YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ardıcıl nailiyyətlər Azərbaycanın geostrateji mövqelərini möhkəmləndirən mühüm faktordur

Müsahibimiz Milli Məclisin deputatı Səbinə Xasayeva

- Səbinə xanım, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində çox mühüm məqamlara toxundu. Dövlət başçısının diqqəti cəlb etdiyi önəmli məsələlərdən biri də regionda sülh quruculuğu prosesi oldu. Bu kontekstdə mövcud vəziyyət və perspektivlərlə əlaqədar nə söyləmək olar?

- Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə baş vermiş bir günlük lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı Qələbə nəticəsində dövlət suverenliyi və ərazi bütövlüyünü təmin edib. Tarixi Zəfər dövlətimizin siyasi nüfuzunu artırıb, beynəlxalq əlaqələri gücləndirib. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə dövlətimizin dünyada gedən ictimai-siyasi proseslərdə rolu, ölkəmizin iqtisadi gücü və beynəlxalq münasibətlərdə güc amilinin əhəmiyyəti barədə fikirlərini qeyd edib. Bu fikirlər həm ötən ilin yekunlarını əks etdirir, həm də yeni ildə Azərbaycanın siyasi-iqtisadi fəaliyyətinin əsas istiqamətlərini nümayiş etdirir.

Tarixi nailiyyətlər Azərbaycanın beynəlxalq siyasətdə mövqeyini gücləndirməklə yanaşı, ölkəmizin iqtisadi və diplomatik imkanlarını genişləndirmişdir. Həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqlar ölkəmizin regional və qlobal arenada etibarlı tərəfdaş kimi tanınmasına xidmət edir. Dövlətimizin strateji yanaşması nəticəsində beynəlxalq ədalət prinsipləri daha aydın şəkildə təmin olunur və Azərbaycan üçün əlverişli siyasi-iqtisadi mühit yaranıb.

Azərbaycan-Amerika münasibətləri kontekstində 2025-ci ilin tarixi il olduğunu vurğulayan Prezident İlham Əliyev Ağ Evdə Prezident Trampın iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoyulduğunu xatırlatmışdır. 907-ci düzəliş uzun illər Azərbaycana qarşı ədalətsizlik yaradaraq ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzuna mənfi təsir göstərmişdir. Bu, yalnız düşünülmüş və effektiv xarici siyasət vasitəsilə mümkün olmuş və dövlətimizin başçısı həmin faktorun tarixi əhəmiyyətini belə qeyd etmişdir: “Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq”.

- Regional təhlükəsizliklə yanaşı, beynəlxalq müstəvidə səmərəli işbirliyi, dialoq və tərəfdaşlığın gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə əldə olunan nəticələri necə dəyərləndirmək olar?

- Prezident İlham Əliyev müsahibədə Azərbaycanın Çinlə strateji tərəfdaşlığından, ölkəmizin D-8 təşkilatına üzv olmasından, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsindən, işğaldan azad edilmiş rayonlarımızın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən, həmçinin Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi barədə təklifdən bəhs edib. Bu təklif üzv dövlətlər arasında birgə hərbi təlimlərin keçirilməsi imkanlarını nəzərdə tutur və həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Belə bir əməkdaşlıq regional təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılmasına xidmət edəcək. Eyni zamanda, türk dövlətləri arasında birliyə və qarşılıqlı dəstəyə yeni impuls verəcəkdir: “Birinci dəfə deyil ki, mən bu Zirvə görüşlərində bu məsələyə toxunuram. Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.

Ermənistan-Azərbaycan münaqişəsi artıq başa çatıb. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi açılmalıdır. Bu dəhlizin işə düşməsi regional nəqliyyat və iqtisadi əlaqələri gücləndirəcək, eyni zamanda, sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəkdir. Dəhliz, həmçinin ticarət və investisiya imkanlarını artıracaq, qonşu ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişafına yeni stimul verəcəkdir. Müsahibədə bu məsələ ilə əlaqədar dövlətimizin başçısı qeyd edib: “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”.

Ordumuz ədalətli müharibəsində tarixi Zəfər qazandı. Şanlı Qələbə göstərdi ki, Azərbaycan qüdrətli və dayanıqlı dövlətdir. Bu gerçəklik təsdiqləyir ki, güclü dövlət yalnız müstəqilliyini qorumaqla kifayətlənmir, həm də xarici təcavüzlərdən etibarlı müdafiə olunmaq üçün hərbi potensialını daim artırır. Dövlətimizin hərbi qüdrəti strateji maraqlarını qorumağa, ərazi bütövlüyünü möhkəmləndirməyə və regional sabitliyi təmin etməyə xidmət edir. Eyni zamanda, bu güc xalqın əmin-amanlığını təmin edir və dövlətin beynəlxalq nüfuzunu yüksəldir. Qələbə həm də iqtisadi inkişaf və sosial rifahın möhkəmləndirilməsi üçün geniş imkanlar açır. Hərbi qüdrət və diplomatik uğurlar Azərbaycanın regional və qlobal arenada mövqeyini daha da gücləndirir.

- İşğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən layihələrin ölkəmizin sosial-iqtisadi inkişafı kontekstində əhəmiyyəti nədən ibarətdir?

- İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması sosial-iqtisadi baxımdan tarixi əhəmiyyət daşıyır. Qayıdış prosesi, eyni zamanda Azərbaycanın siyasi nüfuzunu daha da yüksəldir və regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edir. Yenidənqurma işləri infrastrukturun modernləşdirilməsinə, bölgələrdə həyat səviyyəsinin yüksəlməsinə və yeni iş yerlərinin açılmasına imkan yaradacaqdır. Ərazi bütövlüyünün bərpası, həmçinin dövlətin strateji planlarının icrasını sürətləndirir və vətəndaşların rifahına birbaşa təsir göstərir. Tarixi addımlar Azərbaycanın gələcək inkişafına möhkəm zəmin yaradır və ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir. Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir: “İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir. Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki bizim böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinqə malik olmağa imkan verir. Bizim müvafiq dövlət təsisatları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun”.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bölgələr arasında bağlantı yaradıldığını, həmin bölgələrin ölkəmizin digər əraziləri - Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə bağlantının yaranması üzərində işlənildiyini, dairəvi enerji sistemi qurulduğunu, yol-nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini, bərpa olunmuş rayonlarımızda bu gün artıq 70 min insan yaşadığını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın Zəngəzur dəhlizini İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başladığını, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmadığını, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayandığını vurğulayıb.

Beləliklə, dövlətimizin başçısının yerli televiziya kanallarına verdiyi müsahibə ilin başlanğıcında hər bir Azərbaycan vətəndaşının qürur hissini gücləndirib və ölkəmizin daha nurlu sabahlarına inamını möhkəmləndirib. Müsahibədə dövlətimizin əldə etdiyi nailiyyətlər və qarşıda duran strateji hədəflər uğurla təqdim olunub, bu amillər milli birlik və həmrəyliyə təkan verir. Ölkəmiz siyasi-iqtisadi və sosial baxımdan güclü mövqedədir, dövlət xalqın rifahını daim prioritet hesab edir. Bütün bunlar, həmçinin gənc nəsillərin vətənpərvərlik ruhunun formalaşmasına mühüm təsir göstərir.