YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiya islahatlarını zəruri edən şərt dövlətin və cəmiyyətin dinamik inkişafıdır

Müsahibimiz Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Mirzəcan Xəlilov

- Mirzəcan müəllim,  hazırda ölkəmiz ümumxalq səsverməsi ərəfəsindədir. Sizcə, bu gün Konstitusiya islahatlarını şərtləndirən amillər nədən ibarətdir?

- Bilirsiniz ki, bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir. Azərbaycanın bugünkü inkişafına nəzər saldıqda milli gücün kəmiyyət və keyfiyyət ünsürlərinin eyni vaxtda inkişafının şahidi oluruq. Ölkənin milli gücü dedikdə, məhz bu amil nəzərdə tutulur. Dövlətin inkişafının əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır.

Bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də, bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Ərazisinin 20 faizi işğal altında olan bir dövlət kimi, Azərbaycan özünün hərtərəfli müdafiə imkanlarını genişləndirib. Bütün bunların əsasında isə ölkənin coğrafi, iqtisadi, sosial və digər resurslarından səmərəli və məqsədyönlü istifadə dayanır. 

Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadiyyatının, eləcə də, xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də, iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb. Bu gün Prezident İlham Əliyevin bu siyasəti böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir. Təbii ki, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır. Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Siz bilirsiniz ki, Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir. Amma bir sıra mühüm məqamlar var ki, onlar ölkənin Konstitusiyasında öz əksini tapmalıdır. Ona görə də, bu mühüm məqamlar, əlavə və dəyişikliklər referendum vasitəsilə reallaşdırılır. Sentyabrın 26-da  keçiriləcək ümumxalq səsverməsinin də əsas mahiyyəti bundan ibarətdir.

- Azərbaycan vətəndaş həmrəyliyinin, milli birliyin hökm sürdüyü şübhəsizdir. Bu birlik və həmrəylik Konstitusiya islahatlarının dəstəklənməsində özünü necə ifadə edir?

- Heç şübhəsiz, istənilən dövlətin milli gücə sahib olması üçün təbii resurslar, əhali, iqtisadi, hərbi güc faktorları ilə yanaşı, mənəvi-psixoloji və ideoloji amillər də həlledici rol oynayır. Müasir dünyaya inteqrasiya edən Azərbaycan qloballaşma və inteqrasiya proseslərinin müsbət cəhətlərindən yararlanır. Bununla belə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər, azərbaycançı mövqedə dayanır. Milli-mənəvi dəyərlərə bağlılıq, eləcə də, azərbaycançılıq ideologiyası xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır.
Ölkənin əhalisinin eyni amallar və ideyalar ətrafında birləşməsi, bu ideya və amalların dövlətin siyasətinin məqsəd və prioritetləri ilə üst-üstə düşməsi milli gücün ən vacib ünsürlərindən olan milli birliyi təmin edən vacib təməldir. Dövlətin müxtəlif sahələr üzrə qəbul etdiyi qərar və proqramların, həyata keçirdiyi islahatların səmərə verməsi də, ilk növbədə, ictimai əhval-ruhiyyədən, xalqın dövlətin siyasətinə rəğbətindən və dəstəyindən asılıdır. Məhz milli birliyin hökm sürdüyü dövlətin sosial-siyasi sabitliyindən, davamlı inkişafından söz açmaq mümkündür. Müstəqil siyasət aparmaq üçün güclü iradə, cəsarət, iqtisadi dayaqlar olmalıdır. Amma ilk növbədə, cəmiyyətdə birlik olmalıdır. Bu birlik nə qədər güclüdürsə, o qədər də bizim uğurlarımız artır. 

Ümumiyyətlə, bu gün xalqla Prezidentimizin birliyi çox sıxdır, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, qəbul etdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Bu mənada əhali dövlət başçısının ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təşəbbüsünü də dəstəkləyir.

- «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər haqqında» Referendum Aktında insan hüquqlarına dair bir sıra müddəalar əksini tapır. Sizcə, bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı hansı səviyyədədir? Konstitusiyaya təklif olunan dəyişikliklər bu sahədəki vəziyyətin daha təkmilləşdirilməsinə necə təsir göstərəcək?

- Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”, - deyən Ulu öndər demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin, dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan etdi. 

Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avratlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü və KİV üzərindəki senzura ləğv edildi. 

Sonrakı illərdə isə bələdiyyələrin, ombudsman institutunun formalaşdırılması, məhkəmə islahatlatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır.

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə hər il islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. Konstitusiyamızın 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təmini, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır”. 

Hazırkı Konstitusiya islahatlarında ölkəmizdə insan hüquqlarının konstitusion əsasları daha da möhkəmləndirilir. Belə ki, əsas qanunun 24-cü maddəsinin birinci hissəsinə belə bir əlavə edilir: «İnsan ləyaqəti qorunur və ona hörmət edilir». Bildiyiniz kimi referendum aktında insan haqlarına aid maddələrə başqa dəyişikliklər də var və bütün bunlar ölkəmizdə bu sahənin daha da təkmilləşdirilməsinə xidmət edir.

- Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur. Bu haqda nə deyə bilərsiniz?

- Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb. 

Qeyd edək ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etməsinin əyani göstəriciləridir.

Onu da qeyd edim ki, sahibkarların da hüquqları Konstitusiya ilə qorunur. Əsas qanunun 13.2. maddəsinin belə bir  II hissə əlavə edilməsi də buna sübutdur: “II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Amma onu da vurğulamaq lazımdır ki, sahibkarlar sosial məsuliyyət də daşıyırlar. Bu səbəbdən də Konstitusiyaya «xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur» kimi müddəa da daxil edilir. Məhz bu müddəa sahibkarları öz fəaliyyətlərində sosial məsələlərdə iştiraka da təşviq edir. Bütövlükdə, təkliflərin hər biri milli və dövlət maraqlarına cavab verir.

- «Yeni Azərbaycan» təşviqat qrupunun tərkibində seçicilərlə keçirilən görüşlərdə iştirak edirsiniz. Sizcə, insanlar hansı əhval-ruhiyyə ilə bu referenduma gedir?

- Təbii ki, insanların referendum aktına münasibəti olduqca müsbətdir. Biz seçicilərlə görüşlərimizdə bunun əyani şahidi oluruq. Yuxarıda qeyd etdim ki, xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti, verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Referendum aktı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu amil vətəndaşların konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməsini şərtləndirir.

Görüşlərimiz zamanı da insanlar bu məqamı vurğulayırlar ki, dövlət başçısı İlham Əliyevdən gələn bütün təşəbbüsləri müdafiə edirik. Onlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək referendum aktına səs verəcəklərini bildirirlər.    Bununla belə, «Yeni Azərbaycan» təşviqat qrupu üzərinə düşən vəzifəni yerinə yetirərək konstitusiya islahatlarının mahiyyətini insanlara izah edir, onları referendum günü fəal olmağa çağırır. Çünki bəzi müxalifət qüvvələri bu islahatların əleyhinə təbliğat aparırlar. Düşünürəm ki, bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. İnanıram ki,  seçicilər yüksək səs çoxluğu ilə referendum aktını dəstəkləyəcəklər.