YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Üçrəngli bayrağımızın Yay Olimpiya Oyunlarında dalğalanması Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi diqqət və qayğının tərənnümünə çevriləcək

Müsahibimiz Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev

- Ülvi müəllim, artıq Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları başlayır. Bilindiyi kimi, Azərbaycan komandası da Olimpiayadaya yollanıb. Ümumiyyətlə, idmançılarımızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz və hansı nəticələri gözləyirsiniz?

- Olimpiya oyunları ən yüksək səviyyəli idman yarışları sayılır. Belə ki, hər bir idmançı təmsil etdiyi növ üzrə məhz Olimpiya çempionu olmağı arzulayır. Nəzərə almaq gərəkdir ki, Olimpiya oyunlarının tamaşaçı kütləsi də xeyli genişdir. Bu mənada yarış meydanına çıxan hər bir idmançı daşıdığı məsuliyyətin yükünü hiss etməli və bütün səyini məhz qələbəyə kökləməlidir.

İlk olaraq bir məqamı vurğulamaq lazımdır ki, Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsi olduqca uğurlu keçib. Belə ki, 2013-cü ildən başlanan hazırlıq prosesi müvafiq konsepsiya üzrə davam etdirilib. Bu fakt yarışın nəticələrində özünü göstərəcək. Ölkəmizi təmsil edən idmançılarımız bu ötən müddət ərzində müxtəlif mühüm yarışlarda öz güclərini sınayıblar, 2013-2015-ci illərdə və 2016-cı ilin birinci yarımili ərzində 1000-dən artıq rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda iştirak ediblər. Bunun qarşılığında isə 1042-si olimpiya idman növlərinə aid olmaqla 2723 medal əldə ediblər. Biloindiyi kimi, idmançılarımızın ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarında uğurlu çıxışı da xüsusi bir stimul idi. Avropa Oyunlarında idmanın 20 növündən 12-si üzrə keçirilən yarışlar «Rio 2016» Olimpiadasına təsnifat xarakteri daşıyırdı.

Rio Yay Olimpiya Oyunlarında yığmamız 18 idman növündə 57 lisenziya ilə təmsil olunacaq. Xüsusi vurğulamağa ehtiyac duyuram ki, bu dəfə 4 fərqli idman növündə-Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində təmsil olunacağıq. Bu da böyük bir uğurdur. Artıq Azərbaycan dünyanın aparıcı idman ölkəsi olaraq özünün idman növlərində təmsilçiliyində fərqlilik yaradır. Bu da təqdirəlayiq haldır. Mən əminəm ki, bu dəfə də ənənəyə sadiq qalacağıq və ötən yarışlardan daha çox medal qazanacağıq. Ən əsası isə bu medalların əyarı ən yüksək səviyyədə olmasını arzulayırıq. Qeyd etdiyim kimi,  Olimpiya oyunlarının izlənmə faizi olduqca yüksəkdir və üçrəngli bayrağımızın Yay Olimpiya Oyunlarında dalğalanması bizə yüksək qürur yaşatmaqla yanaşı, Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi diqqət və qayğının tərənnümünə çevriləcək.

- Vurğuladığınız kimi, Azərbaycan idmançıları müstəqillik dövründə mütəmadi şəkildə iştirak etdikləri Olimpiya oyunlarında daha çox medal qazanmaqla xalqımızı sevindirib. Ümumiyyətlə, ölkəmizdə Olimpiya hərəkatının inkişafını necə dəyərləndirirsiniz?

- Müstəqil Azərbaycan tarix baxımdan çox qısa bir müddətdə bütün sahələrdə böyük yol qət edib. İstər iqtisadi inkişaf, istər siyasi sabitlik, istər qazanılan beynəlxalq dəstək, istərsə də qlobal miqyaslı enerji layihələrinin reallaşdırılması və ölkəmizin bu layihələrlə təşəbbüskar və iştirakçı qismində yer alması müstəqilliyimizin və Ulu öndər Heydər Əliyev siyasi kursunun ölkəmizə qazandırdığı üstünlüklərdir. Bu mənada idman sahəsində də də əldə olunan uğurlar olduqca böyükdür. Müstəqil Azərbaycan respublikasının idmançılarının Olimpiya oyunlarında, Dünya çempionatlarında, Avropa çempionatlarında qazandığı medallar SSRİ dövründə yalnız xəyal oluna bilərdi. Şübhəsiz ki, bütün bu nailiyyətlərin hamısı dövlətimiz tərəfindən idmana böyük qayğı və diqqətin nəticəsidir. Bu ənənəni isə Ulu Öndər Heydər Əliyev qoyub. 1994-cü ilin mart ayının 5-də ilk dəfə Əl Oyunları Sarayında idmançıları, idmansevərləri bir araya gətirən Ulu Öndər bəyan etdi ki, bu gündən sonra idmana qayğını öz üzərimə götürürəm. Məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və çoxspektrli fəaliyyətindən sonra bütün digər sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar əldə olunmağa başladı. 1996-cı ildə idmançılarımız müstəqil Azərbaycan bayrağı ilə Olimpiya oyunlarında çıxış etdilər. Düzdür, o vaxt bizim Olimpiya oyunlarında iştirak edən idmançılarımızın sayı az idi. Buna baxmayaraq, ilk olimpiya medalını qazanmağa nail olduq.

Sonrakı mərhələdə möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafına dövlət qayğısını daha da gücləndirdi. Həqiqətən də məhz həmin dövrdən başlayaraq böyük uğurlara imza atıldı. Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra da idman ictimaiyyəti ilə bütün görüşlərində idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi - texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edəcəyini söz verdi. Yeri gəlmişkən, bir neçə gün öncə Rio Yay Olimpiya oyunlarında iştirak edəcək idmançılarla görüşən dövlət başçısı bildirdi ki, «Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır». Bu gün ölkəmizin paytaxtında, eləcə də regionlarda 40-dan çox Olimpiya mərkəzi fəaliyyət göstərir. Bu komplekslərdə demək olar ki, bütün idman sahələrinin inkişafı üçün şərait var. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ən yüksək səviyyəli yarışlarda qalibiyyət əldə edirlər. Statistikaya baxsaq bu ilin 6 ayı ərzində ölkəmizdə 94 respublika, 24 beynəlxalq səviyyəli tədbir keçirilib, 102 beynəlxalq tədbirdə, 100 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı təmin edilib. İdmançılarımız bu yarışlarda uğurla çıxış edərək 313 medal əldə ediblər ki, bu medalların da 171-i Olimpiya idman növlərinin payına düşür. Bu çox böyük göstəricidir. Bu göstəricinin əldə edilməsi isə birmənalı şəkildə Prezident İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi qayğının nəticəsidir. Mən bir faktı diqqətə çatdırmaq istərdim. Ötən il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarında ölkəmizi təmsil edən karateçilərimiz mühüm uğurlar qazandılar. Məhz, Prezidentimizin diqqəti və qayğısı bu idman növünün ölkəmizdə populyarlaşmasına, idmançılarımızın beynəlxalq arenada uğurlar əldə etməsinə imkan yaradıb. İdmançılarımız beynəlxalq statuslu yarışlarda qələbələr qazanırlar və bu da sonrakı illərdə ölkəmizdə bu idman növünün populyarlaşmasına, gənclərimizin karateyə, eləcə də digər idman növlərinə maraq göstərməsinə yol açır.

- Ülvi müəllim, siz parlamentin Gənclər və idman komitəsinin sədr müavinisiniz. Ölkəmizdə gənclərin inkişafı istiqamətində aparılan dövlət siyasəti ilə bağlı fikirlərinizi bölüşmək istərdik...

- Bu gün ölkəmizdə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı mühüm addımlar atılır. Bu addımlar əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərlə bağlı dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinə əsaslanır. Qeyd edim ki, gənclərlə bağlı dövlət siyasətinin inkişaf trayektoriyası qısa müddət ərzində və mərhələli şəkildə inkişaf etdirilən bir yoldur. Bildiyimiz kimi dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bu mənada müasir gəncliyin hərtərəfli inkişafı üçün əsaslı addımlar atılıb. Bu sıraya «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və gənclərin inkişafı ilə bağlı Dövlət Proqramlarının qəbulu, eləcə də başqa fəaliyyətlər daxil edilə bilər. Ümumiyyətlə, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, o cümlədən, gənclər təşkilatlarına dövlət yardımının edilməsi kimi nəticəsi olan, effektiv addımlar günümüzün reallıqlarıdır.

- İdmanın inkişafı ilə bağlı qəbul olunan qanunevrcilik aktlarını necə dəyərləndirərdiniz?

- 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər) məhz bu işlərin sistemli və daha sürətli şəkildə inkişafını təmin etdi. Prezident İlham Əliyevin təsdiq etdiyi «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikasının Qanunu  ölkəmizdə gənclərin sağlam inkişafının təminində böyük rola malik olub. Bu bir real faktdır ki, Azərbaycan məhz Prezident İlham Əliyevin səyi, bu sahəyə olan diqqəti və qayğısı nəticəsində dünyada böyük idman ölkəsi kimi tanınır, idmançılarımızın hər bir ölkədə, hər bir növdə çıxışı maraqla izlənir, qələbələrimiz heç kimi təəccübləndirmir. Dövlət başçımız hər zaman idmançılarımızın uğurunu böyük fəxrlə vurğulayır. Bu gənclərimiz üçün də böyük uğurdur. Ölkəmizdə yaradılan idman kompleksləri yüksək səviyyəli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Bu həm də cənab Prezidentin ölkəmizi dünyada tanıtmaq, mövqelərimizi möhkəmləndirmək istiqamətində apardığı dövlət siyasətinin tərkib hissəsi sayılmalıdır.