YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və xalqın istəyi ilə üst-üstə düşür

Müsahibimiz Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Tahir Rzayev

- Tahir müəllim, sentyabrın 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar referendum keçiriləcək. Sizcə, Konstitusiya islahatlarını şərtləndirən amillər nədən ibarətdir?  

- Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirilməsi ölkəmizin ictimai siyasi həyatında mühüm bir hadisədir. Ancaq bu məsələyə müxtəlif prizmalardan yanaşmalar mövcuddur.

Bilmək lazımdır ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiqyaslı layihələrdən, insanların demokratik təhsilatlara yiyələnmək cəhdindən irəli gəlmir, bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq və müdafiə etmək, insanları yad mənfi meylərdən çəkindirmək zərurəti tələb edir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən 20 ildən çox vaxt ərzində həm ölkənin ictimai-siyasi,iqtisadi-mədəni həyatında baş verən əsaslı dəyişikliklər, eləcə də respublikanın beynəlxalq aləmə çıxışı, dünya problemlərinə münasibətdə seyirçi mövqedə durmaması, Avropa dəyərlərinə yiyələnməsi, xarici dövlətlərlə əlaqələrin durmadan möhkəmlənməsi, digər tərəfdən daxildən və xaricdən ölkəmizin zəiflədilməsinə, asılı vəziyyətinə salınmasına yönəldilən səylər, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hərbi qüdrətimizin, ordumuzun möhkəmləndirilməsi bu zərurəti surətləndirmişdir.

- Referendum Aktında bir sıra mühüm məsələlər əksini tapır. Buraya dövlət idarəçiliyinin təkmilləşdirilməsi, seçkili orqanlarda yaş senzinin azaldılması və digər vacib məqamlar daxildir. Bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, nəzərdə tutulan dəyişikliklərin hər biri əhəmiyyətlidir. Birincisi 7 illik prezident müddəti inkişaf etmiş bir çox demokratik ölkələrdə mövcuddur və bu müddət prezidentlərə ölkəni idarə etmək üçün maneə törətmir, əksinə mühüm uzunmüddətli proqramların, layihələrin həyata keçirilməsi, dövlətlərarası münasibətlərin möhkəmlənməsi üçün onlara geniş imkanlar yaradır.

Azərbaycanda Prezidentin 7 il müddətinə seçilməsi həm çevik və səmərəli idarəetmə mexanizminin yaradılıb təkminləşməsinə, sosial və iqtisadi məsələlərin dinmaik həll olunmasına, həm də dövlət büdcəsinə qənaət edilməsinə hesablanmışdır.

Yaş məhdudiyyətinin aradan qaldırılması əslində insan hüquqlarının aliliyinə ən demokratik prinsiplərə, hər bir gəncə seçim yolu ilə öz bacarığını, savadını sübut etmək imkanı yaradır. Seçimə hörmət, dəyər vermək prinsipinin konstitusiyda daha dolğun əks olunması ictimai siyasi həyatda gənclərin fəallığının yüksəlməsi bir stimul olmaqla bərabər, həm də Azərbaycan gəncinə göstərilən etimadın nümunəsi kimi qiymətləndirilməlidir, bu mütərəqqi bir addımdır.

Birinci vitse-prezident və vitse-prezidentliyin yaradılması Azərbaycan üçün yeni idarəçilik modeli olsa da artıq bu institut bir çox ölkələrdə mövcuddur və səmərəliyi ilə fərqlənir. Müəyyən səbəblərə görə -istirahət, müalicə, xarici ölkələrə səfərlər zamanı vitse-prezidentin prezidnti əvəz etməsi, onun səlahiyyətlərini həyata keçirməsi təbii haldır. Bu çevik idarəetmə mexanizminin formalaşması üçün vacibdir.

- Referendum Aktında insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin daha da təkmilləşdirilməsini nəzərdə tutan məsələlər  var. Bu dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının da üzərinə vəzifə olaraq qoyub.

Dəyişiklik ediləcək Konstitusiyada insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq. Belə ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə bu fakt özü-özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir. Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, tamamilə təbiidir.

Qeyd edim ki, bu gün ölkənin davamlı inkişafının təmini baxımından bir sıra məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib. Amma təəssüflə qeyd etməliyik ki, elə fermerlər var ki, bu torpaqlardan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Ona görə aqrar sahədə əsas bütün diqqət həm də ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.

Referendum Aktının layihəsinə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Konstitusiya islahatından sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil ediləcək. Bu Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.

- Tahir müəllim, radikal müxalifət Konstitusiya islahatlarına qarşı çıxaraq ictimai rəyi çaşdırmağa çalışır. Bu barədə nə deyə bilərsiniz?

- Referendum aktına münasibətdə radikal müxalifət düşərgəsi gözlənildiyi kimi yenədə əsassız iddialarla çıxış etməkdədirlər. Qəribədir ki, ölkədə insan hüquq və azadlıqlarının daha dolğun təmin edilməsindən, siyasi sistemin və idarəetmə mexanizminin təkmilləşməsindən, dövlət hakimiyyətinin möhkəmləndirilməsindən, gənclərə öz fəaliyyətlərini göstərmək və genişləndirmək üçün şəraitin yaradılmasından, yerli idarəetmə orqanlarının məsuliyyətinin artırılmasından, ictimai siyasi sabitliyin qorunmasından daim söz açanlar bu gün dediklərinin əksini söyləməkdədirlər.

Hətta onlar bu dəyişikliklərin insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət etdiyi barədə yanlış bəyanatlar verirlər. Bu bəyanatların hüquqi əsası yoxdur və təbiidir ki, pisliyə yozulan düşüncələrin ifadəsidir.

Ümumiyyətlə, Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və maddələrdə əks olunan yeni fikirlər xalqın istəyi ilə üst-üstə düşür. Bu, səsvermə zamanı özünü bir daha təsdiq edəcəkdir. Sözsüz ki, hər bir azərbaycanlı seçici səsvermədə fəal iştirak edəcək, xalqımızın və dövlətimizin gələcək inkişafında müstəsna rola malik olan bu sənədin lehinə səs verəcəkdir.