YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya əlavə və dəyişikliklər ölkəmizin inkişafında və idarəetmədə yeni tarixi mərhələ yaradacaq

Müsahibimiz Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hikmət Babaoğlu

- Hikmət müəllim, bir neçə gündən sonra Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Bu dəyişiklikləri şərtləndirən iqtisadi, sosial, siyasi və hüquqi amillər nədən ibarətdir? Sizcə, geniş mənada bu dəyişikliklər Azərbaycan dövlətinə və xalqına nə qazandıracaq?

- Qlobal iqtisadiyyatda və maliyyə bazarında cərəyan edən hadisələrdən sonra Azərbaycan iqtisadiyyatında da yeni keyfiyyət dəyişiklikləri baş verib və bütövlükdə, milli maraqlarımızı müdafiə edəcək yeni iqtisadi əsasların formalaşması üçün müvafiq şərtlər yaranıb. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafına nail olunması və ölkə iqtisadiyyatına yeni dinamizm qazandırılması üçün silsilə tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev bəyan etdi ki, 2016-cı il dərin islahatlar ili olacaq. Məhz bu proseslərin məntiqi davamı kimi Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi tarixi zərurətə çevrildi. Bu, sosial-iqtisadi və siyasi-hüquqi gerçəkliyi nəzərə alan ölkə başçısı Konstitusiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü. Bəlli olduğu kimi, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 26 sentyabr referendum (ümumxalq səsverməsi) günü kimi müəyyənləşdirildi. 

Hazırda Referendum Aktı layihəsi cəmiyyətimizdə geniş müzakirə olunur.  Bu layihədə əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.
İlk növbədə qeyd edək ki, layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Qeyd edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır". 
Milli dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırkı mərhələdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri və prioritetdir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır, o zaman qeyd edə bilərik ki, Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz hüquqdan sui-istifadəni qadağan edən  bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq.

- Referendum Aktı layihəsində mülkiyyət hüququ, eləcə də sahibkarların sosial məsuliyyətinin artırılması ilə bağlı dəyişikliklər təklif olunur. Sizcə, bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə, Referendum Aktının layihəsində yer alan vacib məsələlərdən biri də mülkiyyətlə bağlıdır. Məlumdur ki, bəzi hallarda mülkiyyət sahiblərinin davranışları və fəaliyyəti Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun gəlmir. Bir çox hallarda mülkiyyətçilər və ya sahibkarlar sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasında maraqlı olmur, ya da inhisarçı və istismarçı mövqedə dururlar. Bu isə Azərbaycanın ümumi iqtisadi maraqlarına cavab vermir. Belə olan halda, bu cür məsələlərin tənzimlənməsi zərurəti ortaya çıxır. Bununla yanaşı, sahibkarlıq subyektlərinin müxtəlif sosial layihələrdə iştirak etməsi məsələsi də vacibdir. Yəni sahibkarlar, xüsusi mülkiyyətçilər öz sosial öhdəliklərini dərk etməlidirlər. Layihədə Konstitusiyanın 29-cu maddəsində V və VI hissələrə müvafiq olaraq "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur", "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər" məzmunlu cümlələrin əlavə edilməsi qeyd edilib. Ümummilli sərvət olan torpaqlardan səmərəli istifadə çox aktualdır. Hazırkı mərhələdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət proqramları həyata keçirilir və bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün torpaq ehtiyatları əsas baza rolunu oynayır. Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi məsələsi müstəsna əhəmiyyət kəsb edir. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılması da məhz bu çağırışlardan irəli gəlir.

- Əlbəttə, sizin də qeyd etdiyiniz kimi, təklif olunan əlavə və dəyişikliklər dövlət və vətəndaş maraqlarının daha yaxşı qorunmasından irəli gəlir. Bu mənada məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişiklik də xarakterikdir...

- Biz bilirik ki, hakimiyyətin üç müstəqil qolundan biri nəzarətedici hakimiyyət, yəni məhkəmə institutudur və məhkəmələrin ədalətli olması bu institutun həm ictimai nüfuzunu artırır, həm də cəmiyyətdəki münasibətlərin məhz ədalət prinsipi əsasında tənzimlənməsini təmin edir. Referendum Aktının layihəsində qeyd edilib ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək maddələrdən biridir və bu cür yanaşma məhkəmə-hüquq sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. 

- Hikmət müəllim, bu gün ən çox müzakirə olunan məsələlərdən biri, şübhəsiz ki, dövlət idarəetməsində yeni keyfiyyət dəyişiklikləri yaradacaq köklü institusional islahatlardır. 2016-cı ildə bu istiqamətdə çox ciddi qərarlar qəbul olunub. Konstitusiyaya əlavə və dəyişikliklərdə isə vitse-prezidentlik institutunun yaradılması təklif olunur. Siz bu məsələnin əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu təşəbbüs Azərbaycana nə verəcək?

- Bildiyimiz kimi, Azərbaycan prezidentli respublikadır. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq.

- Konstitusiyaya təklif edilən əlavələrdən biri dövlət başçısına Milli Məclisin buraxılması ilə bağlı konstitusion hüququn verilməsidir. Bu məsələ də geniş müzakirə predmetidir. Siz necə düşünürsünüz?

- Bəli, Referendum Aktının layihəsində əksini tapan məsələlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlıdır. Layihədə qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.  Müharibə şəraitində olan, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkə üçün hakimiyyətin vahid bir mərkəzdə formalaşması olduqca vacib məsələlərdən biridir. Prezidentə bu səlahiyyətin verilməsi prezidentlik institutunu daha da möhkəmləndirməklə ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 

- Bəs yaş senzinin aradan qaldırılması ilə bağlı dəyişikliklərin üstünlüyü nədən ibarət olacaq?

- Yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti, ümumiyyətlə, aradan qaldırılır. Bu zərurət ondan irəli gəlir ki, hazırda uzun illərin dövlət qayğısı sayəsində ölkəmizdə yeni intellektual gənc nəsil yetişib. Onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması dövrün aktual tələblərindən biridir. Ona görə də bu milli potensialdan səmərəli istifadə üçün hüquqi bazanın yenilənməsinə ehtiyac var idi. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub. Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir, dərin islahatlar ili kimi xarakterizə edilən 2016-cı ildə bəhs olunan sahələrdə yeni keyfiyyət dəyişiklikləri yaratmaqla daha çevik və effektiv idarəetməni təmin edəcək ki, bu da ölkəmizin inkişafında yeni tarixi mərhələnin başlanğıcı olacaq.