YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası özündə multikultural dəyərləri də birləşdirir

Müsahibimiz YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov

- Siyavuş müəllim, müasir dövrdə sivilizasiyalararası dialoq prosesinin sürətləndiyi bir dönəmdə tolerantlıq və multikulturalizm məsələləri xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, tolerantlıq nümunəsi olan Azərbaycanın multikulturalizm təcrübəsinin sivilizasiyalararası dialoq və inteqrasiya prosesində kəsb etdiyi əhəmiyyəti necə qiymətləndirmək olar?

- Müasir dövrdə ictimai həyatın bütün sahələri kimi, mədəniyyətlər də getdikcə qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların Hantinqtonun deyimi ilə sadəcə “qarşıdurması” deyil, həm də inteqrasiyası baş verir. Bu prosesdən təcrid olunmaq, öz  milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi, təbii ki,  sivilizasiyaların taleyindən yan keçə bilməz. Belə ki, qloballaşan sosio-mədəni məkanda ölkələrin və sivilizasiyaların qarşılıqlı asılılığı daha da artır, miqrasiya prosesinin genişlənməsi ilə onların bir-birinə yaxınlaşması daha da intensiv səciyyə daşımağa  başlayır, digər tərəfdən isə xalqların sivilizasion özünüdərki prosesi geniş vüsət alır, milli və dini zəmində ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə bir ortamda hər bir sivil  dövlət qloballaşmanın ortaya çıxardığı ziddiyyətlərdən və fəsadlardan qaçaraq bu axını xalqların iqtisadi, mədəni həyatının inkişafı üçün bir üstünlüyə çevirməlidir. Məhz bu amili nəzərə alaraq Ulu öndər Heydər Əliyev uzaqgörənliklə demişdir  ki, “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”. Beləliklə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin təməlinə yerləşdirdiyi azərbaycançılıq ideologiyasının birləşdirici və ehtivaedici xarakterinin aktuallığı günümüzdə daha artıq önəm və əhəmiyyət qazanır.

Bu baxımdan, sivilizasiyalararasi münasibətlərdə mənfi təsirlərdən uzaqlaşmaq və mümkün ziddiyyətləri aradan qaldırmaq üçün müxtəlif ölkələrin, eləcə də Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq kimi dəyərlərinin öyrənilməsi, əxz  edilməsi məqsədəuyğun olardı. Şübhəsiz ki, ölkəmizdəki bu müxtəlif mədəni, dini konfessiyalararası dözümlülük xüsusiyyəti əsrlər, hətta mililliklər boyu formalaşmış və genefondumuzun vacib hissəsinə çevrilmişdir. Əxlaqımıza sirayət edən belə bir  davranışı müxtəlif  amillərlə - coğrafi, etnik, iqtisadi-siyasi və dini amillərlə izah etmək mümkündür.  

Mütəxəssislər etiraf edirlər ki, hər bir xalqın ümumi xüsusiyyətlərinin formalaşmasında həmin xalqın yaşadığı ərazinin coğrafi quruluşu, iqlimi, təbiəti önəmli rol oynayır. Şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşmiş Azərbaycanın təbiəti də müxtəlif və rəngarəngdir. Ölkəmizdə 9 iqlim tipi mövcuddur. Bir həqiqətdir ki, təbiəti rəngarəng, iqlimi müxtəlif olan ölkənin insanları da, mədəniyyəti də rəngarəng  olmalıdır. Eyni zamanda yaşadığımız areal təkcə qitələrin – Avropa ilə Asiyanın deyil, həm də mədəniyyətlərin sərhəddində  yerləşir.   Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin məhz bu unikal mövqeyini vurğulayaraq deyir: “Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantləq ənənələrinin qorunub saxlandığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməsxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir”. Həqiqətən də Azərbaycan İslam dünyasının və mədəniyyətinin Şimal qurtaracağı, Apropa-Qərb, eyni zamanda Şərq  mədəniyyətinin isə başlanğıcıdır. Belə bir coğrafi mövqedə, mədəniyyətlərin qovaşağında yerləşməsi ölkəmizdə multikulturalizmin və tolerant  mühitin formalaşmasını  şərtləndirən başlıca  amillərdəndir. Tarixi və sosioloji tədqiqatlar sübut edir ki, İslam dünyasının mərkəzində yerləşən  və yalnız  müsəlman toplumlarla sərhəd  olan xalqlarla müqayisədə  müsəlman aləminin ucqarlarında başqa mədəniyyətə malik toplumlarla qonşu olan xalqlar daha  tolerantdırlar.

- O da məlumdur ki, ayrı-ayrı mədəniyyətlərə, dinlərə və etiqad məsələlərinə münasibətin formalaşmasında etnik xüsusiyyətlər də mühüm rol oynayır...

- Bəli, hər bir xalqın ayrı-ayrı mədəniyyətlərə, dinə və ya etiqad məsələlərinə münasibətinin formalaşmasında etnik xüsusiyyətlər başlıca rol oynayır. Müxtəlif  etnik və dini konfessiyaların mehriban birgəyaşayışı təcrübəsinin haradan qaynaqlandığını  müəyyən etmək üçün xalqımızın etnik xüsusiyyətlərinə diqqət yetirməliyik.   Azərbaycan xalqının nüvəsini və mütləq əksəriyyətini təşkil edən türklər tarixən bu  ərazidə yaşayan bir çox etnik kimliklərlə yanaşı, sülh - əminamanlıq şəraitində yaşamış, həm də ortaq dəyərlər yaratmışlar. Türklərdə əxlaq anlayışı daha üstün anlam kəsb  etdiyindən insanlara münasibətlərini hansı dinə və ya hansı etnik kimliyə mənsubluğa  görə yox, əxlaqi keyfiyyətlərinə görə müəyyənləşdirmişlər. Ölkəmizdə  multikulturalizmin təşəkkülündə türklərin, xüsusilə də Azərbaycan türklərinin dünyəvi yeniliyə açıq olmaları, elmə, təhsilə, mədəniyyətə, incəsənətə, ədəbiyyata və gender  bərabərliyinə önəm vermələri vacib faktorlardandır. Azərbaycan ruhaniliyi də heç vaxt dünyəviliyə qarşı çıxmayıb. Bu, bizi müsəlman, hətta, digər türk xalqlarından fərləndirən  cəhətdir.  Dünyəviliyə bu cür münasibətin  nəticəsi idi ki, Şərqdə ilk demokratik cümhuriyyəti məhz Azərbaycan xalqı qurmuşdur. Diqqət çəkən məqam da məhz odur ki, Azərbaycanda həm maarifçi hərəkatın yaradıcılarının, həm də xalq  cümhuriyyətin qurucularının və ideoloqlarının böyük əksəriyyəti ruhani ailəsindən  çıxıb.

Tarixdə qadın-kişi bərabərliyinə, kişi ilə yanaşı qadının da təhsil almasına Azərbaycan türkləri qədər əhəmiyyət verən ikinci bir toplum tapmaq çətindir. Ancaq dünyəviliyə, müasirliyə, qadının təhsilinə və gender məsələsinə bu qədər əhəmiyyət  verən xalq  multikulturalizm  və  tolerantlıqdan bəhs  edə  bilər.

Azərbaycanın yerləşdiyi Qafqaz regionu etnik baxımdan dünyanın ən zəngin bölgəsidir. Bu regionda  etnik qrupların sərhəddi bəzən kəndlərlə müəyyən edilir.  Bu etnik qruplar fərqli dillərdə danışırlar. Məsələn, 160 minlik əhalisi olan Quba  rayonunda kompakt halda 10-a yaxın etnik qrup (tatlar, ceklər, yəhudilər, qırızlar, xınalıqlılar və s.) yaşayır. Azərbaycandakı bu etnik zənginlik multikulturalizmin  formalaşmasında əhəmiyyətli rol oynayıb.  

- Tarixən ayrı-ayrı xalqların mənəvi-mənəvi intibahında sosial-iqtisadi amillər xüsusi rol oynamışdır. Azərbaycanda tarixən formalaşmış multikulturalizm və tolerantlıq mədəniyyətinin iqtisadi əsasları barədə nə deyə bilərsiniz?

- Sosial-iqtisadi zəmin olmadan hansısa mədəni və mənəvi intibahın baş verməsi   qeyri-mümkündür. Bütün sahələrdə, o cümlədən mədəni və mənəvi aləmdə dirçəlişin əsasını iqtisadi amillər təşkil edir. Bu baxımdan Azərbaycanda tarixən formalaşmış multikulturalizm və tolerantlıq mədəniyyətinin iqtisadi əsasları olmuş, sosial-iqtisadi amillərlə şərtlənmişdir. Sosial-iqtisadi əsaslar olmadan tolerantlığın indiki yüksək səviyyəyə çatması mümkünsüz idi. Tolerantlığa zəmin yaradan iqtisadi amillərdən danışarkən, ilk növbədə Azərbaycanın tarixi İpək yolunun üzərində yerləşməsi xüsusi  qeyd olunmalıdı. Uzaq Çindən başlayan və Avropanın qurtaracağında bitən İpək yoluna  təkcə ticarət yolu və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla həm ipək və müxtəlif  məhsullar daşınmış, həm də insanlar, fərqli dinlər və mədəniyyətlərə səyahət etmişlər. Nəticədə, Azərbaycan xalqı müxtəlif mədəniyyətlərlə, dini, fəlsəfi cərəyanlarla tanış olmuş, hətta, bəzən onların nümayəndələrinə sığınacaq belə vermişdir.

Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə məşğul olmuşlar. Onları ölkəmizə cəlb edən yalnız vergi güzəştləri deyil, eyni zamanda mədəni və mənəvi mühit  idi. Müxtəlif  etnik və dini qruplara  mənsub olan tacirlər heç bir ayrı-seçkiliyə məruz qalmır, rahat və təhlükəsiz şəraitdə öz inanclarına uyğun yaşayırdılar. Bu fikri təsdiqləyən ən bariz  nümunə Azərbaycanda ticarətlə məşğul olan katoliklərin və atəşpərəstlərin ölkəmizdə öz inanclarına uyğun ibadət etmələri üçün monastır və atəşgah tikmələridir. Xəzər  dənizindən Tiflisə qədər, Dərbənddən Həmədan və Zəncana, Gilandan İraqa, Anadoluya  kimi uzanan bu ərazilərdə azərbaycanlılarla qonşuluq edən və iç-içə yaşayan onlarla  xalq  və yüzlərlə etnik qrup olmuşdur. Bu xalqlar  arasında  formalaşmış sosial-iqtisadi münasibətlər və mədəni mühit son nəticədə multikulturalizmi daha da  möhkəmləndirmişdir.  

- Bu gün multikultural dəyərlərdən və tolerantlıqdan bəhs edərkən din amilinə xüsusi diqqət yetirilir. Azərbaycanda da əsrlər boyu multikultural dəyərlərin formalaşmasında milli-mənəvi dəyərlərlə yanaşı, din faktoru mühüm rol oynamışdır...

- Multikulturalizm və tolerantlığın formalaşmasında təbii ki, dini-mədəni amilin də  təsirini xüsusilə qeyd  etməkdə fayda var. Din insanların, ümumilikdə cəmiyyətin digər dinlərə və xalqlara münasibətini müəyyənləşdirən başlıca faktordur. Çünki insanların dünyagörüşü, əxlaqı, həyat tərzi daha  çox din əsasında  yüksəlir. Təsadüfi deyildir  ki, belə bir fikir səsləndirirlər: dini tolerant olmayan xalqın özü tolerant ola bilməz. Bəlkə də bu fikrin təsdiqinin ən gözəl nümunəsi Azərbaycan xalqı və İslam dinidir. Şübhəsiz ki, islam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Bu baxımdan, Azərbaycan xalqının tolerantlığının əsas səbəblərindən biri də din amili – islamla bağlıdır.  İslamdakı multikulturalizmin, tolerantlığın səbəbini bu dinin əsas qaynaqlarında – Quran-i Kərim, Məhəmməd peyğəmbərin sünnəsi və hədislərdə axtarmaq lazımdır.  Həqiqətdir ki, İslam seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə, din azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. Təsadüfi deyil ki, hələ VII əsrdə müsəlman və yəhudilər arasındakı ictimai-iqtisadi və hüquqi münasibətləri tənzimləyən “Mədinə müqaviləsi” bu gün də istənilən konfessiyalararası məsələlərə həsr edilmiş beynəlxalq müqavilə üçün normativ baza rolunu oynaya biləcək qədər müasirdir. Dinimizə görə bütün insanlar  və millətlər  bərbərdir, ali irq, ali millət anlayışı yoxdur.  İslama görə əsl müsəlman əlindən, dilindən başqasına ziyan dəyməyən insandır. Tarixdə müsəlmanlarla digər dinlərin  mənsublarının birgə fəaliyyətinə, əməkdaşlığına və eyni şəhərdə, kənddə qarşılıqlı hörmət şəraitində yaşamalarına dair minlərlə fakt  mövcuddur. Mənbələrdən əld olunan maraqlı bir  məqamı qeyd  etməkdə  fayda var. Belə ki, Raşidi xəlifələrin dövründə bir kilsənin ərazisinin bir hissəsi zəbt olunur və orada məscid inşa edilir. Xristianlar məhkəməyə müraciət edirlər və nəticədə məhkəmənin qərarı il məscid sökülür, həmin ərazi yenidən kilsəyə qaytarılır. Bütün qeyd olunanlar göstərir ki, islamın dözümsüz din olduğunu söyləmək ən azından ədalətsizlikdir.     

İslamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla  çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir. İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. Bunun nəticəsidir ki, islam Azərbaycanda yayıldıqdan sonra Qafqazda tikilmiş ilk kilsə olan Şəkidəki Kiş məbədinin ətrafında bir nəfər də olsun xristian yaşamamış, amma Azərbaycan xalqı onu qoruyaraq bu günədək gətirib çıxarmışdır. Yaxud İslamın Azərbaycanda ən güclü olduğu dövrdə, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən məşhur Atəşgah məbədi tikilmişdir. 

Azərbaycan xalqının multikultural mədəniyyəti həm də onun özünəxas dini dərki ilə bağlıdır. Digər müsəlman xalqlarından fəqli olaraq, biz islamı sufilərdən əxz etmişik və bunun nəticəsidir ki, bizim dini baxışımızda yaradana xatir sevən, inancından asılı olmayaraq, kamil insan  yetişdirməyi qarşısına  məqsəd qoyan irfan mədəniyyəti daha  üstündür. Yaradılana bəslənən sevgi bütün məxluqatı əhatə edir və o, dinlərin məzhəblərin fövqündədir. Odur ki, azərbaycanlılar məscid, kilsə, sinaqoq fərqi qoymadan, bütün dinlərin məbədlərinə Allah evi kimi yanaşır, onu tikdirəni isə xeyirxah adam kimi qəbul edirlər. Təsadüfi deyildir ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev  hazırda  Qafqazın ən böyük rus-provaslav kilsəsi olan Mironosets məbədini  tikdirəndə müsəlmanlar onu nəinki qınamamışdır, Bakıda Aleksandr Nevski kilsəsi inşa  edilən zaman onun tikintisində yaxından iştirak etmişlər.

- Yeri gəlmişkən, Azərbaycan dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçılarından biridir...

- Tamamilə doğrudur, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri idi. Ölkəmiz iqtisadi imkanlarını və beynəlxalq nüfüzunu nəzərə almaqla bu istiqamətdə bütün səyləri dəstəkləyir və mümkün köməyini əsirgəmirdi. Amma son on ildə Azərbaycan bu prosesin aktiv iştirakçısı yox, əsas təşəbbüskarı və lokomotivi kimi çıxış edir. Bu baxımdan əminliklə söyləmək olar ki, ötən müddət ərzində Azərbaycan tolerantlıq, multikultralizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində nəinki hədəflərini dəyişib, hətta qarşıya qoyduğu məqsədə doğru xeyli irəliləyə bilib. Hazırda dünya ictimaiyyəti həm Azərbaycanı tolerant, multikultral ölkə kimi qəbul edir, həm də bu dəyərlərin dünyada təşviqi istiqamətində hökumətin qazandığı uğurları etiraf edir.

Şübhəsiz ki bu sahədə qarşıya qoyulmuş böyük hədəflərə çatmaq üçün əvvəlcədən müəyyən şərtlər təmin olunmalıdır. Məsələn, aktiv xarici siyasət yürüdülməli, maraqlı olan qüvvələri müxtəlif formalarda bir araya gətirməli, məsələnin nəzəri və praktiki tərəfləri üzərində işləyən strukturlar yaradılmalı, ciddi maliyyə ayrılmalı və s. Son illər bu istiqamətə yönəlmiş tədbirləri nəzərdən keçirdikdə qeyd olunan şərtlərin tam təmin olunduğu qənaəti formalaşır. Belə ki, hazırda Azərbaycanın aktiv xarici siyasət yürütməsi, beynəlxalq təşkilatlarla yaxından işləməsi, regional və beynəlxalq səviyyədə ciddi təşəbbüslərlə çıxış etməsi hər kəsə bəllidir. Bunun bariz nümunəsi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeydi-daimi üzvü seçilməsidir. Həmin seçkilər zamanı Azərbaycacanı 155 dövlətin dəstəkləməsi ölkəmizin xarici siyasət sahəsindəki ən böyük uğurlarından biridir.

Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikultralizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxaq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki bu gün beynəlxal aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Bunlardan əlavə Azərbaycan tolerantlıq və multikultralizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

İndiyədək sözügedən sahədə fəaliyyət göstərən strukturların formalaşdırılması və onların işinin koordinasiya olunması istiqamətində də ciddi və əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Azərbaycan Respublikasının millətlərarası, multikultralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, eləcə də Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasınını Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yanaşı, qeyd olunan rəsmi qurumların yaradılması və bu prosesə cəlb edilməsi Azərbaycan hökumətinin tolerantlıq, multikultralizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir.

- Multukulturalizmdən bəhs edərkən paralel olaraq insan hüquqları məsələsi də gündəmə gəlir. Bu mənada, multikultural dəyərlər və insan hüquqları məsələsində Azərbaycan təcrübəsini necə qiymətləndirmək olar?

- Multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahiz və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiklə tənzimləməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün – konstitusion təminat altındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının  bir sıra maddələrində Azərbaycanda “fərqliliklərin” qorunmasına yönələn dövlət siyasətini aydın şəkildə öz əksini tapmışdır.

- Bütövlükdə, multikulturalizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları barədə yekun olaraq nə deyə bilərsiniz?

- Bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq  qanlar, insanların bu münaqişələr ucbatindan öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq  təcrübəmizi və multikulturalizm dəyərini bütün  xalqlara aşılayaq və bu yolla dünyada  sülhün və əmin-amanlığın bərqərar  olmasına  öz  töhfəmizi  verək.  Məhz  bu missiyanı həyata keçirmək məqsədi ilə ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili  multukulturalizm ili elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə  məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir. Eyni zamanda respublikamızın birinci xanımı, Heydər  Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın fədakar  fəaliyyəti xüsusilə  qeyd  edilməlidir. Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir  sıra mötəbər  tədbirlərin, konfransların  və beynəlxalq  forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2007-ci il aprelin 3-4-də keçirilən “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və prespektivlər” mövzusunda beynəlxalq konfransı, 2009-cu il noyabrın  6-7-də keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransı, 2008-ci il dekabrın 2-də keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfnansı, 2009-cu il noyabrn 11-də keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda konfnansı, 2010-cu il aprelin 26-27-də keçirilən Dünya Dini Liderlərin Bakı Sammiti, 2011-ci il aprelin 7-9-da keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər öz miqyas və əhəmiyyətinə görə, regional və qlobal əhəmiyyətli layihələrdir. Bu il isə “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda II Beynəlxalq Bakı Forumunun keçirilməsi nəzərdə tutulur. 

Yuxarda sadalanan fikirlərdən bir daha aydın olur ki, dövrümüzün mühüm çağırışlarından olan multukultralizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib oluduğumuz təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır.