YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Statistika sistemini beynəlxalq standartlara, tövsiyələrə və ən yaxşı təcrübələrə uyğunlaşdırmaq başlıca vəzifəmizdir

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov

- Tahir müəllim, hərtərəfli inkişaf edən Azərbaycanda bütün sahələr üzrə ciddi uğurlar əldə olunur. Sizcə, bu inkişafın əsasları hansı amillərlə bağlıdır?

 - Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başlamışdır.  

Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri və bu gün nəinki Azərbaycanda, eləcə də dünyada neft strategiyasının və siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur.  İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.  

İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirilmişdir.

Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)”nın, habelə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər normativ  sənədlərin qəbulu bu sahədə azad rəqabət mühitinin yaranmasına gətirib çıxarmışdır.

Yuxarıda qeyd olunanlar və son 13 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə keçirilmiş sosial-iqtisadi siyasət öz müsbət nəticəsini vermişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə digər tədbirləri əhatə edən fərman və sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

- Azərbaycan Respublikasının özünəməxsus sosial-iqtisadi inkişaf modeli mövcuddur. Son dövrlərin dinamik sosial-iqtisadi inkisafı statistik rəqəmlərdə öz əksini necə tapır?

- İlk öncə qeyd etmək lazımdır ki, son on ildə ölkə iqtisadiyyatının bütün sahələrində böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ötən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 2,4 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əhalinin gəlirləri 5,2 dəfə artmış, 1,3 milyon iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 4,9 faizə, işsizliyin səviyyəsi isə 5,0 faizə qədər azalmışdır. Ölkə iqtisadiyyatına 196,5 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 2,4 dəfə, qeyri-neft ixracı 53,4 faiz artmışdır. Bütün bunlara, Azərbaycan Respublikasının özünəməxsus sosial-iqtisadi inkişaf modelinin tətbiqi nəticəsində nail olunmuşdur. 

İctimaiyyətə yaxşı məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşmışdır. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdir. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində  azalmanın sürəti 3,8 dəfə artmışdır. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.

1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan Ümumi Daxili Məhsul istehsalında yüksəlişə nail olunmuşdur. 2006-2015-ci illərdə iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf daha da sürətli xarakter almış, əlavə dəyər informasiya və rabitə sahələrində 5,5 dəfə, tikintidə 3,2 dəfə, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 dəfə, sənayedə 2,3 dəfə, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,2 dəfə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində isə 38,4 faiz artmışdır.

SSRİ-nin tərkibində olarkən böyük sənaye potensialı olmuş ölkəmizdə müstəqillik bərpa olunduqdan sonrakı 5 il ərzində sənaye istehsalı orta hesabla hər il 19,0 faiz azalmışdır. Sonrakı illərdə isə sənaye istehsalı orta hesabla hər il 10,6 faiz artaraq müstəqilliyinin bərpasının nəinki ilk ilinin, hətta 1980-90-cı illərdə olan inkişaf səviyyəsini xeyli qabaqlamış, son 15 ildə isə sənaye daha yüksək sürətlə inkişaf etmişdir. Təkcə 2015-ci ildə istehsal olunmuş sənaye məhsulu 50-60-cı illərin 10 ili ərzində istehsal olunmuş məhsula bərabərdir.

“Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə isə “Azəri” yatağından və “Günəşli” yatağının dərin sulu hissəsindən neft, eləcə də “Şahdəniz” yatağından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir. 

Sənayenin qeyri-neft bölməsi üzrə də irəliləyişlər əldə edilmiş, bu sahədə 2005-2015-ci illərdə sənaye məhsulu istehsalı 1,6 dəfə və ya orta hesabla hər il 5,1 faiz artmışdır. Əvvəllər xarici ölkələrdən idxal olunan malların bir qismi artıq Azərbaycanda istehsal olunmağa başlamışdır. Qida  məhsullarından bitki yağları, şəkər, pivə, papiros və siqaretlər, süd məhsulları, meyvə şirələri və s. daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı xeyli azaltmışdır.

Ümumiyyətlə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün öz investisiyalarından məqsədyönlü istifadə etməyə əlverişli şərait yaratmış, 1993-2015-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 184,1 milyard manat investisiya yönəldilmişdir. Bu vəsaitin 143,6 milyard manatı bilavasitə inşaat işlərinin aparılmasına yönəldilmiş və həmin məbləğin 34,9 faizini xarici investorların vəsaiti təşkil etmişdir. Məhsul istehsalı sahələrinə diqqət daha da artırılmış və əsas kapitala yönəldilmiş ümumi vəsaitin 56,1 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyadan səmərəli və məqsədyönlü istifadənin nəticəsində ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətli çoxsaylı yeni  obyektlərin istifadəyə verilməsi təmin edilmişdir. 

Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığın inkişafına göstərilən hərtərəfli qayğı bütövlükdə respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış və son illərdə bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Sözün əsl mənasında, becərdiyi torpağın və əmlakın həqiqi sahibinə çevrilmiş Azərbaycan kəndlisi məhsul istehsalı sahəsində ilbəil yüksək nəticələr əldə etmiş, 1993-cü ilə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 2,0 dəfəyə yaxın artmışdır. Ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mühüm nailiyyətlər qazanılmış, taxıl, kartof, tərəvəz, bostan məhsulları, habelə meyvə istehsalı sahəsində yüksək göstəricilər əldə edilmişdir.

2015-ci ildə 3,0 milyon ton taxıl, 840 min ton kartof, 1275 min ton tərəvəz, 485 min ton bostan məhsulları, 888 min ton meyvə istehsal olunmuşdur. Ötən 10 ildə  taxıl istehsalı 41,0 faiz, tərəvəz istehsalı 13,1 faiz, meyvə və giləmeyvə istehsalı 42,0 faiz, üzüm istehsalı 2,0 dəfə, bostan məhsulları istehsalı 33,2 faiz, şəkər çuğunduru istehsalı 5,0 dəfə, dən üçün günəbaxan istehsalı 14,3 faiz artmışdır. Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında əsas rolu aqrar sahəyə ölkə başçısının diqqət və qayğısı, bu sahədə həyata keçirilən dövlət siyasəti oynamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən dotasiyalar, aqrolizinq xidmətləri, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşaası, regionlarda yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilmiş irihəcmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olmuşdur.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işləri davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. 2015-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə 226,4 milyon ton yük, 1891,9 milyon sərnişin daşınmış, 2005-ci ilə nisbətən müvafiq olaraq 76,6 faiz və 89,1 faiz artım əldə olunmuşdur. Nəqliyyat fəaliyyətinin coğrafiyası daha da genişlənmişdir. Ayrı-ayrı nəqliyyat növləri ilə beynəlxalq əlaqədə yük daşınmasının həcmi artmış, nəqliyyatın bütün növləri ilə bir ton yükün orta daşınma məsafəsi 425 km-ə çatmışdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması ilə bağlı hazırda həyata keçirilən irihəcmli transmilli infrastruktur layihələri gələcəkdə Azərbaycanın tranzit ölkə kimi bu sahədə əhəmiyyətini daha da artıracaqdır.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə ölkədə mövcud avtomobillərin sayı 1322,6 min ədəd olmaqla, son on il ərzində 2,2 dəfə və ya 710,5 min ədəd artmışdır. Bütün avtomobillərin 81,3 faizi və ya 1075,0 mini şəxsi minik avtomobilləridir. Ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 119-a çatmış (2005-ci ildə 56) və hər 100 ailədən 52-si (2005-ci ildə 25-i) şəxsi minik avtomobilinə malikdir.

XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları  sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elmi potensiala əsaslanan iqtisadiyyatın təşəkkülü, elektron hökumətin formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılmış, müasir texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqinə, milli internet resurslarının zənginləşdirilməsinə, ölkə əhalisinin əksər hissəsinin internet istifadəçilərinə çevrilməsinə nail olunmuşdur.

Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki,  Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında isə Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 167 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır. Həmin hesabatda İKT Qiymət Səbəti İndeksi üzrə isə Azərbaycan 170 ölkə içərisində 60-cı yerdə möqve tutmuşdur. Artıq kosmik ölkələr sırasına daxil olmuş Azərbaycanda bu sahənin inkişafı üçün yeni və geniş perspektivlər açılmışdır.

Ölkə əhalisi tərəfindən qeyri-ərzaq mallarının alınmasına meyl ilbəil artmışdır. 2005-ci ildə əhalinin ticarət şəbəkələrindən aldığı istehlak məhsullarının yalnız 32,5 faizi qeyri-ərzaq məhsulları olduğu halda, 2015-ci ildə bu göstərici artaraq 50,0 faiz olmuşdur.

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin sayının ildən-ilə çoxalmasına, bir sözlə turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır.  2015-ci ildə ölkəyə gələn turistlərin sayı 2005-ci ilə nisbətən 2,8 dəfə artaraq 1,9 milyon nəfər olmuşdur ki, onların 35,0 faizi istirahət və əyləncə məqsədilə səfər etmişdir. Bu dövrdə ölkə vətəndaşlarının gəlirlərinin artması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2003-cü illə müqayisədə 4,9 dəfə artaraq 3,3 milyon nəfər təşkil etmişdir.

Son beş ildə ölkəmizdə müasir tələblərə cavab verən “Kempinski Badamdar”, “JW Marriot Abşeron”, “Four Seasons”, “Qafqaz Baku City Hotel and Rezidences”, “Alov qüllələri” Kompleksində “Fairmont Baku”, “Şahdağ”, “Rixos Guba Azerbaijan Hotel”, “Şamaxı Palace Platinium by Rixos”, Şahdağ Qış-Yay Turizm Kompleksində “Park Chalet Shahdag“, Bulvar Hotel”, “Qafqaz Tufandağ Mountain Resort” kimi mehmanxanalar tikilib istifadəyə verilmişdir. 

Son illərdə aparılan genişmiqyaslı islahatlar və xarici ticarət sahəsində həyata keçirilən tədbirlər xarici ticarət əlaqələrini genişləndirərək xarici-iqtisadi sektoru ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevirmiş, xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı kompleks tədbirlərin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır. Xarici ticarət əlaqələrinin genişlənməsinə sərbəst iqtisadi mühit və Azərbaycanda özəl sektorun inkişafı, ölkənin iqtisadi və siyasi avtoriteti, əlverişli coğrafi mövqeyi şərait yaratmışdır. Belə ki, 2005-ci ildə 135, 2010-cu ildə 147 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2015-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 165 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdır.

Bu illər ərzində xarici ticarət əlaqələrinin strukturu da xeyli dəyişmişdir. İdxalın ümumi dəyərində respublikaya gətirilən ərzaq məhsullarının xüsusi çəkisi 1994-cü ildə 26,9 faiz, 1995-ci ildə 41,6 faiz olduğu halda, 2015-ci ildə bu göstərici azalaraq 14,0 faiz təşkil etmişdir. Ərzaq məhsullarının idxalının azalmasına səbəb ölkəmizdə uğurla aparılan aqrar islahatlar nəticəsində yerli ərzaq məhsullarının istehsalının ilbəil artması olmuşdur.

Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etmişdir. 2015-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1995-ci ilə nisbətən 55,2 dəfə artaraq 17,5 milyard manat, xərcləri isə 41,5 dəfə artaraq 17,8 milyard manata çatmışdır. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1995-ci ildəki 5,2 faizdən 2015-ci ildə 0,5 faizə enmişdir.

Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri  büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, ötən 10 il ərzində dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 6,1 dəfə,  iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 14,4 dəfə artmışdır.

Son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafının davam etməsi əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azadılmasına öz təsirini göstərmiş və yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49,0 faizdən 2015-ci ildə 4,9 faizə enmişdir.

Ötən əsrin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə olunan sabit artım sürəti ölkənin sosial yönümlü inkişafını təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli  şərait  yaratmışdır. Məhz bu illərdə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli uğurlar qazanılmış, keçid dövrünün ilkin mərhələsində müşahidə edilən iqtisadi və sosial problemlər artıq həll olunmağa başlanmışdır. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermişdir.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər, məşğul əhalinin sayı 4671,6 min nəfər olmuş və ötən 10 ildə iqtisadi fəal əhali 12,2 faiz, məşğul əhalinin sayı isə 15,0 faiz artmışdır.

Son illər iqtisadiyyatın dövlət və qeyri-dövlət sektorları arasında məşğulluğun bölüşdürülməsində dəyişikliyin miqyası və intensivliyi iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 2005-ci ildəki 69,7 faizdən 2015-ci ildə 74,8 faizədək artması ilə izah olunur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmiş Dövlət Proqramları (2004-2008-ci illər, 2009-2013-cü illər və 2014-2018-ci illər) ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmış və bunun nəticəsi olaraq 2004-2015-ci illər ərzində ölkədə 1480,4 min yeni, o cümlədən 1102,1 min daimi iş yerləri yaradılmışdır.

Ölkəmizdə təhsil sahəsində islahatlar 1999-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra başlamışdır. Həmin proqrama uyğun olaraq ali təhsildə  struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verilmiş, bir sıra ali təhsil müəssisələri öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmuş, təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət təhsil ocaqları ilə yanaşı qeyri-dövlət təhsil müəssisələrinin şəbəkəsi də inkişaf etmişdir.

2015/2016-cı tədris ilinin əvvəlinə 4439 dövlət və 23 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1353 min nəfər şagird təhsil almışdır. Müstəqillik illərində ölkədə 594,7 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılmışdır. Bundan əlavə, 27,2 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Yeni nəsil dərsliklər hazırlanmış və bütün şagirdlərə pulsuz verilmişdir. Bu işlərin görülməsində YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. “Yeniləşən Azərbaycana-yeni məktəb” layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçmişdir.

Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Bu istiqamətdə bir çox dövlət proqramları qəbul edilmişdir. Bu gün Azərbaycanda 33 milyon kitab fondu olan 3242 kütləvi kitabxana, 2650 klub müəssisəsi, 234 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 5 musiqi kollektivi, 5 konsert zalı və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

Ölkənin bütün sosial sahələrində olduğu kimi, sürətli inkişaf prosesi idman və bədən tərbiyəsini də əhatə edir və bu sahədə qazanılan nailiyyətlər ilbəil artır. Müstəqillik dövründə ölkənin şəhər və rayonlarında 39 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Xəzər, Abşeron, Ağcabədi, Neftçala, Goranboy, Tərtər, Yardımlı rayonlarında və Yevlax şəhərində idman komplekslərinin tikintisi, eləcə də Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilir. 2016-cı ilin əvvəlinə ölkədə idman qurğularının sayı 11,0 minə çatmış, bədən tərbiyəsi və idmanla məşğul olanların sayı isə müntəzəm olaraq artmaqdadır. Bunun nəticəsidir ki, idmançılarımızın beynəlxalq arenada uğurları ildən-ilə artır və Azərbaycan artıq idman ölkəsi kimi dünya ölkələri sırasında öz möhtəşəm yerini tutmuşdur.

Ölkədə sosial yönümlü siyasətin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsinə və əhalinin sağlamlığının qorunması problemlərinin həll edilməsinə imkan yaradır. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği ildən-ilə artır. Müstəqilliyin ilk 10 ili ərzində bu sahəyə cəmi 267,9 milyon manat ayrılmışdısa, tək 2015-ci ildə səhiyyə xərcləri bu məbləğdən 2,6 dəfə çox - 708,2 milyon manat təşkil etmişdir.

2016-cı ilin əvvəlinə ölkədə 32,5 min  həkim və  54,9  min  orta  tibb  işçisinin  çalışdığı 559 xəstəxana, 1750 ambulator-poliklinika müəssisəsi, 79 təcili tibbi yardım stansiyası, 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 68 sanatoriya-istirahət müəssisəsi əhaliyə tibbi-profilaktik xidmət göstərmişdir. Son 25 il ərzində ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır. Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur. Belə ki, 2005-ci ildə məxmərəklə xəstələnənlərin sayı 1025 nəfər, malyariya ilə xəstələnənlərin sayı 243 nəfər, qızılca ilə xəstələnənlərin sayı 1238 nəfər olduğu halda, 2015-ci  ildə bu səbəbdən xəstələnənlər qeydə alınmamış, digər infeksion xəstəliklərə tutulma halları isə kəskin sürətdə azalmışdır.  Son 10 il ərzində körpə ölümü hər 1000 nəfər diri doğulana 11,9-dan 11,0-dək azalmış, doğulanda gözlənilən orta ömür uzunluğu 72,4 yaşdan 75,2 yaşa yüksəlmişdir.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzində olan ən vacib məsələlərdən biridir. 2006-cı il yanvar ayının 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin ildə bir dəfədən az olmamaqla istehlak qiymətləri indeksi nəzərə alınmaqla indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə ölkədə 1299,9 min nəfər pensiyaçı qeydiyyatda olmuş, təyin olunmuş aylıq pensiyaların orta məbləği 177,6 manata çatmış və orta aylıq əmək haqqının 38,1 faizini təşkil etmişdir. Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir və 2016-cı il yanvar ayının  1-i vəziyyətinə 105 min ailənin 451,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunmuşdur.

Uğurla həyata keçirilən sosial–iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına nail olunmuşdur

Ətraf mühitin mühafizəsi, sağlam ekoloji mühitin yaradılması, təbii ehtiyatlardan səmərəli və xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi, iqtisadiyyatın sürətli inkişafı ilə ətraf mühitin mühafizəsinin uzlaşdırılması məsələləri dövlətin ekoloji siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları, böyük həcmdə investisiyalar tələb edən çoxsaylı layihələr həyata keçirilmiş, ölkəmiz ətraf mühit və təbiətdən istifadə ilə bağlı 20-dən çox beynəlxalq konvensiyaya və razılaşmaya qoşulmuşdur. Təsadüfi deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş əsas hədəflərdən biri də ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunmasıdır. 2015-ci ildə ətraf mühitin qorunmasına 141,5 milyon manat xərc çəkilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ceyranların tarixi arealları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdləri köçürülmüş və Ağgöldə onların təbii artımı müşahidə olunmuşdur. Ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsü buraxılmışdır.

Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial–iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, gözlənilən ömür uzunluğunun artmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunmuşdur.

Müstəqillik illərində ölkə əhalisinin sayı 2382 min nəfər artaraq 9 milyon 706 min nəfərə çatmışdır. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.  2015-ci ildə təbii artım 111,5 min nəfər təşkil etmiş və əhalinin hər min nəfərinə hesabı ilə təbii artım göstəricisi 11,7 olmuşdur.

2015-ci ildə Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınmış,  miqrasiya saldosu müsbət 1,1 min nəfər təşkil etmişdir.

- Artıq 2016-cı ilin üçüncü rübü  başa çatmışdır. Üçüncü rübün nəticələri haqqında nə deyə bilərsiniz? Bu dövrdə hansı sahələrdə daha çox müsbət nəticələr əldə edilmişdir?

- Bu gün dünyada davam edən dərin siyasi, hərbi və iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının əvvəlki illərdə olduğu kimi yüksək templərlə inkişaf etdirilməsi asan deyil. Misal üçün qeyd etmək olar ki, 2015-ci ildə Rusiyada ümumi daxili məhsul 3,7 faiz, Belarusda 3,9 faiz, Ukraynada 9,9 faiz, Moldovada 0,5 faiz, sənaye istehsalı Rusiyada 3,4 faiz, Belarusda 6,6 faiz, Ukraynada 13,4 faiz, Qazaxıstanda 11,6 faiz, Qırğızıstanda 4,4 faiz, əsas kapitala yönəldilmiş investisiyalar Rusiyada 8,4 faiz, Belarusda 15,2 faiz, Moldovada 8,8 faiz azalmışdır. İnflyasiya Rusiyada 15,5 faiz, Belarusda 13,5 faiz, Ukraynada 48,7 faiz, Moldovada 9,7 faiz, Qazaxıstanda 6,6 faiz, Qırğızıstanda 6,5 faiz və s. olmuşdur. Bu tendensiya cari ildə də davam etmişdir. Belə ki, 2016-cı ilin yanvar-avqust aylarında sənaye istehsalı Qazaxıstanda 2,3 faiz, Belarusda 1,8 faiz, Qırğızıstanda 8,3 faiz, əsas kapitala investisiyalar Rusiyada, Moldovada, Belarus və Ermənistanda azalmış, Qazaxıstanda, Ukraynada, Belarusda istehlak qiymətləri indeksi Azərbaycanda qeydə alınan 11,2 faizlik inflyasiyadan daha yüksək olmuşdur. 2016-cı ilin yanvar-sentyabr aylarında ölkəmizdə də əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,0 faiz azalması olmuşdur.

Lakin xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının iqtisadiyyatın diversifikasiyası ilə bağlı vaxtında və uzaqgörənliklə qəbul etdiyi qərarların nəticəsində hətta bu böhranlı ildə sənaye istehsalı qeyri-neft sənayesinin 3,6 faizlik artımı hesabına müsbət dinamikasını qoruyub saxlamışdır. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 23,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artmışdır.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalmış, sərnişin daşınması isə 1,9 faiz artmışdır.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,6  faiz artmış, ticarət şəbəkəsində 10503,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10582,1 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ilin əvvəlindən xarici ticarət dövriyyəsində müşahidə olunan geriləmə artıq ləngiməyə başlamış, 2016-cı ilin səkkiz ayının nəticələrinə görə ölkənin xarici ticarət dövriyyəsi 11330,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5790,3 milyon dollarını və ya 51,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 5540,0 milyon dollarını (48,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 250,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Ticarət dövriyyəsinin 36,9 faizi Avropa İttifaqı ölkələrinin, 14,9 faizi MDB üzvü ölkələrinin, 48,2 faizi isə digər ölkələrin payına düşmüşdür.

- Tahir müəllim, Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan etmişdir. Hazırda bütün istiqamətlər üzrə, o cümlədən də  iqtisadi sahədə mühüm islahatlara start verilib. Nəzərə alsaq ki, hökumətin əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafını nəzərdə tutur, bu sahədə vəziyyəti necə dəyərləndirmək olar? Hazırkı göstəricilər bu sahədə nə kimi perspektivlər vəd edir?

- Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edildi ki, bu il çox ciddi iqtisadi islahatlar aparılmış və bu islahatlar artıq öz nəticələrini verməkdədir.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli, 1897 nömrəli sərəncamının icrası olaraq hazırlanan  iqtisadi inkişaf strategiyası və tədbirlər planı ölkədə aparılan sosial-iqtisadi islahatların davamlılığında mühüm rol oynayacaqdır. Bununla yanaşı, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə müvafiq Komissiya yaradılmışdır və hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış və Şuranın qarşısına bir sıra mühüm vəzifələr, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etmək, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaq kimi mühüm vəzifələr qoyulmuşdur. Hesab edirəm ki, bu sərəncamlar, idarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün qəbul edilmiş bir çox önəmli qərarlar çərçivəsində görülən tədbirlər iqtisadiyyatın bütün sahələrinin, o cümlədən qeyri-neft sektorunun daha yüksək templərlə inkişafına öz müsbət təsirini göstərəcəkdir.  

- Tahir müəllim, əksər dövlət qurumları elektron xidmət sisteminə qoşulmuşdur. Bu baxımdan, Dövlət Statistika Komitəsi «e-xidmət»in imkanlarından hansı səviyyədə yararlanır?  

- Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı üçün münbit şəraitin yaradılması və informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına son illər verilən güclü dəstək nəticəsində ciddi nailiyyətlər əldə edilmişdir. Təsadüfi deyil ki, əhalinin hər dörd nəfərindən üçü internet istifadəçisinə çevrilmiş, ailələrin yarısı kompüter avadanlığına malik olmuş, genişzolaqlı internetdən istifadə səviyyəsi 70%-i keçməklə ölkəmiz son illər ciddi uğurlar əldə etmişdir.

Bütün sahələrdə olduğu kimi, müasir statistikanın da inkişafı İKT-nin tətbiqi və onun imkanlarından geniş şəkildə istifadə olunması ilə bağlıdır. Məhz İKT-nin tətbiqi ilə uçot vahidlərinə rəsmi statistika hesabatlarını məsafədən təqdim etmək imkanı yaradılmış, istifadəçilərin məlumatları internetlə əldə etməsi təmin olunmuşdur. Texnologiyaların  tətbiqi ilə statistikanın məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldilmişdir.

Hazırda Dövlət Statistika Komitəsi rəsmi statistik hesabatların təqdim edilməsi, statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi, statistik məlumatların verilməsi, statistik nəşrlərin onlayn satışı, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi istiqamətlərində elektron xidmətlər göstərir.

Rəsmi statistik hesabatların təqdim edilməsi xidməti müvafiq məlumatların statistik vahidlər, ailə kəndli və ev təsərrüfatları tərəfindən dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim etməsi üçün çox əlverişlidir.

Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi xidməti ölkənin sosial-iqtisadi, ekoloji, demoqrafik vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliliyini səciyyələndirən statistik və mətbu məlumatların tarixi haqqında bütün istifadəçilərin əvvəlcədən məlumatlandırılması, göstəricilər üzrə məlumatlar və metodoloji izahata, məlumatlar üzrə dinamika sıralarına, habelə təqvim üzrə əvvəlki arxiv məlumatlarına hüquqi və fiziki şəxslərin giriş imkanını yaratmışdır.

Statistik məlumatların verilməsi xidmətindən istifadə etməklə hüquqi və fiziki şəxslər məxfi sayılmayan rəsmi statistika məlumatlarını əldə edə bilərlər. Həmçinin Dövlət Statistika Komitəsi tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik, ekoloji və digər ictimai proseslərin kəmiyyət tərəfləri haqqında inzibati və ilkin (fərdi) statistik məlumatların işlənməsi və ümumiləşdirilməsi nəticəsində hazırlanmış məlumatların istifadəçilər tərəfindən asan əldə edilməsinə şərait yaradılmışdır. Təqdim olunmuş elektron xidmət bölməsində istifadəçilər onları maraqlandıran hazır statistika məlumatlarını və ya internet ünvanında tapa bilmədikləri məlumatları bu sorğular vasitəsi ilə əldə etmək imkanına malik olurlar.

Statistik nəşrlərin onlayn satışı xidməti çap olunmuş statistik məcmuələrin, bülletenlərin və digər nəşrlərin istifadəçilərə qısa müddətdə çatdırılmasını təmin edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, həmin nəşrlərin elektron versiyasını istifadəçilər tam şəkildə Komitənin internet səhifəsindən pulsuz əldə edə bilərlər. 

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə barələrində inzibati tənbeh tətbiq edilmiş hüquqi və fiziki şəxslər inzibati cərimələrin ödənilməsini müvafiq xidmət vasitəsilə elektron qaydada həyata keçirirlər.

Sadalanmış elektron xidmətlər ödənişsiz həyata keçirilir, fiziki və hüquqi şəxslərin, dövlət orqanları və bələdiyyələrin, o cümlədən Dövlət Statistika Komitəsinin işini asanlaşdırmaqla bərabər kağızdan istifadəni və vaxt itkilərini xeyli azaltmış olur.

Müsbət haldır ki, 2015-ci ildə əvvəlki illə müqayisədə istifadələrin sayı “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə 10,0 faiz artaraq 2034075-ə çatmış, “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” və “Statistik məlumatların  verilməsi” elektron xidmətləri üzrə də müvafiq olaraq 46,0 və 32,0 faiz artım müşahidə olunmuşdur.

Ev təsərrüfatları büdcələrinin tədqiqatı üzrə sorğuların aparılması və inflyasiyanın hesablanması üçün qiymət qeydiyyatı prosesi də cari ildən elektronlaşdırılmış, bu sahə  ilə məşğul olan işçilərimiz müasir planşetlərlə təchiz edilmiş və onların internetə fasiləsiz çıxışının təmin edilməsi məqsədilə “Azercell Telekom” MMC ilə müqavilə bağlanmışdır. Görülmüş tədbirlər nəticəsində məlumatların onlayn rejimdə birbaşa Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına daxil edilməsinə imkan yaradılmış, operativliyə nail olunmuş, hazırlanmış proqram təminatları vasitəsilə məlumatların qəbulu zamanı yaranan xətaların aşkar edilməsi və vaxtında aradan qaldırılması mümkün olmuşdur.     

Elektron xidmətlərin tətbiqi ilə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95,0 faizə çatdırılmış, eyni zamanda statistik məlumatların işlənilməsi və təhlili imkanları yüksəlmişdir.

 - Dövlət Statistika Komitəsi fəaliyyətini yeni çağırışlara uyğun qurmaq və tələbləri qarşılamaq üçün hansı islahatlar aparıb, hansı həlli vacib məsələlərin üzərində iş aparılır?

- Qeyd etmək istərdim ki, ölkədə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırır və bundan irəli gələrək statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən ümdə vəzifələrdəndir.

Rəsmi statistikanın əsas inkişaf istiqamətləri dövlət proqramları, strategiya və konsepsiyaların icra vəziyyətinin monitorinqinə imkan verən mexanizmlərin yaradılmasını əhatə etməlidir

Beynəlxalq aləmdə və konkret məkanda gedən proseslərə və strateji hədəflərə uyğun olaraq statistikanın inkişaf istiqamətinin düzgün müəyyən olunması hər bir ölkə üçün vacib məsələlərdən biridir. Rəsmi statistika həm qərarların qəbul olunması üçün etibarlı informasiya mənbəyi rolunu oynamalı, həm də həmin qərarlar qəbul olunduqdan sonra onların icrası prosesini izləməyə imkan verməlidir. Bununla yanaşı, statistika orqanlarının fəaliyyəti yalnız statistika məlumatlarının ümumiləşdirilərək ötürülməsi ilə məhdudlaşmamalı, onlar icmal məlumatlar əsasında təhlillər aparan, ölkə və regionlar üzrə mühüm qərarların qəbulu üçün təkliflər irəli sürən dövlət orqanına çevrilməlidir. Bu baxımdan, Azərbaycan Respublikasında rəsmi statistikanın əsas inkişaf istiqamətləri statistika potensialının gücləndirilməsini, dövlət proqramları, strategiya və konsepsiyaların icra vəziyyətinin monitorinqinə imkan verən mexanizmlərin yaradılmasını, habelə beynəlxalq səviyyədə statistik məlumatların müqayisəliliyinin təmin olunmasını əhatə etməlidir.

Son bir ildə rəsmi statistikanın inkişafı məqsədilə görülmüş işləri 2 istiqamətdə qruplaşdırmaq olar. Birinci istiqaməti struktur islahatları təşkil edir. Belə ki, ötən illər ərzində ölkə iqtisadiyyatında həyata keçirilmiş köklü islahatlar statistikaya dair qanunvericiliyin, metodologiyaların, standartların və göstəricilər sisteminin təkmilləşdirilməsi, rəsmi statistikada yeni istiqamətlərin müəyyən olunması üçün zəmin yaratmışdır. Müvafiq dövlət proqramları əsasında vahid statistik informasiya sisteminin yaradılmasına başlanmış, elektron statistikanın inkişafı yeni mərhələyə qədəm qoymuş, hüquqi və fiziki şəxslərdən məlumatların toplanması, işlənməsi və yayılmasında informasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, respondentlərə düşən statistika yükünün azaldılmasına müəyyən qədər nail olunmuşdur. Bütün bunlar statistika məlumatlarının hazırlanması prosesinin təkmilləşdirilməsini, idarəetmənin optimallaşdırılmasını, statistika fəaliyyətində innovasiyaların tətbiqini, beynəlxalq əməkdaşlığın yeni müstəvidə təşkilini zəruri etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Statistika Komitəsinin qarşısında duran vəzifələrin icrası və institusional potensialın inkişafı ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Bu məqsədlə təkliflərimiz əsasında qəbul olunmuş  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli qərarı ilə statistika sistemində struktur islahatlarına başlanılmışdır. Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi ləğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. Bu islahatı şərtləndirən amillərdən ən önəmlilərini diqqətinizə çatdırmaq istərdim. Birincisi, əvvəllər rəsmi statistika məlumatlarının istehsalı prosesinin məlumatların toplanması və işlənməsi kimi vacib mərhələlərin Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki Baş Hesablama Mərkəzində, digər mərhələlərin, o cümlədən layihələndirmə, məlumatların təhlili, yayılması və s. isə Dövlət Statistika Komitəsinin aparatında cəmlənməsi statistika proseslərinin idarə edilməsinə və məlumatların keyfiyyətinə mənfi təsir göstərmişdir. Qeyd olunanlar, statistika proseslərinin bütün mərhələlərinin Dövlət Statistika Komitəsinin aparatında sistemləşdirilməsinin zəruriliyini ortaya qoymuşdur. İkincisi, Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki digər təsərrüfat hesablı Tədris Mərkəzi də öz əhəmiyyətini itirmişdir. Vaxtilə kadr çatışmazlığı şəraitində orta təhsilli kadrların hazırlığı ilə məşğul olan bu müəssisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra statistika orqanlarında işə düzəlmək istəyən şəxslərə ali təhsillə bağlı tələbin qoyulması, eləcə də ixtisasların artırılması və ya dəyişdirilməsi üçün ölkənin ali təhsil müəssisələrində müvafiq imkanların yaradılması səbəbindən öz əhəmiyyətini itirmişdir. Üçüncüsü, müasir dövrdə seçmə məsələləri, statistika məlumatlarının redaktəsi, təsviri statistika ilə bağlı standart proqram təminatı paketlərindən geniş istifadə olunması statistika sahəsində daha geniş innovativ tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir. Bu baxımdan, elmi metodlara əsaslanan yeni istiqamətlərin, qabaqcıl statistika texnologiyalarının tədqiq edilməsi və tətbiqi yollarının müəyyən olunması üçün kompleks tədbirlərin həyata keçirilməsinə, habelə statistika sistemində çalışan mütəxəssislərin elmi metodlar və innovasiyalarla bağlı bilik səviyyələrinin artırılması üçün mütəmadi təlimlərin keçirilməsinə ciddi ehtiyac yaranmışdır. Yaranmış tələblər nəzərə alınaraq Komitənin nəzdində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılmışdır. “Statistika xəbərləri” elmi-praktiki jurnalının təsis edilərək rüblük dövriliklə nəşrini bu Mərkəzin ilk uğurlarından hesab etmək olar.

Həyata keçirilən islahatlar çərçivəsində Dövlət Statistika Komitəsi aparatının strukturunun təkmilləşdirilməsinə də zərurət yaranmışdır. Dövlət Statistika Komitəsinin 32 beynəlxalq təşkilatla və 13 ölkənin statistika qurumları ilə əməkdaşlıq etməsi və bu əməkdaşlığın ildən-ilə genişlənməsi, beynəlxalq statistika təcrübəsinin ölkədə tətbiqinin sürətləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet kimi müəyyən edilməsi Komitədə Beynəlxalq əlaqələr şöbəsinin yaradılmasını zəruri etmişdir. Qeyd edim ki, beynəlxalq reytinq agentliklərinin ölkə ilə bağlı yaydıqları məlumatların araşdırılması, uzlaşdırılması, uyğunsuzluqların aşkara çıxarılması və aradan qaldırılması ilə əlaqədar fəaliyyət də bu şöbənin səlahiyyətinə aid edilmişdir.

Azərbaycanda Dayanıqlı inkişaf statistikası şöbəsinin yaradılması BMT-nin müvafiq qurumları və Avrostat tərəfindən digər ölkələr üçün bir nümunə kimi göstərilmişdir

Statistika sahəsində informasiya texnologiyalarının yüksək səviyyədə tətbiqi, 250-dən çox rəsmi statistika hesabatı formasının hüquqi və fiziki şəxslərdən elektron qaydada toplanması və emalı, proqram təminatlarının işlək vəziyyətdə saxlanılması, ölkənin mühüm əhəmiyyətli informasiya ehtiyatlarını özündə cəmləşdirən statistik məlumat bazalarının idarə edilməsi, bütün statistika proseslərinin elektronlaşdırılması, informasiya təhlükəsizliyinin təminatının yüksəldilməsi, qarşıya qoyulmuş yeni vəzifələrin, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Komitənin aparatında İnformasiya texnologiyaları şöbəsi yaradılmışdır.

Dayanıqlı inkişafa təsir edən hadisələrin inkişaf qanunauyğunluqlarının, onların ölçülməsinin nəzəri və praktiki əsaslarının, ölkədə baş verən inkişaf proseslərinin öyrənilməsi, beynəlxalq göstəricilər əsasında ölkə üzrə dayanıqlı inkişafı xarakterizə edən göstəricilərin və onların seçilmə prosedurunun müəyyən edilməsi, dayanıqlı inkişafa dair rəsmi statistikanın və nəşrlərin hazırlanması məqsədilə Komitədə yeni bir şöbə - Dayanıqlı inkişaf statistikası şöbəsi də yaradılmışdır. İlk olaraq Azərbaycanda bu şöbənin yaradılması beynəlxalq statistika aləmində böyük rezonans doğurmuş, BMT-nin müvafiq qurumları və Avrostat tərəfindən digər ölkələr üçün bir nümunə kimi göstərilmişdir.

İkinci istiqamət olaraq, ölkədə ayrı-ayrı sosial, iqtisadi sahələr üzrə rəsmi statistikanın təkmilləşdirilməsini qeyd etmək olar. Bildirmək istərdim ki, son 1 ildə Komitə tərəfindən 20-dək metodoloji material hazırlanmış, 15-dək rəsmi statistika hesabatına əlavə və dəyişikliklər edilmişdir. Görülmüş işlərdən yalnız birinə toxunmaq istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı istiqamətində müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsi olmuşdur. Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab” və digər uçot formaları, onların aparılmasına dair göstəriş müasir dövrün tələblərinə uyğun olaraq yenidən işlənmiş, nəticədə göstəricilər sistemləşdirilmiş və bir çox uyğunsuzluqlar aradan qaldırılmışdır. Cari uçot sənədinə torpaqların suvarılması və onlardan istifadə, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullar, kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmələrin, mal-qara və quşların bölgüsünə yeni göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcəkdir ki, bu da daha dəqiq uçotun aparılmasını təmin edəcəkdir. Məlumat üçün bildirirəm ki, yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı 12-19 may tarixlərində Xırdalan, Quba, Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir, Göygöl, Şəki, Bərdə, Yevlax və İmişli şəhərlərində təlimat xarakterli zona müşavirələri keçirilmişdir. Müşavirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul şəxsləri, yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak etmişdir. Müşavirələrdə ölkənin kənd təsərrüfatının inkişafı, bu sahəyə dövlətin qayğısı, statistika sisteminin inkişafı ilə bağlı ölkə prezidentinin tapşırıqları, kənd təsərrüfatı statistikasının təşkilində təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinin əhəmiyyəti, uçot sənədlərində olan çatışmazlıqlar və onların aradan qaldırılması məqsədilə görülmüş işlər, yeni uçot sənədlərinin əsas istiqamətləri və qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına geniş məlumat verilmiş, eyni zamanda uçot sənədlərinin tətbiqi qaydaları konkret nümunələr əsasında izah edilmişdir.