MÜSAHİBƏLƏR
Ekoloji təhlükəsizliyin qorunması ölkənin ümumi siyasətinin, mədəniyyətinin təzahürüdür
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə 23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkə Prezidentinin vurğuladığı kimi, bayram tədbirləri keçilən yolun təhlili, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə, bir sözlə, hesabatdır. Bu baxımdan Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ötən dövrün təhlilini özündə əks etdirən müsahibəsinin zəruriliyi daha aydın görünür
- Hüseynqulu müəllim, iqtisadiyyat hər bir inkişafın təməl daşıdır. Ekologiya sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasının genişliyində də təbii ki, bu amilin rolu inkaredilməzdir. Azərbaycanın iqtisadi inkişafına bir baxış keçirməyinizi xahiş edərdik.
- Uğurlu sosial-iqtisadi islahatlar hər bir ölkənin davamlı inkişafını təmin edən əsas amillərdəndir. Bu gün Azərbaycanın inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdir olunması bir daha belə bir reallığın təsdiqidir ki, ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir. Bu strategiyanın müəllifi isə müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevdir. Dahi şəxsiyyətin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bu gün də dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Məhz son on ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir. İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verən ulu öndər Heydər Əliyevin «Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» fikirinin təsdiqi olaraq 1999-cu ilə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qorumaqla ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Son on ildə dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti öz müsbət nəticələrini verməkdədir. Möhtərəm Prezidentimiz ilk gündən bəyan etdi ki, iqtisadi artım yalnız neft-qaz sektorunun deyil, qeyri-neft sektorunun hesabına olmalıdır. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə imzalanan Dövlət Proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verdi. Məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən və nəticələri hələ də davam etməkdə olan iqtisadi və maliyyə böhranının problemlərini yaşamadı, əksinə iqtisadiyyatının inkişaf səviyyəsinə görə dünyanın diqqətini özünə çəkdi. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında tutduğu ön yeri hər zaman qoruyan Azərbaycan bu reallığı təsdiqlədi ki, yalnız düzgün siyasət qarşıya çıxan istənilən problemin aradan qalıdrılmasını və ölkənin uğurlu inkişafını təmin edə bilər.
Təbii ki, bir sual çərçivəsində ölkənin iqtisadi inkişafını geniş təhlil etmək mümkün deyil. Təkcə cari ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. İqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artıb. Valyuta ehtiyatları 53 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr sırasındadır. Əhalinin pul gəlirləri 4,5 faiz artıb. Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artıb. Bu gün ölkəmizdə orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü nümayiş etdirir. Bu da onun təsdiqidir ki, həyata keçirilən iqtisadi islahatların əsasında vətəndaş amili dayanır. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq istərdik. «Layihənin həyata keçirilməsi bizim üçün ən böyük sərvət, ən böyük dəyərin Azərbaycan vətəndaşı olduğunu göstərir» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, dövlətimiz üçün insan faktoru, vətəndaşlarımızın sağlamlığı, ekoloji problemlərin həll edilməsi ən mühüm vəzifələrdən biridir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir.
Regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası artıq qeyd olunan istiqamətlərdə üçüncü Dövlət Proqramının qəbuluna əsas yaratdı. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, üçüncü proqram da uğurla icra ediləcək, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaq. Təbii ki, ifadə olunan hər bir əminliyin arxasında mühüm əsaslar dayanır. Azərbaycan hər dövrün çağırışlarını uğurla həyata keçirir. Dəfələrlə qeyd edildiyi kimi, bu gün artıq ölkəmiz yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan kimi diqqət çəkir, keçirilən beynəlxalq tədbirlərin sayının çoxluğu da bunun təsdiqidir. Hər bir tədbir ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı əldə olunan təcrübənin mübadiləsinə də öz müsbət təsirini göstərir. Beynəlxalq maliyyə qurumlarının hesabatları da Azərbaycanda uğurlu iqtisadi siyasəti bir daha dünyaya nümayiş etdirir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sabitliyin mövcudluğu Azərbaycana investisiya axınının sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkə iqtisadiyyatına 170 milyard dollar vəsait qoyulduğunu böyük inamla qeyd ediriksə, təbii ki, bunun da arxasında düşünülmüş və məqsədyönlü siyasət dayanır. Artıq Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, eyni zamanda bu və ya digər ölkəyə investisiya yatıran ölkə imici də qazanıb. Həyata keçirilən uğurlu investisiya layihələri ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də əldə olunan uğurlarımızın təqdimatında mühüm rol oynayır. Çünki hər bir hədəf keçilən yolun təhlili fonunda müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illərin prioritetlərininin ümumiləşdirilmiş ifadəsidir. Sənəddə Azərbaycanın qarşıdakı illərdən gözləntiləri və onlara çatmaq yolları geniş şəkildə öz əksini tapır.
Cari ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə qısa baxış bir daha bu inamı yaradır ki, arxada qalan illər kimi, 2014-cü il də Azərbaycanın tarixinə uğurlu il kimi yazılacaq. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: «Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla başa vuracağıq». Bu fikir də xüsusi qeyd edilmişdir ki, iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında hər zaman iqtisadi cəhətdən azad ölkə kimi önə çəkilir və bu reallıq əsaslı şəkildə təhlil olunur.
Qısa baxış və təhlil fonunda bir daha bu inamı qeyd etmək istərdim ki, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu mövqeyini illər biri-birini əvəzlədikcə daha da möhkəmləndirir. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr iqtisadi imkanların genişlənməsinə böyük yol açır. Bir daha qeyd etmək istərdim ki, ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olması ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
- Dövlət siyasətinin əsas istiqamətlərindən biri də ekoloji təhlükəsizliyin təmin edilməsidir. Bu istiqamətdə görülən işləri və əldə olunan nəticələri necə şərh edərdiniz?
- Ötən illərin müqayisəli təhlili fonunda bu gün qeyd etdiyiniz sahədə görülən işlərin uğurlarını aydın şəkildə görə bilərik. Bu fakt inkaredilməzdir ki, əsrlər boyu regionda ekoloji məsələlərə ciddi diqqət yetirilmirdi. Ətraf mühitin qorunması, ekoloji durumun yaxşılaşdırılması beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dururdu. Ümumiyyətlə, ekologiya sözü əvvəlki illərdə o qədər də işlədilmirdi. Unudulurdu ki, sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir. İnsanla təbiətin qarşılıqlı münasibəti ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Ətraf mühitin qorunması çirkləndirmə prosesinin zəifləməsinə yönəldilən bir sıra kompleks xarakterli texniki-texnoloji, təşkilati və sosial-iqtisadi tədbirləri əhatə edir.
Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olununmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən çoxşaxəli siyasətin məntiqi nəticəsi olaraq davamlı inkişaf tempi ölkə həyatının bütün sahələrində özünü göstərdi. Bura ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində aparılan ardıcıl iş, əldə olunan uğurlu nəticələr də daxildir. Həmin ildən başlayaraq, paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Həmin illərdə ekoloji siyasətə dair imzalanan «Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası» əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi, həlli vacib məsələlərə xüsusi diqqət yetirildi. Sonra bunun davamı olaraq 1998-ci ildə «Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı» qəbul edildi. Bir vacib məqamı da qeyd edək ki, 1999-cu ildə Milli Məclisin qəbul etdiyi «Ekoloji təhlükəsizlik haqqında» qanun Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiqləndi. 2000-ci ildə isə daha iki - «Ətraf mühitin mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanunlar qəbul edildi. Bu kimi addımların davamı olaraq 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir daha bu gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir və bu sahə ilə məşğul olan qurumun fəaliyyətinə böyük zərurət duyulur. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramı sənədlərində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur. Onu da qeyd edək ki, 2010-cu il Azərbaycan tarixinə nəinki «Ekologiya ili», eyni zamanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi yazıldı. Dövlət başçısı İlham Əliyev bildirir: «Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir». Mütəmadi olaraq Prezident İlham Əliyevin yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirələrdə də ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər, qarşıda duran konkret vəzifələr açıqlanır. Möhtərəm Prezidentimiz bir əsas məqamı da qeyd edir: «Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycanın qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır». «Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var. Bizim hamımız bunu bilirik və elə etməyik ki, Bakı, onun ətrafı, bütün Abşeron yarımadası ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilsin» söyləyən dövlət başçısı İlham Əliyevin tapşırığına uğyun olaraq qeyd olunan sahədə yaşıllaşdırma ilə bağlı müasir metodlara əsaslanan yaşıllaşdırma layihələri həyata keçirilir. Bu həqiqət hər bir kəsə bəllidir ki, uzun illər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində Abşeronun böyük əraziləri həm neftlə, həm də neft tullantıları ilə çirklənib. Bu kimi ekoloji problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin vacib olduğunu bildirən dövlət başçısı İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə həmin ərazilərdə həyata keçirilən təmizlənmə işlərini, yeni yaşıllıqların salınmasını yüksək qiymətləndirir. Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki, ekoloji məsələlərə diqqət yönəldilməsin, onların həlli yolları açıqlanmasın.
Prezident İlham Əliyev bu məqamı da hər zaman diqqətə çatdırır: “Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik”. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə hər zaman günün aktual məsələlərindəndir. Dövlət başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının və təbii biosenozların yoxa çıxması təhlükəsinin yaranmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən illərdə bu istiqamətdə mühüm işlər görülərək uğurlu nəticələr əldə olunub. Yaşıllaşdırma istiqamətində vacib addımlar atılıb.
Son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3322 hektar ərazidə 3 472 min ağac əkilmiş, 9 min kilometrə yaxın müasir damcılı suvarma sistemi çəkilmişdir.
Bir əsas məqamı da qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın «Hərəyə bir ağac əkək!» devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir. Məlum olduğu kimi, bu ilin aprelində İDEA İctimai Birliyinin, «ASAN xidmət» və «Təmiz Şəhər» ASC-nin birgə təşkilatçılığı əsasında keçirilən «Hər kağızı bir yarpağa dəyişək» aksiyası çərçivəsində Balaxanı poliqonunda 5 min kv.metr ərazi yaşıllaşdırılmışdır. 2014-cü il 7 may tarixində İDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı.
Keçirilən layihələrdə məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir.
Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir. Nəzərdə tutulan tədbirlər bu sahədə də mövcud problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatına da xüsusi diqqət yönəldilir. Belə ki, 2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində 400 mindən çox əhali modul tipli su təmizləyici qurğular vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir. Nazirlik tərəfindən qoyulan tələblərin icrasını təmin etmək məqsədilə bu işə bir sıra şirkətlər cəlb edilir.
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədi ilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.
Bir faktı da qeyd edək ki, ətraf mühitin mühafizəsi sahəsində 2013-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1134 müddətli “məcburi göstəriş” verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 838 iş üzrə 5578615 manat məbləğində cərimə, ətraf mühitə dəymiş ziyanla bağlı 569 iş üzrə 35588448,86 manat məbləğində iddia, əmələ gələn tullantıların ətraf mühitə atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5382 iş üzrə 1120173,65 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 293 işdən 53-nə, İcraçılar qrupuna göndərilmiş 470 işdən 282-nə, məhkəmələrə göndərilmiş 160 işdən 98-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bunların həlli istiqamətində alimlər və mütəxəssislər müxtəlif fikirlər yürüdürlər ki, bunlardan da ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən birini təşkil edir.
Dövlətin ekoloji problemlərin həllinə xüsusi diqqət göstərməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Ətraf mühiti qoruyaq ki, o da bizim sağlamlığımızı təmin etsin.
- Hüseynqulu müəllim, peşə bayramınız ərəfəsindəsiniz. Bugünkü uğurlarınız Sizdə gələcəklə bağlı hansı təsəvvürləri yaradır?
- Düşünürəm ki, hələ həllini gözləyən problemlər var. Bu günün uğurları ilə kifayətlənsək, artıq inkişafdan, tərəqqidən danışa bilmərik. Təbii ki, məqsəd inkişaf üçün açardır. Hər dövr üçün qarşıya qoyulan məqsədə lazımi səviyyədə nail olduqda, bu xoş ovqat yaratmaqla yanaşı, sabaha daha ümidlə irəliləməyə, yeni-yeni planlar haqqında düşünməyə stimul verir. Peşə bayramımızı yüksək əhval-ruhiyyə ilə qeyd etməyimizdə də bu amilə söykənirik. Bir işin uğurla sona çatması növbəti iş üçün başlanğıcdır. Qarşıdakı illərdə görüləcək işlər çoxdur. Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yüksək səviyyədə həyata keçirmək üçün Nazirliyin bütün əməkdaşları səylərini birləşdirir, üzərinə düşən vəzifənin layiqincə yerinə yetirməyə çalışırlar.
Uğurlarımızın beynəlxalq səviyyədə təqdir olunması da səylə çalışmağımızda əsas amillərdəndir. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə də öz obyektiv qiymətini alır. Belə ki, nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.
Bu gün peşə bayramlarını qeyd etməyə hazırlaşan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri hər zaman olduğu kimi, qarşıdakı illərdə də öz ənənələrinə sadiq qalaraq ətraf mühitin mühafizəsi – havanın, suyun, torpağın təmizliyinin, insanların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəməyəcək, uğurlu nəticələrə öz töhfələrini verəcəklər.
Təbii ki, təbiəti qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə səylərini daha da artırmalıdırlar. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının nə dərəcədə böyük önəm daşıdığını nəzərə alsaq, bu gün üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etmiş olarıq.