YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiya islahatları indiyə qədər əldə olunmuş nailiyyətlərin bazasında həyata keçirlir

Müsahibimiz Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Malik Həsənov

- Malik müəllim, sentyabrın 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu, Konstitusiya islahatlarını şərtləndirən amillər nədən ibarətdir?   

- Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Hazırda ölkəmizdə siyasi plüralizm, söz və fikir azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam təmin olunub.

Bu  reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Bu baxımdan, ölkəmizdəki sosial-iqtisadi inkişafı da xüsusi qeyd etmək lazımdır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün  digər ölkələrə nümunə göstərilməsi, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması  uğurlarımızın təsdiqidir.  Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına əsas yaradır. Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu önə çəkən  cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirir.   
Bir faktı qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 80 faizinə sahibdir. Hazırda Azərbaycanın  iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu, ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunması ölkənin hərtərəfli inkişafını təmin edən mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.  Dövlətimizin  başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.    
İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələlərdəndir. Son 12 ildə 1 milyon 500 min yeni iş yeri açılıb. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnməsi də  dövlətin siyasətində insan amilinə böyük önəm verildiyini təsdiqləyir.  
Uğurlarımızın qısa təhlili fonunda bir daha bu reallığı təsdiqləmiş oluruq ki, hər dövrün öz cağırışı, tələbi olur. Dövlətimizin bu cağırışları yüksək səviyyədə həyata keçirməsi bugünkü reallıqları təmin edir. Azərbaycan son 12 il ərzində  3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasını qarşıya mühüm vəzifə qoyubsa, bu uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. İnkişaf konsepsiyasının işlənib  hazırlanmasında və eyni zamanda  icrasında beynəlxalq təcrübəyə xüsusi önəm verilməsi Azərbaycan dövlətinin modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas kimi saxlamasından irəli gəlir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsində də bu amilin rolu inkaredilməzdir.

Bir sözlə, qarşımızda həm siyasi, həm sosial, həm də iqtisadi sahələrdə yeni islahatların aparılması kimi vəzifələr var. Bu islahatlar indiyə qədər əldə olunmuş nailiyyətlərin bazasında həyata keçirlir. Təbii ki, bütün bu proseslər Azərbaycan Konstitusiyasında müəyyən yeniliklərin edilməsini zərurətə çevirib. Məncə, sentyabrın 26-da keçiriləcək referendumun mahiyyətinin əsasında bu faktor dayanır.

- Bu hadisə eyni zamanda, ölkənin hüquq sistemində islahatlar deməkdir. Konstitusiya dəyişiklikləri həmçinin, hüquqi islahatların da davamı olaraq nə kimi əhəmiyyət kəsb edir?  

- Bəli, ötən illər ərzində hüquqi müstəvidə də ciddi islahatlarhəyata keçirilib. Və bu gün də ölkəmizin hüquq sistemində çox mühüm dəyişikliklər ərəfəsindəyik. Bilirsiniz ki, son Konstitusiya islahatları 18 mart 2009-cu ildə baş verib. Həmin dövrdən keçən müddət ərzində hər birimiz ölkəmizdə demokratik dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində baş verən dəyişikliklərin şahidi olmuşuq. Təbii ki, bu inkişaf prosesi ölkəmizin əsas qanunu olan Konstitusiyada müəyyən  təkmilləşdirmə xarakterli dəyişiklərin edilməsi zərurətini şərtləndirib. Bu dəyişikliklər beynəlxalq praktikada da mövcuddur. Hər bir ölkə mövcud çağırışları, ictimai siyasi münasibətlərin inkişaf səviyyəsini, həmin ehtiyaclara uyğunlaşdırmaq məqsədilə əsas qanununa dəyişikliklər edir.

- Malik müəllim, sizcə, referendum aktı layihəsi hansı prinsiplərə əsaslanır?

- Əlbəttə ki, bu çox vacib məqamdır. Hesab edirəm ki, referendum  aktı bir sıra mühüm prinsiplərə söykənir. Bu prinsiplərin sırasına demokratik dəyərlərin təminatı, insan hüquqlarına verilən yüksək qiymət, sabitlik, təhlükəsizlik, səmərəli və dayanıqlı idarəçilik daxildir.

Konstitusiyanın 15 maddəsinə  insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklər ediləcək. Hansı ki, bu təkliflər bütövlükdə insan haqlarına dair fəsili əhatə edir.  Burada təklif edilən dəyişikliklərin əhəmiyyəti ondan ibarətdir ki, insan ləyaqəti ilə bağlı mövcud Konstitusiyada olan 46-cı maddədə müəyyən edilmiş hüquq, artıq ayrıca hüquq kimi deyil, ümumi prinsip kimi bu fəsildə göstərilir. Və bütün digər maddələrə nüfuz edir. Təbii ki, Konstitusiyaya təklif edilən dəyişikliklər içərisində sərbəst toplaşmaq, fikir azadlığı, vətəndaşlıq hüququ, azad sahibkarlıq hüquqları ilə bağlı mütərəqqi yeniliklər və dəyişikliklər vardır.

- Təklif olunan dəyişikliklərdə xüsusi mülkiyyət, seçki məsələsində yaş senzi, dövlət idarəçiliyində struktur dəyişiklikləri kimi məqamlar da var. Bu dəyişikliklərin önəmi barədə nə deyə bilərsiniz?

- Referendum aktı layihəsi vasitəsilə xüsusi mülkiyyətin sosial öhdəlik yaratması ilə bağlı  konseptual yanaşma gətirilib. Bu yanaşma, qərb hüquq sistemində çoxdan mövcuddur. Bu yanaşmaya görə, xüsusi mülkiyyət mütləq sosial öhdəliyə səbəb olmalı, sosial rifaha xidmət etməlidir. Bunun əsaslarını təmin etməkdən ötrü artıq Konstitusiyamızda ana prinsip müəyyən edilir. Yəqin ki, dəyişikliklər qəbul olunduqdan sonra digər müvafiq qanunlarda bu məsələ tənzimlənəcək.

Həmçinin, layihəyə əsasən ümumi olaraq Konstiutsiyada seçkili və təyinatlı vəzifələr üçün yaş senzi aradan götürülür. Burda təkcə qanunvericilik orqanına münasibətdə deyil, həm prezidentliyə, həm də hakimliyə  münasibətdə yaş senzi götürülür. Hesab edirəm ki, bu çox əhəmiyyətlidir. Çünki bu amil dövlət idarəçiliyinə gənclərin daha aktiv cəlb olunmasını təşviq edəcək.

Digər əhəmiyyətli istiqamət isə prezidentlik institutunun gücləndirilməsi ilə bağlı olan maddələrdir. Bu maddələr də mövcud qlobal çağırışlardan irəli gəlir.  Ümumiyyətlə, bu yöndə dəyişikliklər  hər hansı böhran vəziyyətində, xaotik vəziyyətdə dövlət orqanları arasında ünsiyyətin təmin edilməsi, bu kommunikasiyanın daha rahat olmasının təmin edilməsinə hesablanıb.

Həmçinin yeni vitse-prezident vəzifəsinin təsis edilməsi, prezidentlik müddətinin artırılması ölkəmizdə sabitliyin təmin edilməsinə, ölkədə aparılan islahatların əhatəsinin genişlənməsinə xidmət edən məsələlərdir.

- Milli Məclisə üzv seçilməyin yaş həddinin 25-dən 18-ə endirilməsini necə qiymətləndirirsiniz?

- Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin 18-ə endirilməsi gəncləri çox sevindirir. Onların seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.

Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir.

Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir.

- Malik müəllim, Konstitusiyaya təklif ediləcək dəyişikliklərdə Prezidentin parlamenti buraxması məsələsi də öz əskini tapıb. Bəs bunu necə dəyərləndirirsiniz ?

- Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə görünür ki, əsas məqsəd daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili böhran, xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsidir.
Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər.

Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarındada müəyyən edilib. Ölkə Prezidenti tərəfində parlamentin buraxılması məsələsi də bu günün reallıqları baxışından çox mühüm və önəmli məsələdir. Çünki əgər parlament müsbət deyil, mənfi tendensiyalara cavab versə, Prezident onu buraxacaq. Bu da ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir.

Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir.

- «Yeni Azərbaycan» təşviqat qrupu referendumla əlaqədar uğurlu təşviqat-təbliğat kampaniyası həyata keçirir. Siz də qrupun tərkibində seçiclərlə görüşlərdə iştirak edirsiniz. Ümumiyyətlə, əhalinin Konstitusiya dəyişikliklərinə münasibəti necədir?   

- Bəli, «Yeni Azərbaycan» təşviqat qrupunun tərkibində yerlərdə insanlarla görüşür, onlara Konstitusiya islahatlarının mahiyyətini izah edir və onları referendumda fəal iştirak etməyə çağırırıq. Onu da qeyd edim ki, vətəndaşların konstitusiya islahatlarına münasibəti müsbətdir. İnsanlar ona görə bu məsələyə müsbət yanaşırlar ki, bu təkliflərin təşəbbüskarı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevdir. Çünki vətəndaşlarımız cənab Prezidentin Konstitusiyanın təminatçısı kimi müsbət rolunu, bu prosesdə aktiv iştirakını görürlər və bu amil insanların referendumu dəstəkləməsini təmin edir.

Bununla belə hesab edirəm ki, əhalinin Konstitusiya islahatları  haqqında  daha geniş məlumatlı olması çox əhəmiyyətlidir. Bu mənada ki, insanlar bu konstitusiya islahatlarının onların həyatına hansı dəyişikliklər gətirəcəyini başa düşsünlər.

Bütövlükdə, Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir. Mən bütün seçiciləri sentyabrın 26-da fəal olmağa və konstitusiya dəyişikliklərinə səs verməyə çağırıram. İnanıram ki, belə də olacaq.