MÜSAHİBƏLƏR
Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir
- Ayaz müəllim, 15 iyun 1993-cü ildən başlanan yola qısa nəzər salaq. Qurtuluş bugünümüzün reallıqlarını özündə necə əks etdirir?
- Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durum hər kəsin yaddaşındadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı. Silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olurdu. Belə çətin məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da həmin dövrün səciyyəvi xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan Qurtuluşu özündə əks etdirir.
Artıq həmin tarixdən bizi 21 illik zaman fasiləsi ayırır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqillik yolunda ilk adımını atan Azərbaycanın gələcəyini düzgün müəyyənləşdirən yolu seçdi, dövlətçilik konsepsiyasını hazırladı. Ulu öndərin xalqın xilaskarı kimi təqdim olunması da onun hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dövlətinin, xalqının yaşadığı ağır durumdan xilas olmasından qaynaqlanır. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə insanlarda hakimiyyətə, ilk növbədə isə xilaskarlıq missiyasını öhdəsinə götürmüş ulu öndər Heydər Əliyevə inamı və məhəbbəti artırdı.
«Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti-dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq» söyləyən ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunan uğurlar bir-birini əvəzlədi. Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda dayanan əsas vəzifələr idi ki, bu istiqamətlərdə biri-birindən əhəmiyyətli addımlar atıldı. 1994-cü ilin mayında atəşkəs əldə olundu, həmin ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması fonunda yeni-yeni layihələr gündəmə gətirildi, Azərbaycan bu layihələrin əsas iştirakçısına və təşəbbüsçüsünə çevrildi. «Əsrin müqaviləsi»nin əsas tərkib hissəsi olan BTC neft kəmərinin marşurutu ətrafında aparılan müzakirələrə, Azərbaycan dövlətinə bununla bağlı təzyiqlərin göstərilməsinə baxmayaraq, ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək, BTC marşurutunun seçildiyini bildirdi, bununla da Azərbaycan öz siyasətində müstəqil olduğunu, heç bir ölkənin diktəsi ilə oturub-durmadığını dünyaya nümayiş etdirdi. Qeyd edək ki, Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biri məhz dövlətimizin siyasətində müstəqil olmasıdır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, iqtisadi siyasətində müstəqil olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Azərbaycan bu sahədə nümunə göstərir.
Ulu öndər Heydər Əliyev bəyan edirdi ki, suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asıl olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Dahi şəxsiyyət bildirirdi ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz təsirini göstərdi. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Müstəqilliyimizin ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində yarıldı, erməni yalanları ifşa olundu, dünya əsil həqiqətin mahiyyətini öyrənməyə səy göstərdi. Ulu öndər Heydər Əliyev müstəqillik yollarında yenicə addımlarını atan dövlətin özünü təsdiqləməsində və varlığı barədə aydın təsəvvür yaratmasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasını hər zaman vacib şərt kimi irəli sürürdü.
- Uğurlar bir-birini əvəzlədikcə, bu reallıq öz təsdiqini tapdı ki, düzgün qurulan siyasət ölkənin qarşısında geniş imkanlar açır...
- Təbii ki, möhtəşəm, uğurlu başlanğıc gələcəyin də möhtəşəmliyini, uğurların davamlılığını şərtləndirmiş olur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkə vətəndaşları o illərin təsiri altında yalnız sabitlik, əmin-amanlıq, təhlükəsizlik barədə düşünür, arzuları da bu çərçivədən kənara çıxmırdı. Azərbaycanın dövlət müstəqiliyinin növbəti illərində isə arzuların miqyası genişləndi, Azərbaycanın iqtisadi qüdrətindən, möhtəşəm inkişafdan, regionun ən qüdrətli dövlətinə çevrilməsindən, güclü orduya malik olmasından, beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsindən danışdıq. Azərbaycanın bugünkü mənzərəsi keçilən yoldan daha qürurla danışmağa böyük əsas verir. 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu qısa dövr ərzində böyük uğurları ilə dünyanın diqqətindədir. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verən ulu öndər Heydər Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını, səylərin birləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq, çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar ataraq, bugünkü Azərbaycanın reallıqlarının əsasını qoymuşdur. Sabitlik diyarı kimi tanınan Azərbaycan eyni zamanda böyük investisiyalar məkanına çevrildi.
İqtisadi tərəqqi demokratikləşmə prosesinin daha da sürətləndirilməsini təmin etdi. Ümummilli lider Heydər Əliyev demokratiyanın strateji kursumuzun əsas mahiyyəti kimi qəbul edərək, bu istiqamətdə mühüm addımlar atdı. Müstəqil Azərbaycanımızın 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini göstərdi. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyərək əldə etdiyi təcrübə ilə dünyanın diqqətində dayandı. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə örnəkdir.
Beləliklə, Heydər Əliyev yolu Azərbaycan xalqına arzuladığı bütün uğurları bəxş etdi. Azərbaycanın üçrəngli bayrağı dünyanın tanınmış təşkilatlarının qarşısında dalğalanmaqla beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu uğurlara yol açan təbii ki, 15 İyun 1993-cü il tarixidir.
- Azərbaycanın uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu neçə xarakterizə edərdiniz?
- Azərbaycanın bugünkü uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının da keçdiyi inkişaf yoluna nəzər salmaq zərurəti duyulur. Çünki Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını dövlətə, xalqa xidmət prinsipi təşkil edir. Məhz bu xəttə sadiqlik partiyaya xalqın sevgisini günbəgün artırır. Ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir» tezisi hər bir dövr üçün aktuallığını qoruyur. Bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu ölkədə keçirilən seçki proseslərində uğur qazanmaqla bir daha təsdiqləyir. Partiyanın gələcəyinə inam böyükdür. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi partiyanın fəaliyyətinə hər zaman bələdçilik edir, gələcək prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev bu tezisin davamı olaraq bildirir ki, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.
- Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən daha mühüm bir məqama toxunmaq mütləqdir. Ümummilli lider özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı…
- Ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini yada salmaq istərdik: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.» Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu etimadın nəticəsidir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın tutduğu bu yol ulu öndərimizin 21 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb. Bu yol Milli Qurtuluş yoludur. Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.»
Hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi. Son 10 ilin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi çətin, lakin şərəfli vəzifələri yerinə yetirəndə daim ölkəmizin gələcəyini düşünmüş, hər bir məsələyə milli maraqlar baxımından yanaşmışdır.
Qeyd etdiyimiz kimi, əldə olunan uğurlar yeni-yeni vəzifələrə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, əldə olunan uğurlar bizdə arxayınlıq yaratmamalıdır, daim yeni hədəflərə nail olmaq üçün səy göstərməliyik. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti ölkə qarşısında duran qlobal vəzifələrə yönəldərək «Biz hər şeyə müvəffəq olacağıq» söyləmişdir. Gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan Prezident, ilk növbədə, ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasının vacibliyini qeyd etmişdir.
- İnkişafın Azərbaycan modelinin mövcudluğunu şərtləndirən əsas amil bugünkü reallıqlarımızdır. İqtisadiyyatın inkişafında neft amilini önə çəkən Prezident İlham Əliyev şaxələndirmə siyasətinin vacibliyini bəyan etdi. Bu istiqamətdə atılan addımlar barədə fikirlərinizi bilmək istərdik
- Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir. Cənab İlham Əliyevin hələ ölkə Prezidenti seçilməzdən əvvəl dediyi bir fikir Azərbaycanın hansı inkişaf istiqaməti seçəcəyinə aydınlıq gətirmişdir: «Biz neftdən əldə olunan gəlirləri hara gəldi sərf edə bilmərik. Bu pullarla gələcək nəsillər üçün yeni şəhərlər salmaq, yollar salmaq, zavod və fabriklər tikmək, neftlə bağlı olmayan yeni infrastruktur yaratmaq lazımdır. Çünki neft nə vaxtsa tükənir. Həmin proqram bu gün həyata keçirilərsə, gələcək nəsillər neft hasilatından və neftin dünya bazarında qiymətlərindən asılı olmayacaqlar. Beləliklə, neft bizim üçün məqsəd deyil, güclü iqtisadiyyat, güclü infrastruktur yaratmaq vasitəsidir.» Proqram xarakterli bu fikir bu gün reallıqda öz əksini tapıb. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafın dinamikasına görə dünyada ön sıradadır. Bir faktı da qeyd edək ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması nəticəsində Azərbaycan 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranını hiss etmədi. Əksinə iqtisadi inkişafı ilə dünyanın diqqətində dayandı.
Ötən 10 ildə Prezidentin həm andiçmə mərasimlərində, həm ölkə, həm də beynəlxalq tədbirlərdə çıxışlarında Azərbaycanın hərtərəfli inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında diqqətə çatdırılır. Bu illərdə əhalinin sosial vəziyyətinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılması, əmək haqları və müavinətlərin artırılması, məcburi köçkünlərin çadır düşərgələrindən normal şəraiti olan yeni binalara köçürülməsi, eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsi, demokratik ab-havanın beynəlxalq standartlara uyğunlaşdırılması və digər genişmiqyaslı işlərin görülməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir. Qlobal enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə artır. Bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfüz qazanır. Bu fikir vaxtilə «Əsrin müqaviləsi»nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycan təbii ki, bununla əsil söz sahibi olduğunu təsdiqləyir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Bu günlərdə keçirilən XXI Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» sərgi-konfransında Azərbaycanın neft siyasətinin uğurlarından geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, gerçəkləşdirilən və icrası nəzərdə tutulan layihələr ölkəmizə investisiya axınını artırır. Ən böyük uğurumuz əldə olunan gəlirlərin xalqın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin inkişafına yönəldilməsidir. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün Azərbaycanın hər bir bölgəsi, qəsəbəsi inkişaf dövrünü yaşayır. Quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bir sözlə, bölgələr arasında sağlam rəqabət gedir. Bu gün böyük fəxr hissi lə qeyd edirik ki, nəinki paytaxt, bölgələrimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan seçilir. Azərbaycana beynəlxalq baxışın, eyni zamanda dövlət başçısı İlham Əliyevin çöxşaxəli və səmərəli fəaliyyətinə yüksək dəyərin fonunda bu reallıq bir daha diqqətə çatdırılır. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası davamlı inkişafın yol xəritəsidir. Qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Hər sahə üzrə konkret proqramların qəbulu və uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.