YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Mənəvi dəyərlərə və milli maraqlara əsaslanan mütərəqqi siyasət davamlı tərəqqini şərtləndirir

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva

- Ülviyyə xanım, milli-mənəvi dəyərlərin yaşadılması Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu istiqamətdə görülən işlərin tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini necə dəyərləndirmək olar?

- Dövlətin potensialı yalnız sosial-iqtisadi göstəricilərlə ölçülmür. Xalqın milli yaddaşı, mədəni irsi, adət-ənənələri və mənəvi dayaqları da mühüm əhəmiyyət kəsb edən məsələlər kimi ön plandadır. Bu amillər müasir dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi ardıcıl strateji xətt kimi həyata keçirilir. Dövlətimizin başçısının 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və həmin sənəddə şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, dolğun mədəni həyata qovuşmasının vurğulanması bu yanaşmanın bariz nümunəsidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli-mədəni irsə göstərilən diqqətin bariz nümunəsidir. Şuşada “Xarıbülbül” festivalının və Vaqif Poeziya Günlərinin bərpası, şəhərin ardıcıl olaraq Türk və İslam dünyasının mədəniyyət paytaxtı kimi önə çıxması bu sahədə həyata keçirilən dövlət siyasətinin güclü siyasi iradə ilə dəstəkləndiyini aydın şəkildə nümayiş etdirir. Tarixi və mədəni abidələrin bərpası, dini məkanların yenidən qurulması və milli irsin qorunması istiqamətində görülən işlər qədim mədəniyyət ənənələrinin yaşadılmasına mühüm töhfə verir.

Eyni zamanda, Şuşada keçirilən beynəlxalq mədəni tədbirlər şəhərin qlobal mədəniyyət məkanında mövqeyini daha da möhkəmləndirir. Bu tədbirlər Türk və İslam dünyası ilə mədəni əlaqələrin genişlənməsinə və ortaq dəyərlərin təbliğinə xidmət edir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, həm də milli-mənəvi dəyərlərin dirçəldilməsini təmin edir. Bütün bunlar tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətinin mühüm nəticələrini nümayiş etdirir.

- Gənc nəslin azərbaycançılıq ideologiyası əsasında və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində reallaşdırılan sistemli tədbirlərin önəmi barədə nə deyə bilərsiniz?

- Milli dəyərlərin qorunması yalnız tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Bu dəyərlər gənc nəslin düşüncəsində, həyat tərzində və vətəndaş mövqeyində qorunmalı və möhkəmlənməlidir. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır.

2003-cü ildən etibarən dövlətimizin başçısı gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər.

Faktlar göstərir ki, gənclər siyasəti ölkəmizdə yalnız sosial dəstək və ya karyera imkanları yaratmaqla məhdudlaşmır. Bu siyasətin mahiyyətində milli kimliyinə bağlı, yüksək intellektual hazırlığa malik, müasir dünyagörüşlü, eyni zamanda dövlətçilik təfəkkürü formalaşmış gənclik yetişdirmək məqsədi dayanır. Prezident İlham Əliyevin Azərbaycan gənclərinə 2 fevral 2023-cü il tarixli təbrik məktubunda qeyd olunur ki, həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Həmin məktubda Azərbaycan gəncinin məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdiyi və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazdığı vurğulanır. 

Mən hesab edirəm ki, vətənpərvərlik hisslərinin düzgün aşılanması gənc nəslin milli mənlik şüurunun formalaşmasında əsas şərtdir. Çünki bu amil yalnız biliklə formalaşmır, həm də mənəvi bağlılıqdan, tarixi yaddaşdan, ana dilinə sevgidən, milli mədəniyyətə hörmətdən və dövlət rəmzlərinə sədaqətdən qaynaqlanır. Öz tarixini dərindən bilən, Vətəninə bağlı olan və milli mədəniyyətimizin mənəvi dəyərini anlayan gənc daha möhkəm və məsuliyyətli vətəndaş mövqeyi nümayiş etdirir. Belə düşüncə tərzinə malik gənclər cəmiyyətin inkişafında fəal rol oynayır və milli dəyərlərin qorunmasına töhfə verirlər. Məhz bu cür vətənpərvər və yüksək mənəvi keyfiyyətlərə sahib gənclik dövlətin gələcəyi üçün etibarlı təminat hesab olunur.

Bu gün Azərbaycan gəncliyinin elm, təhsil, idman, sahibkarlıq, mədəniyyət və ictimai-siyasi həyatda fəal iştirakı həyata keçirilən dövlət siyasətinin mühüm nəticələrindən biridir. Gənclər üçün yaradılan geniş imkanlar onların təkcə fərdi uğurlar qazanmasına deyil, eyni zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir. Burada ən vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin gənclər strategiyasında müasirləşmə ilə milli ruh bir-birindən ayrılmayan anlayışlar kimi təqdim olunur. Yəni parlaq gələcək üçün nəzərdə tutulan gənclər siyasəti həm yüksək biliyə və müasir texnoloji dünyagörüşünə malik, həm də milli məfkurəyə sadiq, vətənpərvər və məsuliyyətli gənclərin formalaşmasında mühüm rol oynayır.

- Mənəvi dəyərlərə əsaslanan milli birliyin möhkəmləndirilməsinin Azərbaycanın davamlı tərəqqisinə töhfələrini necə səciyyələndirirsiniz?

- Bu kontekstdə Novruz bayramının cəmiyyətimizdəki yeri xüsusilə diqqətəlayiqdir. Novruz xalqımızın minilliklər boyu formalaşaraq bu günə qədər yaşadılan adət-ənənələrinin, mənəvi yaddaşının və həyat fəlsəfəsinin canlı təcəssümü kimi dəyərləndirilir. Həmin bayram insanları bir araya gətirən, milli dəyərləri möhkəmləndirən və cəmiyyətdə birlik ruhunu gücləndirən mühüm mənəvi dayaqlardan biridir.

UNESCO Novruz bayramını sülhü, nəsillərarası həmrəyliyi, ailədaxili birliyi, barışığı və qonşuluq münasibətlərini təşviq edən qədim ənənə kimi təqdim edir. Təşkilatın materiallarında qeyd olunur ki, bu bayram insanlar və icmalar arasında dostluğu möhkəmləndirir, mədəni müxtəlifliyə hörmət hissini gücləndirir və cəmiyyətlər arasında həmrəylik mühitinin formalaşmasına töhfə verir.  Azərbaycanda Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunması qədim ənənəyə verilən yüksək dəyərin göstəricisidir. Bayram münasibətilə təşkil olunan tədbirlər insanların bir araya gəlməsinə, ailə dəyərlərinin möhkəmlənməsinə və cəmiyyətdə birlik ruhunun güclənməsinə xidmət edir. Eyni zamanda, uşaqların və gənclərin milli adət-ənənələri canlı şəkildə öyrənməsi və mənimsəməsi üçün əlverişli mühit yaradır.

Novruz təkcə mövsümün dəyişməsini ifadə edən bayram deyil, həm də paylaşma, birlik, mənəvi yaxınlıq və sosial həmrəyliyin təcəssümüdür. Bu bayram əsrlər boyu formalaşmış dəyərlərin yaşadıldığı bir mənəvi məktəb kimi çıxış edir. Nəsildən-nəslə ötürülən bu zəngin irs məhz insanların bayram ənənələrində fəal iştirakı sayəsində canlı şəkildə qorunur və davam etdirilir.

Təsadüfi deyil ki, Azərbaycan UNESCO xətti ilə də öz mədəni irsini ardıcıl şəkildə dünyaya təqdim edir. Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında 24 elementlə dünyada ön sıralarda yer alır. Bütün bu faktlar onu təsdiqləyir ki, milli irsin qorunması ölkəmizdə yalnız daxili mədəni siyasətin tərkib hissəsi deyil, eyni zamanda beynəlxalq mədəni mövqelənmənin də mühüm elementidir. 

Milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Novruz kimi ümumxalq ənənələrinin yaşadılması cəmiyyətin inkişafında əsas istiqamətlərdən biridir. Bu komponentlərin hər biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətin təntənəsi kimi xarakterizə edilir. Bir tərəfdən milli irs qorunur və yaşadılır, digər tərəfdən isə bu dəyərləri gələcəkdə davam etdirəcək və onları inkişaf etdirəcək gənc nəsil yetişir. Eyni zamanda, xalqın birlik və mənəvi bütövlüyünü möhkəmləndirən ənənələr dövlət qayğısı ilə qorunaraq cəmiyyət həyatında xüsusi yer tutur. Optimal yanaşma milli dəyərlərin davamlılığını təmin edən mühüm amil kimi çıxış edir.

Ölkəmizdə tərəqqi və inkişafla milli kimlik, müasirləşmə ilə tarixi yaddaş, dövlətçilik məfkurəsi ilə milli-mənəvi dəyərlər bir-biri ilə vəhdət təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə bu amillər strateji xətt kimi müəyyən olunaraq dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Milli dəyərlərinə sahib çıxan, gəncliyini bu ruhda yetişdirən və zəngin mənəvi irsini yaşadan xalq gələcəyə daha böyük inamla baxır. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də cəmiyyətin davamlı inkişafına xidmət edən möhkəm ideoloji və mənəvi dayaqlar formalaşdırır.