YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Beynəlxalq ictimaiyyət Ermənistanın terror siyasətinə qarşı etiraz səsini ucaltmalıdır

Müsahibimiz Milli Məclisin deputatı Elman Məmmədov

- Elman müəllim, son vaxtlar dünyanın ayrı-ayrı bölgələrində terror aktlarının sayı artmaqdadır.  Terror hadisələrinin artmasının bəşəriyyət üçün təhlükəsi nədən ibarətdir?

- Həqiqətən də, terrorizm bu gün dünyanın ən ciddi probleminə çevrilib. Dünyanın bir çox yerlərində, xüsusilə Yaxın Şərq ölkələrində demək olar ki, hər gün terror hadisələri baş verir. Fikrimcə, bunun əsas səbəbi beynəlxalq səviyyədə terrora qarşı sistemli mübarizənin aparılmamasıdır. Xüsusilə, müəyyən beynəlxalq güclər öz geosiyasi maraqlarını təmin etmək üçün belə hallara geniş imkanlar yaradırlar. Amma bütün hallarda terrora haqq qazandırmaq mümkün deyil.

  Azərbaycan da  Ermənistanın işğalçılıq və terrorçuluq siyasətilə üzləşib. Bunun  nəticəsində 1 milyondan çox insan öz  torpaqlarından didərgin düşüb, Xocalı soyqrımı törədilib, minlərlə insan həlak olub və ya əlil vəziyyətinə düşüb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir. Bir dövlətin başçısının digər müstəqil dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanat səsləndirməsi isə diplomatik qayda və prosedurlara görə yolverilməzdir. Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir. Əlbəttə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ermənistanın hansısa təşkilatlar çərçivəsində özünü əməkdaşlığa meyilli göstərmək cəhdləri reallığa əsaslanmır.

Bütün bunları nəzərə alaraq belə bir reallıq inkaredilməzdir ki, Fransada baş vermiş terror hadisəsini pisləyən beynəlxalq ictimaiyyət, Ermənistanın da terror siyasətinə qarşı etiraz səsini ucaltmalı, indiyə qədər baş vermiş terror hadisələrini, o cümlədən Xocalı soyqırımını kəskin şəkildə pisləməlidirlər.

- Azərbaycan beynəlxalq səviyyədə terrora qarşı mübarizəyə töhfələr verir. Bu mənada ölkəmizin bu məsələdə mövqeyini necə dəyərləndirmək olar?

- Azərbaycan hər zaman  müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı və təcavüzkar siyasəti barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına çalışır, eləcə də terrorizmə qarşı beynəlxalq səviyyədə aparılan mübarizəyə özünün töhfələrini verir.  Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərdiyi 2012-2013-cü illərdə ölkəmiz qurumun fəaliyyətində aktiv iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə aid məsələlərdə prinsipial mövqe nümayiş etdirib. Bu dövrdə Azərbaycan Respublikası üçün xüsusilə mühüm hadisə 2012-ci ilin 4 may tarixində Prezident İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş yüksək səviyyəli iclasının keçirilməsi olub. Sözügedən iclas terrorizmə qarşı beynəlxalq mübarizəyə töhfə təşkil etməklə yanaşı, bir sıra regional məsələlərin hərtərəfli müzakirəsi, o cümlədən, Ermənistanın dövlət terroru siyasətinin ifşa edilməsi baxımından əlamətdar olub. İclasın nəticəsi olaraq qəbul olunan TŞ sədrinin bəyanatında Şura üzvləri terrorizmin bütün növlərini pisləyib və BMT üzvü ölkələrin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməsinin zəruriliyi və dini və mədəni müxtəlifliyə hörmətin əhəmiyyəti vurğulanıb. Bütövlükdə, terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir və heç kəs bu təhlükədən sığortalanmayıb. Ona görə də, Ermənistanın terrorçuluq siyasətinə qarşı beynəlxalq birlik   ciddi addımlar atmalıdır.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin hazırki vəziyyətinə münasibətiniz necədir?

- Bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır. 
Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub.
Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılıb və işğalçı dövlət dalana dirənib. Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seyt-not vəziyyətində qalıb. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə artıb. Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı Ermənistan dalana dirənib. 
Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onuün güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir

- Elman müəllim, həmsədrlər münaqişənin həlli ilə bağlı mütəmadi olaraq bəyanatlar verirlər, bu bəyanatlara münasibətiniz necədir? Ümumiyyətlə, Dağlıq Qarabağın azərbaycanlı icması həmsədrlərin fəaliyyətini necə qiymətləndirir?

- Həmsədrlər dünyanın üç böyük dövlətindən ibarətdir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki? Həmsədrlər sanki, böyük bir teatrın mahir rejissorları tərəfindən idarə olunan aktyorlardır. Amma bu aktyorlar özlərini məzhəkəçi yerinə də qoyurlar. Hətta onlar təmsil etdikləri dövlətləri də aldadırlar. Onların vaxtaşırı bəyanat verərək, “hər şey yaxşıdır, irəliləyiş var, bu il qızıl ildir” və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar. Odur ki, onların münaqişənin həlli istiqamətində heç bir iş görmədikləri və dünya ictimaiyyətini aldatdıqlarına dair dövlət qurumları, qeyri-hökumət təşkilatları, bütövlükdə Azərbaycan ictimaiyyəti həmsədr dövlətlərin rəhbərliyinə müraciət etməlidir.
Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları bir-birilə toqquşur. çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. 1992-ci ildən Ermənistanın tərəfini tutublar. Onlar yalnız ermənilərin dediyini deyib Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəşti odur ki, ermənilərə yüksək statuslu muxtariyyət versin. Əslində, həmsədrlər 1992-ci ildən hər hansı nəticəyə nail olmayıbsa, onların vasitəçiliyindən imtina etmək lazımdır. Eyni zamanda, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir. Yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin yerinə yetirilməsi nəticəsində problemi sülh yolu ilə həll etmək olar. Əks halda, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etməyə məcbur olacaq.