YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır

Müsahibimiz YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Nurlan Həsənov

- Nurlan müəllim, hazırkı mürəkkəb beynəlxalq geosiyasi vəziyyəti nəzərə alaraq, XIII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin regional və qlobal təhlükəsizlik baxımından əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər, qlobal çağırışlar və geosiyasi risklərin müzakirə olunduğu nüfuzlu platforma kimi dünya miqyasında böyük maraq doğurur. Qlobal geosiyasi proseslərin intensivləşdiyi, yeni risk və təhdidlərin meydana çıxdığı bir dövrdə bu Forum beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm tribuna kimi dəyərləndirilib.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, hazırkı beynəlxalq vəziyyət göstərir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Bu amillər olmadan digər sahələrdə əldə olunan nailiyyətlər davamlı xarakter daşımır. Son illərdə müxtəlif regionlarda baş verən münaqişələr, yeni gərginlik ocaqlarının yaranması və beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-müəyyənlik bir daha sübut edir ki, təhlükəsizlik məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxmalıdır. Uzun illər ərzində inkişaf yolunda irəliləyən bir çox dövlətlər bu gün ciddi risklərlə üz-üzədir. Bu baxımdan beynəlxalq ictimaiyyətin əsas vəzifəsi təhlükəsizlik sahəsində birgə fəaliyyət göstərmək, qlobal sabitliyin təmin olunması üçün səyləri birləşdirməkdir.

Regional təhlükəsizlik məsələləri uzun illər ərzində Azərbaycanın gündəliyində əsas prioritetlərdən biri olub. İşğal dövründə sülhün təmin olunması və suverenliyin bərpası istiqamətində aparılan mübarizə dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirilib. Təxminən 30 il davam edən münaqişə dövründə ərazilərin bir hissəsinin işğal altında qalması regionda sabitliyin təmin olunmasına ciddi maneələr yaradıb. Həmin müddət ərzində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələri qəbul olunsa da, bu sənədlər icra edilməyib. Bu isə beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı ciddi suallar doğurub.

- Forumun beynəlxalq müstəvidə dialoq təşəbbüslərinə təsiri barədə fikirləriniz nədən ibarətdir?

- 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionun siyasi mənzərəsini dəyişdirən mühüm hadisə olub. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilər azad edilib. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu proseslər beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilib və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilən özünümüdafiə hüququ çərçivəsində reallaşdırılıb. Daha sonra regionda sabitliyin təmin edilməsi və sülhün bərqərar olunması istiqamətində siyasi addımlar atılıb. Müharibədən sonra əldə olunan nəticələr göstərdi ki, ədalət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqe sonda öz nəticəsini verir.

Bu müddət ərzində Azərbaycanın həyata keçirdiyi diplomatik təşəbbüslər regionda qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edib. Həmçinin, beynəlxalq ictimaiyyətin diqqətini hüquqi prinsip və faktlara yönəltmək dövlətin mövqeyinin güclənməsinə şərait yaradıb. Ərazilərin azad olunması və sülhün təmin edilməsi uzun illər davam edən münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi inkişafın bərpasına imkan yaradıb. Nəticədə, həm milli suverenlik, həm də regional sabitlik istiqamətində əhəmiyyətli bir model formalaşıb.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri regionda sülhün təmin olunması ilə bağlı idi. Uzun illər davam edən qarşıdurmadan sonra sülhə nail olmaq asan proses deyil. Buna baxmayaraq, siyasi iradə və qarşılıqlı anlaşma sayəsində regionda yeni mərhələnin başlanması mümkün olub. İki ölkə arasında münasibətlərin normallaşması qısa müddət ərzində baş verib və bu, müasir tarixdə nadir hallarda rast gəlinən hadisələrdən biridir. Sülhün bərqərar olması iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət əlaqələrinin bərpası və regional sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq: “Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.

- Azərbaycanın enerji və nəqliyyat sahəsində qazandığı uğurlar kontekstində Avrasiyada genişmiqyaslı əməkdaşlıq perspektivlərini necə dəyərləndirmək olar?

- Forum çərçivəsində toxunulan əsas mövzulardan biri də enerji təhlükəsizliyi idi. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, qiymət dalğalanmaları və yeni enerji marşrutlarının formalaşması həmin sahədə daha məsuliyyətli siyasətin həyata keçirilməsini tələb edir. Bu kontekstdə Azərbaycan həm neft, həm də qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində təbii qaz ixrac olunan ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi enerji əməkdaşlığının genişlənməsinin bariz göstəricisidir. Bundan əlavə, OPEC+ formatında iştirak edən ölkə balanslaşdırılmış və proqnozlaşdırıla bilən enerji bazarının formalaşmasını dəstəkləyir. Bu siyasət həm istehsalçılar, həm də istehlakçılar üçün sabit enerji bazarının təmin edilməsinə xidmət edir. Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir: “İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək”.

Forumda toxunulan digər mühüm mövzu nəqliyyat və logistika infrastrukturu ilə bağlı idi. Müasir dünyada münaqişələr və geosiyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə təsir göstərir və bu da qlobal ticarət zəncirlərində ciddi çətinliklər yaradır. Bu baxımdan Azərbaycan regionun mühüm tranzit mərkəzlərindən biri kimi çıxış edir. Son illər ərzində nəqliyyat və logistika infrastrukturu sahəsinə böyük investisiyalar yatırılıb və nəticədə regionu birləşdirən mühüm nəqliyyat dəhlizləri formalaşdırılıb. Xüsusilə Şərq‑Qərb və Şimal‑Cənub nəqliyyat dəhlizləri üzrə həyata keçirilən layihələr regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu dəhlizlər Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Müasir dünyada təhlükəsizlik, enerji, nəqliyyat və regional sabitlik məsələləri bir-biri ilə sıx əlaqəlidir. Bu baxımdan Bakı platforması qlobal dialoqun inkişafına, müxtəlif regionlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verən mühüm beynəlxalq tədbirlərdən biri kimi qiymətləndirilir.