MÜSAHİBƏLƏR
Azərbaycan növbəti dəfə demokratiyaya sadiqlik nümayiş etdirir
- Sevinc xanım, indiki məqamda müstəqil Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi hansı zərurətdən irəli gəlir?
- Dünyada gedən proseslər, təbii ki, ölkələrin gündəmini də, müəyyən mənada baxışları da dəyişir, yeni reallıqlar ortaya çıxarır. Bu gün Azərbaycan müasirləşmə xətti götürübsə, özünü dünyaya müasir dövlət kimi təqdim edirsə, bu müasirləşmə həm idarəçilikdə, həm qanunvericilikdə öz əksini tapmalıdır. Demokratiyanın inkişafı mütəmadi bir prosesdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, həmin ölkələrdə də demokratiyanın daha da dərinləşdirilməsi üçün zaman-zaman müəyyən zəruri addımlar atılmasına ehtiyac yaranır. Bu cəhətdən Azərbaycan da istisna təşkil etmir. Azərbaycan yüksək səviyyədə demokratik inkişafa nail olmağı özünün strateji hədəfi müəyyənləşdirib. Ölkəmiz Konstitusiyamızın qüvvədə olduğu 20 ildən artıq müddətdə demokratiya yolunda inamlı addımlar atıb. Dediyim kimi, demokratik inkişaf bitən bir proses deyil. Əgər biz mükəmməl dövlət, mükəmməl cəmiyyət qurmaq istəyiriksə, müəyyən dəyişikliklər qəbul etmək lazımdır. Bu gün Azərbaycanın bütün sahələrdə müasir tələblərə uyğun atdığı addımlar birmənalı olaraq qanunvericiliyə də aiddir. Hesab edirəm ki, Əsas Qanunumuza təklif olunan əlavə və dəyişiklikləri ölkəmizin müasir inkişafı ilə bağlı yaranan yeni reallıqlar, yeni inkişaf hədəfləri diqtə edir. Ümumiyyətlə, Azərbaycan indiki mərhələdə Konstitusiya dəyişikliklərinə getməklə bundan sonra da demokratiyaya sadiq qalmaq əzmini ortaya qoyur. Prezident İlham Əliyevin Konstitusiyamıza təklif etdiyi əlavə və dəyişikliklər bu gün gündəmdə olan aktual məsələlərdir. Biz dünyada hansı proseslərin getdiyini görürük. Azərbaycan da təbii ki, heç nədən sığortalanmayıb. Bu gün biz cəmiyyətimiz, xalqımız, gələcəyimiz haqqında düşünməliyik.
- Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin səciyyəvi cəhətləri barədə qısa məlumat verməyinizi xahiş edirik.
- Əlbəttə, dövlət başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər bir sıra mühüm məsələlərin geniş spektirini əhatə edir və bu dəyişikliklər barədə geniş söhbət açmaq mümkündür. Mən diqqəti qısaca olaraq bəzi dəyişikliklərə yönəltmək istərdim. Hesab edirəm ki, təklif olunan bütün əlavə və dəyişikliklərin hər biri öz istiqamətində müəyyən nailiyyətlər üçün təkan verəcək. Məlumdur ki, dəyişikliklərin bir qismi ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Müharibə şəraitində yaşayan bir dövlət üçün təhlükəsizlik məsələsi ilk plandadır və ən önəmli məsələlərdən biridir. Bu baxımdan Silahlı Qüvvələr haqqında dəyişikliklər, təhlükəsizliyi təhdid edə biləcək birliklərin yaradılmasının, həmçinin hüquqdan sui-istifadə hallarının qarşısının alınması üçün nəzərdə tutulan qadağalar və digər bu kimi məsələlər çox aktualdır.
Bundan başqa, bu gün dünyada insan haqları ilə bağlı məsələnin önəmi hədsiz dərəcədə artıb. Bizim üçün-bir milyon qaçqın və köçkünü olan bir ölkə üçün də insan haqları məsələsi çox vacibdir. İnsan haqlarının Konstitusiya çərçivəsində daha da mükəmməlləşməsi Azərbaycanın bu sahədə niyyətini ifadə edir.
Mən gənclərimizə olan münasibəti xüsusi nəzərə çatdırmaq istəyirəm. Hesab edirəm ki, dövlət gənclər siyasəti bu dəyişikliklərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklər arasında həm Milli Məclisin deputatı olmaq istəyənlərin , həm də prezidentliyə namizədin yaş həddi azaldılıb. Mən bunu Azərbaycan gəncliyinə böyük etimadın göstəricisi kimi dəyərləndirirəm. Bu gün bizim gənclərimiz özlərini kifayət qədər formalaşan, ayrı-ayrı məsuliyyətli vəzifələrə layiq olan insanlar kimi təqdim edirlər. Nə üçün hansısa yaş həddi ilə gənclərimizin öz potensiallarını dolğun şəkildə üzə çıxartmalarınan qarşısına əngəllər yaratmalıyıq?
Eyni zamanda, ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasının mühüm əhəmiyyətini qeyd etmək istərdim. Bu, Azərbaycan cəmiyyəti üçün idarərtmənin yeni bir üsulu kimi təqdim olunur. Düşünürəm ki, bu da müasir tələblərə uyğun olan bir addımdır. Ümumiyyətlə, biz nəzər salsaq, görərik ki, Azərbaycan beynəlxalq əlaqələri kifayət qədər geniş olan bir dövlətdir. Respublikamız həm xarici əlaqələrini genişləndirir, həm də beynəlxalq təşkilatların üzvü olaraq müxtəlif konvensiyalara qoşulur. Azərbaycan beynəlxalq təşkilatların üzvlüyündən, qoşulduğu ayrı-ayrı konvensiyalardan irəli gələn öhdəlikləri tam şəkildə yerinə yetirir. Hesab edirəm ki, vitse-prezidentlik institutunun yaradılması həm daxili idarəetmədə, həm də xarici siyasətimizdə dinamikliyi, çevikliyi daha da artıracaq.
- Ölkəmiz referenduma hazırlaşır. Konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi barədə nə deyə bilərsiniz?
- Konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi Azərbaycanın bəyan etdiyi demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bütün taleyüklü məsələlərdə xalqın iradəsi əsas götürülür. Əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin özü demokratiyanın ən əsas göstəricisidir. Azərbaycan xalqı müasir düşünən , geniş təfəkkürlü bir xalqdır, cəmiyyətimiz yüksək intellektual potensiala malikdir. İnsanlarımız Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılmasını və referendum yolu ilə qəbul edilməsini ölkəmizdə demokratik dövlət quruculuğu prosesinin mühüm bir göstəricisi kimi dəyərləndirirlər. Hesab edirəm ki, əsas Qanunumuza referendum yolu ilə qəbul ediləcək əlavə və dəyişikliklər Azərbaycanın inkişafının yeni mərhələsinin əsası qoyacaq.
- Sevinc xanım, yeri gəlmişkən, Siz tez-tez seçicilərinizlə görüşlər keçirirsiniz. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçiciləriniz hansı mövqedədirlər?
- Bəli, seçicilərlə görüşlərdə biz tez-tez Konstitusiyaya təklif olunan dəyişikliklərlə də bağlı müzakirələr aparırıq. Onu deyim ki, ölkə vətəndaşları Əsas Qanunumuza təklif olunan dəyişikliklərə böyük maraq göstərirlər. Seçicilərim Referendum Aktına bütövlükdə müsbət münasibətlərini ifadə edirlər.
Təklif olunan dəyişikliklərə və əlavələrə cəmiyyətin belə yüksək münasibət sərgiləməsi heç də təsadüfi deyil. İnsanların böyük marağı və dəstək ifadə etmələri onunla bağlıdır ki, təklif olunan dəyişikliklər son nəticədə ölkəmizin inkişafına, insanların hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin olunmasına, respublikamızda icra strukturunun təkmilləşdirilməsinə hədəflənib. Qeyd olunan bu və ya digər məsələlər ölkəmizin və bütün vətəndaşların ümumi mənafeyinə xidmət etiyinə görə insanlar da bəhs olunan dəyişikliklərin və əlavələrin Konstitusiyamızda təsbit olunmasını arzulayırlar. Mən seçicilərimin yüksək əhval-ruhiyyəsinə istinad edərək əminliyimi bildirirəm ki, Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar keçiriləcək Referendum ölkə vətəndaşlarının yüksək fəallığı şəraitində baş tutacaq. Mən Azərbaycanın xoşbəxt gələcəyi, ölkəmizin qüdrətinin artması naminə seçicilərimi, ölkənin səsvermə hüququ olan bütün vətəndaşlarını sentyabrın 26 seçki məntəqələrinə gəlib Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərlə bağlı öz iradələrini ifadə etməyə çağırıram!