan başqa, "Bədən tərbiyəsi və idman haqqında" qanun və müvafiq  fərman və sərəncamlar, eləcə də, dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına imkan yaradıb. 

Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Eyni zamanda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərimiz üçün mühüm istiqamətlər mövcuddur.

- Hazırda dünyada mürəkkəb sosial-siyasi proseslərin və dəyişikliklərin baş verdiyi bir şəraitdə yeni çağırışlar meydana çıxır. Gənclərin bu çağırışlara cavabını necə dəyərləndirmək olar?

- Müasir Azərbaycan gəncliyi bizim müstəqil bir ölkədə yaşamağımız,  müstəqil bir ölkənin vətəndaşı olmağımız,  milli kimliyimizin dünya tərəfindən qəbul edilməsi üçün Ulu öndər Heydər Əliyevin nə qədər əziyyətlər çəkdiyini çox yaxşı bilir. Ulu öndər Heydər Əliyev bizə böyük əmanət miras qoyub. Bu, müstəqil Azərbaycan dövlətidir. Biz bunu dərk edirik və müstəqilliyimizin davamlı olması,  dövlətimizin güclü olması üçün üzərimizə düşən yükü götürməliyik. Bu mənada Azərbaycan gəncliyinin fəaliyyəti qənaətbəxşdir. Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk.

- Seymur müəllim, artıq 2016-cı il tarixə çevrildi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətinin başlıca istiqamətləri nədən ibarət oldu?

- Fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üçün dəyişməz prinsiplər mövcuddur. Bunlar, azərbaycançılıq  ideologiyası, Ulu öndər Heydər Əliyevin siyasi ideyalarına sadiqlik, cənab Prezident İlham Əliyevin siyasi xəttinin dəstəklənməsi və partiyamızın proqram və nizamnaməsində uyğun fəaliyyət göstərməkdir. Ötən illər ərzində YAP Gənclər Birliyi istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda yüzlərlə uğurlu layihənin təşkilatçısı və iştirakçısı olub. Partiyamızın Gənclər Birliyinin həyata keçirdiyi tədbirlər həm məzmun, həm də forma baxımından bir-birini tamamlamış, bunun nəticəsi olaraq yeni-yeni üzvlər partiya sıralarına qəbul olunmuşlar. Məhz, buna görə Gənclər Birliyinin sıraları həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə artıb. 2017-ci il yanvarın 1-nə olan statistikaya görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin sayı 268 559 nəfərdir.

Təşkilatımız 2016-cı ildə də fəaliyyətini müxtəlif səpkidə quraraq Ulu öndər Heydər Əliyev siyasi ideyalarının təbliği, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi xəttin dəstəklənməsi, azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vacib əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib, bu istiqamətdə müxtəlif aksiyaların təşkilatçısı olub. Ötən  il ərzində həyata keçirilən tədbirlər öz unikallığı və əhatə dairəsinə görə fərqlənib, bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarına yeni üzvlər daxil olmuşlar.Hər zaman gənclərin ideyalarının reallaşmasına dəstək verən Gənclər Birliyimiz bu ildə də bu missiyanı davam etdirmişdir. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində bu il gənclərə layihələrinin həyata keçirilməsi üçün istənilən şərait yaradılmışdır. Partiyamızın Gənclər Birliyi ötən illərdə olduğu kimi bu ildə də vətənpərvərlik yönümündə olan layihələrin, siyasi, iqtisadi, mədəni, sosial, maarifləndirmə yönümündə olan təlim və tədbirlərin təşkilatçısı olmuş, ölkə gəncliyinin dünyagörüşünün artırılması istiqamətində bir sıra işlər görmüşdür.

YAP Gənclər Birliyi həmçinin, müxtəlif təşkilatlarla birgə aktual mövzularla əlaqədar Bakı şəhərində və bölgələrdə çoxsaylı tədbirlər keçirmişdir. Eləcə də, region gəncləri  ilə də görüşlər daim diqqət mərkəzində olmuşdur.

- Bəs  Yeni Azərbaycan Partiyası Gənclər Birliyi vətənpərvərlik mövzusunda nə kimi tədbirlər reallaşdırıb?

- Hər il olduğu kimi 2016-cı  ildə də  Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, vətənə olan məhəbbətin artırılması istiqamətində tədbirlər həyata keçirmişdir. Belə ki, tariximizin mühüm səhifələrindən biri olan 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Şəhidlər Xiyabanında Azərbaycan xalqının azadlığı uğrunda şəhid olmuş vətən övladlarının məzarlarını ziyarət edərək, məzarları üzərinə qərənfillər qoymuşlar. Eyni zamanda mövzu ilə əlaqədar təşkilatımızın ofisində dəyirmi masa təşkil olunaraq bu faciə pislənmiş, insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanmışdır.

26 fevral Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyi silsilə anım tədbirləri keçirib. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 3000 gənclə birlikdə “Ana Harayı” abidəsini ziyarət etmişdir. Eyni zamanda Xocalı soyqırımı barədə məlumatları əks etdirən bukletlər Bakı şəhərinin ayrı-ayrı məkanlarında ölkəmizdə yaşayan əcnəbilərə paylanmışdır. Bundan başqa, Xocalı soyqırımını özündə əks etdirən film hazırlanaraq, Sahil bağında nümayiş etdirilmişdir. Eyni zamanda soyqırımın növbəti ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri soial şəbəkələrdə bununla bağlı məlumatlar paylaşmış, dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkmişlər. Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə soyqırımın mahiyyətini özündə əks etdirən “YARA” filmi gənclərə nümayiş olunmuşdur. Eləcə də, 31 mart Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar olaraq da YAP Gənclər Birliyinin ofisində dəyirmi masa təşkil olunmuş və erməni vəhşiliyi bir daha pislənmişdir.

-  Bildiyimiz kimi hər il YAP Gənclər Birliyinin müxtəlif mövzularda  təlim, seminar və kurslar təşkil edir. Bu barədə nə deyə bilərsiniz? 

- Bəli, YAP Gənclər Birliyi 2016-cı ildə də müxtəlif istiqamətli təlim, seminar və kursların təşkilatçısı olub. Belə ki, 2016-cı ilin əvvəlində Birliyin ofisində fransız dili dərsləri davam etmiş, 50 nəfər gənc bundan yararlanmış, dil biliklərini təkminləşdirmişdir. Bununla yanaşı təşkilatın  ofisində bir sıra təlim və seminarlar təşkil olunmuşdur. Bunlara misal olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə bağlı YAP rayon təşkilatları arasında “XƏMSƏ” adlı intellektual yarışma, “Sosial təhlükəsizlik” adlı təlim, “Siyasi debat layihəsi”, “Şahmat təlimləri”, “Qəhrəmanlar Unudulmur” adlı layihə, “Qüsursuz gələcək” adlı layihə, “Mədəniyyətin növü-Yol hərəkəti qaydaları” adlı layihə, “Azərbaycanın Memarı” adlı layihə, “Gəncsən öz biznesinə başla” adlı layihə, “Mən Gələcəyin Diplomatıyam” layihəsi, MMA Azərbaycan Liqasının YAP Gənclər Birliyi üzvləri  ilə olan görüşü, “Gənc Sahibkarın Bacarıqlarının artırılması" mövzusunda təlim, İB Club və YAP GB-nin təşkilatı dəstəyi ilə Bakcell Arenada “Gənclər Festivalı”nı göstrəmək olar.

Eyni zamanda, “Texnoloji İdarə” layihəsi, “Multikulturalizmin Azərbaycan modeli” layihəsi, “Avto Akademiya” layihəsi, Gənc Marketoloqlar Məktəbi” layihəsi, “Mən cəmiyyət arasında” adlı layihə, “Müstəqilliyin 25 ili – Müstəqilliyin yaşıdları” adlı konfransı, “Danışan kitab”adlı layihəsi, “Fərdi Özünüinkişaf" layihəsini, Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr edilmiş “Uğurlu Yol -24” adlı bilik yarışmasını, “Gənclik və qlobal çağırışlar” adlı beynəlxalq konfransı,  “Uğur Menyusu” adlı layihəni, “Sən də bizə qoşul, bir kitab oxu” layihəsini Bakıda keçirilmiş F-1 yarışlarına dəstək məqsədi ilə “YAP K-2016” adlı  karting yarışmasını və başqalarını qeyd edə bilərəm.

- 2016-cı ilin mühüm hadisələrindən biri də Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsidir.  Yeni Azərbaycan Partiyasının gəncləri bu prosesdə hansı səviyyədə iştirak etdilər?

- Əlbəttə ki, 2016-cı il də ölkəmizin həyatında əlamətdar və vacib hadisələrdən biri referendumun keçirilməsi oldu. Bildiyiniz kimi Yeni Azərbaycan Partiyası referenduma “Həmrəy olaq HƏ deyək” şüarı ilə qatılmışdı. Referendum çərçivəsində təbliğat-təşviqat kampaniyasına start verildikdən sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Konstitusiyaya  nəzərdə tutulan əlavə və dəyişikliklər barədə əhalini maarifləndirməyə, bu dəyişikliklərin mahiyyətini onlara çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında ilk dəfə səs verəcək gənclərlə  görüşlər keçirərək  seçki sisteminin əhəmiyyəti, referendumda nəzərdə tutulan  əlavə və dəyişikliklərin mahiyyəti, onların gələcəkdə nə kimi üstünlüklər vəd etdiyi və.s barədə gəncləri maarifləndirmişdir. Eyni zamanda partiyamızın Gənclər Birliyi “HƏ deyək” şüarı ilə video-çarxlar hazırlayaraq, sosial şəbəkələr vasitəsilə bu video-çarxları paylaşmışdır. Bundan başqa, YAP Gənclər Birliyinin üzvləri tərəfindən Yeni Azərbaycan Partiyasına məxsus olan təbliğat posterləri şəhərin müxtəlif məkanlarında referendum təbliğatı üçün ayrılmış lövhələrə yapışdırılmışdır. Eləcə də, referendum ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “HƏ deyək” adlı fləşmob  təşkil etmişlər.

- Seymur müəllim, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin mətbuat və sosial şəbəkələrdə iştirakı hansı səviyyədədir?

- YAP Gənclər Birliyi hər zaman olduğu kimi bu ildə də mətbuatla işə xüsusi önəm vermiş, günümüzün ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələr vasitəsi ilə həyata keçirdiyi tədbirləri paylaşmış, eyni zamanda Azərbaycanın haqq səsini dünya sosial mediasında duyurmağa çalışmışdır.Yeni Azərbaycan Partiyası Gənclər Biliyinin facebook sosial şəbəkəsində “QELEBE” adlı qrupu vardır.Bu qrup ölkəmizdə ən aktiv paylaşım qruplarından biridir. Belə ki, gün ərzində qrupda paylaşılan  müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır.Eyni zamanda QELEBE qrupu üzvlərinin sayına görə də ön sıralarda dayanır.

Facebook sosial şəbəkəsində Gənclər Birliyimizə məxsus “YAP Gənclər Birliyi” adlı səhifə də vardır. Bu səhifəni 36 mindən artıq istifadəçi bəyənmişdir. «QELEBE» qrupunda olduğu kimi burda da aktiv müzakirələr aparılır, müxtəlif mövzular ətrafında gənclər öz fikirlərini bildirirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “instagram” səhifəsi də həm izlənmə sayına, həm də aktiv müzakirələrə görə ön sıralarda qərarlaşıb. Belə ki, səhifənin 6300-dən çox izləyicisi vardır. Təşkilatımıza  məxsus “youtube” kanalında Gənclər Birliyimizin həyata keçirdiyi tədbirlərdən görüntülər yerləşdirilir. Ümumiyyətlə, YAP Gənclər Birliyi müxtəlif qəzetlər və saytlarla da fəal əməkdaşlıq edir. Təşkilatımızın fəaliyyətini əks etdirən məlumatlar qəzet və saytlarda geniş şəkildə öz əksini tapır.