MÜSAHİBƏLƏR
Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir
- Gündüz müəllim, bildiyimiz kimi, Prezident İlham Əliyev 2016-cı ili respublikamızda “Multikulturalizm ili” elan edib və bu illə bağlı Tədbirlər Planını təsdiqləyib. Həmin Tədbirlər Planına uyğun olaraq ölkəmizdə və xaricdə bu illə bağlı çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlərin əsas təşkilatçılarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. İndiyədək təşkil olunan tədbirlər və görülmüş işlər barədə məlumat verməyinizi xahiş edirik.
- Tarixi İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin,mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə heç zaman milli-dini zəmində qarşıdurmanın baş verməməsi, həmçininqarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəlir. Bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Elə bu səbəbdən də çoxmillətli, çoxkonfessiyalı məkan olan Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib və bu zəngin təcrübənin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruriləşdirib. Ölkə başçısı cənab İlham Əliyevin 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etməsi də məhz bu zərurətdən irəli gəlir.
“Multikulturalizm ili” ilə əlaqədar Tədbirlər Planında il ərzində həm ölkə daxilində, həm də xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də bir sıra təbirlər – konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar, yazı müsabiqəsi təşkil edib və hazırda bu istiqamətdə işlər davam etməkdədir.Qeyd olunanlara misal kimi, “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda müxtəlif dini qurumların üzvləri arasında müsabiqələrin təşkil edilməsini göstərmək olar. Həmçinin Dövlət Komitəsi mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında paytaxt və regionlarda bölgə şöbələri, rayon və şəhər icra hakimiyyətləri və digər dövlət qurumlarının birgə təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirir. Müxtəlif dini konfessiyalara mənsub dini icmaları, din xadimlərini, dindarları, xüsusilə dindar gəncləri, eləcə də qeyri-hökumət təşkilatlarını, kütləvi-informasiya vasitələrini, yaradıcı qurumları, ziyalıları, habelə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini əhatə edən bu tədbirlərdə Azərbaycan xalqının zəngin multikultural, tolerant dəyərləri, dövlətin bu sahədə həyata keçirdiyi ardıcıl, eyni zamanda qətiyyətli siyasəti təbliğ və təşviq olunur. Belə tədbirlərdən biri Gənclər və İdman Nazirliyinin və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyun ayında keçirilib. “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusundakı konfrans gənclər təşkilatları üçün nəzərdə tutulmuşdu. Konfransda müzakirə olunan məsələlər onların gələcək fəaliyyətində müsbət rol oynayacaq. Bundan başqa, “Multikulturalizm ili” çərçivəsində rayon icra hakimiyyətləri ilə birgə bölgələrdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda vaxtaşırı regional konfranslar təşkil olunur. May ayında isə Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi keçirilib.Tədbirlər Planına əsasən, iyulun 20-də Qəbələdə Azərbaycan multikulturalizminin tarixini öyrənmək istiqamətində Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsi: dünənimiz və bu günümüz” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə hazırlıq işləri görülür.
- Azərbaycanın multikultural və tolerant dəyərlərinin əsasını və qaynaqlarını nə təşkil edir?
- Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Hansısa qanunu və ya idarəetmə formasını istənilən vaxt yenisi ilə əvəzləmək mümkündür. Ancaq xalqın mədəniyyətini yüz illər keçsə belə, dəyişmək mümkün deyil. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizmsiyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.
- Dövlətin multikulturalizm siyasətinin əsas istiqamətləri hansılardır? Bu siyasətin mahiyyəti və məqsədləri nədən ibarətdir?
- Azərbaycanda multikulturalizmindövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu,dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Bu sahədə fəaliyyət göstərmək üçün mühüm dövlət qurumlarının yaradılması da təsadüfi deyil. Belə ki, 2014-cü ildə ölkə başçısının Sərəncamı iləAzərbaycan Respublikasınınmillətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti təsis edilib, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəziyaradılıb. Həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Belə düşünürəm ki, hazırda Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarında olmasındadır. Bunun əksinə, universal model kimi təqdim olunmağa çalışılan Qərbsayağı multikulturalizm digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir.Belə olan halda Avropa dövlətləri fərqli mədəniyyət və din daşıyıcılarını Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar, ona görə də bu ölkələrdə multikulturalizm özünü doğrultmur. Halbuki, qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı nəzərə alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyətihəm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir.
- Bu siyasətin həyata keçirilməsində DQİDK-nın rolu və fəaliyyəti nədən ibarətdir?
- Multikulturalizm ənənələrinin inkişafı, möhkəmləndirilməsi üçün ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb, demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara paylanılır. Çap olunan nəşrlər arasında “Heydər Əliyev siyasəti: Tolerantlıq”, “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”, “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz”, “İslamda Vətən və dövlət sevgisi” və s. kitablar milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrinin inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır. Dövlət Komitəsinin mətbu orqanları - “Dövlət və Din” jurnalı, “Cəmiyyət və Din” qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan “Din və Cəmiyyət” verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir.
- Azərbaycanın multikulturalizm modelinin dünyaya təqdim olunması və tətbiq edilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı səviyyədədir?
- Xatırlayırsınızsa, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri xanım Enn Dörsi müsahibələrinin birində bildirmişdi ki, Azərbaycan dünyaya təkcə neft, qaz və başqa məhsullar yox, tolerantlıq da ixrac etməlidir.Bu gün də ölkəmizdə dövlət səviyyəsində bu sahədə böyük bir siyasət həyata keçirilir. Belə ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunun ən bariz nümunəsi aprel ayında “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumudur. Eyni zamanda, ölkəmizdən kənarda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanda olan tolerant mühitin dünyaya çatdırılması üçün çox böyük işlər görülüb. Dövlət Komitəsi də öz növbəsində bu sahədə fəaliyyətini və əlaqələrini daim genişləndirir.
Bu məqsədlə Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində xarici ölkələrə səfərlər edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirilir, birgə konfranslar təşkil olunur. Məsələn, ötən ilin may ayında DQİDK və ISESCO-nun birgə təşkilatçılığı ilə Rabat şəhərində “Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri” mövzusunda konfrans keçirilib, İstanbul şəhərində Türkiyənin İslam Araşdırmaları Mərkəzi ilə birgə “Azərbaycan – İslam mədəniyyətinin incisi” mövzusunda sərgi təşkil olunub. Bundan başqa, Belçikanın paytaxtı Brüssel şəhərində “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.Xüsusilə, BMT, ISESCO, Avropa Parlamenti, UNESCO, Avropa Şurası kimi mötəbər beynəlxalq qurumlarla, EMİSCO (Sosial Vəhdət uğrunda Avropa-Müsəlman Təşəbbüsü), FEMYSO (Avropada Yaşayan Müsəlman Tələbələr və Gənclər Forumu), BeynəlxalqSərhədsiz İnsanHaqları kimi QHT-lərlə əməkdaşlıq Azərbaycanın nümunə ola biləcək dövlət-din modelinin və tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə təbliği, həmçinin dünyada radikalizm meyllərinin güclənməsinə qarşı birgə fəaliyyətə dair beynəlxalq ekspertlərin təkliflərinin əldə edilməsi məqsədi daşıyır. Keçmiş təcrübələrimiz göstərir ki, bu cür əməkdaşlıq ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə inkişafına təkan verir, dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və anlaşma əsasında qurulduğu xarici ölkə nümayəndələri tərəfindən qəbul olunur və Azərbaycan təcrübəsinin model kimi öyrənilməyə başlanılmasına şərait yaradır.
- Dövlət Komitəsinin bu istiqamətdə dini icmalarla fəaliyyəti necə qurulub?
- Cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, dini icmalar milli-mənəvi dəyərlərimizin təbliği, maarifçilik işinin mərkəzində dayanmalıdırlar. İnsanlar məscidə təkcə ibadət evi kimi deyil, həm də maarifləndirici məkan kimi baxmalıdırlar. Ona görə də, bu sahədə dini icmaların və din xadimlərinin üzərinə böyük məsuliyyət və missiya düşür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncam da ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi üçün dini icmalara maliyyə yardımı göstərmək məqsədi daşıyır. Bu məqsədlə, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait mərhələli şəkildə xüsusi layihələr çərçivəsində dini icmalara paylanılır. İndiyədək 102 İslam, 19 qeyri-İslam dini icmasına maddi vəsait ayrılıb. Vəsaitin səmərəli şəkildə sərf edilməsi və işlərin yüksək səviyyədə təşkil olunması üçün Dövlət Komitəsi tərəfindən dini icmalara həm təşkilati, həm də informasiya dəstəyi göstərilir.
Həmin vəsait hesabına Dövlət Komitəsinin dəstəyi ilə icmalar tərəfindən dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib. Həmçinin ölkəmizdə fəaliyyət göstərən dini icmaların Dövlət Komitəsi tərəfindən keçirilən müxtəlif tədbirlərdə, layihələrdə iştirakı onların cəmiyyətə inteqrasiyasında ciddi irəliləyişlər yaradıb.