MÜSAHİBƏLƏR
Azərbaycanın müasir inkişafının əsasında qurtuluş məfkurəsi dayanır
- Əli müəllim, bugünlər Azərbaycanın bütün guşələrində 15 İyun Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olunur. Sizcə, bu günün Azərbaycanın müasir tarixində rolu və əhəmiyyəti nədən ibarətdir?
- Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışına dəqiq qiymət verməkdən ötrü həmin dövrdəki vəziyyəti düzgün analiz etmək lazımdır. Bilirik ki, sovet hakimiyyətinin son illəri və müstəqilliyin ilk dövrü Azərbaycan üçün çox ağır və mürəkkəb olub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində keçmiş SSRİ miqyasında Azərbaycan qədər ağır, çətin vəziyyətlə üz-üzə qalmış ikinci respublika misal çəkmək mümkün deyil. Birincisi, ona görə ki, xalqımızın müstəqillik istəyi hər zaman güclü olub. Məhz buna görə də, Azərbaycanda bu prosesə qarşı həyata keçirilən tədbirlər də başqa respublikalardan fərqli idi. İkincisi, bizim xalqımıza qarşı erməni lobbisi, o cümlədən sovetlər hakimiyyətinin rəhbərliyi güclü fəaliyyət göstərirdilər. Üçüncüsü, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsinə yardım və kömək edən heç kim yox idi.
Belə bir şəraitdə xalqın yeganə ümidi Ümummilli lider Heydər Əliyev idi. Qorbaçov hakimiyyətinin 1980-ci illərdə Heydər Əliyevə qarşı kampaniyasını hamımız yaxşı bilirik. Təəssüf ki, Azərbaycanda da zamanında Heydər Əliyevin dəstəyi ilə çalışmış, müxtəlif vəzifələrə yüksəlmiş bir sıra insanlar da o prosesə qoşulmuşdu. Buna baxmayaraq, xalqımız Ulu öndərin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işləri unutmamışdı, sovetlər dövründə Onun respublikamızı hansı səviyyədə inkişaf etdirdiyini yaxşı xatırlayırdı. Eləcə də, insanlar Ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Onun nə dərəcədə xalqımıza, muxtar respublikaya verdiyi dəstəyi müşahidə edirdilər.
Bütövlükdə, o dövrdə gərgin hadisələr baş verirdi. Amma belə vəziyyətlərdə həmişə Ümummilli lider Heydər Əliyev milli maraqlarımızı müdafiə edib. 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada verdiyi qətiyyətli bəyanat, sonra Moskvadan Bakıya dönməsi, Azərbaycan parlamentində cəsarətli çıxışları, sonra da Naxçıvana rəhbərlik etdiyi dövrdə blokada şəraitində bu bölgənin qorunması ilə bağlı gördüyü işlər Ulu öndərimizin hər zaman xalqımızın maraqlarını uca tutduğunu bir daha təsdiqləyir.
1993-cü ildə də gərgin vəziyyətdə xalqın köməyinə Heydər Əliyev çatdı. Çünki ölkədə çox mürəkkəb vəziyyət idi, hərc-mərclik hökm sürürdü və müəyyən qüvvələr respublikanı parçalayırdı. Xarici təhdidlərindən başqa Azərbaycanda vətəndaş müharibəsi də başlayırdı. Bu, çox dəhşətli proses idi. Belə bir zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı labüd idi, bu qayıdış xalqın israrlı istəyinə çevrildi. İnsanlarda böyük əminlik yaranmışdı ki, Azərbaycanı belə bir vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət xilas edə bilər.
Ona görə də, 15 iyun 1993-cü ildə təbii proses baş verdi və xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdı.
- Həmin dövrdə ictimai-siyasi sabitliyin təmin olunması da ən acib məsələlərdən biri idi...
- Təbii ki, o dövrdə qarşıda duran əsas vəzifə respublikada ictimai-siyasi sabitliyin təmin edilməsi idi. Gəncə hadisələri zamanı qarşı-qarşıya duran qüvvələr xalqı təmsil etmirdilər. Həm hakimiyyət, həm də ona qarşı olan qüvvələr öz maraqlarını düşünürdü. Vətəndaş qarşıdurması da bu hərc-mərcliyin nəticəsi olaraq yaranmışdı. Vətəndaş qarşıdurması, separatizm halları AXC-Müsavat hakimiyyətinin uğursuz daxili və xarici siyasət nəticəsində baş vermişdi. Bütün bunlardan isə əziyyət çəkən Azərbaycan xalqı idi.
Ona görə də, ilk növbədə respublikada sabitliyi təmin etmək, dövlət institutlarını bərpa etmək lazım idi. Ulu öndərin hakimiyyətə qayıdışına qədər heç bir dövlət institutu normal işləmirdi. Nazirlik, komitə, hərbi strukturların rəhbərləri həmin qurumları özləri istədikləri kimi idarə edirdilər. Bunun nəticəsi idi ki, Heydər Əliyev hakimiyyətə qayıdanda dövlət institutları dagılmışdı, torpaqlarımız işğal olunurdu. Amma nə qədər çətin olsa da, Ulu öndərimiz qısa müddətdə respublikada ictimai-siyasi sabitliyi təmin etdi. Eyni zamanda, atəşkəs rejiminin yaradılması da vacib addım oldu. Həmçinin, qısa zamanda qonşu ölkələrlə normal münasibətlər bərpa olundu, hüquqi islahatlar aparıldı, qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi. Bütün bunlardan sonra Azərbaycan inkişaf yoluna çıxdı.
- Ölkəmiz müstəqilliyini bərpa etdiyi ilk illərdə müəyyən təxribatlar, dövlət çevrilişinə cəhdlərlə də üz-üzə qaldı. Bu cəhdlərin qarşısının alınması hansı ənənənin əsasını qoydu?
- Bəli, belə problemlər oldu. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qəti şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.
- Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında 1995-ci ildə qəbul olunmuş milli Konstitusiyanın rolunu necə dəyərləndirirsiniz?
- Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfındən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.
Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Əminliklə demək olar ki, bu gün ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.
- Əli müəllim, bəs Azərbaycanın müasir inkişafı haqqında nə deyə bilərsiniz?
- Böyük siyasətin miqyası həm də onun uzun tarixi dövrün reallıqlarına cavab verərək yetirdiyi varislər tərəfindən uğurla davam etdirilməsi, cəmiyyəti irəli aparması, xalqı xoş güzərana qovuşdurması ilə ölçülür. Bu mənada Ulu öndər Heydər Əliyevin formalaşdırdığı böyük siyasət çağdaş demokratik Azərbaycanın ideya-siyasi palitrasının fövqündə dayanaraq alternativsiz bir strategiya kimi cəmiyyətdə tam dəstəklənir və ən layiqli varis - Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Prezident İlham Əliyev Öz səlahiyyətlərini icra etdiyi illər ərzində Heydər Əliyev siyasətini uğurla həyata keçirdiyini sübut etmişdir. Dövlət başçımız əsası Ulu öndər tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməzliyə çevirmişdir. Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan verən, onu sürətləndirən amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır.
- Cəmiyyətimizdə belə bir fikir mövcuddur ki, Azərbaycanın indiki inkişafı məhz qurtuluşdan başlanır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Qurtuluş məfkurəsi Azərbaycının inkişafı üçün fundament rolunu oynadı. Biz qonşu ölkələrdə vəziyyəti analiz edəndə görürük ki, onlar Azərbaycanın 1993-cü ildə yaşadıqlarını indi yaşayırlar. Ukrayna hadisələri buna bariz nümunədir. Bir sıra ölkələr milli təfəkkürün, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini başa çatdırmayıb. Bizim üçün qurtuluş məfkurəsinin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan azad, demokratik dövlət kimi fərqli siyasi baxışların, düşüncələrin mövcud olduğu ölkədir. Ola bilsin ki, iqtidarın siyasəti ilə razılaşmayanlar var. Amma bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, xalqın formalaşması prosesi başa çatıb. Bütün bunların əsasında isə məhz qurtuluş məfkurəsi dayanır. Çünki insanlar o dövrdə bir dəfə, amma tam dəqiq və düzgün nəticə çıxarıblar ki, bir daha o vəziyyətə qayıtmaq olmaz. Həmin çətinliklərdən çıxış yolu bu oldu ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə dəvət olundu, Onun qurduğu dövlət var, müəllifi olduğu Konstitusiya var və bizim bir inkişaf yolumuz var. Bu isə dövlətin xilasıdır, dönməz yoludur, qurtuluş məfkurəsi isə əbədidir. 1990-cı illərin əvvəlində yaşadığımız ağır vəziyyətin bir daha təkrarlanmaması üçün Heydər Əliyev yoluna sadiq olmaq və bu yolu davam etdirmək lazımdır.
- Əli müəllim, 1992-1993-cü illərdə hakimiyətdə olmuş qüvvələr, hazırki radikal müxalifət yenə də hakimiyyət iddiasındadır. Sizcə, bu iddia siyasi baxımdan nə dərəcədə əxlaqi və məntiqlidir?
- Nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. Onların nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə heç qəbul olunmurlar. Bunu özləri də bilirlər. Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Ulu öndər hakimiyyətə qayıdandan sonra Onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar. Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Həmin qüvvələr isə iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı altadmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi. O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər. Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir.
Amma Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu nəticəsində, Onun tarixi müraciəti əsasında könüllülər, sağlam insanlar orduya getdilər, erməni işğalı dayandırıldı və bir neçə uğurlu əməliyyatlar keçirildi. Ermənilərin məqsədi isə daha geniş ərazilərin işğal edilməsi idi, amma bu məqsədlərinə nail ola bilmədilər.
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan rayonlarının işğalı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var və o dövrdə hakimiyyətdə, vəzifədə olan şəxslər etdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Amma hazırda Azərbaycanın gücünü həmin illərlə müqayisə etmək mümkün deyil. Bu il aprelin əvvəlində cəbhədə baş verən hadisələr bunu təsdiqlədi. Həmin günlərdə də radikal müxalifət ara qarışdırmağa cəhdlər etdi, amma alınmadı. Onlar xalqın gücü və hakimiyyətlə birliyinin təsiri altında qalmağa məcbur oldular. Aprel hadisələri xalqımızın torpağa nə qədər bağlı olduğunu və bir qarış torpağın belə itirilməsinə yol verməyəcəyini göstərdi. Xalqımızda böyük ruh yüksəkliyi var və bu məsələdə hakimiyyətin siyasətini dəstəkləyir.