YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Mehriban xanım Əliyevaya ən böyük mükafat Azərbaycan xalqının məhəbbətidir

Müsahibimiz Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova

- Bahar xanım, arxada qalan hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycan bu gün hüdudlarından kənarda necə görünür?

- Azərbaycan bu gün regionun ən sürətli və dinamik inkişaf edən ölkədir. Xalqımız əsrlər boyu bu inkişafı əldə etmək üçün xəyallar qurub, mübarizə aparıb, qurbanlar verib. Və nəhayət, Azərbaycan dövrün, zamanın reallığına çevrilib və inkişaf edən, parlaq bir ölkə kimi dünyanın hər yerindən görünür. Coğrafi imkanları, təbii resursları, elmi potensialı, qədim mədəniyyəti, zəngin mənəvi irsi, ən əsası bütün bunları bir araya gətirib müstəqil bir dövlətin güc, qüvvət simvoluna çevirən xalqı ilə bu gün bütün dünyanın diqqətini çəkir. Xalq özünün zaman-zaman yetişdirdiyi dühaları, ziyalıları, tanınıb-seçilən elm, mədəniyyət. ictimai xadimləri, ən əsası heç bir zaman unudulmayacaq dövlət xadimləri ilə bütün bu potensialı səfərbər edə bilib, Azərbaycan dövlətinin yaradılmasına, möhkəmlənməsinə və onun müstəqilliyinin dönməzliyinin və əbədiliyinin təmin olunmasına sərf edib. Ona görə biz həm ölkə daxilindən baxışa, həm də xaricdən baxanların fikirlərinə söykənsək, deyə bilərik ki, bu gün Azərbaycan hər bir Azərbaycan vətəndaşının qürur duyacağı, fəxr edəcəyi bir inkişaf səviyyəsinə malikdir. Göstərilən bütün bu səylərin müsbət nəticələri də məhz Azərbaycan vətəndaşlarının həyatında, onların sosial durumunda öz əksini tapır. Dövlətimiz burada yaşayan bütün xalqların fədakarlığı nəticəsində qurulduğu kimi, vətəndaşlar da dövlətin sayəsində rifah içində yaşayışlarını təmin edir, öz potensiallarını həyatın bütün sahələrində səfərbər etmək üçün bərabər imkanlar qazanırlar.

- Ölkəmizin uğurlarında qadınlarımızın töhfələri hansı səviyyədədir?

- Qadının cəmiyyət, dövlət həyatında iştirakının, onun ön mövqelərdə, sıralarda dayanmasının vacib amillərdən biri olduğunu sübut etməyə ehtiyac yoxdur. Ötən əsrin sonu- XXI əsrin əvvəllərindən daha artıq müşahidə edilməyə başladı ki, cəmiyyət və dövlət həyatı qadınlarsız, onların fəal iştirakı olmadan hərtərəfli, yəni obyektiv inkişaf edə bilməz. Düşünürəm ki, son 20 ilin Azərbaycan qadınına verdiyi üstünlüklər ona qədərki müddətdə əldə etdiklərindən qat-qat üstündür. Əgər biz indiyə qədər bütün Azərbaycan qadınlarının əldə etdiklərini bir nailiyyət, bünövrə hesab ediriksə, bundan sonra gələnlər onun üzərində inkişaf edib, ucalan binalar, abidələr kimi görünür. Bizim tarixi keçmişimizə, mədəniyyətimiz, mənəviyyatımız, ailə dəyərlərimizə söykənən müasir demokratik cəmiyyətimiz qadınları getdikcə daha çox ictimai-siyasi proseslərin ön cərgələrinə çıxarmaqdadır.

Qadın amilinin davamlı dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, və onun həyata keçirilməsinə göstərilən  qayğı sayəsində bu gün biz hər bir sahədə qadınlarımızın uğurlarından danışa bilirik. Eləcə də müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması, Dağlıq Qarabağ problemi, Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsində, qadınlarımızın iştirakı şəksizdir. Hesab edirəm ki, bu nailiyyətlərin əldə olunmasında Azərbaycan qadınlarının aydın və parlaq şəkildə görünən imzası vardır.

- Bahar xanım, reallıqlar fonunda bu fikri böyük inamla qeyd edirik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün bir örnəkdir. Bu örnəklik eyni zamanda vətəndaş amilini daha qabarıq şəkildə ortaya qoyur…

- Bilirsiniz, bizim müxtəlif sahələrdə örnək qadınlarımız çox olub. Bu isə hər zaman Azərbaycan qadınını irəliyə baxmağa, qarşısına böyük hədəflər qoymağa və bunun üçün də həmin örnəklərə istinad etməyə vadar edib.  Əlbəttə ki, bu gün Azərbaycan qadınlarının simvolu kimi çıxış edən örnəyimiz şübhəsiz və mübaligəsiz Mehriban xanımdır. Biz Mehriban xanım Əliyeva  haqqında təkcə bir fərd kimi danışmırıq.

O, təkcə özünü deyil, həm də Azərbaycan qadınlarını, türk və islam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından iştirak edən qabaqcıl dünya qadınlarını, təkcə öz ölkəsində deyil, dünyada, beynəlxalq aləmdə fəaliyyət göstərən qadınları, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət, elm xadimlərini, anaları, bacıları, həyat yoldaşlarını, birinci xanımları təmsil edir. Baxın, Mehriban xanım bu gün  nə qədər sahədə təmsilçilik hüququnu və məsuliyyəti öz zərif çiyinlərində daşıyır. Onun  fəaliyyəti bütün Azərbaycan qadın hərəkatında, mübaligəsiz deyirəm, dünya qadın hərəkatında qırmızı xətt kimi keçir. Azərbaycanın bu günki inkişaf sürəti özünəqədərki mərhələləri üstələdiyi kimi, Mehriban xanımın fəaliyyəti də bu inkişaf proseslərinin içərisində qadınların iştirakının önündə gedir.

- Mehriban xanım Əliyevanın müsahibələrinin birində söylədiyi «Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir» fikrini tarixə baxış və bugünümüzün reallıqları fonunda necə şərh edərdiniz?

- Əlbəttə, hər bir dövrün yetirdiyi tarixi simalar vardır. Siyasətin içərisində olduğumuz üçün daha çox bu sahədəki tanınmış insanlardan, siyasi xadimlərdən danışırıq. Bəzi hallarda onlar həm zamanın yetirdiyi, həm də zamanı qabaqlamış şəxsiyyətlər kimi xarakterizə olunurlar.

Hesab edirəm ki, Azərbaycanın tarirxində ulu öndər Heydər Əliyev qədər bütün sahələrdə parlaq şəxsiyyətimiz olmayıb. Yəni, o zamanın fövqünə qalxmağı bacardı. Əgər biz bu gün onun siyasətini davam etdirən möhtərəm Prezidentimizdən danışsaq, söyləyə bilərik ki, cənab İlham Əliyev də ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdi, zamanın fövqünə qalxmağı bacardı. Birinci xanım kimi Mehriban xanım Əliyevanın da üzərinə düşən və özünün müəyyənləşdirdiyi sahələr üzrə fəaliyyətinə nəzər salsaq , vurğulamaq lazımdır ki, Mehriban xanım da tarixin zamanın fövqünə çıxardığı şəxsiyyətlərdən biridir. Burada həm tarixin, həm də bugünkü ictimai-siyasi proseslərin rolu vardır. Amma ən böyük nəticələr məhz onun özünün qarşısına qoyduğu hədəflər uğrundakı fəaliyyətinə bağlıdır. Odur ki,  Mehriban xanım Əliyeva  tarixin yetirdiyi və bu tarix içərisindəki yerini və rolunu daha çox özü müəyyən etmiş Azərbaycanın ictimai və siyasi həyatında özünəməxsus yeri olan böyük şəxsiyyətdir.

- Düşünmək olar ki, məhz bu hədəflər ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin çoxşaxəliliyini şərtləndirir…

- Əlbəttə. Mehriban xanım Əliyeva  Heydər Əliyev Fonduna rəhbərlik edənə qədər çox böyük fəaliyyət yolu keçib. O, hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edirdi. Fondun fəaliyyətini özündə əks etdirən «Azərbaycan- İrs» jurnalı təsis olunur. Bu jurnalda özünün də çoxsaylı məqalələri dərc olunurdu. Məqalələr bir şəxsin Azərbaycan mədəniyyəti haqqında düşüncələri deyildi. O, Azərbaycan mədəniyyətini necə təbliğ, təqdim etməyin yollarını göstərirdi. Diqqət yetirin, Azərbaycan Mədəniyyətinin Dostları Fondundan başlanan fəaliyyət bu gün Heydər Əliyev Fondunda daha böyük uğurla davam edir.

 Mehriban xanımın fəaliyyətində konkret şəxsə yardım əsas prinsiplərdəndir. Əlbəttə ki, insanlıq naminə yardımlara qoşulmaq öz yerində, amma konkret ehtiyacı olan təbəqəyə, şəxslərə yardım göstərib, onu cəmiyyətə örnək kimi təqdim etməyin özü cəmiyyətin digər üzvlərinin- imkanlı şəxslərin, ictimai fəal şəxslərin diqqətini bu istiqamətə yönəltmək daha vacib amillərdəndir. Qayğını, mərhəməti və konkret yardımı nəzərdə tutan layihələrin müəllifi kimi çıxış etmək Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. İstər Azərbaycanda, istərsə də ölkə xaricində mədəniyyətin, səhiyyənin, təhsilin inkişafına, uşaqların, gənc nəslin sağlamlığına çox ciddi diqqət yetirir. Dünya mədəni irsinin qorunması sahəsində Fondun layihələri misilsizdir.

Mehriban xanım Əliyeva  idmana böyük diqqət və qayğı göstərir. Özünün rəhbərlik etdiyi Gimnastika Federasiyasının istər ölkə miqyaslı, istərsədə beynəlxalq yarışlarının təşkil olunmasındakı təşkilatçılığı imkan verdi ki, daha böyük tədbirləri- «Eurovision» mahnı yarışmasının, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi işinə rəhbərlik etsin.

Onun rəhbərliyi altında Heydər Əliyev Fondu milli liderimizin ideyalarını həyata keçirməklə təbliğatı işini uğurla irəliyə aparır.

- Mehriban xanım Əliyeva dəfələrlə Amnistiya Aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət edib. Bu, Mehriban xanımın humanizmindən irəli gələn bir addımdır…

- Bu günədək Azərbaycan parlamentində təmsil olunanların əksəriyyəti seçicilərin etimadını doğruldaraq ölkəmizdə parlament mədəniyyətinin formalaşmasına öz misilsiz töhfələrini verib. Əlbəttə, bü ümumi işin içərisində öz parlaq fəaliyyəti ilə seçilən millət vəkillərindən biri Mehriban xanım Əliyevadır. Vurğulamaq istəyirəm ki, qadın millət vəkili olaraq onun fəaliyyəti biz qadın deputatları da onun kimi öz zamanına, onun üçün ayrılmış 5 il müddətə çox böyük məsuliyyətlə yanaşmaq üçün gözəl örnəkdir. Millət vəkili kimi də fəaliyyətində əsas istiqaməti humanism və mərhəmət təşkil edir. Məhz onun təşəbbüsləri nəticəsində on minlərlə insana Amnistiya Aktı ilə yenidən cəmiyyətə, ailə həyatına qayıtmaq imkanı yaradılıb. Onların arasında öz səhvini anlayan, bundan sonra bir daha cinayət yoluna qədəm qoymayanların çoxluğu bizi bir daha inandırır ki, bu cür Aktlar vacibdir, belə təşəbbüslərin davamlılığı təqdirəlayiqdir. Bu addımlar humanizmin, bağışlamanın yalnız böyük şəxslərin və ürəklərin işi olduğunu insanlara təlqin edir. Mehriban xanım bu fəaliyyəti ilə millət vəkillərinə örnəkdir.

O eyni zamanda parlamentdə Azərbaycan-Fransa Dostluq Qrupunun rəhbəridir. Millət vəkili kimi Azərbaycan-Fransa əlaqələrinin inkişafına çox böyük töhfə verir. Fransa Minsk qrupunun həmsədri kimi bizim üçün çox vacib və Avropanın ən inkişaf etmiş demokratik ölkələrindən biridir. Belə bir dövlətlə parlament əlaqələrinin möhkəmlənməsi, getdikcə daha artıq genişlənməsi, xüsusilə mədəni əlaqələr olduqca önəmlidir. Hesab edirəm ki, Mehriban xanım Dostluq Qrupunun rəhbəri kimi də örnək bir fəaliyyət göstərir. Digər Dostluq qruplarının rəhbərləri və təmsilçiləri də bu fəaliyyətdən nümunə götürərək, parlamentlərarası əlaqələrin inkişafına öz töhfələrini verməlidirlər.

- Mehriban xanım Əliyeva  müsahibələrində bir məqamı da qeyd edir ki, qadın siyasətçilərin kişi siyasətçilər qarşısında heç bir üstünlüyü yoxdur. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kifayət qədər güc və sağlam ambisiyalar olmalıdır…

- Əlbəttə, bu, belədir. Demokratik cəmiyyətlər bir qayda olaraq siyasətdə qadınlara qarşı güzəşt müəyyən etmir. Azərbaycanda da qadınlara kişilərlə bərabər qanun çərçivəsində ictimai-siyasi proseslərdə iştirak imkanları yaradılıb ki, onlar bu prosesə fəal şəkildə qoşulsun, ən əsası qadın olduqları üçün özlərinə qarşı güzəşt gözləmədən fəaliyyət göstərmək iqtidarında olsunlar. Qadınlara bir az çalışqan olmaq, öz yükünü özü daşımalı olduğunu qəbul etmək qalır ki, onlar rəqabətə davamlı olsunlar. Mehriban xanımın fəaliyyəti bu sahədə də örnəkdir.

Millət vəkili kimi seçicilərini parlamentdə yüksək səviyyədə təmsil edir. Təmsil etdiyi rayonda böyük layihələr həyata keçirir. Hər bir seçicinin problemi ilə ciddi şəkildə məşğul olur. Həmin rayonun inkişafı, insanların sosial çətinliklərinin azaldılması istiqamətində çox ciddi fəaliyyət göstərir.

Bunu da yaddan çıxarmaq lazım deyil ki, Mehriban xanım Yeni Azərbaycan Partiyasının üzvüdür. O, YAP İdarə Heyətinin üzvü, YAP Sədrinin müavinidir. Mehriban xanımın Yeni Azərbaycan Partiyasınıın rəhbərliyində təmsil olunması bu partiyaya daha çox qadınların gəlməsinə, YAP daxilində onların daha fəal olmasına böyük təsir göstərib. Mən deyərdim ki, Mehriban xanım təkcə öz fəaliyyəti ilə nümunə göstərmir, həm də qadınları bu fəaliyyətə səfərbər etmək kimi vacib bir funksiya daşıyır.

- Bahar xanım, inkaredilməz həqiqətdir ki, hər bir insanın formalaşmasında ailənin də rolu böyükdür…

- Azərbaycanda nəsilbənəsil ziyalılığı ilə seçilən ailələr olub. Bəzən də elə olur ki, valideynlərin heç birinin təhsili yoxdur, amma həmin ailələrdə yüksək səviyyəli ziyalılarımız yetişib. Bu da bizim xalqın istedadı ilə bağlı olan cəhətdir. Bir də istedada və ziyalılığa verilən önəmin, dəyərin sübutudur ki, belə insanlar xalqın ümumi potensialı üzərində formalaşır.

Amma Mehriban xanım Əliyevanın  mənsub olduğu ailələr təbii ki, artıq neçə nəsil ziyalılığı ilə fərqlənən ailələrdir. İstər Prezidentimizin, istərsə də birinci xanımın ailəsi. Bu iki ailənin yaratdığı ailə isə təbii ki, hər iki tərəfə aid yüksək keyfiyyətləri ilə fərqlənməlidir. Biz Mehriban xanımı öz valideynlərindən, eləcə də Zərifə xanımın və ulu öndər Heydər Əliyevin ailəsindən əxz etdiyi üstün keyfiyyətlərin daşıyıcısı kimi görürük. Əlbəttə bu vəhdət sayəsində formalaşan insan kimi o, həm də milli ənənə üzərində möhkəm dayanan müasir Azəörbaycan ailəsinin yaradıcısı kimi də çıxış edir.

Məhz bu ailənin timsalında görmək olar ki, ailədən gələn dəyərlər nə dərəcədə dövlətin, xalqın və  ölkənin nailiyyətinə çevrilə bilir. Bu ailə nümunəsi həm səmimiliyi, həm daxili monolitliyi, həm də bir öndərliyi ilə digər ailələrə nümunə olmaqla Azərbaycana xidmət etmənin yollarını müəyənləşdirir.

- Məlum olduğu kimi, Mehriban xanım peşəcə həkim-oftalmoloqdur. Mehriban xanımın bu fikrinə də istinad etmək istərdik ki, hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır…

- Həkimlik elə bir peşədir ki, o insandan bir çoxlarında olmayan keyfiyyətləri tələb edir. Elə həkimlər var ki, onun haqqında yalnız həkim kimi deyil, bir insan kimi danışırlar. Digər sahələrdə olduğu kimi, bu sahədə də öz işinə yaradıcı yanaşmaq daha gözəl nəticələr verir. Mehriban xanım sırf həkim kimi fəaliyyət göstərməsə də, məncə o, cəmiyyətin həkimi rolunda çıxış edir. Elə bil cəmiyyətin gözlərini açır. Biri var fərdin gözlərini müalicə edəsən, biri də var cəmiyyətin həyata baxışını formalaşdırasan. Mehriban xanımın cəmiyyətin gözünün sağlamlaşması, insanların cəmiyyət və dövlət həyatına baxışlarının formalaşması istiqamətindəki həkimliyi daha üstündür.

Mehriban xanım ictimaiyyətin, imkanlı şəxslərin dövətlə birlikdə problemlərin həllinə könüllü cavabdeh olmanın yollarını göstərir, onu zərurətə çevirir.

- Azərbaycanın beynəlxalq aləmdə təqdimatında Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Müharibə şəraitində yaşayan bir ölkə olaraq, Azərbaycan həqiqətlərinin təbliği bu günümüzün əsas tələblərindəndir…

- Biz əhalisinin 90 faizdən çoxu islam dininə aid olan ölkəyik. Dünyada islama olan münasibət bəllidir. Bizi tanımadan, görmədən elmdə, ictimai həyatda, demokratik inkişafda geridə qalmış ölkə kimi qələmə vermənin şahidi oluruq. Bizi insan haqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışırlar. Hətta islamofobiya meyilləri o qədər güclüdür ki, çox parlaq şəkildə görünən nailiyyətimizi belə bizim “totalitar rejimi” pərdələmək istiqamətində göstərdiyimiz cəhdlər kimi təqdim etməyə səy göstərirlər. İndi baxın, Mehriban xanım bu kimi səylərin qarşısında bir sipər kimi çıxış edir. Bir çox hallarda bizim Azərbaycan qadınlarını çadrada təsəvvür edirlər. Gəlib reallıqları, xüsusilə Mehriban xanımın həyata keçirdiyi layihələri, onun özünü, davranışını, ünsiyyət mədəniyyətini, Azərbaycanı təmsil etmək qabiliyyətini gördükdə isə mövqelərini dəyişməyə məcbur olurlar.  Bunun günahi bizdə yox, əlbəttə onların bizim haqda olan yalnış təsəvvürlərindədir. Ona görə deyərdim ki, Mehriban xanımın ölkə daxili fəaliyyəti ilə yanaşı ölkə xaricindəki fəaliyyəti çox böyük önəm kəsb edir. Dünyanın mədəniyyət beşiklərində müxtəlif tədbirlərin təşkili Azərbaycan reallıqlarının, ümumilikdə Azərbaycanın bir dövlət kimi təqdimatında xüsusi rol oynayır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri olaraq dinləri və mədəniyyətləri üz-üzə deyil, yanaşı aparır, qovuşdurur, bununla da ölkəmizə və dünyamıza böyük xidmət etmiş olur.

- Mehriban xanım Əliyevanın  mükafatları, fəxri adları da onun fəaliyyətinin çoxşaxəliliyini bir daha ortaya qoyur…

- Hesab edirəm ki, Mehriban xanım Əliyevaya  ən böyük mükafat  Azərbaycan xalqının məhəbbətidir, onu yetirən xalqın ona olan münasibətidir. Mehriban xanım haqqında xarakterindən asılı olmayaraq fikir söyləyən hər kəs sanki dəyişir. Çox qəribədir. Mən belə bir halı ilk olaraq Zərifə xanım, ikinci Mehriban xanıma münasibətdə müşahidə etmişəm. Zərifə xanım haqqında ucadan, həyəcanla danışan insana rast gəlməmişəm. Eləcə də Mehriban xanım haqqında.

 Bir çox beynəlxalq mətbuat orqanlarında, internet saytlarında Mehriban xanım Əliyevaya  həsr olunmuş məqalələri oxuyanda sanki özümüzü, öz düşüncələrimizi duyuruq. Mehriban xanım harada, kiminlə ünsiyyətdə olursa-olsun, eyni təəssüratı yaradır. Demək bütöv şəxsiyyətdir, prinsiplərinə sadiqdir. O zərif göründüyü qədər güclüdür, çox müdrik siyasətçidir, xanımdır, həyat yoldaşıdır, ictimai xadimdir, beynəlxalq aləmdə tanınmış şəxsiyyətdir. Hesab edirəm ki, Mehriban xanımın qarşısında hələ çox böyük fəaliyyət istiqamətləri dayanır. Nə qədər yaşayır, fəaliyyət göstərir, o qədər də müxtəlif və çoxsaylı mükafatların sahibi olacaq.

- Bahar xanım, sonda Mehriban xanım Əliyevanın  bir daha həyat devizini xatırlamaq istərdik - Həmişə öz ləyaqətimi saxlamaq, özümə və prinsiplərimə sadiq olmaq. Bu prinsiplər əsasında qurulan fəaliyyətin ümumiləşdirilmiş qiyməti necədir?

- Hər bir şəxs əlbəttə, özü-özünü yaradır, özünün müəllifi kimi çıxış edir. Mehriban xanım həyat devizini açıqlamaqla həm şəxsiyyət olaraq özünün kimliyini təqdim edir, həm də özünü maksimum şəkildə dəyərləndirir. Bir insan özü haqqında söyləyirsə ki, ləyaqətlə yaşamaq, özünə və prinsiplərinə sadiq olmaq onun həyat devizidir, buna nə əlavə etmək olar? İnsan bütün hallarda ləyaqətlə çalışırsa, heç nə onu prinsiplərindən çəkinməyə vadar etmirsə, və ən əsası ədalətlidirsə demək bu insan bütöv şəxsiyyətdir, xarakterdir, tamdır. Həyat onu dəyişə bilməz, o həyatı dəyişməyə qadirdir. Heydər Əliyev, İlham Əliyev, Mehriban xanım Əliyeva kimi şəxsiyyətlərin nəsibidir, missiyasıdır ki, digər insanların həyatını dəyişsin, onları təkmilləşməyə, kamiləşməyə çağırsın.

Mən mükəmməl şəxsiyyət Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqını da təbrik edirəm ki, Mehriban xanım kimi himayəçisi, qayğıkeşi, mərhəmət və şəfqət göstərəni, xalqımızı yüksək səviyyədə təmsil edəni, bu xalqın maraqları, mənafeyi, inkişafı üçün çalışanı, bu dövlətin möhkəmliyi, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması üçün ölkə Prezidentinin köməkçisi qismində çıxış edən “MEHRİBANI” vardır.